"QƏTL GÜNÜ" NİYƏ BİRİNCİ OLDU

 

Bu yaxınlarda müxtəlif sənət adamları arasında "Ən yaxşı üç Azərbaycan romanı hansıdır?" sorğusu keçirildi. Bu sorğuda deyilənə görə 78 sənət adamı iştirak edirdi. Yusif Səmədoğlunun "Qətl günü" romanı sorğuda birincilik qazandı. Bəziləri bununla razılaşmayıb "Qətl günü" haqqında mənfi fikir formalaşdırmağa cəhd etdilər. Amma mən bu sorğunun nəticəsini tam ədalətli hesab edirəm. Roman haqqında fikir və mülahizələrimi oxucularla bölüşmək istəyirəm.

"Dərd də azar kimi gələndə batmanla gəlir". Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanı bu fraza ilə başlayır. "Dünya duracaq yer deyil, ey can səfər eylə" (Nəsimi) - Yusif Səmədoğlunun bu məşhur romanı dünyainsan haqqındadır. Dünyada isə əsrlərdir ki, lokalqlobal müharibələr, hakimiyyət uğrunda amansız çarpışmalar, ölüm-dirim savaşları baş verir - "Dünya yaşıyor hərb ilə qovğalar içində" (M.Hadi). Tanrının yaratdığı insanlar bir-birinə qənim kəsilirlər - "Yalnız deyil insanlara, vəhşilərə sorsan, Onlar belə insandakı vəhşiliyə heyran" (H.Cavid). Bəşəriyyət tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan zəkasının yaratdığı nəsnələr çox şeyi dəyişdirir, ancaq insandakı əzəli-əbədi xasiyyətlərin bir çoxu dəyişilməz qalır. Dünya yenə gücün, zorun, mənə-mənəliyin, işğalçı müharibələrin cəngində inləyir. "Qətl günü" romanı bu mənada bir çağırış-haray təsiri bağışlayır. İnsan həyatındakı ahəngdarlıq, ritmharmoniya pozulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur. Şərqin böyük mütəfəkkiri Cəlaləddin Rumi (1207-1272) yazmışdı ki: "Nəfs üçküclü bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır".

Romanda əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə Dünyanın yaranışından üzü bəri gələ-gələ bitmək bilmir. İctimai quruluşlar, cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə davam edir. Hər dövrün, hər epoxanın, bəlkə də hər günün öz Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət Xeyirə, İşığa inam bəsləmişdir. "Qətl günü" də bu mənada istisna deyilbu mövzu - Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti kimi müəyyənləşə bilər.

Ancaq romanın mahiyyətini yalnız bu istiqamətdə aramaq doğru olmazdı. Doğrudur, romanda Şər həmişə aparıcı qüvvədir - yazıçı sanki bir-birini təkrar edən üç dövrdən söz açır - hər dəfə məmləkətin ən gözəl isanları məhv olur, şairlər edam olunur, kütləvi insan qırğınları baş verir, şər meydan sulayır - sanki Dünyanın Xeyir-Şər mübarizəsi elə bu model üzərində qurulubmuş. Ancaq Şərin törədiciləri olan qüvvələr bircə-bircə tarixin yaddaşından silinir, gözəl insanlar isə tarixə, yaddaşa köçürlər. Yusif Səmədoğlunun "Qətl günü"ndə eyni model təkrar olunur.

Bəs əgər təkrar olunursa, onda bu əsər hansı bədii özəlliyilə seçilir? Həmin əbədi mövzuya Y.Səmədoğlu orijinal tərzdə yanaşmışmı? Dünyanın əbədi modelində yeni olan nədir?

"Qətl günü" romanı barədə söz açan müəlliflər təbii ki, bu əsərin Azərbaycan nəsrində maraqlı bir ədəbi hadisə olduğunu qeyd etmişlər. Mən Anarın bu fikri ilə tam razıyam ki: "Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. "Qətl günü" - müasir ədəbiyyatımızın həqiqət günündür".

Bu fikirdə mənim demək istədiyim həqiqətin özəyi var. "Qətl günü" doğrudan da ədəbi fakt çərçivəsindən qat-qat əhəmiyyətlidir. Y. Səmədoğlu yeni tipli Azərbaycan romanı yaratmışdı. Burada Qərb epik romanına məxsus monumentallıqla Qərb romanlarına xas olan polifonizm vəhdətdədir.

Y. Səmədoğlu öz böyük ustadı Mirzə Cəlilə məxsus bir soyuqqanlılıq nümayiş etdirir. O, Şəri pisləmir, Xeyiri də təbliğ etmir - o, oxucuya ancaq həqiqəti şərh edir. Bu baxımdan Y. Səmədoğlu dünyanın ən nəhəng sənətkarlarının yolunu davam etdirir.

"Dostoyevski öz əsərləri ilə nəyi demək istəyir, nəyi təbliğ edir və nəyi inkar edir? Açıq şəkildə heç nəyi! Həyatda və təbiətdə olduğu kimi. Təbiət öz rəngarəng polifoniyası ilə, müxtəlif hadisələri ilə nəyi təbliğ edir, nəyi təqdir edir? Heç nəyi? Onun hadisələrinin hamısı bərabər hüquqludur. Dostoyevski dünyasındakı hadisələr və qəhrəmanlar da onun üçün bərabərhüquqludur. Lakin oxucu üçün onlar bərabərhüquqlu ola bilməzlər, çünki oxucuda aksioloji yanaşma, hər şeyi dəyərləndirmə, hər bir münaqişəni həll etmə istəyi daha güclüdür. Yazıçı oxucunun bu istəyinə cavab verməlidir, yəni ziddiyyətləri hansısa şəkildə həll etməli və suallara hansısa şəkildə cavab verməlidir" (M.Baxtin. "Dostoyevski poetikasının poblemləri" kitabından, Bakı, 2005, səh.15).

Yusif Səmədoğluya məxsus təhkiyə tərzi, təsvir ustalığı, nəsr ahəngi həm hekayələrdə, həm də romanda davam etdirilir. İdeya-məzmun planında yanaşıldıqda isə bu bağlılıq daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin alçaldılması, mənəviyyat böhranı, cəmiyyətin çıxılmazlığa yol alması, ölüm və qətllərin labüdlüyə çevrilməsi romanda da, hekayələrdə də diqqəti cəlb edir.

"Qətl günü" əgər belə demək mümkünsə, sovet dövrü ədəbiyyatının artıq öz magistralından xeyli kənara çıxdığı dövrdə yazılıb (1981-1984). Doğrudur, 60-80-ci illərdə sovet ideologiyaçı ötən onilliklərlə müqayisədə öz başlıca funksiyasını - "qalib sovet adamı"nın obrazını yaratmaq missiyasını əvvəlki tərzdə reallaşdıra bilmirdi. Azərbaycan nəsrinin göstərilən dövrdə bir çox nümunələri (İ.Şıxlının, S. Əhmədlinin, İ. Hüseynovun, Anarın, Ə. Əylislinin, İ. Məlikzadənin, Elçininb. əsərləri) heç bir mənada "qalib sovet adamı"nın stereotipinə sığmırdı. Əgər belə demək təbir caizsə, Azərbaycan nəsrində Müstəqillik bayrağı dalğalanırdı. Bu fikri həm nəsrin özünün qart ideologiyanın təsirindən tədricən uzaqlaşıb müstəqil "status" qazanmasında (yəni artıq bu nəsr çalınan havaya oynamırdı), həm də xalqın müstəqillik duyğularının oyanışında izləmək mümkündür.

"Qətl günü" məhz bu mənada Azərbaycan nəsrinin əllinci illərin sonlarından başlanan müstəqillik meyllərini (yenə hər iki mənada nəzərdə tuturam) ifadə edən ən bariz ədəbi nümunə oldu. Çox vaxt bu əsərdən söz açanda Q.Q.Markesin "Yüz ilin tənhalığı" və Ç.Aytmatovun "Edam kötüyü" romanlarını ortaya gətirirlər. Şübhəsiz, hər üç əsərdə bir-birilə səsləşən məqamlar (tarixə, dünyaya optimist fəlsəfi baxış, milli bədii düşüncənin ümumbəşəri səviyyədə qavrayışı, bir əsrin və bir xalqın tarixi faciələrinin bir obrazda təcəssümü) diqqətdən yayınmır, lakin "Qətl günü" sərf Azərbaycan romanıdır. Ona görə yox ki, bu əsərdə Azərbaycan xalqının üç əsrdə keçdiyi tarixi yol bədii idrak işığında ümumiləşdirilir. Və ona görə yox ki, romanda Şərq tipi daha üstündür, mifoloji ünsür romanın canına-qanına hopub. Başlıcası, o səbəbdən ki, bu əsərdə milli dastançılıq və romançılıq ənənələri də üzvi şəkildə qaynayıb-qarışır. Yəni "Qətl günü" əlahiddə meydana çıxan, necə deyərlər, havadan yaranan əsər deyil. Ənənə üstündə yaranan, ancaq bu ənənələri fövqəladə dərəcədə, misilsiz bədii ustalıqla NOVATORLUQ mislinə yüksəldən "Qətl günü" məhz buna görə səksəninci illər Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrildi.

Yusif Səmədoğlu Xarakter ustası idi. İstənilən bir nəsr əsərinə, ya da ssenariləri əsasında çəkilən filmlərə baxın. Şəksiz ki, istər nəsr əsəri olsun, istərsə də bədii film - bu əsərlərdə Yusif Səmədoğlu istedadlı bir sənətkar olduğunu sübut edir - bütün yazıçı mədəniyyəti, xüsusilə təsvir üsulunun özünəməxsusluğu və rəngarəngliyi ilə...g

Bu mənada "Qətl günü" romanını zəngin xarakterlər qalereyasına bənzətmək olar. Bunları çeşidləmək də olar: insan obrazları, təbiət obrazları, rəmzi-simvolik obrazlarbir də sırf mifik obrazlar. Romanı oxuyanda isə sanki fərqinə varmırsan - təbiət obrazlarını da insan obrazları kimi qəbul edirsən. Yəni obrazların canlımı, cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət kəsb eləmir.

"İnsanlar küləkdən bezmişdi, külək də insanlardan".

burdaca qeyd edim ki, Yusif Səmədoğlu təbiəti, onun çalarlarını çox yaxşı duyur və əks etdirirdi. Təbiəti təsvirində o, təkcə gördüyünü, müşahidə etdiyini qələmə almır, həm də bu təsvirlərdə poetik təxəyyülünü işə salır. Aşağıdakı cümlələrə diqqət yetirək:

"... Şairi zindandan çıxarıb edam yerinə aparanda al günəş dağların başında qan tuluğu kimi sallanıb durmuşdu.

... hər ilin sarımtıl xəzanı gələndə, qürub çağı günəşi belə al-qırmızı görəndə, həmişə elədiyini indi eləyə bilmədi: şair salavat çevirmək istədi, mümkün olmadı".

"Günəşin sarı rəngə boyadığı bu nəhəng buzlaqlar diyarının hansı bir nöqtəsindəsə, ölüm donumunun sakitliyində, qızıl teştin içindən, açıq qalmış bir cüt şair gözü başıbəlalı dünyanın tamaşasına durmuşdu".

Onlarla belə misallar gətirmək olar ki, romanda obrazların keçirdiyi hiss-həyacanı, əhval-ruhiyyəni, yaxud baş verəcək hadisənin doğuracağı emosiyanı oxucuya çatdırsın.

"Qətl günü"ndə hər bir obrazın təqdimində həm ictimai-sosial, həm Milli-etnik, həm də fərdi insani xüsusiyyətlər, əlamətlər qabarıq nəzərə çarpdırılır. Təbii ki, üç tarixi dövrdən söhbət açılarsa, hər bir dövrün öz tarixi koloriti nəzərə alınır. Bir sıra müəlliflər "Qətl günü"ndəki hökmdarı Ağa Məhəmməd şah Qacara, edam olunan şairi Molla Pənah Vaqifə, Sədi Əfəndini Hüseyn Cavidə bənzədirlər. Bu müqayisəyə səbəb heç şübhəsiz, təsvir olunan hadisələrlə həmin tarixi dövrdə baş vermiş hadisələrin müəyyən oxşarlığıdır. "Qətl günü"nün tarixi romanlar sırasına qatılması, ondan məhz tarixi roman kimi söhbət açılması da bəlkə elə bu oxşar hadisələrlə bağlıdır. Yeri gəlmişkən qeyd edim ki, "Qətl günü" doğrudan da tarixi romandır, amma bu oxşar hadisələrə görə yox. Yusif Səmədoğlu tarixi romana xas olan Ən ümdə, Ən vacib bir şərtə əməl etmişdir - romanda konkret tarixi şəxsiyyətlər yox, tarixi gerçəkliyin özü bədii təhlil hədəfinə çevrilmişdir.

"Qətl günü" faciəvi romandır, yəni onun poetikası faciəviliyin bütün komponentləri ilə səsləşir. "Faciə və qəhrəman" monoqrafiyasında Yaşar Qarayev yazır: "Ən böyük sənətkarlar tragediyanı həmişə "poeziyanın zərvəsi" hesab etmişlər. O, insan düşüncəsini ictimai həyatın ən dərin məsələlərinə cəlb edir. Həyat və varlıq, ölüm və mübarizə haqqında yüksək fəlsəfi fikirlər çox vaxt burada əks olunur.

... İnsan iztirabını təsvir edən tragediya "İnsan iztirab üçün yaranmamışdır!" - ideyasına xidmət edir.

gO, həyatın qələbəsini ölümün, xeyrin qələbəsini şərin sınağında təsdiq edir. Adi vəziyyətdə xarakter, səciyyə bəzən hələ öz həqiqi mənzərəsi və mahiyyəti ilə meydana çıxmır. Dəhşətli bir sınaq, məsələn, ölüm qorxusu qarşısında isə bu əsl "mahiyyət" aşkar olur".

"Qətl günü"ndə faciəvi olmayan obraz yoxdur. Hətta insanları faciəyə sürükləyən qüvvələr də faciə içində yaşayırlar - azğın hökmdarın faciəsi bəlkə daha böyükdür. Çünki onu uşaqlıqda axtalamış, kişilikdən məhrum etmişlər. Odur ki, hökmdar başına gətirilən bu müsibətin əvəzini insan kəllələrindən minarələr ucaltmaqla, şəhərləri yerlə-yeksan etməklə, şairləri edam etməklə çıxır. Amma hökmdar bir insan kimi çox zəif və cılız məxluqdur. Öz faciəsini və zəifliyini dərk edir: "Xacə Ənvər zirzəminin ağır qapısını açdı və bu açılan qapının arxasındakı qaranlıqda hökmdar içəridə dayanmış, başı daz, qulaqları iri, gözləri quzğun gözləri təki kirpiksiz olan bir adam gördü. Və əlini qaldırıb, bu adamın haçansa bir oğlan uşağının sifətinə yaxdığı qanı silmək istədi".

Müsibətli tale Xacə Ənvərin də, başı kəsilən sərbazın da, şairin cəsədi üstündə ağı deyən qarının da alın yazısı imiş.

"-Sizin kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr!" Amma şərin kökü kəsilmir. Başqa bir mühitdə azğın hökmdarların yerini Muxtar Kərimlilər, Adil Salahovlar tutur.

"İnsan - istirab üçün yaranmamışdır!" - doğrudur, elə Yusif Səmədoğlu da öz romanında bu fikri təlqin edir. Və "Qətl günü"ü yazmaqda da əsas məqsədi insanı aciz və zavallı, şərə boyun əyən bir varlıq kimi təsvir etmək olmamışdır, əksinə, insan faciələri fonunda onun əyilməzliyini və böyüklüyünü, bədii sözün qüdrəti ilə təsdiq etmək olmuşdur.

 

VAQİF YUSİFLİ, filologiya elmləri doktoru

Ədalət.-2014.-12 mart.-S.7.