YEDDİNCİ QAPI
yaxud Yaradıcı İnsan
ömrünün pillələri
ESSE
(əvvəli
ötən şənbə sayımızda)
***
Parlaq zəka ilə qüdrətli xarakteri özündə
birləşdirən şəxsiyyətlər ən uca zirvələri
fəth edir, fövqəlbəşərə çevrilirlər. Onlar hər
yerdə, hər zaman güclü olduqları kimi, həm də
qalibdirlər.
Hüseynağa Qəniyev dünyaca məşhur belə
tarixi şəxsiyyətlər sırasında Şah
İsmayıl Xətainin adını xüsusi olaraq
vurğulayır. Və görkəmli ingilis filosofu Frensis Bekonun Şah
İsmayıl Xətai haqqında böyük hörmət və
ehtiramla fikir söylədiyini, onun adını dünyanın ən
nəhəng fatehləri, zəka və xarakter sahibləri,
dövlət baniləri, qüdrətli ruha,
yaraşıqlı və cazibədar görkəmə malik
insanlarla bir sırada çəkdiyini böyük qürur
hissi ilə qələmə alır.
Bekon
"Gözəllik haqqında" əsərində
yazmışdır: "Avqust Sezar, Tit Vespasian, IV Eduard,
Alkiviad Afinski, İsmayıl Şah yüksək və qüdrətli
ruha malik olmaqla yanaşı, zəmanələrinin ən
yaraşıqlı və cazibədar adamları
olmuşlar".
"Şan-şöhrət haqqında" əsərində
isə o, dövlət banisi kimi Şah İsmayılı
hakimiyyətin ali pilləsində dünyanın ən azman
kişiləri ilə yanaşı görərək
yazmışdır: "Birinci yerdə dövlət banilərini
- Romul, Kuruş, Sezar, Osman, Şah İsmayılı yerləşdirərdim".
***
Kainatı əhatə edən zaman daxilində hər
şey axır, hər şey dəyişir, keçmişdə
qalır, unudulur.
Zaman yalnız dühaların möhtəşəm əməlləri,
sənətləri, kəşfləri və ideyaları
qarşısında diz çökür, onları
keçmişin qaranlıqlarında saxlamaqda, özü ilə
bərabər gələcəyə getməsini əngəllməkdə
acizdir.
Bu fikri
yeni dövr alman ədəbiyyatının banisi, mütəfəkkir
şair İohann Volfqanq Höte dahi Azərbaycan şairi Nizami
Gəncəvinin timsalında dolğun və sərrast ifadə
edərək demişdir: "Nizami Gəncəvi bütün
zamanların və xalqların ulu şairidir".
Dahi fizik
İsaak Nyuton özünəməxsus obrazlı dillə
söyləmişdir: "Dünyada elə bir
ağırlıq tanımıram ki, Nizami Gəncəviyə
bərabər olsun".
Ömrü boyu doğma şəhəri Gəncədən
kənara çıxmadığı halda ulu Nizami dünya
elminə yiyələnmiş, dini fanatizmin tüğyan etdiyi
dövrdə antik yunan elmi adı ilə dünyəvi elmlərə
üstünlük vermişdir. Mütəfəkkir sənətkar
"İsgəndərnamə" əsərində
intibahın labüdlüyünün elmi-nəzəri
konsepsiyasını bəşəriyyətə
avropalılardan iki əsr əvvəl təqdim etmişdir.
Dahi Azərbaycan şairinə həsr etdiyi essedə
Hüseynağa Qəniyev haqlı olaraq belə fikrə gəlir
ki, "Nizami konkret halda Gəncəvi adlansa da, əslində
ümumi zaman və məkan baxımından Dünyəvidir".
***
Təsadüf elə gətirdi ki, müxbir
Hüseynağa müəllimdən müsahibə alarkən
onların yanında oldum. Suallar da, cavablar da mənim
üçün çox maraqlı idi. Əlbəttə,
tək mənim üçün yox.
Sual: Azərbaycanın
dövlət müstəqilliyinin bərpası millətimizin
tarixində misilsiz fakt olsa da, bunun rəsmiləşdirilməsində
birbaşa iştirakı olmuş sizin üçün onun dəyəri
yəqin ki, xüsusidir.
Cavab: Mənim
üçün çox əlamətdardır ki, Azərbaycanın
üçrəngli bayrağının, Cümhuriyyət
dövründə qəbul edilmiş dövlət gerbinin yenidən
təsdiqlənməsində iştirakım olub.
Mənim fikrimcə Müstəqillik Azadlığa aparan
yoldur. Və bu yol Azərbaycan xalqının milli
azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil Azərbaycan
dövlətinin ilk lideri və şəhidi Babəkin 20 illik
mücadiləsindən başlanır. Böyük
tarixi şəxsiyyətlərimiz bu yolda Qılınc və Qələm
çalıblar. Adı dünyanın ən nəhəng
fatehləri sırasında çəkilən Şah
İsmayıl Xətai, ulu Nizami, Mirzə Fətəli Axundzadə
dühasıg Vaxtilə Azərbaycan mətbuatının
banisi Həsən bəy Zərdabi Mirzə Fətəliyə
ürək yanğısı ilə yazmışdı:
"Bizim xalqımız kasıb torpaq kimidir, biz öz
külümüzlə bu torpağı
yaxşılaşdırmaq üçün
yanmalıyıq".
Düşünürəm ki, biz xalqın milli-ictimai
şüurunu oyatmış, onu nadanlığın, fanatizmin
zülmətindən xilas etmiş dühalarımızın iz
qoyduqları Azadlıq yolunun yolçuları olmalıyıq.
Sual:
Azadlığın nisbi olması fikirləriylə
razısınızmı?
Cavab:
Azadlığın əzələsi olmayanda insanı köləliyə,
məsuliyyəti olmayanda hərc-mərcliyə, əxlaqı
olmayanda vəhşiliyə aparıb çıxarır. Hər şeyin əndazəsi olmalıdır. İnsanın əxlaqı var, əxlaq olmayan yerdə
insan yoxdur. Əxlaq xalqın xoşbəxtliyinə
xidmət etməlidir, etmirsə, hakim dairələr müəyyən
prinsiplərdən öz məqsədləri üçün
yararlanırsa, o əxlaqın xalqa dəxli yoxdur.
Sual:
Azadlığın hüdudlarını kim
müəyyənləşdirir ki?
Cavab:
Əslində azadlığın çərçivəsi
yoxdur, sadəcə ictimai mühit, şərait, ümumi səviyyə
insanın azadlığının hüdudlarını müəyyənləşdirir.
İnsanın intellektual səviyyəsi,
dünyagörüşü nə qədər yüksəkdirsə,
onun azadlıq tələbatı çox olur. İntellekti olmayanı isə yalnız iqtisadi amillər
düşündürür.
Sual: Gənclərə
nə məsləhət verə bilərsiniz?
Cavab: Kant
yazırdı ki, "Haqq sözünü deməyə
gücün çatsın". Mənim isə
gənclərə məsləhətim belə olardı ki,
haqq sözü demək azdır, sözünü əməli
işdə həyata keçirmək lazımdır. Onda dediklərimiz əmələ gələr.
Bir də oxumaq, mütaliə etmək vacibdir. Bədii əsərlərlə
yanaşı, eyni zamanda ensiklopedik bilik verən,
dünyagörüşü artıran kitabları
oxumağı məsləhət görürəm. Şəxsən mənim üçün dünya
tarixi və fəlsəfə daha böyük önəm kəsb
edir.
Mən bu gün də maarifçiliyə böyük
ehtiyac duyuram.
Yalnız bu yolla milli maraqları, milli
ideyaları bəşəri ideyalara qovuşdurmaq
mümkündür. Yalnız bu yolla həqiqəti
tapmaq, idraka aydınlıq, dəqiqlik, genişlik və dərinlik
vermək mümkündür. Bunun sayəsində
insan mistikadan, yalandan azad olub, özünə, millətinə
və reallığa qovuşa bilər. Azərbaycan
xalqının birliyinin, azadlığının yolunu məhz
bunda, milli və bəşəri ideyaların
qovşağında görürəm.
***
"Elə adamlar axtarın ki, onlarla söhbət etmək
dəyərli, maraqlı kitab oxumağa bərabər olsun. Elə kitablar
axtarın ki, onların mütaliəsi filosoflarla söhbət
qədər dəyərli olsun".
Ulu
Mövlanənin bu hikmətli sözlərini oxuyanda uzun illər
yaxından tanıyıb özümə dost, qardaş bildiyim
Hüseynağanı düşünürəm. Həqiqətən də onunla ürək söhbəti
etmək mənim üçün dəyərli kitab oxumaq
kimidir. Müəllifi olduğu
kitablarının mütaliəsi isə müdrik insanlarla
söhbət qədər maraqlıdır. Xüsusən
hələlik axırıncı, sayca yeddinci kitabı: "Zəka
və xarakter". Kitabın redaktoru, fəlsəfə doktoru
Elçin Mirzəbəyli elə ilk səhifədə oxucuya
müraciət edir: "Buyurun, İnsanlıq fəlsəfəsinə
- gələcəyə, işığa, müdrikliyə
açlıan Yeddinci qapı Sizi gözləyir".
Oxucu maraq dolu həvəslə o rəmzi
"qapını açır", kitabı vərəqlədikcə
yeni eradan əvvəlki antik dövrdən bu günümüzə
qədər məşhur filosoflarla, mütəfəkkirlərlə
sanki üz-üzə qalır. Elmin
işığında, alim zəkasının, filosof təfəkkürünün
ziyasında xeyirlə şərin, xeyirxahlıqla bədxahlığın,
həqiqətlə yalanın, nəfslə
gözütoxluğun, ədalətlə ədalətsizliyin,
haqqla nahaqqın, təbiiliklə süniliyin, əxlaqla mənəviyyatsızlığın,
nəhayət demokratiya ilə diktaturanın zaman-zaman
mücadiləsini görür.
Müəllif
yazır ki, hakimiyyət tarix boyu hökmdarları iki yol
ayrıcında dayandırıb: birinci yol - onları həyatda
mənəvi yüksəlişə, rahatlığa, təhlükəsizliyə,
şöhrətə, xalqı firavanlığa, vəfat
etdikdə şan-şərəfə; ikinci yol isə
sağlığında daimi qorxuya, bədxahlığa, təhlükəyə
və mənfurluğa, xalqı səfalətə, öləndən
sonra isə rüsvayçılığa və şərəfsizliyə
aparmışdır.
Demokrat birinci, müstəbid ikinci yolu seçir.
Qanun olan yerdə istibdad və müstəbid, istibdad və
müstəbid olan yerdə isə qanun yoxdur. "Qanunun
hakimiyyəti olmayan yerdə dövlət quruluşu da
yoxdur" (Aristotel).
Aristotelin fikrincə müstəbid xadqa inanmır, onu
fiziki, mənəvi cəhətdən
sıxışdırıb taqətdən salır. Allahsız
olduğu halda, özünü Allah adamı kimi göstərmək
üçün xüsusi tədbirlər
düşünüb həyata keçirir, mükafatları
şəxsən özü, cəzaları isə hakimlərin
əli ilə verir. Aristotel "Siyasət"
əsərində yazır ki, gənc müstəbid Frasibul məsləhət
almaq üçün təcrübəli müstəbid
Periandrın yanına qasid göndərir. Periandr
elçinin gətirdiyi məktubu oxuyandan sonra bir kəlmə
danışmadan taxıl zəmisinə gəlir. Ümumi səviyyədən azca yuxarı
qalxmış bütün sünbüllərin
başını kəsdirir, onların hamısını ümumi
əkinin boyu ilə bərabərləşdirir. Qasid heç bir şey anlamadan geri qayıdır və
gördüklərini Frasibula danışır. O,
başa düşür ki, Periandr bununla demək istəyir:
hakimiyyəti möhkəmləndirmək, cəmiyyətdə
mütləq hakim - müstəbid olmaq üçün
ölkədə güclü, nüfuzlu, ləyaqətli,
kütlədən yüksəkdə durub gözə
görünən adamların hamısının
başını həddini aşmış sünbüllərin
başı kimi kəsib atmaq lazımdır. Tarlada
sünbüllər yox, taxıl zəmisi
göründüyü kimi, cəmiyyətdə də,
insanlar, şəxsiyyətlər yox, yalnız kütlə
qalmalıdır.
Beləliklə, təkamülün təməl prinsipi
pozulur, güclülər məhv edilir, zəiflərə
yaşamaq hüququ verilir.
Aristotel
"Siyasət" əsərini bu sözlərlə bitirir:
"Əndazəni gözlə, mümkün olan işdən
yapış, abır-həyanı əldən vermə".
Haqsızlığın və qanunsuzluğun da bir
ölçüsü, əndazəsi olmalıdır. Əndazə
itib-batanda faciə baş verir.
Qanun olmayan yerdə hökmdar Neron müstəbidə, əxlaq
filosofu Seneka mal-dövlət hərisinə, antik
dünyanın görkəmli filosofu Epikür isə dilənçiyə
çevrilir.
Qədim dövrün qanun yaradıcısı və demokratı
Solon müstəbid Pisistrat Afinada hakimiyyəti ələ
keçirəndən sonra vətənini tərk edib qürbətdə
yaşayır.
Dünyanın bir çox hökmdarları bu
böyük insanı saraylarına, yüksək vəzifələrə
dəvət edirlər. Pisistrat da onu vətəninə
yaşamağa dəvət edir. İstibdadın hamı
üçün faciəli nəticələrini irəlicədən
görən müdrik alim Solon məktublarının birində
yazır: "Mənim üçün vətən o ölkədir,
yaşamaq üçün əziz o yerdir ki, orada qanunlar və
onların icrası hamı üçün bərabərdir,
hamı üçün ədalətlidlir. Qanun
və ədalət olmayan yerdə vətən də
yoxdur".
Müəllif
"Zəka və xarakter" kitabının ən təsirli,
ibrətamiz fəslinin sonunda yazır: "Mən bunları
dilə gətirməzdim, əgər hakimiyyətə gəlmək
arzusu ürəyində qalıb, tarixə düşə bilməyən
müstəbid təbiətli insanların bu gün də ətrafımızda
dolaşdığını hiss etməsəydim".
***
Müdriklər
deyiblər: "Hər şey həddini aşanda özünə
qarşı çevrilir". Kim olmasından
asılı olmayaraq, hər adamın qabiliyyətinə
uyğun yerdə oturması həm onun özü, həm cəmiyyət,
həm də dövlət üçün daha
faydalıdır.
Görkəmli
fateh Çingiz xandan soruşurlar: dünyanı necə fəth
etmisiniz? Cavab verir ki, qüdrətli dövlətin
güclü ordusu ilə. Soruşurlar: qüdrətli
dövləti və güclü ordunu necə
yaratdınız? Cavab verir: möhkəm intizamla. Möhkəm
intizama necə nail oldunuz? Cavab verir: ədalətin köməyilə.
Bəs ədaləti necə əldə etdiniz?
Cavab verir: kimliyindən - doğma və yad adam
olmasından asılı olmayaraq, hər kəsi qabiliyyətinə
uyğun yerdə oturtmaqla.
Müdriklər
deyiblər: "Ədalət xeyirxahlıq və müdriklik, ədalətsizlik
isə bədxahlıq və nadanlıqdır.
Həqiqət fikir azadlığının, ədalət
isə həqiqətin övladıdır. Ədalət
insanın ləyaqəti, ədalətsizlik qüsurudur. Ədalət sağlamlığın, ədalətsizlik
xəstəliyin xassəsidir. Sağlamlığın
kamilliyi qüvvəyə, xəstəliyin kamilliyi isə
ölümə çevrilir. Ona görə
də son nəticədə ədalət təbiətinə
görə hər yerdə, hər zaman ədalətsizlikdən
güclüdür".
Ədalət gücdə deyil, güc ədalətdədir.
"Zəka
və xarakter" kitabının son fəslində müəllif
haşiyə çıxaraq yazır:
"Xalqımızın şifahi söz sənəti abidələrində
çox müdrik bir ifadəni xatırlamaq yerinə
düşərdi: "Desəm öldürərlər, deməsəm
ölləm".
Xalq qəhrəmanlarını darda qoymur, deməyin də, deməməyin də yolunu böyük müdrikliklə tapır. Həm demir, həm deyir, nə ölür, nə öldürülür. Məqsədinə isə nail olur. Bu, xalq müdrikliyinin möhtəşəm xəzinəsinin sirrlərindən biridir. O, bu yolla heç bir cəsur insanın deyə bilmədiklərini deyir".
Tarix həqiqətdir, reallıqdır, gerçəklikdir. Onun inkişafının zəruri qanunları və tendensiyaları var. Zərurət isə zamanın hökmüdür. O, hər yerdə, hər zaman güclüdür, qalibdir. Həqiqətin atası ZAMAN isə saxtakarlığı qəbul etmir. Hamının paxırını, səhvini vaxtında üzə çıxarır.
Çalxalandıqca,
bulandıqca zaman nehrə kimi,
Yağı
yağ üstə çıxar, ayranı
ayranlıq olar.
(M.Ə.Sabir)
Müasir
alman fəlsəfəsinin görkəmli siması Fridrix
Nitşedən müəllifin gətirdiyi sitat çox ibrətamizdir:
"İnsan o zaman danışmalıdır ki, susmağa
haqqı yoxdur".
Yazıçı-publisist Hüseynağa Qəniyevin
esselərində müəllifdən maksimum azadlıq tələb
edən bu janra nə qədər dərindən bağlı
olduğu açıq-aşkar görünür. O, istedadlı qələm
sahibi kimi tarixi-fəlsəfi esselərində dünənimizdən
bu günümüzə "körpü" salır,
cahanşümul dühaların zəkasının
işığında Sözünü deyir, keçmiş
olaylardan ibrət götürməklə oxucuya həyatın
dolaylarında inam, iradə, dəyanət təlqin edir.
Əlövsət
BƏŞİRLİ
ədalət.-2014.-15 mart.-S.16.