Cəlilabad - uğurlar,
nailiyyətlər ünvanı
Azərbaycan Respublikasında Cəlilabad rayonu inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Bu rayon 1930-1967-ci illərdə Astarxanbazar rayonu kimi fəaliyyət göstərmişdir. Cəlilabad qərbdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1441,4 kvadrat metr olmaqla əhalisi 200 min nəfərdən çoxdur. Rayonun mərkəzi Cəlilabad şəhəridir. Göytəpə şəhəri də Cəlilabad rayonunun ərazisində yerləşir. 10-larla kəndləri rayonun kifayət qədər böyük ərazisinə səpələnmişdir. Rayonun relyefi əsasən düzənlik, cənub-qərbdə alçaq dağlıqdır. Yayı quraq keçən, mülayim isti iqlimə malikdir. Orta temperatur yanvarda 1-3, iyulda 25-30 dərəcə Selsidir. İllik yağıntı 400-600 millimetrdir, çayları isə müvəqqəti axarlıdır. Allüvial-çəmən, şabalıdı, qəhvəyi, dağ-meşə torpaqlar yayılmışdır. Yarımsəhra, çöl, dağ-kserofid bitkiləri inkişaf etmişdir. Rayonun ərazisində kifayət qədər də meşə sahələri vardır. Çöl donuzu, süleysin, qum siçanı, canavar, tülkü və sair heyvanları, bəzgək, dovdaq və sair quşları vardır. İqtisadiyyatında üzümçülük, taxılçılıq, heyvandarlıq mühüm yer tutur.
Sənaye müəssisələrinin çoxu Cəlilabad şəhərində yerləşir. Rayonda 130 ümumtəhsil məktəbi, 18 məktəbəqədər uşaq müəssisəsi, musiqi məktəbi, mədəniyyət sarayı, 24 klub, 94 kitabxana, rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyi, uşaq incəsənət məktəbi, 102 səhiyyə müəssisəsi var.
Cəlilabad rayonu ərazisində çoxsaylı tarixi arxeoloji abidələr - Eneolit və Tunc dövrlərinə aid yaşayış yerləri, qədim Muğan və Bəcrəvan şəhərlərinin qalıqları burda yerləşir.
Miqyası
böyüyən abadlıq
Əvvəllərdə olduğu kimi bu ilin ilk rübündə də rayonda və quruculuq işləri rayon səlahiyyətlilərinin diqqət mərkəzində olmuşdur. Hazırda Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkı, Mədəniyyət Mərkəzi, 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəbləri, Muğan kəndində 2000 tonluq soyuducu kamera, Cəlilabad şəhər məscidində mərasim evi tikilir. Cəlilabad Tibb Kollecinin binası isə əsaslı surətdə təmir olunur. Ələt-Astara şosse yolunun Göytəpə şəhər Alar və Qarazəncir kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 15 kilometr olan hasarlar yenidən qurulur. Həmin yaşayış məntəqələrində, habelə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yaşayan vətəndaşlara məxsus 400-dən çox darvazanın eyni formalı, müasir görkəmli yeniləri ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. Yaxın günlərdə Cəlilabad şəhərində 3 körpələr evi - uşaq bağçasının, Kövzbulaq kəndində 360, İncilli kəndində isə 100 şagird yerlik məktəbin tikintisinə başlanılacaqdır.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində intensiv iş aparılır. Kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət verilir. Hazırda 23 yaşayış məntəqəsini əhatə edən 21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, 6 iri yaşayış məntəqəsini əhatə edən 22,4 kilometrlik Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əlqasımlı avtomobil yollarının tikintisi davam etdirilir. Tezliklə Alar-Günəşli avtomobil yolunun yenidən qurulmasına başlanılacaqdır.
Cəlilabad şəhərindən danışarkən son vaxtlar onun simasını dəyişdirən bir sıra layihələrdən danışmaq lazım gəlir. Cəlilabadlıların sevimli istirahət yeri olan Heydər Əliyev seyrəngahı daimi qələbəlik olur. Heydər Əliyev prospekti də əsaslı şəkildə yenidən qurulmuşdur. Prospektdəki 1,1 kilometrlik məsafəyə 19,4 min kvadrat metr asfalt döşənmişdir. Nəqliyyatın daha çox istifadə edildiyi bu ikitərəfli yolun hər iki sahili əsaslı surətdə yenidən qurulmuşdur. 5 hektar sahədə yerləşən seyrəngahda süni göl - fəvvarə, pilləli şəlalə yradılmış, uşaq əyləncə mərkəzi təşkil edilmişdir. Burda 5 istirahət koteci, 3 mərtəbəli hotel, kafe, çayxana, yeməkxana fəaliyyət göstərir. Heydər Əliyev prospektində müasir üslubda tikilmiş və milli ornamentlərlə bəzədilmiş yeraltı keçid də şəhərə yeni bir görkəm verir. Keçidin 2600-dən çox şagirdin təhsil aldığı 1 və 8 saylı şəhər orta məktəblərinin, eləcə də uşaq bağçası və tarix-diyarşünaslıq muzeyinin yaxınlığında yerləşməsi ilk növbədə uşaqların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Zərifə xanım Əliyevanın adını daşıyan 1100 şagird yerlik məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilmişdir. 3 və 4 mərtəbəli tədris korpuslarından ibarət olan məktəb ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Cəlilabad rayonunda aparılan tikinti-abadlıq işlərinin miqyası hər gün artmaqdadır. Bu isə nəticədə rahatlıq və gözəllik deməkdir.
Kəndlinin əkilən
torpağı, bəslənən mal-qarası olmalıdır
2014-cü ilin 1-ci rübündə də Cəlilabad rayonunda aqrar bölməni inkişaf etdirmək məqsədi ilə mümkün vasitələrdən maksimum istifadə edilmişdir. Kənd əməkçiləri tərəfindən 7973 hektarda yazlıq əkin aparılmışdır. Bunun 4100 hektarı kartof, 2500 hektarı noxud, 510 hektarı mərci, 527 hektarı vələmir,150 hektarı günəbaxan və digər bostan məhsulları təşkil edir. Ötən ilin payızında əkilən 65866 hektar taxıl, o cümlədən 61466 hektar buğda sahəsinə aqrotexniki qaydada qulluq edilməsi, regional gübrə bazası tərəfindən kənd əməkçilərinə güzəştli şərtlərlə satılan mineral gübrələrin sahələrə səpilməsi daha artıq məhsul götürüləcəyinə təminat verir.
(Ardı var)
Səxavət Məmmədli
Ədalət.-2014.-1 may.-S.7.