Unudulmaz xatirələr
AZƏRBAYCAN SSR-nin BAŞ PROKURORU
VƏ ALİ MƏHKƏMƏNİN HAKİMİ SEYFULLA
ƏKBƏR OĞLU ƏKBƏROV...
Hazırda
sıralarımızda olmayan Azərbaycanın görkəmli
hüquqşünası və ictimai xadimi, sağlam
düşüncəli, layiqli ziyalısı, XX əsrin
ortalarından Respublikamızda qanunçuluğun möhkəmləndirilməsi
naminə bir məqsəd uğrunda mübarizə
apardığımız mərd insan Əkbərov Seyfulla
Əkbər oğlu haqqında fikir söyləməyi
özümə şərəf bilirəm.
Dünya filosofları yaşadıqları həyatın
sonunu bununla nəticələndirmişlər ki, dünyada ən
böyük nemət sağlamlıq və insanlıqdır. Yüksək
insani keyfiyyətlərə malik, ədalətli, rəhmli,
obyektiv, saf, etibarlı insan olan kəslər heç vaxt
unudulmur. Həyatın bir sirri də diqqəti
cəlb edir. Bu da ondan ibarətdir ki, insan gəncliyini
keçirir, yaşa dolur və qocalığa təslim edilir.
Sonra isə həyatda nə edibsə, nə
qazanıbsa - yaxşısını da, pisi də qoyub,
dünyasını dəyişir.
Bəli !
Bunlar, həyatın ümumi qanunudur. Bunun qarşısını almaq
qeyri-mümkündür. Ona görə də
hər bir insan harada işləməsindən asılı
olmayaraq çalışmalıdır ki, bu dünyadan
köçərkən, təmiz və yaxşı ad-san
qoysun. Övladları, qohum-əqrəbaları,
dost-tanışları onunla fəxr etmək əvəzində
xəcalət çəkməsinlər.
Qeyd olunan
dövrlərin canlı şahidi kimi göstərə bilərəm
ki, 1959-1963-cü illərdə Azərbaycan SSR-nin Baş
prokuroru işləmiş, 1964-1970-ci illərdə Azərbaycan
SSR-nin Ali Məhkəməsi, Rəyasət Heyətinin
üzvü, eyni zamanda sonralar başqa rəhbər vəzifələrdə
çalışmış Seyfulla Əkbərov yuxarıda təsvir
etdiyim yüksək insani keyfiyyətlərə sahib olan şəxsiyyətlərdəndir.
O, həqiqətən özündən sonra yaxşı ad-san
qoyub getmişdir. Şərh edilən ən
yüksək insani keyfiyyətlərlə fərqlənmişdir.
Bu fikirlərimi Azərbaycanın tanınmış ziyalıları,
istedadlı hüquqşünasları: Sabir Hüseynov,
İlyas İsmayılov, Ələddin Sultanov, Akif Rəfiyev,
Əlisahib Orucov, Cabir Kərimov, Əfşən xanım
Əfəndiyeva, İdris Əsgərov, Eynal Əliyev, Nurəddin
Cəfərov, Faiq Allahverdiyev, Oqtay Maqsudov, Ramiz Cəfərov,
Cəmil Fərzəliyev, Firidun Məmmədov, Oktay Qasımov
və qeyriləri təsdiq edə bilərlər.
Oxucu hər
şeydən əvvəl soruşa bilər ki,
Xaçmazlı Cahangir Nəsirov hara, Göyçaylı
Seyfulla Əkbərov hara ? Onların
tanışlıqları və dostluqları haradan başlanmışdır ?
Təvazökarlıqdan
kənar olsa da, həmin suallara tam cavab vermək
üçün iş fəaliyyətimlə bağlı bəzi
məqamların işıqlandırılması yerinə
düşərdi.
Keçmişdə
S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin (indi BDU) hüquq fakültəsini 1963-cü ildə
bitirərkən, dövlət imtahanlarının
başlandığı günlərinin birində Quba Birləşmiş
Rayonlararası Komsomol Komitəsinin Konfransında katib vəzifəsinə
seçilmişəm.
1964-1967-ci illərdə Qazax Birləşmiş
Rayonlararası Prokurorluğunda ilk partiya təşkilatının
katibi və Baş müstəntiqi vəzifəsində
olmuşam.
1967-1975-ci
illərdə Azərbaycan SSR Baş Prokuroru Yanında
xüsusilə mühüm işlər üzrə müstəntiq,
1975-1983-cü illərdə Yevlax, 1983-1988-ci illərdə
Bakı şəhərinin mərkəzi rayonu, 26-larda (Səbail),
1988-1991-ci illərdə Qazax, Ağstafa, 1991-1992-ci illərdə
Əzizbəyov (Xəzər) rayonlarında prokuror vəzifəsində,
1992-1997-ci illərdə Azərbaycan Respublikası
Prokurorluğunun İstintaq İdarəsində zona üzrə
prokuror işləmişəm.
10 aprel 1997-ci ildə təqaüdə
buraxılmışam. O zamandan hazırkı vaxta qədər Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü və
eyni zamanda Azərbaycan Respublikası Veteranlar Şurasında
Müharibə, Əmək və Silahlı Qüvvələr
təşkilatının Nəzarət Təftiş
Komissiyasının sədriyəm.
Göstərilən rayonlarda XDS-nin deputatı olmuşam.
İş fəaliyyətimdə müsbət göstəricilər
əldə etdiyimdən həmişə növbədən kənar
rütbələrə sahib çıxmışam. 1974-cü ildə
SSRİ-nin Baş Prokuroru Roman Andreyeviç Rudenkonun imzası
ilə Baş ədliyyə müşaviri rütbəsinə
yiyələnmişəm. 1983-cü ildə
SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə
"Əmək Veteran"ı medalı ilə təltif
olunmuşam.
1983-cü ildə SSRİ Baş Prokurorunun Sərəncamı
əsasında SSRİ Prokurorluğunun "Fəxri
işçisi" döş nişanı ilə təltif
edilmişəm. Dəfələrlə SSRİ və Azərbaycan
SSR Baş Prokurorlarının fəxri fərmanlarını
almışam. Müsbət iş fəaliyyətimlə
bağlı istintaq işləri üzrə təcrübəm
bütün rayon prokurorluqlarına göndərilmişdir.
Məhz göstərilənlər mənə mənəvi
ixtiyar və əsas verir ki, alnı-açıq, ehtiyat etmədən
ideal şəxsiyyət, cəmiyyətimizin hörmətini
qazanmış, Vətənini, millətini, xalqını
sevmiş Seyfulla Əkbərov kimi görkəmli
hüquqşünas barəsində xoş sözlərimi ifadə
edib xatirələrimi açıqlayım.
Əsas məqsədə
keçdikdə, xatirəsi bizə əziz olan Seyfulla Əkbərovla
nə vaxt və harada tanış
olmağım maraqlıdır.
Qazax Birləşmiş Rayonlararası Prokurorluğunda
Baş müstəntiq işlədiyim zaman rayon prokuroru Baş
ədliyyə müşaviri, həmişə hörmətini
saxladığım Məmmədov Qadir Muğbil oğlu idi. Artıq o,
dünyasını dəyişmişdir. Allah ona rəhmət
eləsin !
Qadir Məmmədov da o dövrün tanınmış
prinsipial prokurorlardan idi. O, 1965-ci ildə Qazax rayon prokurorluğunun iş
planına uyğun olaraq, ümumi nəzarət qaydasında
(hazırda bu nəzarət sahəsi prokurorluq orqanlarından
silinmişdir) Kür çayının sahilində yerləşən,
Gürcüstan Respublikası tərəfindən maliyyələşdirilən
Poylu daş-qum karxanasında mütəxəssislər vasitəsilə
yoxlama aparmış və nəticədə xüsusilə
külli miqdarda dövlət əmlakının mənimsənilməsini
üzə çıxarmışdı. Odur ki, prokuror Azərbaycan
SSR Cinayət Məcəlləsinin 88-1-ci maddəsi ilə
(xüsusilə külli miqdarda dövlət əmlakının
mənimsənilməsi - indiki AR CM-nin 179-cu maddəsi), 167-ci
maddəsi ilə (vəzifəli şəxsin vəzifəsindən
sui-istifadə etməsi - indiki AR CM-nin 184-cü maddəsi),
172-ci maddəsi ilə (rəsmi sənədlərin
saxtalaşdırılması indiki AR CM-nin 320-ci maddəsi)
cinayət işi başlayaraq istintaqın
aparılmasını mənə
tapşırmışdı.
Cinayət
işini icraatıma qəbul edib, toplanmış təftiş
materialları ilə tanış oldum. İş barəsində istintaq planı tərtib
edib istintaqa başladım.
İlkin istintaqda müəyyən edildi ki, Ağstafa
çınqıl-qum karxanasında 1963-1965-ci illərdə
istehsal edilən xammal, daş məhsulları
Gürcüstanın Rustavi və digər iri tikinti təşkilatlarına
göndərilmişdir.
Mütəxəssislərin tərtib etdikləri aktdan da
məlum olurdu ki, hazır mallar anbarından təbii itkilər
nəzərə alınmaqla 45. 000 manat dəyərində
26. 611 kub metr xır-çınqıl məhsulları
çatışmayır.
İş
üzrə istintaq operativ və intensiv
aparıldığından Daş-qum Karxanası İdarəsinin
kadr şöbəsinin inspektoru Valentina Boldıreva, xəzinədar
Motya İvanova etirafedici ifadələr verərək göstərmişlər
ki, karxananın rəisi Xunsariya Aleksey (Alyoşa)
Qriqoryeviç hər ay faktiki işləməyən
adamların adına yazdırdıqları pulları baş
mühasib Babayev vasitəsilə mənimsəyirlər. Bu hesabla karxanada işləməyən cəmi 60 nəfər
"ölü canlar" (mertvıe duşi) vardır. Əmək haqqı cədvəllərində bu
şəxslərin adlarına yazılan iri məbləğ
pulları Xunsariya imzalayaraq almışdır. Səbəbini də onunla izah etmişdir ki, guya bu
insanlar Gürcüstanın uzaq şəhərlərində
yaşayırlar, maaşlarını almaq üçün
Qazax rayonuna gəlmək imkanları olmur. Özü
o şəxslərin pullarını aparıb özlərinə
çatdıracaqdır.
İstintaqın gedişatında məlum oldu ki, cinayət
işi Gürcüstan SSR-nin Rustavi, Tbilisi, Kabuleti və Adler
şəhərləri ilə əlaqədardır. Yəni
yuxarıdakı 60 nəfər bu şəhərlərdə
yaşayıb işləyirlər.
Məlum
olmuşdur ki, karxananın tabe olduğu Zaqafqaziya Metal-Tikinti
İdarəsi Tbilisi şəhərində yerləşməklə
heç zaman Xuntsariyanın iş fəaliyyəti ilə
maraqlanmamışlar və nəzarət etməmişlər.
Bu vəziyyətdə
Azərbaycan SSR Prokurorluğu cinayət işinin çox
epizodlu və mürəkkəbliyini, qonşu respublika ilə əlaqədar
olduğunu nəzərə alaraq, gələcəkdə
işin istintaqının davam etdirilməsi AR Prokuroru
Yanında xüsusilə mühüm işlər üzrə
müstəntiqi işləyən Bəhmən Qurbanova və
mənə tapşırılması barədə qərar qəbul
etdi.
Hazırda
sıralarımızda olmayan Baş ədliyyə
müşaviri Bəhmən Qurbanov cinayət işi ilə tanış oldu. İşdə
olan çətinlikləri ona izah etdim. İstintaqı
hansı qaydada davam etdirilməsi müzakirə edildi.
Gürcüstanın
Tbilisi, Rustavi, Qori, Kabuleti şəhərlərində
yuxarıda adı çəkilən 60 nəfər şəxsin
yaşayış və iş yerlərini müəyyən
edib onları şəhid qismində cəlb etdik. Onların
hansı təşkilatlarda işləmələri barədə
arayışlar, iş üzrə məhkəmə
xətt ekspertizaları keçirilməsi məqsədi ilə
eksperimental və sərbəst yazı, xətt nümunələri
alınaraq işə əlavə edildi. Bu
sübutları toplayan zaman müqavimətlərlə də
rastlaşdıq. Belə halda rayon
prokurorları bizə kifayət qədər köməklik
göstərmələrinin şahidi olduq.
Müəyyən
edildi ki, bu iş üzrə cəmi 50.000 manat dövlət vəsaiti
mənimsənilmiş və israf edilmişdir. 300
nəfər şahid dindirilmiş, çoxsaylı
ekspertizalar, o cümlədən mühasibat, mühəndislik-texniki,
iqtisadi, məhkəmə xətt ekspertizaları
keçirilmiş və 20 nəfər şəxsə ittiham
elan edilmişdir. İş üzrə
başqa millətlərin nümayəndələri dindirilərkən
tərcüməçilərin biliyindən istifadə
edilmişdir.
İş üzrə cəmi 40.000 sənəd
toplanmış və maddi sübutlarla cildlərə əlavə
edilmişdir.
Dövlət əmlakını mənimsəyənlərin,
vəzifələrindən sui-istifadə edənlərin, səhlənkarlığa
yol verənlərin, sənədləri
saxtalaşdıranların dairəsi müəyyən edilərək
onlara həmin əməllərinə görə Azərbaycan
SSR CM-nin 88-1, 167, 169 (səhlənkarlıq), 172-ci maddələr
ilə ittiham elan edilmişdir.
Müttəhimlərə (hazırda təqsirləndirilən
şəxslər) elan edilən ittihamlar özlərinin
etirafedici ifadələri ilə, şahidlərin dindirilmə
və üzləşdirilmə protokolları ilə,
keçirilən ekspertizaların rəyləri ilə, işə
əlavə olunan əşyayı dəlilləri ilə
tamamilə sübuta yetirilmişdi. Bununla da iş üzrə tərtib
olunan ittihamnamə (ittiham aktı) Azərbaycan SSR Prokurorunun təsdiqi
ilə yekunlaşaraq cinayət işi baxılması
üçün Azərbaycan SSR Ali Məhkəməsinə
göndərilmişdir.
1966-cı
ilin yay günlərinin birində iş otağımda
olduğum zaman, çox hörmətlə
yanaşdığım prokuror Qadir Məmmədov telefonla zəng
edib dedi ki, Ali Məhkəmədən, Respublika
Prokurorluğundan qonaqlarımız gəlib, buyurun, gəlib tanış olun. Prokurorun kabinetinə
daxil olanda orada tanımadığım iki nəfər
mülki paltarda şəxsləri gördüm.
Qazax rayon
prokuroru qonaqlardan, döşündə Azərbaycan SSR Ali
Sovetinin deputat nişanı olan, orta boylu, başı
açıq, sarıyanız, səliqəli geyinmiş,
haqqında söhbət apardığımız Seyfulla
Əkbərovu və eyni zamanda Respublika Prokurorluğunun məsul
işçisi, xoş sifətli, üzü gülər Urxan
Həşimovu mənimlə tanış etdi. Digər tərəfdən
hörmətli prokuror məni də qonaqlara təqdim edərək
dedi ki, məhkəmədə baxılacaq cinayət işi
üzrə tərtib olunan çoxsaylı cildlərin müəlliflərindən
birisi də bu cavan oğlandır, Cahangir Nəsirovdur.
Prokurorun kabinetində aparılan söhbətlərdən
mənə məlum oldu ki, Seyfulla Əkbərov əvvəllərdə
Naxçıvan Muxtar Respublikasının prokuroru işləmişdir. Konstitusiyada nəzərdə
tutulan 5 il iş fəaliyyəti sona
çatmış və sonra Azərbaycan SSR Prokuroru vəzifəsinə
irəli çəkilmişdir. Vəzifəsinə
görə Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdir. Azərbaycan SSR Prokuroru işlərkən
onun iş fəaliyyəti sona yetmiş və Azərbaycan SSR
Ali Məhkəməsinin hakimi təyin edilmişdir. 2-ci dərəcə dövlət ədliyyə
müşaviridir (generaldır).
İkinci qonaq Urxan Həşimovun Azərbaycan SSR
Prokurorluğunda Məhkəmələrdə Baxılan Cinayət
İşləri İdarəsində prokuror işləməsi
məlum oldu.
Həmçinin məlum oldu ki, ədliyyə
müşaviri rütbəsində o, A.Xunsariya və qeyrilərin
müqəssirlənmələri (təqsirləndirilənləri)
barədə olan cinayət işində dövlət
ittihamını müdafiə etməlidir.
Beləliklə,
yuxarıda şərh edilən hər iki qonaqla yaxından tanış oldum. Cinayət
işinin istintaqı ilə əlaqədar hakim Seyfulla Əkbərovun
suallarına cavab verdim.
Başa düşdük ki, qonaqlar uzun müddət Qazax
rayonunda ezamiyyətdə olacaqlar. Bu şəhərdə
işgüzar fəaliyyətlərini təmin etmək
üçün onların Partiya Komitəsinə məxsus
olan mehmanxanada yerləşdirilmələri məsələsi
ortaya çıxdı. həmin
mehmanxana Mərkəzi Komitədən gələn qonaqlar
üçün nəzərdə tutulduğundan orada
prokurorluq qonaqlarının yerləşdirilməsi barədə
Partiya Komitəsinin Birinci Katibinin razılığı tələb
olunurdu. Odur ki, Qadir Məmmədov o vaxtlarda Qazax
rayon Partiya Komitəsinin Birinci Katibi işləyən Fikrət
Hüseynova zəng çalaraq məsələni müsbət
həll etdi.
Cinayət
işinin məhkəmədə baxılması 5 iyul
1966-cı ildən başlayaraq 26 dekabr 1966-cı il tarixədək 7 ay davam etdi. Bu müddət ərzində
Seyfulla Əkbərovla, Urxan Həşimovla dəfələrlə
Tbilisi və Qazax rayonundan 100 kilometrilikdə yerləşən
Ermənistanın Sevan şəhərlərində, iş
vaxtından kənarda səyahətdə olduq. Qonaqlar
belə istirahət saatlarını eyni zamanda rayon prokuroru
Qadir Məmmədovla da həyata keçirirdilər.
Məlum olduğu kimi Qazax rayonu Azərbaycanın Şərqində
yerləşməklə gözəl təbiət mənzərələrinə
malikdir. Burada mehriban, qonaqpərəst, ədəbiyyatı və
incəsənəti sevən insanlar yaşayırlar.
Hakim Seyfulla Əkbərovun xahişi ilə əlaqədar
qonaqları sevimli şairimiz Səməd Vurğunun anadan
olduğu Yuxarı Salahlı kəndindəki ev muzeyinə,
şairin sağlığında ən çox sevdiyi
Damcılı bulağına, Göyəzən dağına
gedərək təbiətin gözəlliklərini birgə
seyr etmişik.
Bununla da qonaqlarla bizim aramızda
mehribançılıq, səmimiyyətçilik, dostluq
münasibətləri yarandı.
Mən belə başa düşdüm ki, qonaqlar
dövlətə sadiq olmaqla öz vəzifələrini
layiqincə yerinə yetirdilər və eyni zamanda Qazax rayonunun
görməli yerlərini ziyarət etməklə bu torpağa
və əhaliyə qarşı öz sevgi və məhəbbətlərini
ifadə etdilər.
Nəhayət, Azərbaycan SSR Ali Məhkəməsinin
Cinayət işləri üzrə Məhkəmə
Kollegiyasının səyyar heyəti öz işini
yekunlaşdırdı. Məhkəmə iş üzrə ittihamedici
hökmünü elan etdi.
Hökmdən məlum oldu ki, Xunsariya və onun cinayətkar
yoldaşları layiqli cəzalarına çatmışlar.
Hörmətli
qonaqları Bakı şəhərinə yola saldıqdan bir
müddət sonra Respublika Prokurorluğundan zona üzrə
prokuror, hazırda dünyasını dəyişmiş
Baş ədliyyə müşaviri Adil Əsgərov telefonla
Qadir Məmmədova zəng çalaraq demişdir ki, Ali Məhkəmə
müstəntiqlər Bəhmən Qurbanovun və Cahangir Nəsirovun
apardıqları keyfiyyətli və səriştəli
istintaqlarından razı qalmışlar. Ali Məhkəmənin
göndərdiyi təqdimata Respublika Prokurorluğu
baxmış və xüsusilə mühüm işlər
üzrə müstəntiq Baş ədliyyə
müşaviri Bəhmən Qurbanova, I dərəcəli
hüquqşünas Cahangir Nəsirova, rayon prokuroru Qadir Məmmədova
23 yanvar 1967-ci il tarixli, 12 saylı əmrlə
təşəkkür elan edilmişdir.
Biz başa düşdük ki, bu sevinci bizə bəxş
edən şəxsən Seyfulla müəllim olmuşdur.
Azərbaycan SSR Prokurorluğunun İstintaq İdarəsi
yuxarıda göstərilən cinayət işinin istintaqını
nümunəvi hesab edərək təcrübə mübadiləsi
aparılması məqsədi ilə tikinti işlərinin
istintaq metodikası haqqında məlumatı məktubla rayon
prokurorluqlarına göndərməyi qərara
almışlar.
Mən Respublika Prokurorunun əmrini və təcrübə
mübadiləsi barədə rayonlara göndərilən məktubun
surətini dəyərli qənimət kimi indiyə qədər
digər sənədlərlə arxivimdə saxlayıram.
Əlbəttə ki, yeddi ay ərzində Seyfulla Əkbərovla
yoldaşlıq etdikdə mən tam inandım ki, o,
hüquqşünasların komandiri olmağa qadirdir.
Qazax rayonunda müstəntiq işlədiyim illərdə
dostluq etdiyim rayon qəzetinin redaktoru, ziyalı bir şəxs
Qasım Murquzovla 1969-cu ildə Bakı şəhərində
rastlaşdım. Hal-əhval tutduq. O, mənə
danışdı ki, Tovuz rayon Milis İdarəsində
müstəntiq işləyən qohumumuz Mustafa Murquzov, guya
rüşvət alıb deyə, onu həbs etmişlər. Onun haqqındakı cinayət işi hazırda Azərbaycan
SSR Ali Məhkəməsinin hakimi Seyfulla Əkbərovun
icraatındadır. Rayondan gələn
dostum əlavə etdi ki, Mustafa Murquzov əslində
rüşvət almamışdır. Bu məsələni
süni qaydada onu istəməyən bir nəfər
quraşdırmışdır.
Mən redaktoru dinlədikdən sonra güldüm. O, gülməyimə təəccübləndi.
Dedi ki, nə üçün güldünüz
? Cavab verdim ki, sizin bəxtiniz gətirib
ki, o işə Əkbərov yoldaş baxacaqdır.
Arxayın ola bilərsiniz. Mən
hörmətli Əkbərovu yaxşı tanıyıram.
O, son dərəcə savadlı, obyektiv və rəhmdar
hakimdir. Heç kəsdən qorxmur. Heç kəsin təsiri altına
düşmür. Əgər M.Murquzova elan
olunan müqəssirçilik (ittiham) sübuta yetməzsə,
o, bəraət alacaqdır.
Q.Murquzov sözlərimdən təsəlli taparaq məndən
ayrıldı.
Bir aydan sonra Qazax rayonundan mənə zəng vuraraq
yaxşı ovqatla sevincini bildirdi və dedi ki, kaş ki, bütün hakimlər Seyfulla Əkbərov
kimi olaydılar. Onun sədrliyi ilə
keçirilən məhkəmə iclasının sonunda
Mustafa Murquhov haqqında bəraət hökmü elan olundu və
o, məhkəmə zalından azadlığa buraxıldı.
Buradan da məlum oldu ki, Seyfulla Əkbərov haqqında
ağız dolusu danışdıqlarımız təriflər
həyatda da öz təsdiqini tapır.
Oxucu bilsin ki, şərh olunanlar həqiqətdir. M.Murquzovun və
A.Xunsariyanın haqqında baxılmış cinayət işləri
hazırda da Azərbaycan Respublikası Ali Məhkəməsinin
arxivində saxlanılır.
Qeyd etmək
lazımdır ki, qanunçuluğun, ictimai asayişin
mühafizəsi kimi sərt, ciddi, tələbkar qaydalarla uzun
müddət qüsursuz işləmək, hamının
hörmətini, etibar və etimadını qazanmaq, mehriban,
qayğıkeş insan olmaq, sevilib xatırlanmaq hər kəsə
nəsib olmur. Məhz Seyfulla Əkbərovu
hörmətli edən onun prinsipiallığı, qanunpərəstliyi,
tələbkarlığı, adamların talehinə ədalətli
yanaşması, qanunların tələblərini düzgün
yerinə yetirməsi olmuşdur.
Seyfulla Əkbərovu hörmətli edən bir də
onun yüksək mənəvi keyfiyyətləri idi. Sadə, zəhmətkeş
insanları daha çox sevmiş, onların
qayğılarına heç vaxt biganə qalmaması idi.
Seyfulla Əkbərov həm də nümunəvi ailə
başçısı olmuşdur. Aldığım məlumata görə
onun dörd oğlu və beş
qızı vardır. Onların hamısı ali
savad almış və ailə həyatı qurmuşlar. Ataları ilə həmişə fəxr edirlər.
Göstərilən xatirələrin xarakterik xüsusiyyəti
ondan ibarətdir ki, Seyfulla Əkbərovun həmkarları,
onunla birlikdə işləyənlərin əksəriyyəti
artıq dünyalarını tərk etmişlər.
SSRİ
Prokurorluğunda və Azərbaycanda tanınmış
görkəmli hüquqşünas, III dərəcəli
dövlət ədliyyə müşaviri Seyfulla Əkbərovun
xatirəsini bugün yad edərkən, onunla bir dövrdə
işləyərək dünyalarını dəyişmiş
dostlarının, yetişdirdiyi-tərbiyələndirdiyi və
formalaşdırdığı adamlarının,
silahdaşlarının adlarını çəkməmək,
onları yada salmamaq qəbahət olardı.
Seyfulla
Əkbərovun səviyyəsində olmuş, o korifeylər kimlərdir ?
Belə ki, XX əsrin ortalarından başlayaraq
SSRİ-nin ən yüksək ixtisaslı prokuror kadrları
arasında Azərbaycandan da əvəzolunmaz prokurorlar
yetişərək layiqli fəaliyyət göstərmişlər.
İndi
biz fəxrlə qeyd edə bilərik ki, nəzərdə
tutulan istedadlı, prinsipial, ədalətli, obyektiv, saf prokurorları
yada saldıqda, hələ SSRİ dağılmamışdan
qabaq Moskvada Baş Prokurorluğunun kitabında adları
qızıl hərflərlə yazılmış Seyfulla
Əkbərov, Akif Abdullayev, Abbas Zamanov, Şamil Qasımbəyov,
Şükür Rzayev, İsmət Qayıbov, Sabir Qasımov,
İsmayıl Əliyev, Qadir Məmmədov, Vəli Gülməmmədov,
Kamal Hacıyev, Nurəddin Zeynalov, Zakir Zeynalov, Hüseyn Nəsirov,
Salman Cəfərov, Elmar Qarayev, Ağakərim Kərimov,
Tapdıq Əmirov, Ata Əliyev, Mehdiqulu Mahmudov, Ağaverdi
Abbasov, Afəridə xanım Xəlilova, Soltan İmanov, Novruz
Xudiyev, Nadir Mürşüdov, Yamən Yusifov, İbrahim
İsmayılov, Həbib Rzayev, Kazım Talıbov, Həmid Rəhimov,
Bəhmən Qurbanov, Tələt Qəmbərov, Aydın
Hüseynov, Oruc Abdullayev, Tofiq Vəliyev, Əliş Əliyev,
İsmayıl Hacıyev, Emin Eminov, Abbas Əliyevin və qeyrilərin
adları vardır.
Mən şəxsən bu dahi insanların hamısı
ilə ünsiyyətdə olmuşam. Prokurorluqdan söz
düşəndə onların salamat olduqlarını təsəvvür
edirəm. Mənim qəlbimdə
onların adı, işləri, zarafatları, incə nitqləri
canlanır, zahirə çevrilir. Hiss edirəm ki, həmin
gözəl qamətli prokurorlar yanımdadırlar. Gecələr də yuxularda onları görürəm.
Şübhəsiz ki, göstərilən dahi insanlar
unudulmamışlar. Onların xatirələri bizə əziz
və doğmadır.
Razılıq hissi ilə göstərmək
lazımdır ki, Azərbaycan dövləti bütün
dövrlərdə prokurorluq işçilərinin
qayğısına qalmış və əməklərini
yüksək qiymətləndirmişdir.
Yadda qalan xatirələrə yekun vuraraq deyirəm ki,
korifey prokurorların arasında Seyfulla Əkbərovun
özünəməxsus xüsusi yeri olmuşdur. Onun həyatı, iş
prinsipləri, iş fəaliyyətində gördüyü
işlər gənc nəslimiz üçün tərbiyə
məktəbidir.
Adını çəkdiyim əziz insanların xatirələri onların yaxınlarının, dostlarının qəlbində həmişə yaşayacaqdır. Allah onlara rəhmət eləsin !
Cahangir Nəsirov
Ədalət.-2014.-6 mart.-S.5.