"QIZILI MƏKTUBLAR"
Onlar uşaqlarımıza
yazılıb
Mənə elə gəlir ki, şair Rafiq Yusifoğlunu oxuculara geniş təqdim etməyə ehtiyac yoxdu. Çünki ədəbiyyatşünas, əməkdar mədəniyyət işçisi və çoxlu sayda mükafatların laureatı olan şair Rafiq Yusifoğlu uzun illərdi ki, təkcə böyük söz dünyasında yox, həm də bizim sabahımız olan, övladlarımızın özəl dünyasının ifadəçisi kimi tanınan "Göyrəçin" jurnalının baş redaktorudu.
Yarandığı gündən bu jurnal körpələrimizin, eləcə də körpələrimizin sevincinə sevinc qatmağa tələsənlərin sevimli dərgisi olub. Bu illüstrasiyalı, bər-bəzəkli jurnaldakı hər bir yazı balaca oxucuya həm göstərib, həm təbliğ edib, həm də sevdirmək nümunəsini ortaya qoyub. Yəni jurnalın oxucuları Azərbaycan təbiətinin rəngarəngliyini, flora və faunasını məhz körpələrimizin düşüncəsinə, yaşına və dərk etmək qabiliyyətinə uyğun bir şəkildə təqdim edilən materialların böyük çeşidi içərisində həmişə yeniliklərin şahidi olubdu.
Təbii ki, təkcə baş redaktor kimi deyil, həm də şair-pedaqoq kimi jurnala və onun oxucularına öz sevgisini çatdıran Rafiq Yusifoğlu bu jurnal vasitəsilə uşaqlarımızın dünyasını özünün bir-birindən gözəl uşaq şeirləri ilə də çatdırıbdı. Yəni Rafiq müəllimin uşaqlarımız üçün yazdığı hər bir misra, hər bir beyt onların təkcə sevincinə səbəb olmayıb, həm də onları düşündürüb, onlara həyatı tanıdıbdı. Bax, indi sizə təqdim etdiyim "Qızılı məktublar" kitabı da məhz körpələrimiz üçündü. Kitabın nəfis tərtibatı, tərtibatın içərisindəki körpələri bağrına basan müəllifin fotosu əslində onun ürəyinin qızıl kəlmələrinin bu körpələrə aid olduğunu ifadə edir.
Şeirləri oxuduqca istər-istəməz özümüzü uşaqlıq illərində hiss edir, o illərə qayıdıram. Mənə elə gəlir ki, bu misralar elə mənim üçün də yazılıbdı. Məsələn:
Bir qəşəng qızdı Ayla,
Böyüyür gün, aylı.
Babası hey sevinir,
Tanrı verdiyi payla.
O güləndə qəlbimin,
Qaranlığı əriyir.
O güləndə ömrümü,
Bəxtəvərlik bürüyür.
Ana çalsa da layla,
Yuxuya getmir Ayla.
Göylərə baxır Ayla,
Söhbət eləyir ayla.
Və yaxud:
Qəşəng bir qız olarsan,
Saçlarını darasan.
Ay Şəkər, qənd ağ olur,
Bəs sən niyə qarasan?
Göründüyü kimi, sadə, ancaq balaca oxucunu
dərhal maraqlandıran
və onun yaddaşına rahatlıqla
köçən bu misralar Rafiq müəllimin həm peşəkarlığını, həm də uşaq dünyasına dərindən bələd
olmasının nəticəsidir. Şair
seçdiyi sözləri
bir-birinə muncuq kimi elə düzür
ki, balaca oxucu onu əzbərləyəndə
çaşmır, əksinə,
sözlərin həm
ahəngliyi onun nitqini bir az da rəvanlaşdırır.
Bu mənada təkcə
ayrı-ayrı uşağa,
yəni qıza və yaxud oğlana
deyil, eləcə də təbiətin bir parçası olan ağaca, heyvana, ümumiyyətlə
digər canlı aləmə ünvanlanan şeirlər də həmin peşəkarlığın
bariz nümunəsidir.
Şair yazır:
Qonur çiçəyə, gülə,
Bal yığır gilə-gilə.
Sancsa da adamları,
İstəyirlər xətrini,
Zəhmətlə bal eyləyir
Çiçəklərin ətrini.
Və yaxud:
Onun kəsdiyi, ağacın,
Xəstə, quru budağıdır.
Qayçı bağbanın əlində,
Sanki cərrah bıçağıdır.
Və yaxud:
Telefona bax,
Neçə gözü var.
Zınqıldayırsa
Demək sözü var.
Qulaqları var
Yekə ipiri.
Biri danışır,
Dinləyir biri.
Rafiq Yusifoğlunun körpələrimiz
üçün yazdığı
və bir kitabda topladığı bu gül çələngi
özünün mövzu
genişliyi ilə yanaşı, həm də uşaqlar üçün maraqlı
ola biləcək
hər bir detalın diqqətə alınması, yəni təqdir edilməsi ilə də diqqətçəkəndir. Məsələn, onun rəqəmlər haqqında yazdığı
şeirdə demək
olar ki, bütün rəqəmlərin
uşağın başa
düşəcəyi bir
səviyyədə yozumu
şərh olunur.
Məsələn:
Beşəm, beşəm, beşəm
mən,
Balaca günəşəm
mən.
Hər əlin, hər ayağın
Üstündə var 5 barmaq.
Gündəlikdə gün kimi
Şəfəq saçan "5"ə bax!
Mən xəbər gətirirəm,
Ən fərəhli
işlərdən.
Hamının xoşu gəlir
Qıpqırmızı "5"lərdən.
Bu kitabda təqdim
olunan bapbalaca şeirlər, yəni bəndlər, dördlüklər
və digərləri
də maraqla oxunur. Məsələn:
Əvvəl
ba, ba söylədi,
Sonra
baba söylədi.
Və yaxud:
Salam, atam
Şükür, hələ
Salamatam.
Balacalar üçün yaxşı bir hədiyyə olan bu kitab müəyyən mənada orta məktəbin ibtidai sinif müəllimləri üçün də bir sinifdənxaric nümunəsi də ola bilər. Belə ki, bu kitabdan istifadə edən hər bir körpə həm nitqini, həm də yaddaşını inkişaf etdirmək üçün kifayət qədər böyük söz dünyasına daxil olub ondan yararlanmaq haqqını əldə etməklə həm özünün, həm də yaşıdlarının həmsöhbəti olan bu kitabı sevə bilər. Bu sevgi həm də şairin Azərbaycanımıza, Bakımıza, şəhərimizə, ümumiyyətlə, doğulduğumuz bu coğrafi məkana ünvanlanan şirin ifadələr və məntiqli söz çələngi ilə tamamlamış olur. Yəni uşaqlarımız öz şəhərlərimizi, Bakımızı, Azərbaycanımızı yaxından tanımaq üçün bu şeirləri oxuduqca ondan həm öyrənəcək, həm də bu şeirlər o sevgini bir az da alovlandıracaqdı. Məsələn:
Doğma vətənim
Necə əzizsən!
Biz ləpələrik,
Sənsə dənizsən!
Şərəfim, şanım
Sən mənim qanım.
Sən mənim canım,
Azərbaycanım, Azərbaycanım!
Və yaxud:
Şəfəq saçır işıqların,
Bəxtəvərdi uşaqların
Sən şəhərlər şəhərisən,
Ömrümüzün şəhərisəng
Sizə təqdim etdiyim Rafiq Yusifoğlunun ötən il işıq üzü görmüş "Qızılı məktublar" kitabı körpələrimizə ünvanlanıb. Düşünürəm ki, körpələrimizi sevən hər kəs onlara bu qızılı məktubları böyük məmnunluqla hədiyyə edəcək və körpələrimiz də onun qızılı işıqları dünyası qoynunda daha kamil, daha düşüncəli və daha böyük dünya görüşə malik olan nur parçaları kimi böyüyəcəklər.
Əbülfət
MƏDƏTOĞLU
ədalət.-2014.-13 mart.-S.6.