Gülüşünü gəzirəm yad dodaqlar qaçanda

 

QOXLA, SEV

 

Göz oxşayan çiçək nə çox çəməndə,

Sən dərdiyin çiçəyini qoxla, sev.

Gül ətriylə düşməyəsən kəməndə,

Üzdüyünü tər çiçək tək qoxla, sev.

 

Bahar fəsli - çiçəyi bol, gülü bol,

Sən də baxıb öz gülünə heyran ol.

Özgə gülü sonda olar tikan-kol,

Sənə qalar öz çiçəyin, qoxla, sev.

 

Nəzakətin düzdür sözü, ilqarı,

Bağçasını xəzan edib rüzgarı.

Hər aşiqin yarı olsun gülzarı,

Bağrına bas gül yarını, qoxla, sev.

 

 

ŞƏHİDİM

 

Yaman narahatdır ruhun, bilirəm,

Durur qisas günün hələ, şəhidim.

Torpaq qan içində, düşmən əlində,

Qanın göz dağıdır elə, şəhidim.

 

Oda qalanıbdır doğma yurd yerin,

Yanıb bələyində gülün-çiçəyin.

Analar açmayıb qara ləçəyin,

Göz yaşı dönübdür selə, şəhidim.

 

Yolu yox Vətənə aparan yolun,

Şikəstəm, sınıbdır qanadım-qolum.

Didərgin ruhunun qurbanı olum,

Məni kəfənə bələ, şəhidim.

 

Sənə "söz vermək"dən, sözüm qaralıb,

Xəcalət çəkməkdən üzüm qaralıb.

Qisas qiyamətə dirənib qalıb,

Ağırdı çiynimdə şələ, şəhidim.

 

qədər ağrın var, ağrınla varam,

Yaramdı köksünün altdakı yaran.

Sən göydən enəsən, mən burdan duram,

Gələ zəfər günü, gələ, şəhidim.

 

DARIXIRAM, AY ANA

 

Həsrət çəkən gözlərim dikilir yollarına

Darıxıram, ay ana.

Gülüşünü gəzirəm yad dodaqlar qaçanda,

Mən ətrini gəzirəm çöldə güllər açanda.

Toxunuram güllərə mən sənin əlin ilə,

Oxşayıram onları hey sənin dilin ilə.

edim, necə edim?

Heç yetmir dadıma,

sən düşəndə yadımag

Darıxıram, ay ana.

 

Bu dünyada dərmanı

tapılmayan dərdimsən,

Məndən nəyi apardın,

mənə nəyi verdin sən?

Xəzəl olub döşənim gələn yollarına mən

Sənsizlik həsrətindən qisası necə alım?

Mənə necə qıyırsan, xəzəl ömrü yaşayım?

Məni qovuşdur yenə analı anlarıma,

Körpəcə quzu kimi xınalı anlarıma.

Darıxıram, ay ana.

 

Səsin gəldiyi yerdən gəldi baharım, yazım,

Səsinə qurban olum, hanı o xoş avazın?

Sənsiz dünyam qarışıb,

bu ömür nəyə lazım?

Hara tələsdin belə, bu imiş qara yazın?

Zümzümə eləyərdin "Qaragilə" havasın

Mən heyran qalardım, o şirin avazına

Darıxıram, ay ana.

 

Əllərinə toxunsam, dərdim çıxar yadımdan,

Dönüb uşaq olaram, yüyürərəm üstünə.

Sənə heyran olaram, sənə qurban olaram.

Düşərəm mən analı günlərimin sehrinə,

Necə həsrət qalmışam əllərinin mehrinə.

Öpərəm, oxşayaram tellərindən birbəbir,

Ətirli nəfəsinlə mənə dünyanı gətir.

O xoş, o gözəl anlar düşər yenə yadıma,

Darıxıram, ay ana.

 

Böyütdün, "od götürdün" kipriyinlə, gözünlə,

Mənə dünyanı verdin bircə kəlmə sözünlə.

Mehriban davranışı, dözümü, sədaqəti

Sən verdin, gözəl anam, ləyaqəti, qeyrəti.

Səndən aldığım dərslər hər an gəlir karıma,

Sənsiz qar yağıb sanki gül açan baharıma.

Darıxıram, ay ana.

Gördüyüm hər zərrədə səni axtarıram mən,

Gəl, gözümün işığı, sənsiz darıxıram mən.

Bu ayrılıq bənzəməz heç bir ayrılıqlara,

Gəl, aydınlıq gətir sən, bütün qaranlıqlara.

Gəlmək sənə çətinsə, məni çağır yanına,

Darıxıram səninçün, darıxıram, ay ana.

Darıxıram ay ana!

 

ÖMRÜN QATARI

 

"Könlümün içindən keçir bu qatar"

 

Əflatun AMAŞOV

 

Ömrünə ömür qatar

Neçə qışın, baharın.

Könlündən keçən qatar

Sənin ömür qatarın.

Bu ömür qatarına

Kimlər, harda minəcək?

Kimi yarı yoldaca,

Kimi sonda enəcək.

Bu qatarlar könlünün

Göynəyindən keçəcək.

Dərdinin-kədərinin

Köynəyindən keçəcək.

Əlvida deyəcəksən,

Əlvida deyənlərə.

Bu ömür qatarına

Talesiz minənlərə.

"Kaş kig" həsrətlərinin

Önündə diz çökərsən.

Saralmış yarpaqların,

Əllərindən öpərsən.

Ömrün günbatanına

Kaş qatar tələsməsin.

Kaş yolunun üstündə

Acı rüzgar əsməsin.

Boynubükük bənövşən

Bu yaz səndən küsməsin.

Ən sonuncu nidanı

Ümid əli qoparsın.

Qoy ömür qatarını,

Ümid çəkib aparsın.

 

PAYIZ

 

Əl çəkib hər yana qızılı payız,

Ağaclar soyunub yaşıl donunu.

Üzünə ölümün sarısı çökən

Yarpaqlar gözləyir ömrün sonunu.

 

Baş çəkib bu "evdar" payız küləyi

Yenə dərəni, düzü dolandı.

Ərköyün uşağa dönübdü göylər,

Bir kəlmə deməmiş gözü dolandı.

 

Düşüb yol gedirəm tale boyunca,

Hər yanda önümə çıxır bu payız.

Bacımın ağaran telindən düşür,

Anamın qəbrindən baxır bu payız.

 

Bu payız elə bil acığa düşüb,

Yayın günəş rəngin pozur beləcə.

Hayana çatırsa, sarı qələmlə,

Özünün adını yazır beləcə.

 

Onu çox gözləyib nişanlı qızlar,

Kim deyir əlləri boş gəlib payız?

Bərəkət fəslidi, toylar fəslidi,

Açın qapıları, xoş gəlib payız.

 

 

GÖZÜN YADDAŞI

 

Gözüm su içmədi ağlım kəsəndən,

Gözümün tutduğu sözümdən düşər.

Ayrılıq deyilən gözəgörünməz

Yaş olub görünər, gözümdən düşər.

 

Eşitmək yaxşıdır, bundan yaxşısı

Bir dəfə göz ilə görməkdi, bildim.

Hər anı kərpic tək gözün əliylə

Yaddaş divarına hörməkdi, bildim.

 

Yeri , göyü qamarlayıbdı,

Bu kimin gözüdü yeyir, eləcə...

Leylinin gözləri min illərdi ki,

"Kül oldum eşqimdə", - deyir eləcə.

 

Gözünün səsindən qulaq tutulur,

Bu kimin gözüdü İraqdan baxır?

Çıxası gözlər var - Qarabağdadı,

Oymalı gözlər var, qıraqdan baxır.

 

Gözlərim göylərə dikilib qalıb,

gördü yaddaşa hörsün qayıtsın?

Əllərim yetməyən, sözüm çatmayan

Tanrını bircə yol görsün, qayıtsın.

 

 

DÜNYA

 

deyim mən sənə, amansız dünya,

Neynirəm seçilmir qaradan ağım.

Həsrətin əlində ruhum göynəyir,

Tək sənə yetməyir hayım, sorağım.

 

Yormusan, yamanca yormusan məni,

Sən demə, bitməzmiş zülmün-zillətin.

Arzumun dalınca qaldı gözlərim,

Yolların daşlıdır, yüyürmək çətin.

 

Sən elə beləsən başdan, binədən,

Bilirəm, heç kəsə qalan deyilsən.

Sonuma gedirəm hey addım-addım,

Bilirəm, mənim olan deyilsən.

 

Yaş olub gözündən düşənə kimi

Əlindən nə çəkdim, biləydin barı.

Bir gün üz döndərib, üzündən sənin

Getsəm - günahımı siləydin barı.

 

 

BU DAĞDAN

 

Ay el-obam, o dağ sənsən, bu dağ mən,

Bir kökdənik, ağac sənsən, budaq mən.

Sinəmizə çəkdirilən bu dağdan

Dağ əriyər, heç qalmaz bu dağdan.

 

Yarın küldü, od düşməmiş yarına,

Səbr eylə, qoy yanıqların sarına,

Sığal çəkib dərd könlünün barına,

Bar gözləmə, ta qurumuş budaqdan.

 

Heç bitməzmiş dildə bitən diləklər,

Ələnərək göydə oynar ələklər,

Ocağını söndürübsə fələklər

umursan bəxt deyilən çıraqdan?

 

Son ümidin bada gedər beləcə,

Hamı kimi o da gedər beləcə,

Yar dediyin yada gedər beləcə,

Yada dönüb, boylanarsan qıraqdan.

 

Gün-gün ötən aya, ilə əl eylər,

Əcəl bizə uzaqlardan "gəl" eylər,

Qoca dünya dediyini, bil, eylər,

Ötüb gedər, heç qalmaz o çağdan.

 

Ədalət.-2014.-5 mart.-S.6.