Uğurların ünvanı Biləsuvar
Ötən il Biləsuvar rayonu üçün xüsusilə əlamətdar olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin sentyabr ayının 4-də Biləsuvar rayonuna səfər etməsi hər bir biləsuvarlının yaddaşında unudulmaz xatirəyə çevrilmişdir. Məhz həmin gün cənab Prezident rayon üçün xüsusi önəm daşıyan tikililərin açılışını elan etdi. Eyni zamanda Biləsuvar rayonuna verilən yeni içməli su xəttinin istifadəyə verilməsi mərasimində iştirak etdi. Uzun illərdir Biləsuvar rayon əhalisinin narahatçılığına səbəb olan içməli su probleminin aradan qaldırılması ölkə başçımızın biləsuvarlılara olan tarixi töhfəsidir. Əsrlər boyu keyfiyyətli su üzünə həsrət qalan Muğan düzünə təmiz və saf suyun gətirilməsi inqilabi bir haldır.
Həmin gün rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən cənab Prezidentin Biləsuvar və biləsuvarlılara olan diqqət və qayğısının bir daha şahidi olduq. Rayon ictimaiyyətinin nümayəndələri o görüşü daim minnətdarlıq hissi ilə xatırlayacaqlar.
Abadlıq həm
də gözəllikdir
Hesabat ilində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, bir sıra mühüm obyektlərin qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilməsi şəhərimizin simasını əsaslı şəkildə dəyişərək ona xüsusi gözəllik vermişdir. Bunlardan ən önəmlisi kimi rayon mərkəzində görülmüş işləri qeyd etmək olar. Şəhərin mərkəzində sahəsi 2,1 hektar olan və Heydər Əliyevin adını daşıyan müasir üslubda yeni park salınaraq Ulu Öndərin 8 metr hündürlüyündə abidəsi ucaldılmışdır. 6400 kvadrat metr sahədə yaşıllıq zolaqları, 400 ədəd dekorativ ağac və 10 min ədəd gül kolları əkilmişdir. Əhalinin rahat istirahətini təmin etmək məqsədilə dörd fontan kompleksi, yeni oturacaqlar və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkda 56 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmış, bayrağın bünövrə hissəsində respublikamızın xəritəsi, gerbi və himni təsvir olunan lövhələr vurulmuşdur. Burada Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının yeni inzibati binalarının yüksək zövqlə tikilməsi hər bir biləsuvarlının qürur mənbəyinə çevrilmişdir. Şəhərin cənub istiqamətində müasir üslublu tağvari giriş darvazası quraşdırılmış, Heydər Əliyev küçəsindəki yolayrıcı dairədə saat kompleksi, Bolqarçay üzərindəki körpünün ətrafında tumbalar üzərində 5 fənərli dekorativ işıqlandırma sistemi quraşdırılmışdır. Heydər Əliyev küçəsində yaşıllıq zolaqlarında 3,3 min kvadrat metr sahədə qazon örtük salınmış, 1000 ədəd dekorativ ağac və gül kolları əkilmişdir. Yol kənarlarında yerləşən yöndəmsiz kommersiya obyektlərinin dekorativ aqlay daşları ilə üzlənməsi işləri davam etdirilir. Aparılan tikinti quraşdırma işləri ilə yanaşı 3,3 kilometr yol asfaltlaşdırılmışdır. Bundan başqa Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunda 30,0 kilometr asfalt-beton örtüklü yol tikilmiş və hal-hazırda yol tikinti işləri davam etdirilir. Ələt-Astara magistral avtomobil yolunda yol təmir işləri aparılmışdır.
Dövlət Proqramına uyğun olaraq Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintisi davam etdirilmişdir.
Rayon ərazisində özəl sektorun inkişafında da xeyli işlər görülmüşdür. Şəhərin Mübariz İbrahimov küçəsində "Muğan" və Heydər Əliyev küçəsində 2 mərtəbəli ticarət mərkəzlərinin, rayonun Təzəkənd və Ağayrı kəndlərində xeyir-şər evlərinin, 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdirən istixananın, saatlıq gücü 380 ton olan asfalt-beton zavodun tikintiləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Kəndlinin torpaqda izi olmalıdır
Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır.
Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır.
Ötən il aqrar sahədə ümumi məhsul istehsalının həcmi 93,6 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 10,7 faiz çoxdur.
2013-cü ildə əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə, buğda istehsalçılarının maddi marağının artırılması məqsədi ilə dövlət büdcəsindən mülkiyyətçilərə 1 milyon 673 min manat kompensasiya verilmişdir. Ötən il həmçinin fermerlərə güzəştli şərtlərlə 330 min manatlıq mineral gübrələr verilmişdir.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2014.-15 mart.-S.17.