Uğurların ünvanı Biləsuvar

(əvvəli ötən sayımızda)

 

Bakı şəhəri əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər. 2013-cü ildə min tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları yarmarkalara çıxarılaraq satılmışdır.

Bütün bunlarla yanaşı onu da qeyd etmək vacibdir ki, meliorasiya işlərinin həcmi az olduğuna görə əkin sahələrinin şoranlaşması prosesi biləsuvarlıları ciddi narahat edir. 800 kilometrə qədər kollektor-drenaj şəbəkələrinin təmizlənməsinə ehtiyac olduğu halda hər il bunun cüzi hissəsi icra edilir.

 

Təhsil uğurların əsasıdır

 

Respublikamızın təhsil sistemində aparılan islahatlar Biləsuvar rayonunun da təhsil sahəsində öz müsbət nəticələrini verməkdədir.

Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı diqqətin nəticəsidir ki, son illər rayonda 9 yeni məktəb binası tikilmiş, 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi, yaxın illərdə bütün bölgələrdə bir dənə olsun qəzalı təmirsiz məktəb qalmayacaqdır.

Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır. Hazırda rayon üzrə hər 35 şagirdə bir kompüter düşür ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur.

Ötən dərs ilində rayonun ümumtəhsil məktəblərini 928 şagird bitirmiş, onlardan 178 nəfərə ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olmuşlar. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplamışdır.

 

Gəncliyimiz gələcəyimizdir

 

Gələcəyimiz olan gənclərə qayğı diqqət möhtərəm Prezidentimizin ən çox diqqət yetirdiyi prioritet məsələlərdəndir. Biləsuvar rayonunda da əhalinin 31,6 faizini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunmuşdur.

Gənclərin sabahımızın layiqli vətəndaşları kimi yetişməsi, onların intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində işlər ilbəil gücləndirilir. Onların ideya-siyasi, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindən ötrü müntəzəm olaraq keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verir. Biləsuvarlı gənclər ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirirlər.

Azərbaycanın Milli Qəhrəmanı, həmyerliləri Mübariz İbrahimovun misilsiz şücaətindən böyük qürur duyan gənclər hərbi xidmətə sonsuz həvəslə yola düşür, vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən hər il elektron səsvermə yolu ilə ölkənin bir rayonya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulmuşdur. Ötən ilin yanvar ayında keçirilən elektron səsvermə zamanı biləsuvarlı gənclər yüksək mütəşəkkillik və fəallıq göstərərək 2013-cü ilin Gənclər Paytaxtı müsabiqəsində qalib gəldilər. Onlar bu qələbə ilə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, dövlətə və dövlətçiliyə sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Həmin qələbədən ruhlanan biləsuvarlı gənclər ötən il rayonda bir sıra respublikarayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etdilər, rayonda yeni informasiya-kommunikasiya vasitələrindən istifadə edən gənclərin sayı artdı ki, bu da onların cəmiyyətimizin və dövlətimizin işlərində daha yaxından iştirak etmələrinə imkan yaratdı.

 

Hər görüş bir isti münasibətdir

 

Həftənin müəyyən olunmuş günlərində yerlərdə səyyar görüş-qəbulların keçirilməsi mütəşəkkil qaydada təşkil olunmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər nəzarətə götürülmüş, icrası təmin edilmişdir.

2013-cü ildə yerlərdə keçirilən qəbullarda 3082 nəfər iştirak etmiş, qaldırılan məsələlərin 169-u və ya 93,4 faizi həll edilmişdir. Ərazi icra nümayəndəliklərinin işinin təhlili göstərir ki, əməli köməkliklərə baxmayaraq icra nümayəndəliklərinin böyük əksəriyyətində sənədləşmə işlərinin aparılmasında nöqsan və çatışmazlıqlar hələ də qalmaqdadır.

Hesabat ilində yerli problemlərin həlli istiqamətində bələdiyyələr tərəfindən hər il olduğu kimi bir sıra layihələr həyata keçirilmişdir. "Bir bələdiyyə-azı bir layihə" təşəbbüsü çərçivəsində 2013-cü ildə bələdiyyələr tərəfindən 88 layihə həyata keçirilmişdir.

14 bələdiyyə tərəfindən 17,8 kilometr kənddaxili yollar qum-çınqılla abadlaşdırılmışdır.

Rayon bələdiyyələri respublika miqyasında keçirilən "Azərbaycanda Yerli Demokratiya Həftəsi"ndə yaxından iştirak etmişlər. Həftə ərzində 990 nəfər vətəndaş qəbul edilmişdir.

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2014.-18 mart.-S.7.