LAÇIN DAĞLARININ ŞAİRİ
(İlham Qəhrəmanın
yeni şeirlər kitabı haqqında)
Bu il aprelin 24-də istedadlı şair
İlham Qəhrəmanın 55 yaşı tamam olacaq və mən istəyirəm ki,
onun yenicə çapdan çıxan
"Sevgi durna çırağıdır" şeirlər kitabından söz açmaqla onu qabaqcadan təbrik edim. Çünki bu şeir kitabıyla
İlham Qəhrəman
poeziyada təsadüfi
olmadığını, bir
şair kimi tam formalaşdığını sübut
edir.
İlham Qəhrəman indi bizim həsrətlə yad etdiyimiz Laçında
dünyaya gəlib və onun təzə
kitabındakı şeirlərin
bir qismi də Laçınla bağlı kədərini
ifadə edir. Təbii ki,
o, içindəki kədəri
və artıq qaysaq bağlamış yaraya çevrilmiş bu dərdi elə
ifadə edir ki, bu poetik
hisslər təkcə
onun dərdinə deyil, bizim dərdimizə
də çevrilir.
Şairin hünəri
də elə bundadır: əvvəl dərdini danışanın
dərdini dinləyirsən,
sonra özün də o dərdin əsiri olursan. Əlbəttə, biz İlham Qəhrəmanın
çəkdiyi o qəhrin,
o kədərin tam yükünü
çəkə bilmərik,
amma onun dərdi bizim də dərdimizə çevrilirsə, biz də
o hissləri yaşamış
oluruq. "Bu gecə
evimiz yadıma düşdü" deyir İlham və biz də onunla bahəm xəyalən Laçının Sus kəndindəki evinə yollanırıq:
Nə vaxtdı sayırıq günləri, ayı,
Nə vaxtdı sağ gözüm Zabux çayıdı,
Nə vaxtdı
sol gözüm-Həkəri çayı.
O vaxtdan boğazım Çayqovuşandı.
Bu da bir gecədi
belə yaşandı,
-
Bu gecə evimiz yadıma düşdü.
Nə yaman uladı yurdda qalan it,
Canavar olacaq sənin balan, it.
Dolan, xəyalımtək yurdda dolan, it,
Bu gecə evimiz yadıma düşdü.
Gəzdim
dağlarını cığırınacan,
Üzdüm yollarında çarığımacan,
Qara danamızın axurunacan -
Bu gecə evimiz yadıma düşdü...
Bu gecə gözümdən
getmədi Laçın.
İlhamın Laçın həsrəti
digər şeirlərində
də beləcə qəmli-qəmli yol gedir: o, Laçın işğal olunandan ta bugünəcən onu yad etməkdən
yorulmur. Deyir ki: "Dağda kənd, kənddə bağ, ağacda yuva, Kənd dağda, quşlar da yuvada qaldı"-
bu həsrətin nə ağırlıqda,
nə böyüklükdə
olduğu başqa şeirlərində də
nəzərə çarpır.
İnsan
üçün evindən,
həyətindən, kəndindən,
obasından, dağlarından
başlanır Vətən
və indi İlham Qəhrəman da doğma laçınlılarıtək
Vətəndən Vətənə
boylanır. İlk
laylasının çalındığı
o evdən, çəmənində,
çölündə gəzdiyi
o kəndindən iyirmi
ildən artıq bir zaman ayırır
onu və illər keçdikcə o
həsrət qarşısıalınmaz
bir məhəbbətə
çevrilir:
Bu gün gah kürətək
qızmar,
Gah da qış kimi ayazam.
Dünya
bir ağ
kağız ola,
Mən də bircə kəlmə yazam:
Laçın.
Başdan
düşən yaylıq
kimi
Düşən bayrağı demədim.
Qollarımın üstə alıb
Sənə bir ağı demədim,
Laçın.
Şeirin
sonuna diqqət yetirək:
Sudan çıxan balıq kimi
Ağzımı açıb-yumuram.
Bir əsgər çıxmır
yuxumdan -
Əldə bayraq, dildə
"Urra,
Laçın"!
Bu sonuncu misra Laçın həsrətli
şeirlərin üstünə
bir işıq zolağıtık düşür
və istərdik ki, belə misraların
və ümumən içində qələbəmizə
inam ifadə edən şeirlərin sayı çox olsun. Əlbəttə, Laçın dağlarını,
o kəndi, o həyəti,
o bağları həsrətlə
yad etmək lazımdır və bu həsrət təbiidir. Amma bu həsrətin bir sonu da
olsun gərək... Fransız yazarı G.Apollinerin bir sözü var: "Ruhən işğal olunmaq fiziki işğaldan daha dəhşətlidir". İlham
Qəhrəman bir şeirində deyir ki: "Başımı götürüb çıxacam
evdən, O əsir dağları deyib gedəcəm. Yoluma yeməyə çörək
qoymayın, Yol boyu həsrəti yeyib gedəcəm... Deyin, ovçulara səhv salmasınlar, Canavar dərisi geyib gedəcəm". Bax, həsrətin sonu belə bitəcək.
İndi söz kimi deyilir, gün
gələcək "Urra,
Laçın!" sədasında...
Laçın həsrətli şeirlərdə
DAĞ obrazı da diqqətdən yayınmır. Bu, elə həsrətin öz obrazıdır.
Ucalığın, möhtəşəmliyin mücəssiməsidir dağlar,
amma indi onlar da azad
deyil. İlhamın
və bütün laçınlıların da
ən böyük arzusu o dağları azad görməkdir:
Tanrı
möhlət verə,
qismətim ola
-
Qayıdam yenə də çıxam dağlara.
Əllərimi qoyub qaşımın
üstdə,
Bir ürək
dolusu baxam dağlara.
Bu könlün taxtından enən Şah kimi,
Görən, saxlayırmı sular
şəklimi...
Təklənib döyülən bir
uşaq kimi
Gözümün yaşını sıxam dağlara.
Görən nə yazıbdı
alnıma Yazan?..
Dağlara yazmasa-alnımdan pozam.
Bir bulaq üstündə qəbrimi qazam,
Qarışam dağlara, axam dağlara.
İlham Qəhrəmanın kitabına
ön söz yazan tənqidçi İradə Musayeva çox doğru qeyd edir ki,
"İlhamın şeirlərində
kədər mücərrəd
məfhum anlayışından
çıxıb, canı,
ruhu, siması hiss olunacaq dərəcədə
obrazlaşıb. Kədər-yaradan, ağrıdan axıb
tökülən əzab
simvolu-qan təhlükəsi
həddindədir". Bəli, İlhamın şeirlərində
Kədər doğrudan
da obraza çevrilir. Təkcə Laçın
həsrətini ifadə
edən şeirlərdə
deyil, digər mövzularda da o Kədər canlı varlıq, canlı səs kimi gözə
görünür. Və
bu şeirlərdə
Kədər təkcə
əzab, sarsıntı
kimi deyil, lap canlı varlıq kimi qarşına çıxır.
Laçında
sinədəki evimizin
çəpər qolları
tut dizlərini
qucaqlayıb qaldı...
Xırdalanda-
qəbristan yanında
atamın qolları
dizlərini
qucaqlayıb qaldı...
Atamın
dizləri
evimizin dizləri kimi
qurudu.
- deyir və
biz bu həsrətin onun içini necə alovlandırdığını
hiss edirik. Yaxud, deyəndə ki: "Öləndə saçımı
dara, sevgilim" ...bu misrada da
başqa bir həsrətin səsini eşidirik. Yaxud, "Vətən oxşaması"
şeirində də daha müqəddəs bir Kədərin ifadəsi olan misralarla, bəndlərlə
qarşılaşırıq: "Yurd itkisi elə
ağır, - Tay tutulmaz hər itkiyə. Yer yarıla yerə
girəm, - Mən baxmayam xəritəyə.
Hansı
dərdini söyləyim
- Birdimi, beşdimi Vətən?" - bu misralarda da həsrət, kədər şahə qalxır və bu hisslər də ürəkdən gəlir.
İlham Qəhrəmanın ağrılı,
qüssəli şeirlərinin
poetik tərəfinə
gəldikdə, deyə
bilərik ki, bu şeirlərdə onun bir şair
kimi axtarışları
öz bəhrəsini
verir. İlham istər hecalı,
istərsə də sərbəst şeirlərində
həmişə təzə
söz deməyə çalışır. O, ruhən ənənəvi
şeir üstə köklənən şairdir,
amma maksimum dərəcədə ənənəvi
şeirin şablonlarından
qaçır, həmişə
çalışır ki,
dediyi sözün obrazlı ifadəsinə çalışsın. Deyəndə
ki: "Qarabağ alınmadan ölsəm, Başdaşıma həkk
edərsiz: Bir səbət gül-tökülü,
Ondan üstə Bir ağlar göz şəkili"-bu balaca şeirdə
bədii təsvir vasitələrindən heç
biri iştirak etməsə də, şeir bir vəsiyyət
anlamı kimi öz poetik ifadəsini tapır. Amma indi köhnədən
yazdığı, amma
bu kitaba daxil etdiyi "Payıza qoşulub getməyim gəlir" şeirindən bu parçaya diqqət yetirək:
Baş aça bilmədim dünya sirr imiş,
Dünya
ağlamağa yaxşı
yer imiş;
Ürək Xəzər imiş,
dərd də Kür imiş -
Payıza
qoşulub getməyim gəlir,
Bu sarı payızda
itməyim gəlir.
Bu şeirdə İnsan-Payız
obrazları qoşalaşır
və bu vəhdət özü ayrıca obraza dönür. İlhamın "Sabunçu ritmləri"
və "Dağ mənzərələri" şeirlərinə
gəldikdə isə
bu şeirlərdə
rəssamlıq duyğusu
ilə şairlik hissi birləşir. Sözlər
rənglərə, cizgilərə,
sonda isə şeir-tabloya çevrilir.
Bura Şərqdi-
tor kimi bir-birinə
çulğaşıq evlərdə
keçmişin
həzin simfoniyası,
yöndəmsiz, -
əyri-müyrü küçələrin
öz harmoniyası
var.
Nələrə şahiddir
bu qənbər küçələr,
bu daş küçələr,
Kasıb
qoca kimi
Əyni nimdaş küçələr.
İlham Qəhrəmanın sevgi şeirləri haqda da xoş sözlər söyləyə bilərik. Onun ikimininci illərdə yazdığı sevgi şeirlərində cavanlıq eşqi ilə kamillik yaşının sevgisi qoşalaşır. Ürəkdə o eşq, o sevda hələ də yaşayır, eyni zamanda o sevgiyə nurani bir baxış da əlavə olunur. Artıq sevginin baharı ilə payızı arasında məsafə yox olur. Sevgi iztirablarını indi sevgi haqqında düşüncələr əvəz edir:
Tanrı xoş saatında
Məni yadına saldı.
Bundan gözəl yol varmı
Sevgi ürəyə yoldu.
Təzələndim-elə bil
Dağlara qar ələndi.
Sevgisiz olan bəndə
Mürəkkəbsiz qələmdi.
İlham Qəhrəmanın "Sevgi durna çırağıdır" yeni şeirlər kitabı haqda söhbətim burada tamamlanır və mən təkcə öz adımdan deyil, onu tanıyan, sevən oxucuları adından da şairə uğurlar diləyirəm, 55 yaşını təbrik edirəm... Və bunu da nəzərinə çatdırıram ki, o, daha sanballı şeirlərlə sevindirsin bizi, həm də yeni kitabında ancaq təptəzə şeirləri olsun.
Vaqif YUSİFLİ
Ədalət.-2014.-19 mart.-S.6.