Zülmətdə məşəl
Esse
Dust bipərva,
fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi,
tale zəbun.
Füzuli
"Dərd
çox, həmdərd yox"... Bitib-tükənməyən
dərd çulğamışdı qəlbini. Od tutub yanan qəlbi sinəsinə
sığmır, sözü zaman-məkan hüdudunu
aşır, misra-misra fəth edirdi ürəkləri.
Ulu Füzuli dühası məftun etmişdi məni də. Birər-birər
öyrənməyə, dərin-dərin məna qatına enməyə,
fəlsəfəsini dərk etməyə
çalışırdım.
Ali təhsilimi
bitirib orta məktəbdə dərs deyəndə yenə
öyrənirdim: təcrübəli həmkarlarımdan, həyatın,
gerçəkliyin sərt olaylarından və ... şagirdlərimin
suallarından.
"Şikayətnamə"dən danışanda arxa
cərgədən qulağıma səs-küy gəldi. Yaşıdlarından
boy-buxunlusu yanındakı yoldaşına nəsə deyir, o
biri uşaqlar onlara baxıb xısın-xısın
gülüşürdülər. Diqqətlə,
acıqlı baxdığımı görüb susdular.
- Nə
olub?!
Ucaboy
oğlan ayağa qalxdı:
-
Bağışlayın, müəllim. Elə
bir şey olmayıb, ancaq, - həyəcandan təngiyən nəfəsini
dərib yanaşı oturduğu gödək, tosqun oğlana
baxdı, - ancaq... mən buna başa sala bilmirəm ki, elə
indi də Füzuli babamızın şikayətləndiyi
kimidi, salamı rüşvətsiz almırlar.
O,
haqlı olduğunu sübut etmək üçün məndən,
inam bəslədiyi müəllimindən imdad istəyirmiş
kimi sakit səslə, lakin qətiyyətlə soruşdu:
- Müəllim,
düz demirəm, belə deyil məgər?
Şaxtalı qış günündə soyuq sinif
otağında qəfil tər basdı məni. Nə deyim,
necə cavab verim?! Bilirdim ki, şagirdin
sualının arxasında konkret fakt durur. Onun rayon tikinti
idarəsində fəhləlik edən atası iş vaxtı
ağır zədələnmiş, əlil olmuşdu. Qoltuq ağacına möhtac olan şikəst
kişini pensiya idarəsində get-gələ
salmışdılar. Kiçik rayon mərkəzində
az qala hamı bunu görürdü. Ərki çatanlar qulağına
pıçıldamışdılar ki, rüşvət verməsə
düzələn deyil. O da əsəbi halda çəmkirmişdi:
"Acın nəyi var ki, yalavaca versin".
"Yalavac" isə vəzifə kürsüsündə
yayxanıb piylənir, aşağıları heç vecinə
almır, yuxarılara yalmanır, aldıqlarının bir
qismini onlara ötürürdü. Sinifdə uşaqlar da
bilirdilər ki, həmin rüşvətxor, sual verən
şagirdlə yanaşı oturan tosqun oğlanın
atasıdır.
Sinfə buz kimi sükut çökmüşdü. Sovet dönəmi
üçün naqolay suala cavab verməliydim. Özümü ələ alıb təmkinlə
izah etdim ki, cəmiyyətimizə yaramayan keçmişin
qalığına yol verilməməlidir. Vəzifəsindən
asılı olmayaraq rüşvət alanlar mütləq
qanunla cəzalandırılmalıdırlar. Əlbəttə,
istintaq zamanı faktlar sübuta yetirilərsə, məhkəmənin
hökmü ilə...
Sözümü bitirmişdim ki, zəng
çalındı. Dərhal məktəb direktorunun
otağına girib vəziyyəti danışdım.
Zamanın isti-soyuğunu görmüş yaşlı direktor
fikirli halda:
- Necə
lazımdırsa, elə də cavab vermisən, - dedi. Sonra köksünü ötürüb
başını buladı. - Ancaq nəzərə al ki,
o tosqunun atası şərəşürün biridir. Zalım oğlu donnan-dona girir buqələmun kimi.
Heyrətimdən
durduğum yerdə quruyub qaldım:
- Neyləmişəm
ki, şərləsin məni?!
-
Heç nə... ancaq o gün gileylənirdi ki, onun oğluna
guya qəsdən aşağı qiymət yazırsan... bax
gör neynirsən.
- Onun
oğlu tənbəl, korazehindir. Nə qədər
çalışıramsa, o biri uşaqlardan geri qalmasın,
hazırlaşsın, heç tükü tərpənmir, ən
sadə suallara cavab verə bilmir. Atasına da demişəm,
ancaq xeyri olmayıb... Onun giley-güzarından
belə çıxır ki, vəzifəsinə görə
oğlunun qiymətini şişirtməliyəm?!
Heç vaxt!..
Suyu da
üfürə-üfürə içən direktor kabinetinin
qapı-pəncərəsinə tərəf gözaltı nəzər
salıb səsini qısdı:
-
Yavaş danış, hay-küy salma, hövsələn olsun.
Mən elə demədim ki...
Ehmalca köksünü ötürüb fikrə getdi. Elə bil
gözləri yol çəkdi. Handan- hana
pıçıldadı:
- Səni
görəndə cavanlığım yadıma
düşür. İpə-sapa yatmırdım
o vaxt sənin kimi. Ancaq... "Adın nədir,
Daşdəmir, yumşalarsan". Hə, zəmanə
bambaşqa idi o vaxtlar. İndi iqlim dəyişib,
mülayimləşib tamam. Heç inana bilmirəm,
ürəyim səksəkədədi hələ...
O,
"iqlim" kəlməsini özünəməxsus nidada
vurğuladı. Sonra ilk dəfə görürmüş kimi
mənə diqqətlə nəzər saldı:
- Deyə
bilmərəm nələr olacaq bundan belə. Ancaq onu bilirəm
ki, sürü qəfil geriyə dönəndə axsaq
qabağa düşür... Allah eləməsin,
fürsət namərd əlinə düşsün, oğul.
...İndi,
artıq yaşa dolan yetkin vaxtımda qədim yunan filosofunun
hikmətli sözlərini oxuyub fikrə dalıram: "Hər
şeydən müdrik zamandır, çünki hər
şeyi açır".
Zaman yetişdi, alınmaz, möhtəşəm qala
sayılan imperiya tarmar oldu. Ata-baba yurdum, səfalı dağlar
qoynunda yerləşən rayonda elə olaylar baş verdi ki, mat-məəttəl qaldım. Çox nəsnələrin canlı şahidi qocaman
müəllimimin təbirincə fürsət namərd əlinə
düşdü. Korazehin tosqun oğlanın rüşvətxor
atası vaxtilə öpüb gözünün üstünə
qoyduğu partiya biletini hayqıran kütlənin ayaqları
altına ataraq "alovlu nitq" söylədi, "doğma
xalqına sədaqət andı" içdi,
"demokrat" libası geyindi. Və rayonun
başçısı oldu. Özü kimiləri ətrafına
yığıb demokratiyadan, azadlıqdan, müstəqillikdən
boğazdan yuxarı dəm vura-vura, and-aman edə-edə
rayonun təsərrüfatlarını, olub-qalanını
çapıb-taladı...
Belə qarmaqarışıq bir vaxtda qəfil mənəvi
zərbə aldım. Ana olmaq arzusu ürəyində qalan
ömür-gün yoldaşımın dünyadan nakam,
vaxtsız köçməyi sarsıtdı məni. Ev-eşiyə sığa bilmədim, dəyər-dəyməzinə
satıb şəhərə üz tutdum.
***
"Dərd
çox, həmdərd yox"...
Mənə doğmadan doğma olan ulu Füzulinin
möhtəşəm abidəsi önündə
dayanmışdım. Yaddaşıma, ürəyimə həkk olunan misralar
süzülürdü dilimdən:
Vəfa hər
kimsədən kim istədim, ondan cəfa
gördüm.
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa
gördüm.
Ani olaraq
susub fikrə getmişdim ki, birdən adımı eşitdim:
- Azər!..
Çönüb baxdım. Yanımda seyrəlmiş
saçı gümüşü rəng alan
qocaman professoru görəndə bir anlığa
çaşan kimi oldum. O, gülümsünüb zənlə
gözlərimə baxdı:
-
Füzuli dünyasından ayırdım səni deyən.
Neçə
il auditoriyada eşitdiyim məhrəm səsi
həlimləşmişdi. Əvvəlki kimi
aramla, təmkinlə danışırdı. Biləndə
ki, şəhərə təzə gəlmişəm,
münasib kirayə ev axtarıram, dərin
qırışlı arıq üzü işıqlandı:
"Qonşum mənə deyib ki, özünə qulaq
yoldaşı axtarır. İki otağı var,
tək yaşayır, pensiyaçı ədəbiyyat müəllimidir
sənin kimi".
...Professorun
qonşusu Azad müəllimlə tanışlığım
ürəyimcə oldu. Necə deyərlər, hər
üzünə: çox xoşxasiyyət, mülayim,
ünsiyyətcildi. Şəhər məktəbində
sayılıb-seçilən ədəbiyyat müəllimi
olmuşdu. Pensiyaya çıxandan sonra da
işsiz qalmamışdı. Valideynlər
yenə uşaqlarını ona etibar edirdilər.
Yuxarı sinif şagirdlərini ali məktəblərə
qəbul imtahanına hazırlaşdırırdı. Nəticəsi də göz qabağında idi.
Odur ki, ona müraciət edənlərin sayı
ilbəil artırdı. Özünün
dediyi kimi mən onunla həm "qulaq yoldaşı", həm
də həmkar idim. Sayı artdıqca
çatdıra bilmədiyi uşaqların bir qismini mənə
tapşırmışdı. Beləcə kirayə evin
içində özümə münasib, ürəyimcə
olan iş tapmışdım.
O, məndən
heç kirayə haqqı da almırdı. Professora alqış eləyib deyirdi: "Allah köməyi
olmuş nə yaxşı ki, səni mənə tuş elədi".
Və əlavə edirdi ki, hər təsadüfün
arxasında zərurət durur. Belə deyəndə
köksünü ötürüb dərin fikrə
qapılırdı. Az sonra öyrəndim
ki, onun da övladı olmayıb mənim kimi. Xanımı
dünyasını dəyişəndən sonra qohumları nə
illah eləsələr də evlənməyib. Şagirdlərini övladı sanırdı.
Onlar ali məktəblərə qəbul
olunanda hədsiz sevinirdi. Yaşa dolub ailə sahibi olan, həyatda
özlərinə münasib yer tutan, ağıllı, bilikli,
sədaqətli keçmiş tələbələrindən
ürək dolusu danışır, yaxından uzaqdan, bəzən
az qala dünyanın o başından gələn telefon zənglərindən,
mesajlardan, bayram təbriklərindən kövrəlir, gözləri
dolurdu. Olduqca saf niyyətli, nəcib, müdrik insan,
ziyalı idi. Ümumən sağlam olsa da,
ayaqlarının ağrısından əziyyət çəkirdi.
Odur ki, bazar-dükana, aptekə mən gedirdim,
lazım olanı alıb gətirirdim.
Boş vaxtlarımda, imkan olan kimi şəhərə
çıxırdım. Hələ tələbəlik
çağlarından buna adət etmişdim. Şəhəri pay-piyada gəzib dolaşmaqdan
usanmazdım. İndi də elə. Ancaq gördüklərim inanılmaz gəlir mənə.
Gəncliyimin sevimli şəhərini tanıya
bilmirəm sanki. Tamam dəyişib, gözəlləşib,
çox müasirləşib. Gəzdikcə,
baxdıqca tamaşasından doymuram. Duyğulanır,
qəribə, təzadlı hisslər keçirirəm.
Həm qürurlanır, sevinirəm, həm də... burnumun ucu
göynəyir vaxtilə gəzdiyim yerlərdə
"mürgüləyən" xatirələrim
üçün...
İndi bir-birilə qol-boyun olan göydələnlər
yad bir məkanı xatırladır mənə. Nisgil dolu
duyğular uzaq illərin üfüqlərində
görünməz olan səliqə-sahmanlı, sakit,
bağ-bağçalı, mehriban köhnə Bakını
yadıma salır. Nisgilini çəkirəm
o illərin, o şəhərin. Ancaq
deyib-gülən, zarafatlaşıb uğunan cavanlarla
rastlaşanda özümü tələbə qiyafəsində,
gənc çağımda görürəm elə bil.
O zaman yaşıdlarımla yenilik axtarırdıq, irəliyə
baxır, arzularımızın qanadlarında uçurduq
sanki. İndi isə...
***
Yaşadığım mənzilin pəncərəsi
Füzuli meydanına açılır. Qüdrətli
sənətkarın möhtəşəm abidəsi,
adını daşıyan küçə buradan aydın
görünür. Demək olar ki, hər dəfə
küçəyə çıxanda abidənin önündə
ayaq saxlamağı özümə borc bilirəm. Sanki yüngülləşirəm, mənən zənginləşirəm
belə anlarda. Şəhərin müxtəlif
guşələrində tarixi şəxsiyyətlərin
şərəfinə ucaldılan abidələri "ziyarət"
edəndə də bu hissləri keçirirəm. Düşünürəm ki, xalqın tarixində
parlaq iz qoymuş, onun milli-ictimai şüurunu oyatmış,
nadanlığın, fanatizmin zülmətindən xilas
etmiş dühalarımızı inanclardakı övliyalar
kimi müqəddəs sanmalıyıq. Onların abidələri
milli kimliyimizin rəmzləri, xalqımızın bəşər
tarixinə nəqş olunmuş imzalarıdır...
...Səhər
çağı pəncərədən baxanda abidənin
önünə səliqə ilə düzülmüş tər
çiçəklər, qızıl güllər
gördüm. Göz oxşayan mənzərə
xoş duyğular oyatdı məndə. Sanki
gül-çiçəklər ulu Füzuli dühasına ətir
saçırdı.
Ovqatımın
belə xoş anında birdən yadıma çox sevdiyim
şairin nədənsə etirazla köklənmiş sual
doğuran misraları düşdü:
Yox, heykəl
ummuram bu yer üzündə,
Mənim daş olmağa yoxdu həvəsim.
Daş
olub lap ulu Füzulinin də
Yanında durmağa yoxdu həvəsim.
Dəyərlərimizə daş atıb həqarət
edənlərə layiqli, kəskin cavab verən şairin
sözlərinin dərin mənasını şeiri diqqətlə
oxuyanda anlayırsan. Və sanki işıq selində alışıb yanan təmtəraqlı
"Qış bağı"nın
böyründə, Füzuli küçəsinin tinində
dilənən qarını görürsən:
Heç
kəs sığal çəkməz düm ağ
saçına,
O
gümüş telindən öpürəm sənin.
Qorxma, pul
qoymuram sənin ovcuna,
Əyilib əlindən öpürəm sənin.
Mənsə
istər-istəməz göydələnləri qol-boyun
çoxmərtəbəli şəhərin
gözqamaşdıran üzünün - fasadının
"astarını" görürəm: əyri-üyrü
dar dalanlarda bir-birinə söykənən yapma daxmaları,
"Qul bazarı"nı,
maşınların qabağına qaçıb əl
açan uşaqları, zibillikdə eşələnən
binəsibləri...
Atalar uzaq keçmişdən üzü bəri xeyirlə şəri əkiz, sevinclə kədəri qonşu biliblər. "Qonşusu ac yatanın həcc ziyarəti qəbul olunmaz", - deyiblər.
Bəs niyə yağ yağ üstə yağanda, yarmalar yavan qalıb?! Ola bilməzmi imkanlı yağından kasıb qonşusunun yarmasına damızdırsın?! Saysız-hesabsız göydələnlərin heç olmazsa zirzəmisində binəsiblərə qışın şaxtasında donmamaq üçün sığınacaq verilsin?!
Dilənçi qarının gümüş telindən, damarları çıxan əlindən öpmək, quru təsəllidir, şair! Kömək gərəkdir, heç olmazsa, yarmasına yağ, özünə sığınacaq!
Ulu Füzuli dərdin çoxluğundan daha çox, həmdərdin, dəstəyin, dost köməyinin yoxluğundan gileylənib.
"Dərd çox, həmdərd yox..." olanda isə müdrikcəsinə söyləyib:
Əskik olmaz qəmimiz bunca kim, bizdən qəm alıb,
Hər gələn qəmli gedər, şad gəlib yanimizə.
***
Ardı-arası kəsilməyən telefon zəngləri səhər oyatdı bizi. Bir-birindən şad xəbərdən ürəyimiz dağa döndü. Azad müəllimlə birlikdə imtahana hazırlaşdırdıqlarımız uşaqların hamısı yüksək balla ali məktəblərə qəbul olunmuşdu. Valideynlər zəng edib minnətdarlıqlarını bildirirdilər.
- Mən onlardan az sevinmirəm, elə bilirəm öz övladlarımdı, - deyə Azad müəllim kövrəldi.
- Heç məni demirsən, sevincimdən az qala uçuram.
Azad müəllimin gözləri güldü:
- Ömrümüzə yazılası gündür bu gün. Gərək qeyd eləyək...
Sözünü bitirməmiş fikrini anlayıb razılaşdım:
- Mütləq qeyd etməliyik bu gözəl günümüzü. Professoru da dəvət edək.
Tələm-tələsik geyinib bazarlıq etmək üçün evdən çıxdım.
Payızın yaz günü idi. Günəş isitməsə də üzə gülürdü. Adətim üzrə küçənin tinində ayaq saxlayıb abidənin önündə durdum. Zəmanəsinin zülmətində məşəl kimi yanan ulu Füzulinin çağırış-nidası ürəyimin döyüntüsünə qarışdı:
Ey
Füzuli, dəhr zalinin firibindən sağın,
Olma
ğafil, ər kimi tərpən, işin mərdanə tut!
Əhvalımı xoş ovqata kökləyən beyti
dodaqaltı öz-özümə zümzümə edə-edə
səhər günəşinin nuruna boyanan mərkəzi
küçəyə üz tutdum.
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2014.-1 mart.-S.16.