"YAZIÇIYA YAZMAQ QALACAQ"

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə

 

Günlərin bir günü qələm dostum, xalq yazıçısı Elçindən məktub aldım. Telefon söhbətlərimizdə onun həmişə işlətdiyi məşhur atalar sözü yadıma düşdü: "Hər şeyin təzəsi, dostun köhnəsi".

Məktubun müqəddiməsini, sonluğunu bir yana qoysaq, əsas fikir bu iki cümlədə ifadə olunmuşdu: "İlyas Əfəndiyev haqqında xatirələr kitabı nəşr olunacaqdır. Arzu edərdim ki, sizin də xatirələriniz bu kitabda əksini tapsın".

Məktub elə-belə, səbəbsiz yazılmamışdı. Elçin yaxşı bilirdi ki, İlyas müəllimlə aramızda uzun illərin simpatiyası, dostluğu olub. Hörmətli sənətkarımız mənə həmişə "əziz, mehriban dost" deyə müraciət edirdi.

Bu sözləri eşidəndə ürəyimdən bir işıq dalğası keçirdi, qürurlanırdım.

gİlyas müəllimin adını ilk dəfə 1950-ci ilin sentyabrında eşitmişəm. O zaman 6-cı sinifdə oxuyurdum. Qazaxda ikiillik Pedaqoji İnstitutu təzəcə bitirib kəndimizə gəlmiş Xıdır müəllim ilk dəfə ədəbiyyat dərsinə girəndə bizə belə bir sual verdi:

- Kim hansı kitabı oxuyub?

Ertəsi gün məni müəllimlər otağına çağırıb, bir kitab verdi.

- Öz kitabxanamdandır, - dedi, - oxuyub qaytararsan. İnanıram ki, xoşuna gələcək. İlk hekayəni oxuyandan sonra ayrılmayacaqsan.

Bu, İlyas Əfəndiyevin "Kənddən məktublar" kitabı idi - oxuduğum ilk bədii kitab.

Neçə gün onu əlimdən yerə qoya bilmədim. Oxudum, dönüb bir də oxudum. Beləcə, İlyas Əfəndiyevin ecazkar sənət dünyasının qapısını açdım.

Universitet illəri gəldi. Gözüm hər yerdə - kitabxanalarda, teatr afişalarında, qəzet və jurnal səhifələrində onun imzasını axtarırdı.

Radioda "Bahar suları" tamaşasının montajını dinlədim, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində "Atayevlər ailəsində" əsərinin tamaşasına baxdım. Ürəyimin başından işıqlı bir yol düşdü. Bu yol günlərin bir günündə məni əlçatmaz bildiyim bir sənətkarla - İlyas Əfəndiyevlə görüşdürdü.

O vaxtlar həm universitetin əyani şöbəsində oxuyur, həm də radionun Xarici Ölkələrə Verilişlər baş redaksiyasında müxbir işləyirdim. İlyas müəllimdən müsahibə götürməyə getmişdim. Ürəyim quş ürəyi kimi çırpınırdı.

Qapını açdığım o həyəcanlı anlar heç vaxt yadımdan çıxmaz. Bu görüşəcən xəyalımda İlyas müəllimin obrazını yaratmışdım: yaraşıqlı, xoşsifət, mehribang Yanılmamışdım. Cizgilərin üstünə ikisi də gəldi - işıqlı və şairanə.

İlyas müəllim Türkiyə, İran və ərəb ölkələrinin dinləyicilərinə öz yaradıcılıq planlarından geniş söz açdı. Elə ilhamla danışırdı kig İndi də o sözlər yadıma düşür. İlyas müəllim deyirdi:

- Ürəkdən od almayan söz sənətə çevrilə bilməz. Sənət - möcüzədir. Onun başlıca qayəsi insan adını uca tutmaq, humanizm missiyasını yerinə yetirmək, ürəklərdə ümid, inam işığı yandırmaqdır!

Onun ədəbiyyat, sənət haqqında fikirləri mənim düşüncələrimlə necə də həmahəng idi!

Mən maqnitofonu söndürəndə soruşdu:

- Necə dedim?

- Qiyamət!

Bu söz xoşuna gəldi.

- Görürsənmi, - dedi, - bizim Azərbaycan dili necə zəngin, tutumlu bir dildir, "qiyamət" sözünü neçə çalarda, neçə mənada işlətmək olar. Mənim aləmimdə dil yazıçının özünüifadə vasitəsi kimi birinci yerdə gedir. Yüksək bədii dil ilə yazılmayan əsər oxucu ürəyinə yol tapa bilməz.

- Elədir, - deyə onun sözünü təsdiqlədim. Sonra - İlyas müəllim, - dedim, - sizin diliniz bir aləmdir.

- Çox da tərifləmə.

- Həqiqi sözümdür. Adam su kimi içir sizin əsərlərinizi. Elə bil şeirlə yazılıb.

- Xoş sözlərə görə sağ ol! Hiss edirəm ki, mənim əsərlərimlə tanışsan.

- Bütün kitablarınız var məndə. Eləsi var ki, bir neçə dəfə oxumuşam.

- Onda bizim söhbətimiz müəlliflə oxucu dialoqu oldu kig

Mən gülümsəyərək:

- Əgər elədirsə, - dedim, - onda sizə sualım var.

- Buyur, məmnuniyyətlə cavab verərəm.

- Dilinizin bu şeiriyyəti, zənginliyi haradandır?

- Haradan? - Gözlərini azca qıydı. - İlk növbədə anam Bilqeyis xanımdan, el-obadan, yəni xalqdan, sonra da mütaliədən. Bunların üçü də vacibdir, çox vacib!

Ürəyimi oxuyurmuş kimi ad-familiyamı soruşub, rəfdən bir kitab götürdü. Və avtoqraf yazıb mənə verdi:

- Təzə kitabımdır, görünür, sənin qismətin imiş.

- Çox mübarək! - deyib ürəyim çırpına-çırpına kitabın titul vərəqini çevirdim. İlyas müəllim yazmışdı: "İstedadlı oxucum, gənc həmkarım Nahid Hacıyevə uğurlar arzusu ilə".

Açığını deyim ki, "istedadlı oxucu" sözünə ilk dəfə idi ki rast gəlirdim.

O, bunu hiss edərək:

- İstedadlı yazıçı olduğu kimi, istedadlı oxucu da var, - dedi. - Yəni müəllifi bütün varlığı ilə hiss edən, duyan, qiymətləndirən və onun mövqeyində dayanan oxucu.

Tanışlığımız səmimi ünsiyyətə, sonra isə dostluğa çevrildi. Söhbətimiz tuturdu. Adımdakı "a" hərfini uzadıb, xüsusi bir vurğu ilə "N a h i d" deyirdi. Mən isə ona "ustad" deyirdim. Hiss edirdim ki, bu sözü mənim dilimdən eşidəndə qəribə bir sevinc hissi keçirir.

1966-cı ilg Teleradio işçiləri üçün tikilmiş "Efir" kooperativinə təzəcə köçmüşdük. Qonşular yavaş-yavaş bir-birinə isinişirdi. Bir gün işdən qayıdanda düz bizim blokun qarşısında İlyas müəllimi oğlu Timuçinin sürdüyü "Volqa"dan düşən gördüm. Yaxınlaşıb görüşdüm.

- Ustad, bizim tərəflərə xoş gəlmisiniz.

- Sağ ol! - Əlini əlimdən buraxmayaraq, - Sən də burada yaşayırsan? - deyə soruşdu.

Mən başımın işarəsi ilə ikinci mərtəbəni göstərdim.

- Bax, orada oluram.

- Deməli, mənim bacım Nazihə ilə qonşusunuz.

Elə bu an bizdən iki mərtəbə yuxarıda yaşayan Nazihə xanımın həyat yoldaşı Üzeyir həkim qaçaraq gəldi. İlyas müəllim ikimizə də müraciətlə:

- Tanışlığınız varmı? - dedi.

Üzeyir həkim məni qabaqladı:

- Elə ilk gündən qaynayıb-qarışmışıq. Aramızda mehribançılıq, xətir-hörmət var.

- Çox şadam!

İlyas müəllimin anası Bilqeyis xanım çox vaxt burada - qızının yanında qalırdı. Görürdüm ki, İlyas müəllim də tez-tez anasına baş çəkməyə gəlir.

Bir gün Üzeyir həkim qapımızın zəngini çalıb:

- İlyas müəllim bizdədir, - dedi, - səni görmək istəyir.

Üzeyir həkimgilə qalxanda gördüm ki, plov süfrəsi açılıb. İlyas müəllimin qardaşı, "Azərnəşr"in baş redaktoru Mustafa Əfəndiyev də burada idi. Düzünü deyim, bu, o qədər də ürəyimdən olmadı. Çünki aramızda bir soyuqluq yaranmışdı. İlyas müəllim soruşdu: - Tanışsınızmı?

- Yox, - Mustafa müəllim başını tərpətdi.

Mən isə:

- Mustafa müəllimi yaxşı tanıyıram, - dedim. - Tərcümələrini çox oxumuşam.

Hiss etdim ki, sözlərim Mustafa müəllimin xoşuna gəldi. Onun sifəti işıqlandı. Tezcə də əlavə elədim:

- Ancaq, İlyas müəllim, qardaşınızdan sizə balaca gileyim var. Sonraya qalsıng

Soyuqluğun da səbəbi bu idi ki, onların qardaşı Tofiq Əfəndiyev radionun "Ədəbiyyat və incəsənət" redaksiyasının müdiri işləyəndə əməkdaşlar arasında nəsə bir gərginlik yaranmışdı. Ona görə də Teleradio Komitəsinin sədri Ənvər Əlibəylinin məsləhəti ilə redaksiya iki şöbəyə "Ədəbiyyat" və "İncəsənət" şöbələrinə bölündü. Mən o zaman "Kənd təsərrüfatı" redaksiyasının müdiri idim. Gözlənilmədən mənə "Ədəbiyyat" şöbəsinə müdir olmağı təklif etdilər.

Tofiq müəllimlə bir-birimizə hüsn-rəğbətimiz, dostyana münasibətimiz var idi. Ona görə də mən razılıq vermədim. Tofiq müəllim isə təkid etdi:

- Ənvər müəllim mənə deyir ki, "İncəsənət" şöbəsi üçün yeni kadrlar yığ, yaxşı bir kollektiv yarat. Açığı yorulmuşam, bir az da bezmişəm. İlyas ərizə verib Yazıçılar İttifaqının katibliyindən könüllü getdi. Uduzdu? Yox! Ən yaxşı əsərlərini ondan sonra yazdı. Burada da iş mənim vaxtımı əlimdən alır. Bir yandan da əsəbilik. Yazmağa vaxt qalmır. Ömür də su kimi axıb gedir.

gİlyas müəllim süfrəyə çay gələndə mənə sarı döndü:

- Yaxşı, heç demədin, Mustafa ilə niyə dəyib aranız? - dedi.

Mustafa müəllim məni qabaqladı:

- İlyas, Nahiddə heç bir günah yox imiş. Tofiqin işdən getməsinə görə ondan bir balaca incimişdim. Nə gizlədim, kitabını da plandan çıxarmışdım. Ancaq insafən nə zəng elədi, nə də zəng elətdirdi. Sonra hər şey aydın oldu mənə. Tofiq özü də dedi ki, Nahidlik bir iş yoxdur. Mənim yerimdə elə o işləsə yaxşıdır.

İlyas müəllim gülümsəyərək:

- Nahid bizim adamdır, - dedi, - ümumi dostumuzdur. Tofiq ondan həmişə ürəklə danışır. Mən də o fikirdəyəm ki, elə yaxşı eləyib Nahidi qoyublar "Ədəbiyyat" şöbəsinə müdir. Zövqü də var, yazı-pozusu da.

İlyas müəllim "dostumuzdur" sözünü xüsusi vurğu ilə dedi. Bu sözdə qəlbən bir mehribançılıq, ürək genişliyi hiss etdim. Həmin gündən Mustafa Əfəndiyevlə əməlli-başlı dostlaşdıqg

İlyas Əfəndiyev həmişə düzlüyün, haqqın, ədalətin tərəfində duran bir insan idi. Bəlkə də elə buna görəydi ki, böyük H.Cavidin "Şeyx Sənan" pyesindən "Gedəlim, haqqa iltiza edəlim" sözləri dilində təhkiyeyi-kəlama dönmüşdü. Bu, elə bil onun həyat çağırışı idi.

O, insan qəlbinin dərinliklərinə psixoloq, dünyaya isə şair və rəssam gözü ilə baxırdı.

Hərdən düşünürəm: "Məni İlyas Əfəndiyevin şəxsiyyətinə, çoxşaxəli yaradıcılığına bağlayan nədir?". Özlüyümdə yəqin etmişəm ki, bunun birinci səbəbi onun səmimiyyəti və əsərlərinin işıq dolu bir sənətkar olmasıdır.

İlyas Əfəndiyevin səmimiyyəti - böyük hərflərlə yazılacaq səmimiyyətdir.

Radioda, televiziyada işlədiyim illərdə həmişə ona ürəklə, ərklə zəng edirdim. Hər hansı bir hadisə ilə bağlı efirdə mötəbər sənətkar sözü demək lazım gələndə ona üz tuturdum. O, belə çıxışları xoşlamasa da, sözümdən də çıxa bilmirdi. Bəzən isə deyirdi: "Əlimin altında yazı var. Heç cür ayrıla bilmərəm. Borclu-borclunun sağlığını istər".

 

(Ardı var)

 

Nahid Hacızadə

Ədalət.-2014.-3 may.-S.21.