ƏRMƏN - ŞUŞANİKİN
SEVGİSİ
Bura yeni Bakıdır. Zəmanəsinin yeni
Bakısı. "Qara
şəhər" adı veriblər ona. Bilmirəm
böyük mənasında, yoxsa zavodların bacasından
çıxan qara tüstülərə görə? Amma biz onu heç vaxt azərbaycanca
çağırmamışıq. Bura
"Çornıqoroddur". Atamgil NZS-də
evlərin təhvil verib, Şaumyan xəstəxanası ilə
üzbəüzdə 5 mərtəbəli evdə mənzil
aldılar. Biz də məktəbə burda
getməyə başladıq. Bir bacı
üç qardaş idik. Həyətimiz
isə beynəlmiləl bir ailə. Elə
rayonumuzun da adı erməni idi -Şaumyan rayonu. Xəstəxanamız - Şaumyan, büstümüz
- Şaumyan, küçəmiz - Şaumyan, metromuz -
Şaumyan. Həyətimizdə də əsasən
ermənilər, ruslar. Hərənin öz
ləhcəsi, dialekti, müraciəti. Mənim
adım Əhməddir. Ermənilər mənə
Axmedcan deyirdilər. Ruslar isə Axmedik.
Biz də onları elə öz dillərində
çağırırdıq. Ermənilərin
adlarının axırına "can",
ruslara isə "ik" qoşurduq. Bizə sonluqda
"can" deyəndə o saat bilirdik ki, ermənidir. Amma bir
şeyin fərqinə varmırdıq ki, axı "can"
Azərbaycan sözüdür. Ermənilər
bunu niyə özəlləşdiriblər. Bizə xoş gəlsinlər deyəmi?
Biri qara
qaş, qara göz görəndə soruşurdular: "Hayes,
Turkes?" Məəttəl qalırdım.
Türk nədir? Azərbaycanda
türk var? Türklər Türkiyədədir. Bura isə Azərbaycandır - Sovet Azərbaycanı.
Biz isə azərbaycanlıyıq.
Qulaq asdıqları mahnılar da Azərbaycan
mahnıları idi. Ölürdülər Zeynəb
Xanlarovayla Məmmədbağır üçün. Bəzən biz azərbaycanlılara acıq da verirdilər.
O Azərbaycanın yox, bizim Ermənistanın
xalq artisdidir. Sonra da başlayırdılar oxumağa:
"Qardaş olub Hayastan,
Azərbaycan."
Həyətimizdə bütün sənətkarlar ermənilər
idi. Əlləri də ki, qızıl. Azərbaycanlılar evlərində apardıqları
təmir işlərinə ancaq onları
çağırırdılar. Bir-iki ay əvvələ
növbələri vardı. Qaz, neft və
başqa qara işlərə isə ruslar baxırdı.
Bir erməni çəkməçi vardı. Nəbzini
tutmuşdum. Bilirdim ki, Anastas Mikoyanın pərəstişkarıdır.
Ovaxtlar mağazalarda yaxşı ayaqqabı
tapmaq çətin idi. Ona görə də bir dəfə
tikdirib, on dəfə təmir elətidirir, yeddi-səkkiz il də geyinirdik. Bilirdim ki,
Mikoyan Azərbaycan Kommunist Partiyasının 1-ci katibi,
Şaumyanın silahdaşı olub. Xruşşovun
dövründə də SSRİ Ali Sovetinin sədri
seçilib. Amma üzünü də
görməmişdim. Amma ayaqqabının
xatirinə tərifləməliydim. O vaxt zərbi-məsələ
çevrilən bir misala uyğunlaşırdım: "Erməniyə
dayı deyirəm, işimin xatirinə". Girirdim
bu erməninin darısqal pinəçi budkasına,
başlayırdım Anastas Mikoyanı tərifləməyə.
Öy ki, öyəsən. Ta o vaxtacan ki,
Karapet əmi "Ara, xoşum gəldi səndən. Axmedcan, sənə bir dənə qəşəng
ayaqqabı məndən hədiyyə" deyirdi.
Rus, yaxud da ki, erməni öləndə məhləmizin
avara azərbaycanlıları üçün toy-bayram idi. Səhər
tezdən kəsdirirdilər erməninin qapısını.
Yalandan göz yaşı da tökürdülər.
Bilirdilər ki, ehsan araqla olacaq. Bunların da ehsan süfrəsində araq badələrini
toqquşdurmaq adət deyil. Bizimkilər
çaşıb "Rubikin sağlığına" deyərək
badələri cingildədirdilər də.
Bir İbiş dayı vardı. Erməni yasında o qədər
vurmuşdu ki, ayaq üstə dayana bilmirdi. Arvadı da
deyinə-deyinə qalmışdı: "Kül
başıva! Məhəmməd öləndə
qırxına güc bəlayla gedib çıxdın. İndi nə oldu, Rubik ölən kimi qaçıb
kəsdirmisən qapıların. Araq var
ona görə?"- deyinə-deyinə
qalmışdı.
Həyətimizdəki erməni oğlan
uşaqlarının çoxu rusca oxuyurdu, elə
qızları da. Amma aralarında biri - Armen əminin
qızı Şuşanik bizim məktəbdə azərbaycanca
təhsil alırdı. Bir sinifdəydik.
Bir gedib, bir qayıdırdıq. Gözəl idi. Qara gözləri,
uzun saçları vardı. Yaraşıqlı əndamı
can alırdı. Adını
çağırmaq mənə xüsusi zövq verirdi. Şuşanik. Sanki Şuşa
canlanırdı gözümün qabağında. Mənə
elə gəlirdi ki, Şuşanik adı elə Şuşa sözündən
götürülüb. Sadəcə əzizləmək
üçün axırına "İk"
artırıblar. Necə ki, məni əzizləyəndə
Axmedik demirdilər?
Əslimiz Şuşadan idi. Amma ömrümdə
o yerləri görməmişdim. Heç
bilmirdim harda yerləşir. Atam-anam da
Bakıda doğulmuşdular. Evdə bir kəlmə
də nəslimiz, elimiz, obamız barədə
danışmırdılar. Amma
Şuşanikgil Bakıya Qarabağdan
köçmüşdülər. Babası
ilə nənəsi Hadrutda yaşayırdı. Hər il yayı ora gedirdilər. Dağlardan,
bulaqlardan, çaylardan, təbiətin əsrarəngiz gözəlliklərindən
ağızdolusu danışırdı. Mən
də bu erməni qızının Qarabağla bağlı
söhbətlərinə maraqla qulaq asırdım. Erməni qızı mən şuşalıya
Qarabağ dərsi verirdi. Amma
könlümdən oralara havalanmaq belə keçmirdi. Mənim həyatım burda idi. Çornıqorodda.
Zavodların tüstü dolu bacaları, benzin,
neft daşıyan lokomotivlərin siqnalları, tramvayın zəng
səsləri, Bulvar, Bakı küləyinin
qaldırdığı toz-duman. Bunlar mənə
daha doğma idi, nəinki Qarabağ və Qarabağ barədə
Şuşanikin söhbətləri. Amma
yenə də qulaq asırdım.
Erməni
oğlan uşaqları mənimlə dostluğa yaman can
atırdı. Mən ermənicə bilmirdim.
Amma rusca əla danışırdım. Onlar da rusca yaxşı bilirdilər. Amma hər vəchlə mənimlə azərbaycanca
danışmağa səy göstəridilər. Azərbaycan
sözlərinin qolunu-qabırğasını
sındıra-sındıra... Mən də
onları ələ salırdım. "Ara,
maşın harama getdi yox e, maşın haraya getdi deyərlər".
Bu minvalla erməni uşaqlar Azərbaycan dilində
məndən də yaxşı danışmağa
başladılar. Sonra isə
başladılar uzaq gəzməyə. Sonralar
bildim ki, demə bunlara danışıq dilimizi mükəmməl
öyrənmək lazım imiş. Amma dəxli
yox idi. Şuşaniklə dostluğumuz
gündən-günə möhkəmlənirdi. Armen əmi də qızını mənə
tapşırmışdı ki, birdən məktəbdə-zadda
sataşan olsa, müdafiə elə. Bir
yerdə gedib, bir yerdə gəlirdik. Qardaşı
Arsen bizə əyri-əyri baxsa da atasının qorsxusundan
cınqırını da çıxartmırdı.
Atam, anam da bu dostluğumuza etiraz etmirdilər. Daha doğrusu
heç veclərinə də deyildi. Qapıbir
qonşu idik, qaynayıb-qarışmışdıq.
Şuşanik çox bilikli qız idi. 80-ci illər
olmasına baxmayaraq dünyagörüşü geniş idi.
Elə suallar verirdi ki, qoyun kimi durub üzünə
baxırdım.
- Əhməd, Azərbaycanda Sovet Hakimiyyətinin banisi
kimdir?
- Bilmirəm.
- Şaumyan - Stepan Şaumyan. Bax rayonumuz da onun
adınadır. Hələ Azərbaycanın
bir kənd rayonu da var - kənd Şaumyan rayonu. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı
haradır?
- Bilmirəm.
- Necə
yəni bilmirsən? Stepanakert. O da
Şaumyanın adından götürülüb. Bəs DQMV-ya neçə rayon daxildir?
- Bilmirəm.
- Vay-vay. Heç olmasa Şuşanı deyəydin.
Mardakert, Stepanakert, Martuni, Hadrutu da mən əlavə edərdim.
Bəs Azərbaycanın ilk xalq yazıçısı kim olub?
- Bilmirəm.
- Əslən erməni Aleksandr Şirvanzadə. Evdə məndə
"Xaos" kitabı var. Azərbaycanca yazıb. Verərəm oxuyarsan. Düzdür,
ermənilərə sataşıb. Amma dəxli
yoxdur. Fəxrimizdir. Bəs
"perestroyka"nın iqtisadi memarı
kimdir? Ermənidir Axmedcan, erməni. Akademik Aqanbekyan. Roma imperatorluğunu iflasdan, Spartakın
üsyanından qurtaran da ermənidir - daha doğrusu haylar.
Ərəb xilafətini Babəkdən xilas edən
də mənim ulu babalarımdır. Sən
heç Babəki tanıyırsan?
- Hə. Kinosunu görmüşəm.
- Xürrəmilər
hərəkatının adını niyə belə qoyublar? "Azad məhəbbət" nə deməkdir?
- Bilmirəm.
- Elə
bilməsən yaxşıdır. Hələ
yaşın çatmır. Ermənilərin
katalikosu kimdir?
- Bilmirəm.
- Vazqen,
Axmedcan. Yaxşı Sizin dini rəhbəriniz -
Şeyxülislamınız kimdir?
- İlk dəfədir eşidirəm.
- Sən
heç məscidə getmirsən?
- Yox.
- Amma mən
gedirəm. Anam hər həftə məni birinci
aparır Parapetin yanındakı erməni kilsəsinə,
sonra Təzə Pir məscidinə, sonra isə rus pravaslav kilsəsinə.
Hər üçündə şam
yandırıb dua edirik.
- Erməni
kilsəsin başa düşdüm. Bəs məscidə,
xristian kilsəsinə niyə?
- Axmedcan
məbədlər ayrıdır, Allahımız ki, birdir.
- Vallah
heç nə başa düşmədim. Başımı
şişirtdin lap.
Bezdirirdi məni bu suallarıyla. Hamısında da
"erməni, hay" deyib fəxr edirdi. Bilmirəm
hardan oxuyurdu. Bu haqda bizə nə dərs
keçmişdilər, nə də evdə atam-anam
danışmışdı. "Hay"
deyəndə Hitler yadıma düşürdü. Hər dəfə müharibədən kino göstərəndə
dodaqlarıma təbəssüm qonurdu. "Hay
Gitler" eşidən kimi fikirləşirdim ki, yəqin
Hitler də erməni olub. Amma yaxşı ki, almanca
keçirdik, "hay" səslənsə də
yazılışının "heil" olmağını
bilirdim.
Artıq məktəbi qurtarırdıq. Buraxılış
gecəsiydi. Günəşi
qarşılamaq üçün Bulvara getmişdik.
Uşaqların gözündən oğurlanıb qalxdıq
Kirov adına dağüstü parka.
Şuşanik yenə başladı suallarını yağdırmağa:
- "Əsli Kərəm" dastanını oxumusan?
- Yox.
- Nərimanovun
"Bahadır və Sona"sın necə?
-
Oxumamışam.
- Hüseyn Cavidin "Şeyx Sənan" əsərin
necə?
- Eh, bu qədər
sual vermək olar? Oxumamışam. Mənə bunlar lazım deyil. Mən
neftçi olacağam, atam kimi. Texniki fənlərdən
de, cavab verim.
- Eh,
Axmedcan, axı mən sənə Avetik İsakyandan sual vermirəm.
Dediklərim hamısı Azərbaycanın
tarixi, ədəbiyyatıdır. Yaxşı,
azərbaycanlı oğlanın erməni qızına olan məhəbbətinə
necə, inanırsan?
Şuşanikin qara gözlərinə baxdım. Gecənin
qaranlığında yanıb, alovlanırdı. Sonralar başa düşdüm ki, bütün bu
sualları nə üçün verirmiş. Birinci özünü böyük bir mədəni
xalqın övladı kimi göstərmək
üçün. İkincisi isə
Bahadır və Sonanın, Əsli Kərəmin
axırını gətirmək üçün.
- İnanıram.
Şuşanik elə bil bunu gözləyirmiş. Dodaqlarını
dodaqlarıma yapışdırdı. Od
tutub yanırdıq. 17 yaşlı mən ilk dəfə
idi ki, qadın öpüşü görürdüm.
Daha doğrusu hiss edirdim. Uçunurdum. Özümü güclə saxlamışdım.
Mən öpmürdüm. Şuşanik
ağuşuma sığınıb məni öpürdü.
Çaşıb qalmışdım. Azərbaycanlı ilə erməninin məhəbbətinə
inanmağım geridə qalmışdı. Mən bunu yaşayırdım. Hiss etdikcə də
məhəbbətin dərinliklərinə gedirdim. Bu dərinliklərdə batacaqdım, yaxud da sağ
qalacaqdım bilmirəm. Ehtirasdan Şuşanikin
gözlərindən yaş axırdı. Sanki
pişik kimi miyolduyurdu. Mən artıq
özüm deyildim. Mən Şuşanikin
dünyasındaydım. Bu qədər
ehtiras, sevgi, şəhvəti kitablarda oxumuşdum - utana-utana.
"Min bir gecə"
nağıllarındakı sevgi hekayətlərinin qanuni
sonluqlarını əzbərləmişdim də. Amma
indi bu nağılın iştirakçılarından biri
idim: "Sultan "topu" doldurub atdı. Qızın
"qala"sını dağıtdı. Bir də doldurub atdı. Bir də... Yoruldu yatdı. Nağıl dili
yüyrək olar. 9 aydan sonra Sultanın bir
oğlan uşağı dünyaya gəldi". Mən də "Min bir gecə"
nağıllarının ağuşundaydım. Amma Sultan deyildim. Hər ikimiz orta
məktəbin kandarındaydıq.
"Buraxılış gecəsi"nin
günahında. Dağüstü parkda. Bir ağacın altındakı otluqda. Sərhədi keçmişdik. Artıq
gec idi. Doğrusu lap ürəyimdən idi. Şuşaniki sevirdim. Artıq
bunu o da bilirdi. Yaxşı, bəs
atama-anama nə deyəcəyəm?
- Şuşanik, artıq səhər açılır,
gəl gedək.
- Hara?
- Evə.
- İstəmirəm. Gəl elə indi gedək
yazılaq komsomolçu-tikinti dəstəsinə. Çıxaq gedək BAM-a. Baykal
Amur Magistralının tikintisinə qoşulaq. Ev alaq, ailə quraq, komsomol toyu eləyək. İkimiz olaq, sərbəst olaq. Öz
həyatımızı özümüz quraq.
- Şuşanik, gəl gedək evə. Hələ
qoy attestatımızı alaq, instituta girək. Sonra danışarıq.
- Eh, kimə
deyirəm. Siz azərbaycanlılar beləsiniz də.
Kamal Attestatı alaq -kamilləşək,
instituta girək - elmlənək, sonra əsgər gedək -
kişiləşək, əskərlikdə partiyaya keçək
- vəzifələnək. Sonra
qayıdıb işə düzələk.
Xalaqızıdan, bibiqızıdan birin alaq, uşaq dünyaya
gəlsin, biri də... biri də... Onları
oxutduraq, böyüdək, evləndirək, ərə verək.
Kimin üçünsə yaşayaq, sonra da
ölək. Düz dedim, Axmedcan?
- Bilmirəm.
Gəl nə qədər hava
işıqlanmayıb evə çataq. Paltarımız
pis gündədir. Evdəkilər görməsin.
- Lap
görsünlər. Bu gün mən xoşbəxt
olmuşam. Mən Axmedcanı sevirəm.
-
Yavaş. Eşidən olar. Evdə-zadda
hələ demə ya. Aləmi qatarsan
bir-birinə. Yaxşı?
-
Yaxşı, Axmedcan, yaxşı. Qoy sən deyən
olsun. Axı, artıq sən kişi
olmusan, mən də...
Attestatımızı almışdıq. Şuşanik
sənədlərini Xalq Təsərrüfatı institutuna, mən
isə Nef-kimya institutuna vermişdim. İkimiz
də imtahanları müvəffəqiyyətlə verib qəbul
olduq. Yenə də bir yerdə gedib, bir
yerdə gəlirdik. Hələ bir-birimizi
dərsdən də qaçırırdıq. Əlaçı stipendiyası
aldığımızdan hərdən "Nərgiz",
"Firuzə" kafesinə də gedirdik. "Buraxılış
gecəsi"ndəki sirrimizi isə heç kim
bilmirdi. İnstitutu qurtarmağımızı
gözləyirdik. Valideynlərimiz toya, gəzməyə
gedəndə onların evində bir yerdə "dərs də
oxuyurduq". Beləcə xoşbəxt
günlərimizi yaşayırdıq.
Hər gün dərsdən çıxıb Torqovı
ilə üzü yuxarı addımlayaraq Xalq Təsərrüfatı
institutunun qabağına gəlirdim. Şuşanik
küçədə məni gözləyirdi. Bir-birimizə qoşulub şəhəri gəzirdik,
ya kitabxanaya gedirdik. Səhər də eyni
qaydada. Birinci onu yola salırdım, sonra
özümü dərsə çatdırırdım.
İllər keçirdi. 4-cü kursda oxuyurduq.
Yenə də adəti üzrə
Şuşanikin arxasınca gedirdim. Kommunist
küçəsi qələbəlik idi. Kimisi
"istefa", kimisi "Qarabağ", "Ar olsun!"
qışqırırdı. Ara-sıra
"ermənilər, Qarabağdan əl çək!"
şüarlarını da hayqıra-hayqıra Lenin
meydanına doğru irəliləyirdilər. İnstituta yaxınlaşdım. Şuşanik həmişəki yerdə yox idi.
İnstituta girdim. Dərs cədvəlində
sonuncu dərsin yerini öyrəndim. Auditoriyaya
daxil oldum. Şuşanik Kommunist
küçəsinə açılan pəncərənin
qabağında donub qalmışdı. Tir-tir əsirdi:
- Axmedcan
gəldin. Mən qorxuram. Yaman
qorxuram.
- Nədən
qorxursan? Nə eləmisən ki, qorxursan?
- Bu
gün çox sevincək idim. Elə bil
dünyanı mənə vermişdilər. Amma indi qorxuram. Səni itirməkdən qorxuram
- Mən
burdayam. Heç yana getmirəm. Sən niyə həmişəki kimi küçəyə
çıxıb məni gözləməmisən?
-
Qorxumdan. Kütlə "tətil, tətil"
qışqıranda, bütün uşaqlar küçəyə
axışdı. Mənə də əyri-əyri
baxdılar. Axı, mən nə eləmişəm?
- Nə olub , axı? Məni başa sal!
- Bilmirəm.
Yerlərimizi dəyişmişdik. İndi mən
Şuşaniki sual yağışına tutmuşdum. O
isə bilmirəm deyə-deyə qalmışdı. Amma bilirdim ki, nəsə bilir. "Ermənilər,
Qarabağdan əl çək!" sualının
cavabını gözlərindən oxuyurdum.
Evə gəldik. Yol boyu təlaş içindəydi.
Heç kim Şuşanikə heç
gözünün ucuyla da baxmırdı. Amma o
özünü günahkar kimi aparırdı. Həyətə girdik. Anası
balkondaydı. Tez bizi görcək blokun
qapısına düşdü. Qızını
çoxdan görməyən kimi, bərk-bərk qucaqlayıb
öpdü. Sonra üzünü mənə tutaraq:
- Axmedcan,
vallah bizim günahımız yoxdur. Bunu biz eləməmişik.
- Axı
nəyi?
Evə girmədim. Lenin meydanına tərəf üz tutdum.
Mitinq idi. Səbəb isə
ermənilərin Topxana meşəsində ağac kəsməkləri
idi. Mənə qəribə gəlirdi.
Topxana harda yerləşirdi? Bilmirəm.
Dediklərinə görə Qarabağda bir
meşəlik yerdir. Bəs onda mitinq niyə
Bakıda idi? İkinci də
üç-dörd ağaca görə də minlərlə
insan mitinqə toplaşar? Yaxşı,
toplaşıblarsa onda Topxanaya yürüş edib ağac kəsilməyinin
qarşısını niyə almırlar? Elə hey qışqırırlar. Bir nəfər də tribunada guya ki, kütləni
idarə edir. "Otur! Dur! Otur! Dur!" İşə
düşdük də. İndi də deyir
ki, "Oturmayan erməni. Oturmayan erməni".
Biri karıxdı, gec oturdu. Saldılar
yazığı təpiklərinin altına. İlahi, görəcəyimiz günlər
varımış.
Bir az sonra Dağlıq Qarabağ Muxtar Vilayəti
kəlmələrini eşitməyə başladım. Sonra Fransanın "Fiqaro" qəzetinə akademik
Aqanbekyanın verdiyi müsahibədən bəhs etdilər.
Artıq ziyalılar, tarixçilər
çıxış etməyə başlayırdılar.
Mitinqdə erməni qızı Şuşanik
kimi sual vermirdilər, izah edirdilər. Sonra
dedilər ki, ermənilər azərbaycanlıları Ermənistandakı
ata-baba evlərindən qovmağa başlayıblar. Hətta bəzilərini öldürüblər,
diri-diri turbaya salıb hər iki tərəfindən svarkayla
bağlayıblar. Qadınların belinə
samavar bağlayıb qaynadıblar. Hamilə
qadının qarnını cırıb uşağını
çıxarıb nizəyə taxıblar. Sinələrinə erməni xaçı
formasında dağlar basıblar. Qarabağ
erməniləri DQMV-nın Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistana birləşdirilməsini
tələb edirlər. Referendum
keçirib "hə" cavabı da veriblər. İlahi, mən nə eşidirdim. Bunlar düz idimi? Deməli
Şuşanik və anası buna görə təlaş
içindəydilər. Deməli onlar
bütün bunları əvvəldən bilirlərmiş?
Evə qayıtdım. Şuşanikgilin
qapısını döydüm. Qorxa-qorxa açdı:
- Axı,
niyə qorxursan?
- Evdə
heç kim yoxdur. Anamdır
bir də mən. Atamla, qardaşım
Hadruta gediblər. Çörək
almağa da düşə bilmirik qorxumuzdan.
- Axı,
Sizə kim nə deyir ki... Nədən
qorxursunuz?
- Erməni
olmağımızdan.
-
Heç yana getməyin. Mən
alıb gətirərəm.
Axşam atam da evə gec gəldi. Şəhərdə
baş verən hadisələrdən xəbərdar idi. Şam edirdik. Birdən qapı
döyüldü. Şuşanik idi. İçəri girmədi. Kandarda
qulağıma bir-iki kəlmə pıçıldadı.
Uçmağa qanadım yox idi. Atam-anam səbəbini
soruşanda artıq gizlətmədim:
- Ana, ata,
bu yaxında baba, nənə olacaqsınız.
- Sən
nə vaxt evləndin ki, biz də nənə-baba olaq?
- Mən
çoxdan demək istəyirdim. Bəs mən... Şuşanik... çoxdan bir yerdəyik.
Atam, anam heç nə demədilər. Yerlərində
qurumuşdular. Mən isə sevincimdən
yerə-göyə sığmırdım. Fikirləşirdim. Təki
qızımız olaydı. Şuşanik
kimi gözəl, ağıllı, bilikli. Amma
atamla anamın qırışığı
açılmırdı. Nə deyəcəklərini
bilmirdilər.
- Ay bala,
indi biz neyləməliyik?
- Necə
yəni neyləməlisiniz? Elçi getməlisiniz.
Nişan qoymalısınız. Toy çaldırmalısınız. Elin adəti üzrə.
- Yengə
də çağıraq? - deyə anam
dilləndi. Şəhərdə aləm dəyib
bir-birinə, sən də gedib erməni alacaqsan? İstəyirsən bizi topa qoyub atsınlar? Qohum-əqraba nə deyər?
- Ay ana,
bu necə olur e... dünən "Şuşanik,
qızım, mənim balam"
çağırırdınız, bu gün
çönüb oldu "erməni?". Gözünüzün qabağında
böyüyüb. Uşaqlıqdan indiyəcən
bir yerdə olmuşuq. O məni sevir, mən də onu. İndi də uşaq. Sabah tezdən
Şuşaniklə gedəcəyik ZAQS-a. Toy eləmək
istəmirsinizsə eləməyin!
- Bala, ermənilər
Ermənistanda, Qarabağda oyunlar çıxarır, sən də
ermənini bizə gəlin eləmək istəyirsən?
- Hə!
Gəlin də edəcəyəm. Familiyamızı
da verəcəyəm. Lazım olsa dinimizi
də qəbul edəcək, milliyyətimizi də.
Araya sakitlik çökdü. Atam yeməyin
qurtardı. Balkona çıxıb siqaret
yandırdı. Məni çağırıb
qarşısında oturtdu:
-
Oğul, iş-işdən keçib. Sənin də
qeyrətin yol verməz ki, uşağın atasız
böyüsün, başa düşürəm. Amma sənə bir əhvalat danışmaq istəyirəm.
Günlərin bir günü bir erməni deyir ki, bəs
mən müsəlman olmaq istəyirəm. Gəlir məscidə
mollaya yaxınlaşır. Molla
bütün ayinləri ona başa salır. Erməni də ədəb-ərkanla bütün
bunlara əməl edir. Mollanın
bütün tapşırıqlarını yerinə yetirir.
Dəllək gətizdirib bəh-bəhlə
özünü sünnət də elətdirir. Vaxt çatır sonuncu ayinə. Molla məscidin həyətində qəbir qazdırır.
Tabutu da yanında. Kəfənəbənzər
ağ libası geyindirir erməniyə.
Uzandırır tabuta və soruşur: "Ay Vazgen, müsəlman
adın nə olsun?" O da cavab verir ki, "Mamed". Beləliklə
dörd nəfər adam tabutu Vazgen
qarışıq üç dəfə qəbirə
salıb çıxarırlar. Hər dəfə də
salıb çıxaranda molla deyir: "Vazgen getdi, Mamed gəldi.
Vazgen getdi, Mamed gəldi. Vazgen
getdi, Mamed gəldi". Sonra da Vazgeni tabutdan
çıxarıb deyir: "Vazgen, sən bu gündən
artıq Mamedsən - müsəlmansan. Get dinimiz nə tələb
edir, ona da əməl et". Mamed də beləcə ömür sürməyə
başlayır.
Günlərin bir günü kabab könlünə
düşür. Ermənilər də kababı bilirsən
də donuz ətindən çəkirlər. İslam dini də donuz ətini haram deyib. Mamed də bunu bilirmiş. Ona
görə də üzü qibləyə bir toğlu kəsir.
Kabab çəkir yeyir. Amma
ləzzət eləmir. On gündən
sonra bir də kabab çəkir. Amma donuz ətinin
ləzzətini ala bilmir. Nəfsini də
basa bilmir. Qırıla-qırıla
qalır ki, nə etsin. Axırda
"tapdım" deyib başlayır həyətdə qəbirə
bənzər çala qazmağa. Çoşkanı
bir yeşiyə qoyur və üç dəfə qəbirə
salıb çıxarır. Hər dəfə də təkrar
edir: "Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun
gəldi. Donuz getdi, qoyun gəldi."
Sonra da donuzu öldürüb, ətindən
kabab çəkib yeyir. Oğul, bu rəvayəti
unutma. İstər adını dəyişsin,
istər familiyasını, istərsə də dinini - erməni
elə ermənidir. İndi necə istəyirsən elə
də et. Qərar sənindir.
Atamın sözlərinə diqqətlə qulaq
asdım. Bir
anlığa Dezdamonanın atasının Otelloya dedikləri
yadıma düşdü: "Mən atasına xəyanət
edərək qara həbəşə qoşulub qaçan bir
qız gün gələcək sənə də xəyanət
edəcək". Nədənsə atamın bu
sözləri mənə "Otello" əsərini
xatırlatdı. Bu Vazgen məsələsini
anlamasam da ürəyimə xal düşmüşdü.
Axırı nə olacaqdı... bilmirəm.
Səhəri gün Şuşaniklə ZAQS-a gedib ərizə
verdik. Familiyamı götürəcəyini bildirdi. Üstəlik adın da dəyişdirmək istədi.
Razı olmadım.
- Şuşanik - bu ad xoşuma gəlir. Şuşa
yadıma düşür hər dəfə səni
çağıranda. Dəyişdirmə.
- Əhməd...
- Əhməd nədir? Axı, mənə
Axmedcan deyirdin. İndi nə oldu?
- Əhməd, sözümü kəsmə. Şuşaniki
mənə atam qoyub. 906-cı ildə
Sünik sülaləsinin hakimi olan Aşot Süninin arvadı
Şuşanikin adından götürüb. Amma maraqlı faktdır. Şuşaya
sırımaq olar. Amma dəxli yoxdur,
adımı dəyişib Süsən qoyacağam.
Süsən Məmmədova. Yaxşı səslənir,
elə deyilmi?
- Necə
istəyirsən.
Üstündən bir ay keçdi. Rəsmi kəbinimiz
kəsildi. Şuşanik rəsmən
Süsən Məmmədova oldu. Pasportu dəyişəndirəndə
milliyyətin azərbaycanlı yazdırdı. Atasıyla da qardaşı Hadrutdan iki günlüyə
qayıdıb məni öz evlərinə bir kürəkən
kimi daimi qeydiyyata saldılar. Özləri
isə qeydiyyatdan çıxıb, əmanət
banklarındakı pulların da çıxarıb geriyə -
Hadruta döndülər. Bəzi
qonşular onlar gedəndə ağladılar da. Şuşanik Armen qızı Manuçaryan isə
Süsən Məmmədova olaraq ata evində qaldı. Mən
azərbaycanlının adına olan ata
evində.
Aylar keçdi. Süsən müsəlman dinini qəbul
etdi. Hicaba girdi. Oğlumuz
dünyaya gəldi. Süsənin təkidiylə
adını qədim türk tayfalarından birinin adı olan
Ərmən qoyduq. O günəcən mən bunu
bilmirdim. Kitabxanadan tapıb gətirib mənə
sübut etdi. Mən də
razılaşdım. Yeni ad idi. Türk Mən var, qoy Ər Mən də olsun. Oğlum ər olsun. Milli
oyanış, mitinqlər dövründə gözəl səslənirdi.
Hətta məni bu ada görə tərifləyənlər
də olurdu.
O illərdə
Süsən qonşuluqdakı bütün ermənilərin
işinə yaradı. Təhlükəli anlarda
onları evimizdə gizlətdi. Hətta
yaydan-yaya yada düşən bağımız da bunkerə
dönmüşdü. Qapı-qapı gəzib
məskunlaşmaq üçün boş erməni evi axtaran
qaçqınlar isə hicablı arvadımı görəndə
üzr istəyib uzaqlaşırdılar. Ondan
soruşanda ki, "buralarda erməni evi zad yoxdu ki?", ədəb-ərkanla cavab verirdi: "Biz
özümüz də Qarabağdan təzə
köçmüşük. Şuşadanıq.
Heç kimi tanımırıq".
İllər keçirdi. Hadisələr
bir-birini əvəzləyirdi. Həyətimizdə
bircə erməni qalmışdı - o da azərbaycanlı,
müsəlman Süsən Məmmədova idi. Valideynlərim də, mən də onun erməni
olduğunu artıq yaddan çıxartmışdıq.
Atamın dedikləri isə yadımdan
çıxmırdı. Süsən
özünü əsl azərbaycanlı qadını kimi
aparırdı. İki oğlumuzu - Ərmənlə
Ərsəni türkçülük ruhunda
böyüdürdü. Əsl ərənlər kimi....
Çalışdığım sahədə də irəli
gedirdim.
Müdirimlə ailəvi dost olmuşduq. Arvadlarımız
da rəfiqə idi. Uşaqlarımız
bir məktəbdə oxuyurdular. Müdirin
arvadının adı Qaranquş idi. Amma hərdən
çaşıb Haykanuş da çağırırdı.
Eynən mən kimi. Hərdən
mən də çaşırdım. Süsən
yerinə Şuşanik deyirdim. O saat dodaqlarımı əliylə
qapayırdı. "Uşaqlar eşidər.
Yavaş"
Günlərin bir günü Sankt-Peterburqa gəzməyə
getdik.
Aeroportda sərhəd nəzarətindən keçəndə
miqrasiya işçilərindən biri uşaqlara əlin
uzadaraq:
- Hay
Armen, dobro pojalovat v Rossiyu.
Məəttəl qaldım. Bunlar hardan bildilər
ki, uşağın yarısı ermənidir?
- Ne Armen,
Ermen.
- Eto po vaşemu Ermen - ermeni, a po russki, po armyanski
- Armen. Armenin, Velikaya Armeniya. Privet, Arsen.
- Ne Arsen,
a Ersen.
- Ax,
kakaya raznitsa. Proxodite.
Sonradan başa düşdüm ki, "hay" ingiliscə "salam" deməkdir. Yəni belə çıxır ki, ingilislər də ermənidən çönmədir? Çaşıb qalmışdım. Hara baxırdım ermənilərin izi görünürdü. Hətta miqrasiya xidmətinin işçisi də erməniydi. O saat hiss elədi ki, Ərmənlə Ərsən yarımermənidir. Görəsən hardan bildi? Yəqin qan çəkdi. Yox bunların qan kodu birdir. Bir-birlərini o saat başa düşürlər. Hətta hicaba girsələr belə.
Dodağımı dişlədim. Demə ermənidən çönərək müsəlman, azərbaycanlı olan Şuşanik 80-ci illərdə türkün adıyla pərdələnərək, uşaqlarına Ərmən, Ərsən yox, atası Armenin, qardaşı Arsenin adını qoyubmuş? Təkcə atasının yox, millətinin, dövlətinin. Azərbaycan dövləti içində yaratdığı öz dövlətinin. Görəsən bu dövlətin içində dayısına oxşayan qoç igidlər, Ərmənlər, Ərsənlər nə qədərdir? Onlar nifrətə, yoxsa rəğbətəmi layiqdirlər? Onlar atalarının, yoxsa ki, analarınınmı qanını daşıyırlar? Onların ana dili hansıdır? Onların ana Vətəni haradır? Şuşanik məndən "azərbaycanlı oğlanın erməni qızına olan məhəbbətinə necə, inanırsan?" soruşanda, bəs mən niyə ona "erməni qızının azərbaycanlı oğlana məhəbbətinə inanırsanmı?" sualını vermədim. Bilmirəm o bu məhəbbətə inanırdı ya yox, amma mən onun öz xalqına, millətinə olan böyük, sonsuz, ülvi məhəbbətinə yüz faiz inanırdım.
Bütün dünyada hamı Şuşanikdən olan bu yarı türk, yarı erməni yarımçıq Azərbaycan övladlarını özünkü kimi qarşılayacaq, özlərinki kimi qəbul edəcək. Erməninin qatı düşməni olan Türkiyədə Ermen, Ersen, Rusiyada, Pribaltikada, Ukraynada, Amerikada, Ermənistanda Arsen, Armen. Amma bütün hallarda, İstər Ərmən, istər Ermen, istərsə də Armen - son nəticədə "ərməni", "ərmənistan", "ərməniyyə", "ermeni", "Ermənistan", "armenin", "Armeniya" anlamını verəcək.
Ərməni adını da biz azərbaycanlılar onlara vermişik. Sovetlərin tərkibində öz dövlətlərini yaratmaq üçün qədim türk Ərməniiyyə torpaqlarını da biz ərmağan etmişik. Rusca, ingiliscə səslənən "Armenian" "Armeniya" adı da bu türk adının eynisidir. Dünya xəritəsində bütün dünyaya "mən hayam, dövlətimin adı Hayastan" deyə car çəkənlərə "yox sən ərmənisən. Bizim düşmənimizsən. Əsrlər boyu başımıza olmazın müsibətlər gətirənlərin övladlarısan" demişik. Bununla da onları qədimləşdirmişik. Bədii əsərlərimizin qəhrəmanları etmişik. Azərbaycanlının erməni qızına məhəbbətini tərənnüm etmişik. Amma erməni qızının Azərbaycanlı oğlana məhəbbətinin onun öz xalqına, millətinə ülvi məhəbbətinin fonunda nə dərəcədə sönük olmasını göstərə bilməmişik. İşimizin xatirinə biz azərbaycanlılar "erməniyə dayı deməyə" hazırıq. Amma bu, millətinin xatirinə, gələcəyi naminə azərbaycanlıya "ərim, sevgilim, türküm" deyən, onunla bir yastığa baş qoyan erməni qızının yanında nə qədər cılız və gülüncdür.
Sərhədçi pasportuma möhür qoyur. Şuşaniklə mənim izdivacıma atamın qoyduğu "möhür" yadıma düşür. Təkcə yadıma düşmür. Axır ki, anlayıram. Amma gecdir. Atamın sözlərini yaddan çıxarmaq üçün ürəyimdə balaca bir qəbir qazıram. Öz-özümə üç dəfə təkrar edirəm:
"Şuşanik getdi, Süsən gəldi. Şuşanik getdi, Süsən gəldi. Şuşanik getdi, Süsən gəldi".
MAHİR
QABİLOĞLU
Ədalət.-2014.-8 mart.-S.12-13.