ÜRƏKDƏN CAVAB

 

Kitab oxucusu olmaq ədəbi-bədii aləmi daima səyahətdə olmaq deməkdir. Hər gün kitab oxumağa nəinki vaxt tapıram, həm də bu vərdiş özü məndən kitab oxumağa vaxt tapmağı tələb edir. Təkcə oxucu kimi oxuduqlarımın üstündən adlayıb keçə bilmirəm. Oxuduqlarımı özümlə gəzdirirəm. Yenidən müəllif fikirlərinə qayıdıram, yenilik axtarıram, üslub, süjet gəzirəm. Çox vaxt şeirlərdəki müasirliyi, yeniliyi, yeni söz yaradıcılığını görmək üçün həvəslənirəm. Tapdığım hər bir ürək sözünə xüsusi yanaşıram. Hətta sevinirəm də, gülürəm də. Əlbəttə, məni güldürən şeirdəki, hekayədəki yumor hissi deyil. Məni güldürən yenilik, süjet fərqi, müəllifin tutduğu fikirdə, qoruduğu hiss-həyəcanda, xüsusən yeni söz yaradıcılığındakı ifadə tərzidir.

Heç şübhəsiz, ayrı-ayrı müəlliflərdə bu dediklərim heç vaxt üst-üstə düşmür. Yanaşmalar müasirliyə yaxın gəlsə də, yeniliklərin oxşarlığı az olur, bəzən də heç olmur. Klassik ədəbiyyata oxşarlıq get-gedə aradan götürülür, ya da bir-iki şairdə və ya nasirdə deyiliş tərzi, oxucu ilə üz-üzə oturmaq bacarığı klassizmlə üst-üstə düşsə də, hadisələrin müasirliyi ədəbi əsərin iyirmi birinci əsrdə yazıldığını dana bilmir.

Bu günlərdə mətbuatdan tanıdığım, "Elimiz, günümüz" qəzetinin təsisçisi və baş redaktoru, filologiya elmləri namizədi, AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi Qiymət Məhərrəmlinin "Mənim ünvanımı ürəyinə yaz" şeirlər kitabını bir oxucuda gördüm. Əvvəl məni kitabın adı qane etdi. Oxucunu sanki kitabın adı özü çağırırdı. Xahiş edib aldım. Kitabla on dəqiqəlik tanışlıqdan, oxucu həsrətilə ayrıldım. Müəlliflə görüşməyə, kitab dalınca getməyə belə məndə həvəs yarandı. Görüşdüm. Elə yanında müəllif sözünün son cümləsi məni ürəkdən güldürdü. ... "Amma bu dəfə Qiymət Məhərrəmli imzalı könül adamını ünvan seçin ürəyinizə!.." Soruşmadı niyə gülürsən. Mən də dinmədim. Heç bir söz belə danışmadım. Ancaq bədii dilin gücü, bədii dilin sehri ondan tez aralanmağa, şeirləri tez oxumağa məcbur edirdi.

Maşına oturan kimi üç şeirini oxudum. Sonra sərbəst oldum. İlk misralar yaddaşımda qonaq oldu.

 

"Mənim ünvanımı ürəyinə yaz,

Şehli çəmənlərin çiçəyinə yaz..."

 

oxumadığım, eşitmədiyim ifadə idi. "Şehli çəmənlərin çiçəyinə yaz". Ədəbiyyatda şehli çəmənlərdə çox oynamışıq. Ancaq bu ifadə mənə bir yazar oxucu kimi heç vaxt rast gəlməyib.

Kitabın adı da maraqlı idi. Elə kitabın ilk misrasından götürülmüşdü. Bu misra heç şeirin mövzusu da deyildi. Sadəcə bir misra müəllif üçün mövzu seçimi olmuşdu. Yazarlar yaxşı bilir ki, ilk cümləni, ilk sözü tapmaq qədər düşüncə döyüntüsünə səbəb olur. İstedadlı xanım şairə necə rəvan ifadə ilə kitabın ilk misrası ilə oxucunu ovsunlayır.

"Sevgi cür olur" şeiri oxucunu yaxalamaya bilməz. Maraqlı odur ki, müəllif burada bu şeirə ön söz kimi yazır. "Sən yalnız sevgi şeirləri yaz!" - bunu çoxları deyib mənə, - deyir. Bu şeirə qədər oxuduqlarım onsuz da mənə qənaətimi, "Qiymət xanımın yalnız məhəbbət şairi olduğunu qəbul etdirmişdi. Yeri gəlmişkən, burada bir səhvimi etiraf edim. Mətbuatda bir şairənin həvəslə məhəbbətdən yazdığını oxudum. Müasir həyatda sevgi məhəbbətin cılızlaşdığını, ailələrin bu yazıqlaşmadan çəkdikləri əziyyəti görüb həmin xanım şairəyə cavab yazdım. "Ay bacım, eşq yalanın əlindən çəkilib göylərə. O yoxdur. Get plovunu bişir. O da cavab yazdı. "Düz sözə deyim, doğrusan müəllim",

Ancaq bu dəfə şairə Qiymət xanım məhəbbəti, sevgini elə ürək yanğısı ilə izah edir ki, gördüklərim qəlbimdə yazıqlaşırdı.

 

Sevgi cür olur, izahı varmığ

Düşüncəm - sevgidi, ruhum - sevgidi.

Görəsən, sevginin günahı varmığ

Göz yaşım - sevgidi, ahım - sevgidi.

 

ya

 

Torpaqda cücərən yaşıllıq deyil,

Sevgidir - Tanrının öz ülfət payı.

Sevgiyə dönməsə bil ki, haqq deyil

Təmizlik, halallıq, mərifət payı.

 

Şairə sevginin ilham gücü olduğunu oxucuya inandırır. Sevginin sehri ilə torpaq dirilir, torpağa sevgi gəlir. Təbiət bu sevgi ilə hər il qış yuxusundan oyanaraq bütün yaşatdıqlarını eşq ilə yenidən bəzəyir. Bunu şair oxucuya inandırırsa, bu şairin istedadının gücüdür. İstedadsa şairəyə məcbur edir ki, sevginin axarını insanların arasından çıxarıb dünyəviləşdirsin. Yaşadıqlarımıza, kainata, oxuduğumuz elmi biliklərə, həyat eşqinə, ümumiyyətlə, göz görən, qələm çəkən hər bir sahəyə aid etməyə qadir olsun. Bu deiklərimin hər sahəsinə aid bu kiçik, lakin böyük istedad gəzdirən kitabda yerində deyilmiş bədii lövhələr oxucuda heyrət doğurur, oxucunu özünə çəkir tabe edir.

 

Bu da bir sirr olub, yer yaranandan

İnsan olan niyə insanı sevdiğ!

Hikmətin nuruyla qəlb daranandan,

Məhəmmədi sevdi, İsanı sevdi.

 

ya

 

İdrakın gücü yox - dərk edə bilsin,

Yer niyə Göy ilə həmahəng dururğ

Sevgi qanad verir - yol gedə bilsin

İnsanın sınmayan eşqi, qüruru.

 

Məncə izaha ehtiyacı azdır. Bəli, yaranışın özünü eşq yaratmışdır. Böyük hikmətləri nura çevirən, böyük insanları qəlblərə paylayan, yerlə göyün üz-üzə duruşu, baxışı, bir-birinə səxavəti, sevginin, eşqin qələbəsi deyilmi, deyən şair bu hissləri hamıdan fərqli görür. Bu fərqli görünüşsə sevgini paylaşması anlamına çatdırır.

 

Hifz edib qoruyar hər ehtiyacdan,

Yedirər gözünün yağın bir ucdan.

Ucadır dünyada vallah, taxt-tacdan,

Ana məhəbbəti, ana zəhməti.

 

Bu mövzuda çox yazılıb, lakin buradakı deyim, buradakı fərqli düşüncə, buradakı övlad məhəbbətini şair tamam övlad eşqinin üstünə yıxır. Candan can verən ananın eşqi insan həyatını qurur, bu sevgi təkcə insanı yox, bütün canlılardakı ata-ana məhəbbətini öz-özünə cücərən həyata çevirir.

"Başımın tacı" adlı şeiri mənim üçün xüsusi maraq doğurdu. Şeirdə şairin doyduğu yerdə, yəni axırıncı bəndi nəzərdə tuturam, deyir:

 

Övlad - ər sevgisi olmaz ki çılğın,

Yoxdur bu istəyin ucu-bucağı.

Mənə həyat verir sənin varlığın,

Necə ki övlada ana qucağı.

 

Kaş bu şeiri bütün atalar oxuyaydı. O zaman hamı qadın hissinin təmizliyini, etibarlılığını, saflığını çox şirin bədii dillə anlayardı. Ər məhəbbəti bütün anaların gözündəki kimi qəlblərdə köhnələn yox, hər gün təzələnən məhəbbətə çevrilərdi.

Şairdə klassik şeirdəki sevgiyə oxşarlıq demək olar ki, əksər şeirlərində özünü qabarıq göstərir. Bu hal məshəti yanğısı kimi şairdən oxucuya hopur. "Can" şeirindən aşağıdakı bəndə diqqət yetirin:

 

Yarı canım yanındadı,

Yar, canımda gözün olsun.

Sən yarını göndər mənə,

Ürəyimdə izin olsun.

 

Klassik şeirimizdə eşqin, məhəbbətin, sevginin güclü olması, təbiətlə müqayisəsi, insanlara sanki Tanrı tərəfindən bir yanğı kimi göndərilməsi, o gücü bugünkü yazarlarımızın az tutması, məncə müasirliyi diqqətsiz qoymur. Bu mənada Qiymət xanım düşünüb yazmağı özündən tələb edir. "Getmisən" şeirindən bir bəndə diqqət yetirək:

 

Bəlkə xətrinə dəymişəm,

Onunçun çıxıb getmisən.

Həsrətini nar suyu tək,

Qəlbimə sıxıb getmisən.

 

Təkcə bunu deyə bilərəm, afərin, Qiymət xanım. Kitabda toplanan hər şeirdən nümunə götürməyə layiq olan bu şeir toplusunu mən heçiki-üç yüz şeiri olan toplulardan ayıra bilmirəm. Bu topluda şeirin sayı az olsa da, şair qəlbinin hər bir misraya məsuliyyətlə yanaşması, hər şeiri özünün parçası hesab etməsi, bu parçada mən yaşayacağam, onunçun məni ürəklərə yazın deməsi oxucu istəyində özünü təsdiqləyir.

Şair, əmin olun ki, bu kitabınızla siz ürəklərdə yaşayacaqsınız. Şeirləriniz kimi gəldiyiniz qənaət də ədəbiyyatsevərlərin qəlblərini ovsunlayıb, rahat buraxacaq.

Əlli yaşlı ürəyə Şirvana çıx, Azərbaycana çıx. Məshəti sevgisinə bulaş, eşqin, məhəbbətin şah şeirlərini Azərbaycan poeziyasının boyunbağısına düz və əlli ilyaşa, deyirəm.

 

Əvəz Suleyman

Şamaxı

Ədalət.-2014.-1 may.-S.6.