YEDDİNCİ
QAPI
yaxud
Yaradıcı İnsan ömrünün pillələri
ESSE
"Hər kəs öz
taleyinin dəmirçisidir".
Qədim latın
kəlamı
"Qəribə illər idi o illər. Onda uşaq doğulmurdu, kişi doğulurdu. Aclığa
dözən, dərd çəkən, qayğı çəkən,
anasının göz yaşını silən, çörək
qazanan kişilər.
Başqa illər idi o illər. Uşaq yox idi. Kişilər var idi, kişilər. Üç
yaşında, dörd yaşında, beş
yaşında kişilər.
Yaman illər idi o illər. Uşaq doğulmurdu o
illərdə. Kişi doğulurdu, əsil kişi. Dostunu, düşmənini tanıyan kişi. Ağlamayan uşaq.
Mən ağlamadım, gülmədim. Atamı
soruşdumg Kədər daşıdım, sevincimiz yox idi.
Şərəfimi daşıdım, üç
yaşımda, dörd yaşımda, beş
yaşımda.
Mən şaxta ilə, soyuq ilə dostlaşdım,
paltarım yox idi. Mən torpaqla dostlaşdım,
çörəyimiz yox idi. Oxudum, qələmim,
kitabım yox idi.
Qəribə illər idi o illər. Bu illərə
bənzəmirdi o illər. Kişilər var idi, kişilər..."
Təxəyyülünün məhsulu, bədii
mübaliğəsi deyildi qələmə aldığı mənsur
şeir. Əslində gerçək tərcümeyi-halı,
dünyaya göz açandan ilkin zamanların gündəmi,
gördüklərinin, duyduqlarının, çəkdiklərinin
əks-sədası idi yazdıqları.
O illər
dünyanı başqa rəngdə görmüşdü. Sonralar isə hər şey dəyişmişdi rəngini.
Sayagəlməz əlvan rənglər çələngi
varmış bu dünyanın. Və onun zərrəciyi
olan bağ-bağatlı həyətin qənşərində
gilas ağacı səhər günəşinin şəfəqlərində
sanki çimir, rəngdən-rəngə
düşürdü...
O illər
anası hər gün bu ağacın başına dolanar,
nazını çəkər, meyvələrinə əl
vurmazdı. Oğlunun sual dolu gözlərinə baxıb
pıçıldayardı:
- Atan gəlib
özü dərər, inşallah.
O
görürdü ki, atasının əkdiyi gilas ağacı
hər il bar gətirəndə anası
ümidlə yollara baxır, ərinin cəbhədən
sağ-salamat qayıtmasını gözləyir...
Müharibə qurtaran ilin bir yaz səhəri
anasını gilas ağacının yanında oturub
ağlayan gördü. Cəld qaçaraq özünü
yetirdi. Gilas ağacının yarpaqları
saralıb solmuş, budaqları qurumuşdu. Anasını güclə ovunduranda onun
saçlarına dən düşdüyünü
gördü.
- Hayıf
oldu. Yaxşı əlamət deyil heç bu.
Ananın dərddən səsi titrəyib
qırıldı.
Oğul təsəlli
verdi:
-
Payızda təzəsini əkərəm bunun yerində.
Əlüstü
etiraz etdi ana:
- Yox,
lazım deyil, - dərindən ah çəkdi, - düşər-düşməzi
olar, Allah eləməmiş.
Ancaq
payızda o, qurumuş ağacın yerində balaca gilas
şitili əkəndə anası əllərini başı
üstə qaldırıb xeyir-dua elədi:
- Xeyirli
olsun, bala, Allah muradına çatdırsın.
Münəvvər ananın xeyir-duası müstəcəb
oldu.
Kiçik gilas ağacı böyüdü, qol-budaq atdı,
yaşıl don geydi, çiçəkləyib bar verən ili artıq boy-buxunlu sütül cavan oğlu
muradına çatdı: orta məktəbi bitirib universitetə
qəbul oldu.
Ana sevinirdi ki, il-ildən uğurlu gəlir. Ali təhsilini
başa vuran jurnalist oğlu evlərindən bir qədər
aralı rayon mərkəzinə sübhün gözü
açılanda gedib qaş qaralanda qayıdır. Sənətinə, iş-gücünə ürəkdən
bağlanıb. Rayonun ucu dağlara
çöykənən, uzaq kəndlərini belə yoruldum
demədən ayaqdan salır, qələmi əlindən
düşmür. Axşam evə gəlib
şamını eləyən kimi kitablarla dolu otağına
çəkilib hey yazır...
Münəvvər ana sevinirdi ki, onun Hüseynağa
oğlu öz biliyi, zəhməti ilə getdikcə
tanınır, sayılıb seçilir, rayonda hörmət-izzət
sahibi olur.
"Savadı, vəzifəsi öz yerində, həm də
halal adamdır. Haqqı-nahaqqa vermir, ədalətlidir".
Oğlu
barədə eşitdikləri ana ürəyini dağa
döndərir, dünyaya göz açan nəvələrinin
başına dolanır, gəlini Cülüşü
doğma qızından ayırmırdı...
* * *
Tale elə
gətirmişdi ki, mən də "Beş yaşında
kişilər" mənsur şeirində təsvir olunan həmin
o "qəribə illərdə", "yaman illərdə",
müəllifin təbirincə "uşaq doğulmayan,
kişi doğulan" illərdə dünyaya göz
açmışdım. O illərdə ki, dünya, insanlar, təbiət,
hətta həyətimizdəki ağaclar da başqa rəngdə
idi elə bil.
"Hər kəs öz taleyinin dəmirçisidir". Bizim taleyimizə
uşaq, yeniyetmə çağımızda zindanda
döyülərək közə dönən dəmir kimi
haldan-hala düşmək nəsib olmuşdu. Necə
dözmüşdük, kitabsız, qələmsiz məktəbə
gedib ac-yalvac necə nəğmələr oxumuşduq... Yerdə anamız, müəllimimiz, göydə
Allah bilirdi bunu.
Ancaq... oxuduq, bütün məhrumiyyətlərin,
aclığın, atalarımızı oda salan düşmənin
acığına oxuduq. Orta məktəbi bitirib universitetə qəbul
olunanda analarımız necə də sevindilər, kövrəlib
ağladılar. Sütül cavanlar idik, hələ
dərindən anlaya bilmirdik bunun səbəbini. Çünki sevincimizdən göyün yeddinci
qatına qanadlanmışdıq. Bizim
üçün dünyanın rəngi dəyişmişdi,
artıq arxada qalan ağır illərin, ehtiyacın "rəngi"
üzümüzdən hələ tamam silinməsə də.
İllər keçəcək Hüseynağa Qəniyev
"Anamın göz yaşları", "Çərxi-fələk",
"Ölməzlik" hekayələrini yazacaqdı. Sonra bir-birinin ardınca
kitabları nəşr olunacaqdı: "Ətirli
çay", "Ömrün mənası",
"Yarışan tərəvəzçilər",
"Zolaqlı yollar", "Sosioloqiçeskaya slujba v
Azerbaydjane".
O, Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini
əla qiymətlərlə bitirəndən sonra doğma Lənkərana
qayıtdı. Bir müddət rayonlararası qəzetin
xüsusi müxbiri, şöbə müdiri vəzifələrində
işlədi. Çalışqanlığı,
bacarığı, dərin biliyi, ictimai işlərdə fəallığı
ilə, aktual mövzularda yazan istedadlı qələm sahibi
kimi diqqət çəkdi, sayılıb-seçildi, məsul
vəzifəyə layiq görüldü.
Mən qonşu Cəlilabadda raykom katibi işləyəndə
o da Lənkəranda həmin vəzifədə
çalışırdı. İdeoloji sahəyə
rəhbərlik edir, məsul olduğu işin öhdəsindən
bacarıqla gəlirdi.
Səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirli
idi. Doğulduğu bölgəni, adamları yetərincə
tanıyır, hər kəslə "öz dilində", səviyyəsində
danışırdı. İstər ucqar kənddə
sadə zəhmət adamı, yaxud dağda çoban, istərsə
də rayon mərkəzində, şəhərdə müəllim,
müəyyən qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu,
hamısı ilə ünsiyyət, işgüzar münasibət
yarada bilirdi. Tələbkar olduğu qədər
də qayğıkeş, diqqətcil idi. Yüksək
mədəniyyəti, mərifəti, insani keyfiyyətləri adamlarda
xoş ovqat yaradırdı. Həmişə
kabinetinin qapısı onların üzünə açıq
olurdu. Özü də tez-tez yerlərə
gedir, camaatın dərd-sərinə qalır,
irili-xırdalı problemlərinin həllinə
çalışır, köməyini əsirgəmirdi.
Eyni zamanda onun fəaliyyətində ən mühüm cəhət
maarifçilik missiyası idi. Maarifçiliyinin məqsədi
isə xalqa təmənnasız xidmət etməkdi. Elə bir maarifçilik ki, insanları elmi
dünyagörüşlə, dərin biliklə, həqiqətlə
silahlandırsın.
Zaman gələcək
fəlsəfə doktoru Elçin Mirzəbəyli
Hüseynağa Qəniyevin "Müstəbid" kitabına
"Ön söz"ündə yazacaqdı: "Mən
heç yerdə o zaman Lənkəranda olan maarifçilik
mühitinə rast gəlməmişəm".
Maarifçiliyin təməli, dayağı isə kitab,
kitabın təbliğidir. Bu məqsədlə o
vaxt, sovet dönəmində dünya ədəbiyyatı
klassiklərinin, mütəfəkkirlərinin
külliyyatları, müxtəlif ensiklopediyalar, lüğətlər,
nadir nəşrlər abunə yolu ilə yayılırdı.
Bu, bütün şəhər və rayonlarda mərkəzləşmiş
qaydada, müəyyən olunmuş limitdə təşkil
edilirdi. Vəzifəmizlə əlaqədar
bu işə Cəlilabadda mən, Lənkəranda isə
Hüseynağa Qəniyev baxırdıq. O, Moskvaya,
Dövlət Nəşriyyat Komitəsinə rəsmi məktub
yazmış, "Kitab bayramı" ilə əlaqədar
kömək məqsədilə əlavə kitablar göndərilməsini
xahiş etmişdi. Odur ki, hər il Lənkərana
yenicə çapdan çıxmış dəyərli
kitablar göndərilirdi. Bakıdan, respublikanın şəhər
və rayonlarından dəvət olunan qonaqlarla birlikdə mən
də hər il Lənkəranda
keçirilən "Kitab bayramı"nda iştirak edirdim. Şəhər başdan-başa kitab sərgisini
xatırladırdı və kitab ən gözəl hədiyyə
sayılrıdı. Şəxsi, məktəb,
həmkarlar, dövlət kitabxanalarına
baxış-müsabiqələr keçirilirdi. Kitab yarmarkaları təşkil edilir, qaliblər
mükafatlandırılırdı. Həmçinin
kəndlərdə yenicə tikilib istifadəyə verilən
kitabxanaların və kitab mağazalarının təntənəli
açılışı olurdu.
Sonradan biz də bu təşəbbüsə
qoşulduq, "Kitab bayramı" respublikada geniş hərəkata
çevrildi.
* * *
Uzun illər
Lənkəran və Masallı rayonlarında, respublikanın ali rəhbər orqanı AKP MK-da məsul vəzifələrdə
çalışan Hüseynağa Qəniyevin tərcümeyi-halında
yeni, özünün fəxr etdiyi bənzərsiz səhifələr
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə
açıldı.
Respublikanın ilk Milli Məclisinin üzvü kimi ona Azərbaycanın
Dövlət Müstəqilliyi Haqqında Bəyannaməyə,
Konstitusiya Aktına və Dövlət atributlarına səs
vermək səadəti nəsib oldu. O, Müstəqil Azərbaycan
parlamentinin ilk nümayəndə heyətinin
başçısı, AR Konstitusiyasını hazırlayan
Dövlət Komissiyasının üzvü kimi təqdirəlayiq
fəaliyyət göstərdi.
Filologiya
elmləri doktoru, professor Buludxan Xəlilov
"Azərbaycan dili: ən böyük sərvətimiz"
elmi-publisistik məqaləsində ("Azərbaycan"
jurnalı, № 8, 2013, səh.162-169) yazır: "Milli Məclisin
üzvü, yeni konstitusiya layihəsi hazırlayan
komissiyanın üzvü Hüseynağa Qəniyev... məsələyə
tarixilik baxımından yanaşmaqla öz mövqeyini dəqiq
bir formada təqdim edirdi. O, məsələyə məntiqi və
elmi cəhətdən düzgün yanaşırdı. Məsələnin tam mahiyyətini çox aydın
şəkildə izah etmək üçün tarixi
inkişafı elmlə, həyatla və cəmiyyətlə
bağlayırdı. Hətta elmdə və
sənətdə baş vermiş parçalanmanı,
diferensiallaşmanı inandırıcı, əsaslı bir
izahatla aydınlaşdırırdı. "Azərbaycan"
ifadəsi dünənimiz, bu günümüz və
sabahımız üçün çox şey deyir. Bu mənada Hüseynağa Qəniyev "Azərbaycan"
sözündə həm tarixilik, həm tarixi inkişafın
nəticəsi kimi yaranmış bir reallıq, həm də
birlik olduğunu nəzərə alırdı".
Təxminən
yarım əsr mətbuatda, ictimai-siyasi həyatda fəaliyyət
göstərən, diqqətçəkən səlahiyyətli
məsul vəzifələrdə çalışan
Hüseynağa Qəniyev öz xidməti işinə məsuliyyətlə
yanaşmaqla bərabər, yazıçı-jurnalist kimi
heç vaxt qələminə dinclik verməmiş, yazı
masası ilə ömürlük ülfət
bağlamışdır. 1964-cü ildən
Jurnalistlər İttifaqının, 1980-ci ildən
Yazıçılar Birliyinin üzvü olan
tanınmış qələm sahibinin hələ sovet dönəmində
"Azərnəşr", "Gənclik",
"Yazıçı" nəşriyyatlarında
çoxtirajlı kitabları çap edilmişdir. Bir çox elmi, publisistik və bədii əsərləri
xarici ölkələrdə, o cümlədən ABŞ-da nəşr
olunmuşdur.
Pensiyaya
çıxandan bəri onun iş yeri dünya ədəbiyyatı,
elm və mədəniyyəti klassiklərinin əsərləri,
nadir nəşrlərlə zəngin şəxsi kitabxanasıdır.
Yenə qələminə dinclik vermir,
yazıları qəzet və jurnallarda ("525-ci qəzet",
"Ədalət", "Yada düşdü" və s)
çap edilir. Xüsusən tarixi və fəlsəfi
esseləri oxucular tərəfindən maraqla
qarşılanır. Hələ 2001-ci ildə
"Müstəbid" kitabında yer alan
fəlsəfi esseləri Xalq şairi Bəxtiyar Vahabzadənin
diqqətini cəlb etmiş, o, öz keçmiş tələbəsinə
ən səmimi ürək sözlərini demiş, yeni
yaradıcılıq uğurları diləmişdi.
Unudulmaz müəlliminin, müqtədir sənətkar
alimin xeyir-dualı ibrətamiz sözlərindən ilhamlanan
Hüseynağa Qəniyev yeni, silsilə tarixi-fəlsəfi
esselərini yazıb mətbuatda çap etdirdi.
Esse azad ruh, müstəqil mühakimə qabiliyyəti tələb
edən bir janrdır. O, bu və ya digər dəyərlərə müəllifin
münasibətini ortaya qoyur. Hüseynağa Qəniyev yetkin qələm
sahibi kimi janrın tələblərinə cavab verən,
özünəməxsus üslubu, dəst-xətti ilə diqqət
çəkən, oxucunu dərindən-dərinə
düşündürən, maarifləndirib mənən zənginləşdirən
esselərində görkəmli tarixi şəxsiyyətlərin
(Homer, Sokrat, Mikelancelo, Kuruş, Perikl, Yuli Sezar, Çingiz xan,
Corc Vaşinqton, Atatürk) portretlər qalereyasını
yaratmışdır. Və ümumbəşəri dünya
tarixi fonunda Azərbaycan xalqının yetirdiyi
cahanşümul simaları (Babək, Şah İsmayıl Xətai,
Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə) milli
qürur hissi ilə oxucuya təqdim etmişdir.
"Babək və babəkidlər haqqında
düşüncələr" essesini həyəcansız
oxumaq mümkün deyil. Müəllif ömrünün tən
yarısını - 21 ilini (816-837) Vətəninin
işğaldan təmizlənməsi, xalqının
azadlığı, insanların bərabərliyi uğrunda
mübarizəyə həsr edən ulu Babəkin möhtəşəm
obrazını yaratmışdır.
"Bir gün azad yaşamaq qırx il kölə olmaqdan yaxşıdır", - deyə hayqıran yenilməz sərkərdə Bağdaddan Azərbaycana gələn bütün yolları bağlamış, xilafət ordusu üzərində dəfələrlə zəfər çalmış, Azərbaycanda müstəqil kəndli dövləti yaradaraq, 20 ilə yaxın hökmranlıq etmişdir. Vaxtilə İtaliyadan böyük olan bu dövlətin 400 min kv.kilometr ərazisi, 200 min döyüşçüdən artıq ordusu olmuşdur. Onun böyük sərkərdəlik istedadı, qeyri-adi təşkilatçılıq qabiliyyəti bu böyüklükdə ölkəni idarə etməyə, ordunu döyüşə hazır vəziyyətdə saxlamağa imkan vermişdir. Babəkin yaratdığı Azərbaycan kəndli dövləti, indiki dillə desək, beynəlxalq qurumlar tərəfindən tanınmışdı. IX əsrdə dünyada iki nəhəng imperiyadan (xilafət və Bizans) biri Bizans-Roma imperiyası onunla müttəfiqlik edirdi.
Müəllif Babəki Azərbaycan xalqının yenilməzlik, qürur, məğrurluq rəmzi kimi tərənnüm edir. Xəyanət nəticəsində məğlubiyyətə uğrayan sərkərdə düşmən qarşısında sınmır, əyilmir.
"Qətl günü cəlladlar onu Möhtəsimin hüzuruna aparanda gözünü qırpmadı, rəngi qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə ondan soruşdular: "Öldürürdün, ölmək asandırmı?!" O, cavab verdi: "Azadlıq uğrunda ölmək nə qədər də asandır".
Zəmanəsinin mötəbər siyasətçisi sayılan Nizam-əl-Mülk Babəkin qətli haqqında yazır: "O, Möhtəsimin suallarına cavab vermədi... bir əlini kəsəndə, o biri əlini qana batırıb, üzünə sürtdü və üz-gözünü qızartdı. "Nə üçün belə etdin?" sualına belə cavab verdi: "Üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman rəngim solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb".
Müəllif oxucunu son dərəcə təsirləndirən, düşündürən, qəlbini qürur hissi ilə dolduran essesini nikbin nidalı sözlərlə bitirir: "Babək Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil, bütöv Azərbaycan dövlətinin ilk lideri və şəhididir. Onun şəxsiyyəti Savalan qədər əzəmətli və uca, qəlbi ana Kür kimi mehriban və çılğın, arzuları bütöv və müstəqil Azərbaycan boyda geniş və müqəddəs idi".
(Ardı var)
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2014.-8 mart.-S.16.