Sərhədçilərimizdən bəhs edən ilk romana baxış

 

Ancaq kim bilir, bəlkə də, o, şair olmasaydı, sərhədçi olacaqdı "Canlı dirəklər", Ə. Qurbanlı

 

"Azərbaycanın şimalında, ölkə xəritəsində ərazisinə görə o qədər də diqqəti cəlb etməyən yaşayış məntəqələrinin birində sərhədçilərə məxsus "N" saylı hərbi hissə yerləşir"(proloqdan).

Kitablarımın arasında həcminə, vəzninə görə heç də böyük olmayan bir kitab var. Amma söz yükü, ifadə olunmuş Vətən məhəbbəti kitabın həcmini təxəyyülün çatdığı yerə qədər böyüdə bilir. Kitabın ilk səhifəsi onu mütaliə etmək istəyən hər kəsə "Vətən sərhəddən başlayır" fikrini aşılıyır. Əsər oxucuda "N" saylı hərbi hissə, bu hərbi hissənin tabeliyində olan sərhəd zastavaları, sahə-sərhəd komendaturaları, nəzarət-buraxılış məntəqələri haqqında geniş təsəvvür yaradır. Hadisələrin xronoloji ardıcıllığı bir-birindən elə asılıdır ki, kitabı sona çatdırmadan əlindən qoymaq istəmirsən.

Müəllifin haqqında söz açdığı "N" saylı hərbi hissənin xidməti ərazisi şəffaf sərhəd zolaqlarından ibarətdir. Kitabın köməyi ilə məlumatı olmayan oxucu tikanlı məftillərin paralel və çarpaz şəkildə dirəklərə bərkidildiyi sərhəd zolaqları ilə şəffaf sərhəd zolaqlarının fərqini anlayır. Onu da anlayır ki, şəffaf sərhəd zolaqlarının dirəkləri canlı əsgərlərdir.

Romanın süjet xətti çox mürəkkəb quruluşa malik olmasa da, az zəhmət tələb etməyib. Əsəri bədii olmasına baxmayaraq üslubunun ciddiliyinə görə publisistik yazıya da bənzətmək mümkündür. Oxucunu əvvəldə bu mənada, sanki bir az yorur da. Amma nəzərə alsaq ki, obrazlar hərbiçilərdir və bütün hadisələr, əsasən, hərbi hissələrdə cərəyan eləyir, onda bu titullar, əsərin zahiri publisistik görkəmi bizdə tənqidi əhvali-ruhiyyə yaratmayacaq.

Əsərlərində tərbiyəsiz ifadələr işlədən bəzi yazıçılar özlərinə haqq qazandırmaq üçün deyirlər ki, əgər biz, məsələn, əxlaqsız qadınlar obrazı yaratmışıqsa, necə ola bilər ki, bu qadınlar öz aralarında mədəni ünsiyyətdə olsunlar? Yəni onlar mütləq söyüş, filanla danışmalıdırlar. Amma mənim fikrimə görə bu belə deyil. Obrazın kim olmasından asılı olmayaraq danışan yazıçıdır. Əsər yazıçının daxili aləminin güzgüsüdür. Kimdən, nədən yazırlar, yazsınlar, mən dahi yazıçıların yaradıcılığında da tərbiyədən kənar ifadələrə rast gəlmədim. Özüm də bacarmıram. Digər tərəfdən isə o qədər əyri, oğru, əxlaqsız görmüşük ki, ictimaiyyətə yaxşı insan kimi sırınmaq, ya elə xislətində olduğu üçün danışıqlarında ədəbi qaydalara normal həyat tərzi keçirən insanlardan daha çox riayət eləyirlər. Obrazları söyüşlərlə danışan yazıçılardan fərqli olaraq Əvəz Qurbanlının obrazları məhz sərhəddə keşik çəkmənin necə məsuliyyətli peşə, şərəfli vəzifə olduğunu ön plana gətirmək üçün hərbi dildə danışır. Bəlkə də, Əvəzin bu əsəri oxucu ilə daha çox bədiiləşmiş ifadələrlə təmasda olsaydı, sərhədçi olmağın məziyyətləri diqqətdən yayınacaqdı. Hərbiçi dili xüsusi rəmzlər, parollarla zəngindir. Yazıçı əsər boyu bu ənənəyə sadiq qalmağı unutmur.

Əsərin qəhrəmanı ali təhsini başa vurduqdan sonra hərbi hissədə xidməti vəzifəsini yerinə yetirməkdədir. Təhsilli olduğuna görə ən münasib əsgərlərdən biri kimi sənət yoxlanışı xidmətinə cəlb olunmağı nəinki silahdaşlarını, hətta xidmət etdiyi zastavanın rəisini də kədərləndirir:

"Maşın zastava ərazisini tərk edib yola çıxdı. Gözətçi şlaqbaumu bağladı. Zastava rəisi baş leytenant Qocayev Dəstə rəisini kazarmaya dəvət etdi. Bir azdan şam yeməyi üçün komanda veriləcəkdi. Əsgər yoldaşları isə hələ də Qurbanovun arxasınca baxırdılar".

Əsgər Qurbanovu sərhəd pozucularından savayı əhatəsində olduğu hər kəs sevir. Ona hər işdə etimad göstərir, bel bağlayırlar. Qurbanov Vətəninə sadiq əsgərdir. Ona görə, "Vətən sərhəddən başlanır", amma həmişə sərhəddə bitmir. Çünki insan kimidir; həm fiziki sahəyə malikdir, həm də mənəvi fəzaya. Başlanğıcı, sonu olan fiziki sahə başlanğıcı və sonu olmayan mənəvi fəzaya tərəf durmadan böyüyür. Vətən elə bir müqəddəs anlayışdır ki, hər yerdə bizimlədir. Vətənin mənəvi sərhədləri sərhədsizdir. Bu mənada "onun sərhəd anlayışına fərqli baxışları var; onun üçün Vətənin sərhədləri daha genişdir".

Əsərin əsgər qəhrəmanı hərbiçi yoldaşlarına sərhəddin müqəddəsliyi haqqında uzun-uzun "monoloqlar" söyləməkdən, bildiklərini onlara da öyrətməkdən yorulmur. Fikrimin təsdiqi kimi əsərdən kiçik bir dialoqu oxucuların nəzərinə çatdırmaq istəyirəm.

Qurbanov Kazımova:

"- Yaxşı, bəsdi, çaşdırma uşağıg- sonra üzünü Abbasova tutaraq - Kazımov demək istəyir ki, sərhəd sözü təkcə hüquqi termin deyil, həm də müqəddəs anlayışdır. Bax, hərbi xidmətdə ən çox eşitdiyin bir deviz var: "Vətən sərhəddən başlanır". Bunu başqa cür də demək olar: "Vətən, doğulduğun yerdən başlayıb, sərhəddə bitir". Sərhədçinin xoşbəxtliyi bilirsən nədədir? Vətən torpaqlarının hüdudlarında, yad torpaqlardan iki addım geridə xidmət aparır. Sərhədçinin gəzdiyi yerlərə yalnız onun öz ayağı dəyir. Bu yerlərə başqaları yaxın düşə bilmir..."

Əsgər Qurbanovun timsalında əsər boyu şəffaf sərhəd zolaqlarında xidmətin məftilli zolaqlardan daha çətin olduğu qabarıq şəkildə ön plana çəkilir.

"Qurbanov:

- Elədir, Abbasov. Yəqin eşitmisən, bizim Sərhəd Dəstəsinin, ümumilikdə respublikamızın şimal hüdudlarının qorunduğu sərhəd zolağı şəffaf sərhəddir. Şəffaf sərhəd o deməkdir ki, burda tikanlı məftillər yoxdur, sərhəd xətti şərti ölçülərlə müəyyənləşir. Məsələn, bax burda sərhəd xətti bu gördüyün kiçik kanaldı. Bu kanalın o tərəfi artıq qonşu dövlətin ərazisidir. Ancaq onu da deyim ki, şəffaf sərhədin qorunması daha çox məsuliyyət və diqqət tələb eləyir. Axı şəffaf sərhəddə sərhədçiyə kömək edən tikanlı məftillər, siqnalizasiya şəbəkəsi və başqa vasitələr yoxdur".g

Münasibətimi bildirmək istədiyim digər məsələ əsərin qəhrəmanları haqqındadır. İlk baxışda, uzağa getmədən oxucuya belə gəlir ki, əsgər Qurbanov əsərin yeganə qəhrəmanıdır. Amma gur işıqlandırılmış sujet xətti boyu oxucu ilə bərabər, bəlkə də, birinci, daha maraqlı başqa bir qəhrəman obraz addımlayır. Bu ikinci qəhrəman - Sərhəd Dəstəsinin rəisi, cənab polkovnik-leytenantdır. Kitabı əlinə alan oxucu elə ilk səhifədə onunla tanış olur. Yazıçının məharəti isə yaratdığı obrazın vəzifəcə tabe olduğu rütbəli şəxsə pərəstiş hissini nümayiş etdirməyindədir. Polkovnik-leytenantın, hadisələrdə bilavasitə iştirak edə, ya etməyə, hər yerdə tövsiyə və qayğısı hiss edilməkdədir. Onun böyüklüyü tək vəzifə baxımından səciyyələndirilmir. Sərhəd Dəstə rəisində ruh, Vətən eşqi, vəzifə borcu, sərhədçi məsuliyyəti - hamısı gözəldir. Həm də o qədər gözəldir ki, gözəl şeirlər müəllifi, şair-əsgər Qurbanov onun peşəkarlığına heyranlığını gizlədə bilmir.

Əsəri oxuyanda insanın zehnində fikir dolaşıqlığından əmələ gələn kölgələr yox olur. Heç inanmaq istəmirsən ki, hərbidə, dövlət sirri istisna olmaqla, məlum olmayan səbəblərdən əsgər dünyasını dəyişsin. Dövlətinə inam hissi aşılayır oxucuya.

Kitabın mütailəsi vaxtı ürəyimdən bir arzu keçirdi: "Kaş mən də oğlan doğulsaydım, hərbi hissədə xidmət etsəydim". Özümü ən çətin sınaq qarşısında hiss etmək, lazım gələrsə, lap ölüm ilə üz-üzə dayanmaq istəyi ruhuma hakim kəsilmişdi. Birinci dəfə idi ki, oğlan olmadığım üçün təəssüflənir, yaşlandığım üçün ürəkdən narahat olurdum.

Əvəz Qurbanlı ilk romanı olmağına baxmayaraq, hadisələrə böyük yazıçı məsuliyyəti ilə yanaşır. Gənclik hərəkətverici qüvvədir. Hər bir ölkənin inkişaf səviyyəsi, birinci növbədə, gənclərin bu prosesdə necə iştirak etmələrindən asılıdır. "Gənclik qayğı ilə əhatə olunarsa, qazanan xalq olacaq!" devizi əsərin qayəsini təşkil eləyir. Gəncliyin potensial gücü mənsub olduğu ölkənin inkişafı üçün idarə olunmalı, ədəbiyyat dərsliklərinin iş planı da məhz bu istiqamətdə qurulmalıdır fikri ilə əsərdən ayrıldım.

Hər günün öz tələbi olduğu kimi öz əsəri də var. Klassikləri, mütəfəkkir şair və yazıçıları danmaq fikrində deyiləm. Qısa yaradıcılıq həyatımda, bəlkə də, ən çox onlara borcluyam. Dünyaya göz açan hər bir oğlan uşağı şair doğula bilməz, amma Vətənini qorumağı mütləq bacarmalıdır. Bu mənada Əvəzin "Canlı dirəklər" əsəri, mənim fikrimə görə, əvəzsizdir.

Gənclərin tərbiyəsində mühüm yeri olan bu kiçik əsər məni gah güldürdü, gah ağlatdı. Gah da dəliqanlı oxucu kimi xəyalən şəffaf sərhəd zolaqlarında at oynatdım. Kitabı oxumağa başlayan gənc adi məktəbli olsa da, sona yaxınlaşanda artıq özünü əsgər kimi hiss eləyəcək. Vətəni qorumaq eşqi ilə qanadlanan gələcək əsgərdə zərərli vərdişlərə maraq hissi zəifləyəcək. Oxucuların diqqətini Qurbanovun hərbi hissədə dillər əzbəri olan şeirindən iki bəndə yönəltmək istəyirəm:

 

- Torpağımı tapdamağa,

düşmənimin nə həddi var?

Qoy bilsin ki, qarşısında

Azərbaycan sərhədi var!

 

Yaxud:

 

- Azərbaycan! Bu ülvi ad

qollarımın təpəridir.

Yaxşı deyib atalar ki,

"Oğul düşmən çəpəridir"...

 

Əvəz Qurbanlı əsərdə məhz azərbaycanlı olduğumuz üçün bizə məxsus olan bəzi xarakterik xüsusiyyətlərin məharətlə öz əleyhimizə necə istifadə olunmağından söz açır. Qolundan dəmir çarpayıya bərkidilmiş sərhədpozucusu, ayaq yoluna getmək bəhanəsi ilə, nə qədər dil tökürsə, əsgəri yola gətirə bilmir. Son vasitə kimi onun zəif damarına toxunmaq istəyir.

"Gün növbətçisi Rzayev tərəddüd edirdi. Yekəpər bunu hiss edərək əsgərin zəif damarını yoxlamaq istədi:

- Bura bax, bəlkə, qorxursan? - deyə kinayəli səslə qımışdı, - əgər belədirsə, onda heç... mənə maraqlıdır, belə ağciyərliklə sən Vətəni necə qoruya bilərsən? Mənim əlim-qolum bağlıdır, sənin isə belində ştıq-noj var. Ancaq yenə də qorxursan..."

Əsgər Rzayevi aldadaraq aradan çıxan Yekəpəri ucsuz-bucaqsız meşələrdə təzədən tutub hissəyə gətirən Qurbanov sərhədpozucusu ilə əlbəyaxa döyüşdən aldığı yaraya görə sanitar hissədə müalicə olunur. Əgər o, hərbi nizamnaməni pozmasa, xidməti yerini özbaşına tərk etməsə idi, bəlkə də, sərhədpozucusunu yaxalamaq mümkün olmayacaqdı. Əsgər Qurbanov hər əsgərdən deyildi. Gözlənilməyən hadisə zamanı o, özü qərar verə bilirdi. Ancaq və ancaq o anlarda ki, icrası həyatı bahasına olsa belə, vəziyyəti yuxarıların nəzərinə çatdırmaq üçün vaxt itirmək olmazdı!

Əsgər Qurbanovu yoluxmaq üçün Sərhəd Dəstəsinin rəisi sanitar hissəyə gəlir. Aralarındakı söhbətin qeyri-rəsmi hissəsini tamamlanmış hesab edən polkovnik-leytenant Qurbanova deyir:

"- Əsgər, bir neçə gün əvvəl məlum hadisə zamanı sən böyük qəhrəmanlıq göstərmisən - bu öz yerində. Bu qəhrəmanlığa görə sənə ən azı, ən azı 10 günlük məzuniyyət və bir "Valideynə təşəkkür məktubu" düşür. Ancaq digər tərəfdən sən Hərbi Nizamnamənin tələblərini pozmusan - xidməti yerini özbaşına tərk etmisən. Buna görə isə sənə ən azı 10 sutka həbs cəzası və bir şiddətli töhmət düşür...

Qurbanov diqqətlə dəstə rəisini dinləyirdi.

Dəstə rəisi sözünə davam etdi:

- Hə, indi de görüm, bunlardan hansına daha çox layiqsən?"

Qurbanov, əlbəttə, bu sualın cavabını polkovnik-leytenantın öz ixtiyarına buraxır. Sərhəd Dəstəsinin rəisi isə göstərdiyi şücaətə görə əsgərə 10 günlük məzuniyyət elan edir. Əsgər Qurbanov rəisdən ona elan olunan 10 günlük məzuniyyəti üç il xidmətdə olub bir dəfə də ailəsinə baş çəkməyən dostuna şamil olunmağını xahiş edir. Məzuniyyətə dostunu göndərib özü "Valideynə təşəkkür məktubu" ilə kifayətlənir.

Qurbanov, həqiqətən, mükafata layiq bir iş tutmuşdu. Amma yazıçı, polkovnik-leytenantın dili ilə, oxucuya başa salmaq istəyir ki, xidməti yerini icazəsiz tərk etmək əsgərə həmişə başucalığı gətirə bilməz.

Dəstə rəisi fikirli-fikirli palatanın pəncərəsindən bayıra baxır. Sərhəd Dəstəsinin həyətindəki təlim-məşq meydanında əsgərlər cərgə ilə addımlayaraq, əsgər mahnısı oxuyurdular. Mahnının sözləri şair və əsgər Qurbanova məxsusdur:

 

- And içdim Quranıma, öpmüşəm bayrağımı,

Heyfsilənmə, qanımla sulansa torpağımız.

 

Vətən uğrunda ölmək şərəfdir,

Azəri oğlu haqqa tərəfdir...

 

Bu əsər haqqında çox yazmaq olar. Baxış səmtini dəyişdikcə yeni-yeni məziyyətlərlə üz-üzə qalırsan. Amma ən yaxşısı odur ki, hər kəs özü oxusun. Mənim toxunmadığım və yaxud toxuna bilmədiyim mətləblərdən hali olsun.

Əsərin epiloqunda deyilir:

"Zaman həm də, heç bir dayanacaqda saxlamayan və heç vaxt geri qayıtmayan marşrut kimidir; vaxtında qapısından sallanmasan, onun sərnişini olmayacaqsan...

... O isə qapıdan sallanmadan yaşadı.

Onun sərhəd anlayışına fərqli baxışları var; onun üçün Vətənin sərhədləri daha genişdir.

Ancaq kim bilir, bəlkə də, o, şair olmasaydı, sərhədçi olacaqdı..."

 

Göyərçin Kərimi,

Şairə-publisist. AYB-nin üzvü

 

Ədalət.-2014.-6 mart.-S.7.