QAZAXLI RÜSTƏM
İnsan Mənzərələri
(əvvəli ötən şənbə
sayımızda)
Biz bəzən müasir şairlərdən hələ yazılmamış, zəngin dil koloriti, dərin fəlsəfi dəyəri, rəngarəng metaforalarla, təşbehlərlə bəzədilmiş əsil poeziya nümunələri umuruq. Elə mən özüm də könlümü doyuracaq, ruhuma sığal çəkəcək, könlümü riqqətə gətirəcək poeziya nümunələri axtarıram. Gözləyirəm ki, elə bir şar doğulacaq. Amma bu o demək deyil ki, poeziya qıtlığıdı, gözəl şeir nümunələri ortaya qoyan şairlərimiz yoxdu. Ədalətin ötən saylarının birində Vaqif Bayatlı Odərin bir neçə şeir nümunəsini oxudum, gözlərim sevindi, ruhum təzələndi, könlüm bir daha göylərə pərvazlandı.
Yazarların çoxluğu hələ o demək deyil ki, şer bolluğunda itib-batırıq. Hər kəs özü boyda şeir yazır. Hər kəs onun könlünü ovudacaq şeiri sevir.
Mən "İnsan mənzərələri"ndə yaradıcı insanların təhlilini verməkdən çox onların portret ştrixlərini verməyə üstünlük verirəm. Bir ədəbiyyat araşdırıcısı olmadığımdan, hər kəsin dəyərini, yaradıcılığının, səviyyəsinin təhlilini oxucuların ixtiyarına buraxıram. Əslində poeziya haqda düşüncələrin hamısı subyektivdi. Ünlü söz xiridarları belə yaradıcı şəxsin bütün məqamlarına işıq salmaqda çətinlik çəkirlər, fikir ayrılıqları ilə sübut edirlər ki, ilahidən yaranmış poeziyanın sirrini açmaq çox çətindi. Təbii ki, sohbət vergili və Tanrı dərgahında cezvdə olan şairlərdən gedir.
Bu da təbiidir ki, hər kəs hamını sevə bilməz, hər üslubun öz xiridarı var və özündən müştəbehlər, "qoşma köhnəlmiş üslubdu", "təcnis təkkə aşıq şeiridi", "əruz bizim deyil", "divani, müxəmməs və s. müasir deyil" - kimi fikirlər söyləyib, sərbəstdə, qərbin moderin adıyla qətiyyən milli poeziya üslubumuza uyğun olmayan "izim"ləri çox qabartmalı deyillər. Kim hansı üslubda özünü rahat ifadə edirsə, ortaya gözəl poeziya nümunəsi qoya bilirsə, deməli, o üslub onun ruhunun üslubudu. Poeziyanın taleyini isə əlahəzrət zaman özü təyin edir.
Deyəsən mövzumuzdan uzaqlaşdıq. Sözümün canı budur ki, Qazaxlı Rüstəm öz könlünün nəğmələrini yazan bir könül nəğməkarıdı. Dəridən-qabıqdan çıxaraq ədəbiyyat tarixinə düşmək eşqiylə alışıb-yanan birisi deyil, kökə bağlı, milli dəyərlərimizi, milli əxlaqımızı hər şeydən uca tutan klassik köhnə kişilərdən biridir. Bu baxımdan onun yaradıcılıq nümunələrindən yeri gəldikcə istifadə edib bu maraqlı insanla sizləri tanış edirəm:
Niyə gəldik, biz əzəldən bu dünyaya kim bilir
Ömrümüzü kim bölübdü günə, aya kim bilir.
Gecə, gündüz yer fırlanır günəşin ətrafında
Ulduzları kim düzübdü, o səmaya, kim bilir.
Nələr olur, təbiətdə möcuzələr bitməyir,
Zəlzələdən yer tərpənir, dağlar, daslar titrəyir.
Şimşək caxır, tufan qopur, dəniz coşub kükrəyir
Kim veribdi bu təkani, bu dəryaya kim bilir.
Nədir
belə yeri, göyu bir-birinə baglayır,
Zaman-zaman, kainatı bir ölçüdə saxlayır.
Qocalırıq, Ay qazaxlı, ölüm
bizi haqlayır
Düz gələrmi, əməlimiz
haqqı-saya kim
bilir.
Bu nümunədə Rüstəm
müəllim mənim
fikirlərimi təsdiq
edir. Klassik poeziyamızın divani janrında yazılmış bu şeirə istənilən
pirizmadan baxsan Xəstə Qasım, Aşıq Ələsgər
şeirinin ətrindən,
nəfəsindən mayalandığını
aşgarlayar, milli təfəkkürdən süzülüb
gəldiyinin şahidi
olarsınız. Onun damarlarından
saf Türkün qanı axdığını
hər kəlməsindən,
hər bəndindən
duymaq olur. Bəşəriyyətin əşrəfi olan Turk olmağıyla həmişə fəxr edər, dünyanın Türk dünyası olacağına Allaha inandığı qədər
inanır.
Min illərin tarixini
Daş kitaba yazan Türkəm.
Dağ başından enib gələn
Bir ox kimi süzən Türkəm.
Mən göylərin sovqatıyam
Gah Çingizəm, gah Batıyam
Qımqımıyam, bayatıyam
Sazlı, sözlü ozan Türkəm.
Atillayam,
Bilgə xanam
Əmir
Teymur, Süleymanam
Məni
igid doğub anam
Yağıları əzən Türkəm.
Qazaxlı, bir qarlı dağam
Həmişə haqqa dayağam
Gah oğuzam,gah qıpçağam
At belində gəzən
Türkəm.
Son vaxtlar mənim şeirlərimi "Bu şeirlər
yer şeirləri yox, göy şeirləridi"
deyib bəyənən
Rüstəm Qazaxlı
üzü göyə
şeirlər yazmağa
başlayıb:
Daha yerdən üzülürəm
Gedirəm göylərə sarı
Qatarıma düzülürəm
Gedirəm göylərə sarı
Bu təkliyi atmaq üçün
Dərgahımı tapmaq üçün
Allahıma çatmaq üçün
Gedirəm göylərə sarı
Dünyaları bölməmişəm
Qazaxlıyam ölməmişəm
Mən ki,göylərdən gəlmişəm
Gedirəm göylərə sarı.
İxtisasca fizika müəllimidi. Talenin gərdişi
açı küləklər
kimi onu qovub şəhərə gətirdi. İndi ticarətlə, çox
xırda alverlə məşğuldu. O öz
yerində olmadığını
çox yaxşı anlayır. Amma taleyi ilə
barışmış bir
qərib yolçudu.
Usanıb, usanıb öz
könlünü öz
balasına söyləyən
qosqoca bir atadır.
Qızına xitabən yazdığı
şeir vətəndaş
ləyaqətini ortaya
qoyur, dərdinin qəminin rəngini aydınca göstərir:
Dərələr yaş olub, düzlər islanıb,
Ağlama bu torpaq nəmdi,
ay qızım.
Havama, suyuma kədər qonubdu,
Yediyim, içdiyim qəmdi, ay qızım,
Ağlama bu torpaq nəmdi,
ay qızım.
Güllərin təzəsi, həm
təri getdi,
Kəlbəcər, İstisu Tərtəri getdi.
Neçə binə yeri, yurd yeri getdi,
Ürəyimdə bir naləmdi,
ay qızım,
Ağlama bu torpaq nəmdi,
ay qızım.
Göz yaşları Qarabağda sel oldu,
Nahaq qanlar axdı, qandan göl oldu,
O kəndlər, şəhərlər
yandı kül oldu,
Onsuz da talelər kəmdi, ay qızım,
Ağlama bu torpaq nəmdi,
ay qızım.
Yenə
də dünyaya Türk gələcəkdi,
Tarix qatilləri
dindirəcəkdi.
Torpaq azad olub, el güləcəkdi,
Onu deyən bu Rüstəmdi,
ay qızım
Ağlama bu torpaq nəmdi,
ay qızım.
Beləliklə, Qazaxlı Rüstəmlə
bir deyişməmi sizlərə təqdim edib, dünyamıza əmin-amanlıq diləyi
ilə sağollaşıram.
M. Dəmirçioğlu:
Ay Qazaxlı Rüstəm, hara gedək biz,
Dumanların qarasında qalmışıq.
Bu dünyanın gərdişindən
xəbər ver,
Sualların arasında qalmışıq.
Qazaxlı Rüstəm:
Bir az səbrin
olsun, əziz qardaşım,
Çən çəkilər, bu dumanda qalmarıq.
Çox
suallar verib, yorma özünü,
Belə getməz, bəd gümanda qalmarıq.
M. Dəmirçioğlu:
Söylə görək doğru nədi, yalan nə?
Söylə görək talayan nə, talan nə?
Gələn nədi, gedən nədi, qalan nə?
Hansıların sırasında qalmışıq?
Qazaxlı Rüstəm:
Ölüm haxdı, dünya
özü yalandı,
Bu dünyada bir yaxşılıq qalandı.
Nahaq yerdən millətimiz talandı,
Bir gün gələr bu zindanda qalmarıq.
M. Dəmirçioğlu:
Mələklər çox, mələyimiz hansıdı?
Fələklər çox, fələyimiz hansıdı?
Xəlbirimiz, ələyimiz hansıdı?
Bu dünyanın harasında
qalmışıq?
Qazaxlı Rüstəm:
Günah
etmə, çiynindəki
mələkdi,
Zaman özü
həm xəlbir, həm ələkdi.
Tanrı
birdi, fələk elə fələkdi,
Kömək olar, ah-amanda qalmarıq.
M. Dəmirçioğlu:
Sevinc nədi,
kədər nədi sən bilən?
Nəyə görə sən ağlayan, mən gülən?
Niyə böldü bu dünyanı tən bölən?
Hərəmiz bir parasında qalmışıq.
Qazaxlı Rüstəm:
Sevinc tez gedəndi, kədər əbədi,
Gülüb-ağlamağın var bir səbəbi.
Arazla böldülər dini, mənsəbi,
Birləşərək, iki yanda qalmarıq.
M. Dəmirçioğlu:
Nədi
belə ahı-fəryad
göylə bir,
Kim toxuyur qara naxşı böylə bir?
Ağ yaxşıdı,
qara yaxşı? - söylə bir,
Qarabağın yarasında qalmışıq.
Qazaxlı Rüstəm:
Könül fəryad edər,
sinə dağ olsa,
Xal qara yaxşıdı, bəniz ağ
olsa.
İndən belə səngər
Qarabağ olsa,
Qisas günü
gələr qanda qalmarıq.
M. Dəmirçioğlu:
Sən bilərsən,
söz dərindi, göz dərin?
Sirri nədi açılmayan sözlərin?
Nəyə görə qan ağlayan gözlərin
Gilələnib qorasında qalmışıq?
Qazaxlı Rüstəm:
Ürək yansa yaş yanaqda bir izdi,
Xeyirlə şər bu dünyada əkizdi.
Göz aynadı, söz dəryadı, dənizdi,
Ona görə asimanda qalmarıq.
M. Dəmirçioğlu:
Oxumursa sözlərini qara saz,
Dəmirçoğlu, sözü ara, dara yaz.
Əziz dostum, payız gəldi, çara yaz,
Ömrün günün duasında qalmışıq.
Qazaxlı Rüstəm:
Yaman işlər yaxşılara tuş gəlir,
Qazaxlıyam, nə gəlirsə xoş gəlir.
A qardaşım, payız
nədi, qış gəlir.
Həmişəlik bu cahanda qalmarıq.
Məmməd Dəmirçioğlunun təqdimatında
Ədalət.-2014.-8
mart.-S.19.