Bir qəzanın sirri
Həmid
Herisçi "Yeni Müsavat" qəzetinin "Müəmma"
layihəsi üçün "Ədalət" qəzetinin
baş redaktoru, yazıçı İradə Tuncayla söhbət
edib.
Sınaqlı seyidlərin, müqəddəs övliyaların adi danışıq dilindən savayı bir başqa öz dilləri də olur, adətən. Misal üçün, Bakının sonuncu övliyası sayılan Mir Möhsün ağanın bax bu xüsusi dilinə yalnız bacısı Səkinə xanım bələdmiş. Deyilənə görə, bu bacı-qardaş arasında qəribə, izahsız telepatik əlaqə varmış. Onlar bir-birini həm də danışıqsız, nitqsiz duyurmuşlar. Oxşar halı Astaradakı "Seyid Əhməd" ziyarətgahında ötən il mən özüm canlı şəkildə müşahidə etmişəm. Qəribəbir qadın burda ziyarətçiləri qəbul edir, dərdlərini diqqətlə dinləyir, yalnız özünə məxsus xüsusi dildə cavablarını səsləndirirdi. Digər yaşlı bir xanım, deyilənləri anında, dərhal havadaca tutaraq, dilimizə tərcümə edir, qısası, bu işə var gücünü sərf edib savab qazanırdı özünə.
Övliyalara məxsus bu cür xüsusi nitqləri ilk dəfəydi eşidirdim. Həyəcandan alnım azca tərlədi. Bütün səylərimə, cəhdlərimə baxmayaraq, mövzu bir müddət qaranlıq qaldı mənimçün. Lənkərandan Bakıya uzanan yol boyu elə bu barədə düşünsəm də, əlimdə bir ipucu yox idi ki, həmin mövzuya dərindən girişim.
İradə Tuncayla "Müəmma" layihəsi çərçivəsində görüşümüzədək, bəli boynuma alıram, həmin bu mövzu çox dumanlı görünürdü mənə. Lakin fikrimdə bir açar da vardı... Gəldim Mətbuat xiyabanındakı Azərbaycan nəşriyyatının binasına. Liftin mafraq düyməsini basdım, kabinədə silkələnə-silkələnə qalxdım altıncı mərtəbəyə. Köhnə-köşkül sovet parketini cırıldada-cırıldada gəlib yetişdim "Ədalət" qəzetinin redaksiyasına. Baş redaktora məxsus təzə qapının, öz ağırlığına, sanbalına görə digərlərindən seçilməyi gözlərimdən qaçmadı. İradə Tuncay söhbətimiz zamanı əyləşdiyi yumşaq kreslonun manevr imkanlarından geniş istifadə etdi. Söhbətin nəbzinə, istiqamətinə, hədəfinə uyğun olaraq kreslosunu gah sağa fırladı, gah sola. Susub fikrə dalarkən bir cür görkəm aldı, danışarkən bir başqa cür. Dəyişməz, hərəkətsiz qalan bircə cəhətiydi - səmimiyyəti. Bir də gözlərindəki bir bənzərsiz ifadə, hə, görürdüm, dünya dağılsa belə dəyişən deyildi.
"Bunu mənə
yaşatdılar..."
- Vallah , Həmid, məncə mənim həyatımda müəmma flan olmayıb axı. Mənə görə elə bizim yaranışımız müəmmadı - yəni fikirləşirəm atamla anam görüşməsəydilər, başqa adam kimi dogula bilərdim. Həyatım başqa olardı. Bu mən MƏN olmazdı. Ayrı heç nə xatırlaya bilmirəm. Amma əlahəzrət genetika var, o öz sözünü deyir. Hərdən fikirləşirəm bu qədər ağrı daşıyıram içimdə və bu da mənə genetik olaraq ötürülüb. Fikirləşirəm görəsən nəslimdəki hansı qadına və ya kişiyə daha çox oxşayıram? 500 il əvvəl əcdadlarım necə görkəmdə olublar? Amma dəqiq bildiyim bir şey var - ata tərəfin genləri daha güclüdü. Və mən Naxçıvanda az olsam da o torpağın insanlarına daha çox oxşayıram. Naxçıvan qəribə bir yerdi, o iqlim insan xarakterinə birbaşa təsir edir. Sərt, təzadlı... Niyə belədi? Niyə oralıyam? Gülməlidi eləmi? İnadkar, tərs, ədalətin olmadığını bilə-bilə onu axtaran... Özün də yaxşı bilirsən şəhərdə doğulub böyüyən uşaqlar kosmopolit olurlar, həm də bizim evdə heç vaxt region söhbəti olmayıb... Amma iş elə gətirdi ki, bunu mənə yaşatdılar...
Oxuduğum kitabların həyatıma birbaşa təsiri olub. Bəzən özümü həmin qəhrəmanlar kimi hiss eləmişəm. Sən hər şeydə mistika axtarırsan, bilmirəm bəlkə elə mən də sənə mistik biri kimi görünürəm...
- Məmməd Araz ömrünün son iyirmi ilində bir başqa, müəmmalı dildə danışırmış... Ancaq ailə üzvlərinin anlayacağı dildə...
- Müəmma yox idi burda. Xəstəlik və onun fəsadları. Və bu başına belə işlər gəlmiş hər kəsə bəllidi, ailə üzvləri öyrənirlər bu dili. Uşaqların dilin anası bildiyi kimi...
İradə Tuncay fikirlərində yarımçıqlıq hiss edərək susmağa qərar verir. Sanki beyniylə deyil, gözləriylə, baxışlarıyla düşünməyə başlayır bir an. Axırda dilə gəlir.
- Bu, atamın öz diliydi... bu, göz diliydi, söz dili deyildi əsla. Parkinson xəstəliyi əzələ zəifliyinə gətirir. Nəticədə dil əzələləri də boşalır. Xəstə məcbur qalır bir başqa...( İradənin siması sərtləşir - H.H). - bənzərsiz bir dildə danışmağa.
- Siz bu dilə bələddiz?
Dilimin ucunda pıçıldadığım sualımı İradə eşitmədi. Üzündə təəccüb ifadəsini canlandırdı. Lal dilində, sözsüz, lakin çoxmənalı bir baxışla sualımı təkrarlamağı xahiş etdi. Aha, deyəsən istədiyimə çatmışdım - İradə xanım, atası Məmməd Arazın "öz dilində, göz dilində" mənə nəsə ötürürdü. Nadir fürsəti əldən qaçırmayıb bu mənalı "gizli nitqi" anlamağa, eşitməyə səy göstərdim. Bildim ki, Məmməd Arazın bu lal nitqini öyrənməsəm, övliyaların gizli telepatik dilini anlamaq fürsətindən birdəfəlik məhrum ola bilərəm. Şükür, bu baş vermədi. İradənin ifasında o telepatik dili söz-söz, cümlə-cümlə eşitməyə başladım.
Bu dar məqamda, fevral ayının boz rəngi pəncərədən ayrılıb İradənin fikirli simasına qondu. Mənzərə çox təsirliydi mənimçün. Mövzuya tam uyğundu.
Onun işığının yanması üçün bütün işıqlar sönməliymiş
- Amma bir
dəfə qəribə bir hadisə oldu... Bu
barədə romanımda da yazmışam. Gəl o cümlələri sənə indi oxuyum.
İradə Tuncay susunca, qonşu otaqdan kabinetinə
televizorun, yad addımların səs-küyü soxulur. Var diqqətim
söhbətimizdədir deyə, bu xırdalıqlara əsla
fikir vermirəm. İradənin dodaqları xəfifcə
titrəyir:
- Təxminən
10-13 il əvvəl, 2002-ci ildə birdən-birə
bütün ölkənin işıqları sönür. Yadınıza gəlir? İndiyə
qədər də o işıq məsələsiylə
bağlı qaranlıq məqamlar çoxdu mənimçün.
Hər halda səsləndirilmiş rəsmi
versiya... yumşaq deyim, inandırıcı deyildi. Aradabir işıq yananda teleefiri izlədim və elə
efirdən bildim ki, təkcə mən deyiləm qaranlıqda
qalan.
Bütün ölkə o vaxt zülmətə qərq
olmuşdu. Səbəbini indiyəcən gizləyirlər.
Demirlər. Mən
narahatdım. Pəncərələrə artıq
qaranlıq qonmuşdu...
Söhbətimiz
uzanırdı...
- Evdə şamı yandırdım.
İradənin gözləri mənə deyil, öz
daxilinə tuşlanmışdı.
-
Gördüm kölgələr də məni vahimələndirir.
Çıxdım bayıra, pilləkənlər
üstündə oturdum. Sevimli köpəklərim
də quyruqlarını bulaya-bulaya hərəsi bir
böyrümdə. Ulduzlar alışıb-yanır, az qala tökülürlər həyətə,
lap əlini uzat götür. Bu parıltı,
gözümdəki nəmin içində sınırdı,
parçalanırdı göy qurşağının yeddi rənginə.
Mane olurdu ulduzlu səmaya diqqətlə
baxmağıma. Göz diqqətim
yayınsa da, ürəyimin diqqəti ordaydı - ulduzlarda.
İtlərimin biri, başını dizim üstə qoyub,
sevgi dolu gözlərlə elə hey baxırdı mənə...
Düşündüm daxilimdə - görəsən,
bir Allah bəndəsi niyə belə baxa bilmədi mənə?
Ya mən görmədim? Ürəyimin
gözü ilə baxırdım üstümə yağan bu
ulduz yağışına. Marağımız
qarşılıqlıydı - ulduzlar da elə bil mənə
baxırdı. Ürəyimin teleqraf aparatı ulduzlara
telepatik mesaj göndərirdi sanki - "Bir qapı
açılsın... Bir yol olsun... Bir əfv fərmanı
imzalanır yuxarıda... Ulduz saatım gəlir..."
İşıqlar
yandı səhəri gün... Bir neçə
gün sonra isə zəng gəldi telefona, məni işə
çağırırdılar.
- Belə
çıxır ki, sizin "işığınızın"
yanması naminə əvvəlcə ölkənin
bütün işıqları sönməliymiş, hə? - yavaşcana səsimi bir pillə yuxarı
qaldırıram.
- Hə,
elədir.
İradə öz xatirələrindən birtəhər
ayrılıb iri gözlərini nəhayət mənə zilləyir. Məmməd
Arazın "öz dili, göz dili" ürəyimə
sancılır elə bil. Daxilimdə
pıçıldayıram: "Bu cür telepatik mesajı
ulduzlar, yad planetlilər də eşidər, vallah".
***
İradə Tuncayın böyük ruh yüksəkliyi
ilə təsvir etdiyi ölkəni qaranlığa qərq edən
o gün indiyə qədər sual doğurur. Nəydi belə
bu qəza? Niyə göydəki ay cismi
olduğundan bir qədər böyük
görünmüşdü o gün bəzilərinə?
Düzü, bu paranormal hadisəni yadplanetlilərlə
əlaqələndirənlər də var. Bəziləri israr
edirlər ki, o gün Azərbaycan üzərində uçan
boşqabların əsl paradı baş verib, möcüzələr
biri digərini əvəzləyib. İradənin
dedikləri də bu şək-şübhələri bir daha
doğruldur.
Eyni mənzərəni
Bakı İcra hakimiyyətinin nümayəndəsi
Çingiz Cəfərli, fizika müəlliməsi Nigar Dubina,
ən vacibi isə Azərbaycan Milli Aerokosmik Agentliyinin
"Planetin kosmik monitorinqinin elmi əsasları" sektorunun
müdiri, BMT nəzdində Beynəlxalq Enerji-İnformasiya və
İnformasiologiya akademiyalarının akademiki, mərhum
astrofizik-ufoloq Fuad Qasımov da təsdiqləyirdi:
- Həmin
gün Azərbaycan səmasında on altı ədədə
yaxın UNO (uçan nəməlum obyekt) qeydə
alınıb. Uçan boşqablar, bəzən
elektrik stansiyalarından gəlib enerji sovururlar. Məncə, o vaxtkı Mingəçevir qəzasını
təkcə bax elə bununla izah etmək mümkündür.
Oxşar hadisələr 80-ci illərdə
Nyu-Yorkda da özünü göstərib, şəhərin
elektrik təhcizatını pozub. Yevlaxdakı
Yenikənd elektrik stansiyasında da vaxtaşırı belə
"oğurluqlar" qeydə alınır.
Düzü,
2002-ci il 13 iyul hadisələrinin bir
şahidi də elə mən özüməm. İndiki
kimi yadımdadır - Nardaran qumsallıqlarında uzanıb
göydəki parlaq ulduzlardan gözlərimi ayıra bilmirdim.
Ay elə biləsən öz adi vəziyyətindən daha da
böyük göründü bir an mənə. Söz yerinə çəkər deyiblər -AZTV-də
"Ay işığında" verilişi gedirdi. Səriştəsiz teleaparıcı,
yarıqaranlıq studiyada öz qonaqlarıyla şeir, ədəbiyyat
barədə uzun-uzadı, yorucu söhbətlər
aparırdı. Qonaqlar da tər içindəydi,
elə aparıcı da. Bu vaxt qəfildən
elektrik işığı oynadı, qısa qapanma nəticəsində
bütün ölkənin gözü kor oldu. Hə... AZTV-nin "Ay işığı" verilişi
sanki öz sərhədlərini böyüdüb
bütün ölkəni öz əhatə dairəsinə
aldı. Bir an, bəli, bu aldadıcı
hiss ilə tək-tənha qaldım. Dünya
bir başqa, fərqli şəkildə göründü
gözlərimə. Elə bil yad planetdəydim.
Elə bil yadplanetlilərlə görüşəcəkdim
bax indicə.
Bağ evimizin suvaqsız divarını bəzəyən
rus rəssamı Brüllovun "Pompeyin son günü"
tablosu, yadımdadı, həmin gecə bütün diqqətimi
təkrar-təkrar özünə cəlb etdi. Məşhər
gününün əlamətlərini hiss edirdim ətrafımda.
Hamı yerində donub qalmışdı. Kimsə ağzını açıb
danışmağa belə cürət etmirdi.
Susuz
-
Ulduzları, ayı eyni oxşar vəziyyətdə çox
sonralar da müşahidə etdim. Həmin
günün fenomeni bir dəfə də məni imtahana çəkib.
İradə Tuncay köksünü dərindən
ötürüb, başını bulayır. Katibəsinə
çay sifariş edir. Sonra redaksiya əməkdaşlarından
birinin pıçıltısını xeyli dinləyir.
Ucadan "Yooooxxx!!!!" deyərək məsələni
tezbazar qapayır. Yenidən qayıdır
söhbətimizə.
- 2011-ci
ilin iyul ayında səyahətə çıxdıq. Biləsuvardan adlayıb yetişdik Araz
qırağına. Sovet vaxtları qatara əyləşib
Naxçıvana gedərkən mən pəncərələrdən
elə hey Güneyə baxardım. İndi
vəziyyət 180 dərəcə öz oxu ətrafında tərsinə
çevrilmişdi. İndi biz Güneydən
öz ərazilərimizə - işğalda Qarabağa
baxırdıq. Sonra keçdik Türkiyəyə.
Yetişdik Qarsa. Çıldır deyilən ərazidə
bir yer var - adı "Susuz". Bax orda tam
mistik, müəmmalı əhvalat baş verib məni də,
Aqili də əməlli-başlı mat-məəttəl
qoydu. "Susuz" adlanan bu yerdə qəfildən
"Mercedes"imizin su çəni deşildi. "Mercedes"in mühərriki qızıb
dayandı. "Susuz" adlanan bir yad
ünvanda biz həqiqətən susuz qalmışdıq.
Ətraf zil qaranlıq... terror, PKK bölgəsi... Yanımızdan ötənlər ayaqlarını əyləcə
bircə dəfə də basmadılar. Var
sürətlə böyrümüzdən elə hey
ötüb keçdilər.
- Tam
müəmmadır. Necə izah edərdiz bunu?
- sualını səsləndirincə
gözlərim önündə həmin mənzərə
canlanır. Təsəvvür edirəm Aqillə
İradənin ordakı təəccübünü.
- Yenə
ulduzlar, yenə səma... Üzümü tutdum göylərə...
Narahat deyildim amma...
- Cavab gəldimi?
- səbirsizlik nümayiş etdirib İradənin
sözünü yarıda kəsirəm.
- Əlbəttə. Gəldi. Aqil lap özünü itirmişdi. Əl telefonuyla Bakıdakı sürücüyə
zəng edib yazığın abrını ətəyinə
bükürdü. Gecə saat 2-də
baş verən bu əhvalat həm də gülməliydi,
vallah. Ancaq mən göydəki ulduzları tanış görürdüm. Təcrübəm
deyirdi ki, yalvarışlarım, göylərə
ünvanladığım "öz dilim, göz dilim" bu dəfə
də cavabsız qalmayacaq. Qəfildən
bir kamyonun nəhəng təkərləri asfalta
sancılıb dayandı. Kamyonçu dadımıza
çatıb su verdi bizə ...
- Bəlkə
başqa aləmdən gəlmişdi o? Bu barədə
düşünmədiz ki? Bəlkə... bütün
ağırlığımı masa üzərinə
töküb ehmalca İradəyə tərəf dartınıram.
- Nə
bilim... bəlkə də... Hər halda
"Susuz" deyilən yerdə susuz qalmağımız
çox mənalıydı. Elə bil
yenidən imtahana çəkilirdim.
İradə, diyircəkli qələmini masaya
taqqıldadaraq bir an özünə qapılır. Gözlərini
gah qıyır, gah tam açır. Axırda bir başqa
səslə bitirir söhbətimizi:
- Bir daha "göz dili"min qüdrətinə inandım orda. Telepatiyaya güvənim artdı.
Qətl günü
Bakının son övliyası sayılan Mir Möhsün ağanın gizli, telepatik nitqini bacısı Səkinə xanım bildiyi kimi, Məmməd Arazın da oxşar nitqinə İradə xanım da bələdmiş. Bu telepatik nitq sonradan dəfələrlə İradənin dadına çatıb - ən çətin dar məqamlarında kömək əlini əsirgəməyib bu gözəl xanımdan. Ulduzlar aləminə, yad planetlərə, bəlkə yadplanetlilərə çatdırıb xahişlərini. Niyyət edib göylərə açdığı ovucları tez də öz arzusuna çatıb.
Lakin o qaranlıq günlə bağlı digər fikirlər də mövcuddur Bakı ufoloqları arasında. Həyatını müəmmalı şəkildə bitirmiş alim-ufoloq Fuad Qasımov isə bir az fərqli fikirlər səsləndirirdi bu barədə. Dövrü mətbuatda getmiş bu məlumatları indi təkrarlamaq lap yerinə düşür. Məlumatlarda deyilir: 2002-ci il 13 iyul tarixi. Ufoloq F.Qasımov sensasion məlumat yayır: "UNO, Bakı sahillərində qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir. F.Qasımovun açıqlamasına görə, bu hadisə UNO-ların Xəzərin akvatoriyasında müşahidə bazalarının olmasından xəbər verir: "Unikal hadisə Xəzəryanı ölkələrin hakimiyyət strukturlarında ajiotaja səbəb olub". Ufoloq Rusiya tərəfinin Azərbaycan rəhbərliyinə ünvanladığı müraciətin mətnindən bir neçə cümlə dilə gətirir: "Sizin aşkar etdiyiniz naməlum uçan obyekt bir ölkənin mülkiyyəti hesab oluna bilməz. Belə ki, Aşğabad konvensiyasına əsasən, Xəzəryanı ölkələrə yalnız suyun təki məxsusdur. UNO isə suyun təkindən kənardadır, ona görə də obyektdən bütün sahilyanı ölkələr birgə istifadə etməlidirlər". F.Qasımov deyir ki, Rusiya Azərbaycandan bir neçə dəfə UNO-nu almağa cəhd göstərib: "Bu məqsədlə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər ediblər. Səfərlərin gedişində UNO-la bağlı yüksək səviyyədə danışıqlar aparılıb. Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan "Ruslan" təyyarəsi göndərilib. Qırıcılar UNO ilə dəyişdirilmək üçün nəzərdə tutulubmuş". Ufoloq onu da deyir ki, 2002-ci il noyabrın 25-də baş verən zəlzələni də tektonik silah vasitəsiylə Rusiya təşkil edib".
Az sonra dünya şöhrətli alim-ufoloq Fuad Qasımov müəmmalı şəkildə dünyasını dəyişir.
***
Kimə inanaq bu söhbətlərdə? İradəyə, yoxsamı ufoloq Fuad Qasımova? Rusiya hökumətinə? Sabiq Moskva meri Lujkova, baş nazir Çernomırdinə? Xəzərin dibinə çökmüş uçan boşqaba? Baş verən müəmmalı ölüm hadisələrinə? Özünüz deyin, kimə inanaq, yaxşı?
Mən, babalı boynuma, İradəyə inanmaq istəyirəm. Baş vermiş müəmmanın müsbət tərəfinə güzgü tutmaq niyyətindəyəm. Bəlkə o vaxt yadplanetlilər, uçan boşqablar bu qədər əhalimiz içində ancaq elə İradənin "öz dilini, göz dilini" eşidib günahlarımızı bağışlayıblar? Əfv ediblər bizləri, hə?
Kim bilir...
Müəmma... Müəmma...
Kim bilir, bəlkə o gecə bizi labüd təhlükədən məhz bu gözəl xanım qurtarıb?
Ədalət.-2014.-15 mart.-S.12-13.