QAN MƏSƏLƏSİ
Hörmətli Asif Rüstəmli!
Sizi, Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən birini anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz bu şərəfli yubileyi, milli ədəbiyyatımızın istedadlı və zəhmətkeş tədqiqatçısı, yüksək elmi səviyyəli monoqrafiyaların, məqalələrin müəllifi olan nüfuzlu alim, eyni zamanda tanınmış publisist, ədib kimi ləyaqətlə qarşılayırsınız. Sizin Cəfər Cabbarlıya həsr olunmuş elmi əsərləriniz yalnız Cabbarlışünaslığın deyil, öz elmi siqləti ilə ümumiyyətlə müasir ədəbiyyatşünaslığımızın uğurlarıdır. Siz bu gün də bir gənclik həvəsi ilə axtarır, tapır və tədqiqatlarınızın yeni-yeni ədəbi nəticələrini ədəbiyyatşünaslığımızın faktına çevirirsiniz.
Hörmətli alimimiz!
Sizi bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və həmişəki yaradıcılıq uğurları arzulayıram.
Elçin,
Azərbaycan Respublikası Baş nazirinin
müavini, xalq yazıçısı
Rəfdəki kitablarımın düzülüşündən bir gün razı olsam da, beş gün narazı qalıram. Kimin kitabının harada olması həmişə mənə mübahisəli görünür: çünki mən alimlərin və ədiblərin boy sırası ilə düzülüşünə təkcə xronoloji ardıcıllıq və hündürlük ölçüsü kimi baxmıram. Bu məqamda bədiliyin, həyat həqiqətlərinə və tarixi gerçəkliklərə sadiqliyin, milliliyin, bəşəriliyin və ümumbəşəriliyin də gərəkliyini nəzərə alaraq "şəxsiyyətin meyar" və üstəlik meyara əyar olduğunu xatırlayır, titrəyir və özümə dönürəm. Buna görə də ədiblərin əsərlərinin yanında tədqiqatçı alimlərin əsərlərini qoyuram və onları yan-yanaşı görəndə məmnunluq hissi keçirirəm.
Bu gün səhər yenə də kitab rəfimə baxdım. Saçlarının rəngində bu dünyanın yarıbahar, yarıqış görüntüsünü, boyunun ucalığında oğuz kişisinə xas olan əzəmətin boylandığını, ərdəmində, görkəmində, yerişində və duruşunda ağır batmanlığını, gözlərində gələcəyə tuşlanan baxışlarının itiliyini və bu itilikdə doğranan Qarabağ kədərini gördüyüm Asif Rüstəmli ilə sanki üz-üzə durdum. Ürəyimdən Asif Rüstəmliyə həmişə ünvanladığım bir sual keçdi: "Qardaşım, səni nə vadar elədi ki, Məhəmməd Əəmin Rəsulzadəni, Cəfər Cabbarlını, "Hambal" təxəllüslü Bayraməli Abbaszadəni yenə də adamların yadına saldın?" Sonra da öz sualıma özüm cavab verdim: "Axı, bu - qan məsələsidir. Candan gələn qandan gələr" - deyiblər.
Asif Rüstəmli Məhəmməd Əəmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" kitabını ərəb qrafikasından transliterasiya edib "Elm" nəşriyyatında çap etdirəndə 1990-cı il idi. 1920-ci ildən adı Sovet Azərbaycanında qadağan edilən M.Ə.Rəsulzadənin 70 ildən sonra, "komendant saatı" şəraitində yada salınması, milli müstəqilliyi 20 aşırımlı Qanlı Yanvar körpüsündən keçən xalqımızın tarixi yaddaşına düşən işıq təsiri bağışlayırdı. Bu cəsarət və bu işıq yenə də qanla bağlı idi. Ona görə ki, onun ədəbi-tənqidi fəaliyyəti 29 noyabr 1985-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "Cəfər Cabbarlının məqalələri" adlı elmi-tənqidi yazısı ilə başlamışdı. Onu C.Cabbarlı yaradıcılığına çəkən marağın özü də qandan gəlirdi. Asif Rüstəmlinin Türkiyə təəssüratlarından bəhs edən və 1992-ci ildə çap edilən kitabçasının "Çırpınırdı Qara dəniz..." adlanması da təsadüfi deyildi. Hələ o zaman "Qara dənizi və Türkiyə xatirələrini ürəyimizdə Bakıya gətirdik. Lakin bu xatirələri kağıza köçürmək və onları hamının, bütün oxucuların da ürəyini titrədən bir yaşantıya çevirmək Asif Rüstəmliyə, mənim gənc həmkarıma,.. istedadlı alimə nəsib olmuşdur" deyən Yaşar Qarayev (Bax: Asif Rüstəmli. Çırpınırdı Qara dəniz... Bakı, "Sabah", 1992, səh.7-8.) necə də haqlı idi! Məhz bu qan məsələsi Asif Rüstəmlini ədəbi-tənqidi fəaliyyətində imkanlı yazıçı, şair və ya dramaturq axtarışından çəkindirmiş, Sovet dönəmində görüntüləri teleekranlar, şəkilləri qəzet səhifələri boyda olan bir çox medallı və ordenlı yazıçıların əsərlərində Kommunist Partiyası sıralarına keçəndən sonra müdrikləşmiş xanımların və cəsarətlənmiş kişilərin sovet adamının ümumiləşmiş obrazı kimi təqdim edilməsini siyasi yetkinlik və ideoloji məharətlə təhlil edib tezliklə yüksək elmi rütbə qazanmaqdan uzaqlaşdırmış, "Hambal" təxəllüslü mollanəsrəddinçi Bayraməli Abbaszadənin "Tufanlardan kçən ömür" yolunu eyni adlı tədqiqat işində (Bakı, "Sabah", 1995) ürək yanğısı ilə işıqlandırmağa sövq etmişdi.
1954-cü il fevral ayının 16-da Ağcabədi rayonunun Qiyaməddinli kəndində kündəsi halallıqla kəsilib, çörəyi halallıqla yapılan zəhmətsevər bir ailədə dünyaya gələn, addım-addım böyüdükcə Qarabağ düzlərinin genişlıyini gözlərinə, hərarətini ürəyinə, uzaqlardan görünən Savalanın əzəmətini isə qamətinə köçürən, orta məktəbi bitirəndən sonra Bakıya üz tutan, zavodlardan birində fəhləlik edən Asif Rüstəmli 1973-1975-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurmuş, ADU-nun (indiki BDU) filologiya fakültəsində (1976-1982) ali təhsil almış, 1987-1988-ci illərdə "Azərbaycan məktəbi" jurnalında əvvəlcə korrektor - texniki redaktor vəzifələrində işləmiş, sonra isə AMEA-da baş laborantlıqdan şöbə müdiri, baş elmi işçi vəzifəsinə qədər həyat yolu keçmiş, 1991-1995-ci illərdə Folklor elmi-mədəni mərkəzinə rəhbərlik etmiş, 1995-1999-cu illərdə Ədəbiyyat İnstitutunda elmi nəşrlər bölməsinin müdiri olmuşdur. Nizami adına Ədəbiyyat İnstitutu Həmkarlar İttifaqının sədri (2010), filologiya elmləri doktoru (2011), Azərbaycan Yazıçılar Birliyinin (1996), Ədəbiyyat İnstitututu Elmi Şurasının (2003), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013) olan Asif Rüstəmli həm də 1996-cı ildən fəaliyyət göstərdiyi, 2003-cü ildən dosenti olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (yanvar 2013) professorudur.
Bakıda, Şəkidə, Tbilisidə, Ankarada, Təbrizdə, Bəsrədə, Bağdadda, Tehranda, Urmiyada, Tomskidə, Varşavada, Budapeştdə, Elazığda, Diyarbəkirdə keçirilən Beynəlxalq elmi simpoziumlarda, respublikalararası konfranslarda və elmi-praktiki seminarlarda məruzələrlə çıxış edən tənqidçi- ədəbiyyatşünas Asif Rüstəmli M.Ə. Rəsulzadənin "Bolşeviklərin Şərq siyasəti" (Bakı,"Sabah", 1994), Adil xan Ziyadxanın "Azərbaycan" (Bakı, Azərbaycan nəşriyyatı, 1993.) kitablarını ərəb qrafikasından transliterasiya edib çapa hazırlamışdır. C.Cabbarlının kitablarına düşməyən və 20 müəllif vərəqi həcmində olan əsərlərini "Ədirnə fəthi" adlı kitabda Rəhim Əliyevin və Tehran Əlişanoğlunun redaktorluğu ilə 1996-cı ildə çap etdirmiş, ona ön söz və şərhlər yazmışdır. Müsavat irsinin tədqiqində göstərdiyi xidmətlərə görə Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin mükafatına (1994), C.Cabbarlının irsinin hərtərəfli tədqiqinə görə mükafata (2010), Türkiyədə nəşr olunan "Cafer Cabbarlı: hayatı, sanatı ve mücadilesi" (Türkiyə, Manas nəşriyyatı, 2011) monoqrafiyasına və türkcədən çevirdiyi "Elazığ çələngi" (2010) və Əhməd Kabaklının "Harput əfsanəsi" (2012) kitablarına görə İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin "Türk edebiyatına hizmet baratı"na (2013) layiq görülmüş, AMEA Rəyasət Heyətinin qərarı ilə Fəxri fərmanla təltif edilmişdir.
Ənənəvi sadalanmalardan sonra məxsusi məqamlara keçmək istəyirəm. Mən onu ilk dəfə əbədiyaşar Yaşar Qarayevin yanında görmüşəm. Bizim dostluğumuz elə bu görüşdən başlamışdır. Ən yaxşı halda ayda bir, iki ayda bir görüşsək də, hər bir görüşümüz qandan gələn səmimiyyətlə və ədəbi mühakimələrlə dolu olmuşdur.
İnsan kimi həssas, dost kimi qayğıkeş, alim kimi müqayisələrində və mühakimələrində ciddi olan Asif Rüstəmli ailəcanlılığı ilə də həmişə diqqətimi cəlb etmişdir. Həyat yoldaşı Gülhəyat bacının sadəliyi və səmimiyyəti, qızı Süsən xanımın nəzakəti və zərifliyi, oğlu Azərin ciddiliyi və qətiyyəti də qandangəlmə olduğundan bu qədər cəlbedici və çarpıcıdır. Asif Rüstəmlini bir çox səfərlərində kiçik qardaşı Nəsiblə birlikdə görmüşəm. Nəsib qardaşımızın hər bir məqamda Asifin böyüklüyünü nəzərə çapdırmaq cəhdini örnək kimi qəbul etmişəm və hər dəfə onları birgə görəndə fransız yazarı Pyer Lotinin ( Julien Vioud Pierre - 1850-1923) "Türk əsillərin əsilidir. ... bu yüksək əsilzadəlik ona təbiətin hədiyyəsidir" (Bax. Mutlu Altay. Türklər haqqında nə deyirlər. Ankara, 1995, səh.27) sözləri yadıma düşmüşdür. İnsana hörmət və ehtiramın hərəkətdəki ifadəsini Asif Rüstəmlinin Yaşar Qarayevə, Bəkir Nəbiyevə, İsa Həbibbəyliyə, Tofiq Hacıyevə, Arif Səfiyevə, İslam Ağayevə, Teymur Kərimliyə münasibətlərində dəfələrlə görmüşdüm və əxlaqın da irsi və genetik olub, qandan gəldiyini çoxdan qət etmişdim. Hələ 1997-ci ildə "Ruhlarla söhbət" kitabımın redaktoru və naşiri olan Asif Rüstəmliyə ünvanladığım məktubda "M.Ə.Rəsulzadə, C.Cabbarlı və B.Abbaszadə "Hambal" təxəllüsə qahmar çıxdığını" xatırladır, mənə də "qahmar durmasını" xahiş edirdim. O da mənə tarixi bir kömək etdi - çox böyük qayğıkeşliklə mənim "Ruhlarla söhbət"imi nəşrə hazırladı...
9-11 may 2011-ci ildə İran İslam Respublikasının Urmiya Universitetində Türkiyənin Yüz Yıl Universitesi ilə birlikdə keçirilən I Uluslsararası "Çelebi Hüsameddin-i Urmevi ve Mesnev?-i Manevi" simpoziumunda AMEA Nizami adına Ədəbiyyat İnstitutu xətti ilə iştirak etməyimiz, Asif Rüstəmlinin qrupumuzun rəhbəri kimi hər birimizə necə qayğı göstərməsi heç vaxt yadımdan çıxmayacaqdır. Bu qrupda Nüşabə xanım Araslı, Leyla xanım Əliyeva kimi şöhrətli adlar, Xədicə İsgəndərli və Qürbət Mirzəzadə kimi tanınmış imzalar, gənc Azər Rüstəmli və "Xalq" qəzetinin səmimiyyəti ilə hamımızı valeh edən daha bir zərif nümayəndəsi - Aida Şükürlü iştirak edirdilər.
Bir neçə ay bundan əvvəl Şəkidən bir qrup ziyalı - mən, Ramiz Orsər, Rəsul İlməddinoğlu və Həmid Mikayılov Asif Rüstəmliyə bacısının vəfatı münasibətilə baş sağlığı vermək üçün İmişliyə getmişdik. Doğmalarının hamısı orada idi. Onlar bizim Şəkidən gəlməyimizi görüncə sanki mütəəssir olmuşdular. Fatihələrin, ruhani və dünyəvi söhbətlərin kəsildiyi yerdə qısa bir fasilə yaranır, adamlar fikrə getmiş kimi görünürdülər. Belə məqamlarda Hitler zamanında vəzifəsindən uzaqlaşdırılan Bonn Universitetinin professoru Karl Bartın "Bütün türklər bir fikir üzərində düşüncəyə dalmış filosoflara bənzəyirlər" (Bax. Mutlu Altay.Türklər haqqında nə deyirlər. Ankara, 1995, səh.30.) sözlərinin nə qədər doğru olduğunu xatırlayırdım.
(Ardı var)
Vaqif Aslan
Ədalət.-2014.-12 mart.-S.5.