CƏNGƏSƏRİN CƏNGAVƏRİ

Ağacəfər Həsənli - 60

 

Poeziya sirli-sehrli aləmdir, möcüzəli dünyadır. Əsl şeir, həqiqi poetik nümunələr fikir, hiss və düşüncənin qeyri-adi şəkildə ifadəsidir ki, oxucunu sehrləyir, onu düşündürür, sözün güc və qüdrətini ona dərk etdirir. Söz həqiqi mənada bir rəngdədirsə, məcazi mənada daşıdığı məna yükü ölçüyəgəlməzdir və bu da ən çox şeir dilində öz parlaq əksini tapır.

Ağacəfər Həsənli müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Qırx ildən artıqdır ki, poeziya sahəsində dəyərli nümunələr yaradır və bu müddət ərzində iyirmidən artıq kitabı çap olunmuş, görkəmli söz ustaları onun yaradıcılığı barədə qiymətli fikirlər söyləmişlər. İlk kitabı "Arxamca atılan su" adlanırdı. Su aydınlıqdır. Şairin "arxasınca atılan su" onun poeziyadakı yoluna nur çilədi, ona uğur gətirdi. Bu yaxınlarda şair "İlğım" ("Aspostrof" nəşriyyatı, Bakı-2014) toplusu ilə oxucuların görüşünə gəlmişdir. Kitaba şairin son vaxtlarda qələmə aldığı əsərləri toplanmışdır. İlğım həyat uğrunda mübarizədir. Bu ad Həzrət İbrahim (ə.) və Həzrət İsmayıl (ə.) peyğəmbərləri yadımıza salır. Qadir Allahın hökmü ilə İbrahim (ə.) peyğəmbər körpə İsmayılı anası Həcərlə indiki Kəbə evinin yerləşdiyi susuz, otsuz çölə aparır və özü geri qayıdır. Suyu qurtaran ana körpəsinin xilası üçün Səfa və Mərvə təpələrində gözünə görünən ilğımı su hesab edib axtarışa başlayır. Qadir Allahın rəhmət və mərhəməti tükənməzdir, isti qum üstündə ağlayıb çapalayan körpənin ayaqları altından Zəmzəm bulağını cari eləyir və min illərdir ki, insanlar bu sudan təbərrik kimi istifadə edirlər. "İlğım" şeirinin sonu bu sözlərlə qurtarır:

 

İlğımdı Zəmzəmin, Kövsərin suyu,

İlğımdı, yuxudu, röyadı həyat.

 

Fikrimizcə, A.Həsənlinin poeziyada ən böyük uğuru odur ki, şair öz üslubu, dəst-xətti, ifadə tərzi ilə digərlərindən seçilir, sözə həssaslıqla yanaşır. "Ölüm yatağı" şeirində şairin sözə münasibəti poetik tərzdə bu cür alınıb.

 

Sözün ölüm yatağından

yavaş-yavaş qalxıram ayağa.

Kəsilir ağrı, yarılır bağrı.

And olsun sözə!

Sözdən umduğumu

doğmalarımdan ummamışam

Xirtdəyimdə nəfəsimi tutub -

heç vaxt sözü udmamışam.

 

Söz İlahinin bəndəsinə bəxş elədiyi ən dəyərli nemətlərdən biridir. Söz xiridarları üçün bu daha qiymətlidir. Şair tez-tez söz mövzusuna müraciət edir və hər dəfə uğurlu nəticə alınır. "Səfər" şeirində olduğu kimi:

 

Sfət bitib tükənmir -

ömür zəmisində

tale gəmisində.

misra döngəsində

söz uğrunda vuruşan

şir ürəkli şairin

igidlik kölgəsində...

 

A.Həsənlinin müşahidə qabiliyyəti olduqca güclüdür, heç nə gözündən yayınmır. O, tez-tez xarici ölkələrdə səfərlərdə olur, həmyerlilərilə görüşüronlar barədə çoxlu yazılar qələmə alıb, kitablar şəklində nəşr elətdirib. Şair üçün vətənin sərhədləri qloballaşan dünyadır, Azərbaycandan uzaqlarda vətən eşqi ilə çalışan, böyük uğurlar əldə edən insanlardır. "Qurtarmır Vətən" şeirinin son bəndində deyilir:

 

Müqəddəs ruhların behişt yeridir,

ocaq Azərbaycan, pir Azərbaycan.

Harda baş ucaldan övladı varsa,

orda bərqərardır bir Azərbaycan.

 

Vaxt, zaman ölçüdür, meyardır. Hamımız vaxta möhtacıq, o isə heç kimdən asılı deyil. İşləyən, çalışan, oxuyan, özü-özünü hesabata çəkən qazanır. Şair tez-tez vaxt mövzusuna müraciət edir, insanları onun qədrini bilməyə, hər anından səmərəli istifadəyə çağırır. "Vaxt", "Məmur zaman", "Dahinin adına zaman" şeirləri bu mövzudadır. "Vaxt" şeirində oxuyuruq:

 

Vaxt gözləmədən

şığıyır üstümə,

yalnız təqvimin son günü

atəşkəsi pozur-dayanır.

İlayrıcında hesabat istəyir.

Şairin sadəliyi, səmimiliyi, təvazökarlığı, şükranlığı şeir vasitəsilə dil açıb və oxucunu da həmişə qadir Allaha təvəkkül etməyə, hamı ilə mehriban olmağa çağırır. "Bəyaz şimal gecəsi" əsərində müəllif yazır:

 

Allahıma minnətdaram

o qədər sadəlik verib -

hazıram düşməyə bir səfil kimi

hamının ayağına.

Baxmaq istəmirəm adamların

çoxbilmişinə, ayığına, sayığına.

 

Şeirin sonunda müəllif pak yaşanan ömrü, bəyaz şimal gecəsi"nə bənzədir və belə ömrə ehtiramsevgisini bildirir.

Təbiət hadisələri həmişə insanda müəyyən assosiasiyalar yaradır. A.Həsənlinin ətraf aləmə, təbiət hadisələrinə münasibəti özünəməxsusdur, poetik cəhətdən axıcı, mənalı və diqqəti çəkəndir. "Bulud" şeirindən bir parçaya diqqət edək:

 

Şalvarlı ağaclar,

pencəkli çiçəklər,

pencərli yamaclar.

Şlyapalı göbələklər

əyninə çəkir buludu.

 

Azərbaycan ədəbiyyatında bir çox şairlərin əsələrində böynübükük bənövşə qəm, kədər simvolu kimi təsvir olunmuşdur. Ancaq A.Həsənlinin bu zərif gülə münasibəti fərqlidir. O, baharın ilk müjdəçisi olan bənövşəni bəxtəvər adlandırır və "Cəld, səhlənkar" şeirində onu oxucuya belə təqdim edir:

 

Çiçəklərin ən cəldi

gündəmə gəldi, -

bəxtəvər bənövşədir...

Yüyürür, qaçır,

gözünü birinci açır...

 

Kitabda müəllifin dostlarına ünvanladığı bir neçə ithaf şeiriyer alıb. Ötən əsrdə 167 yaşında dünyasını dəyişmiş, planetimizin ən qocaman sakini olmuş Şirəli babanın nəvəsi həkim Eldar Hacıyevi şair xeyirxah, dostluqda sadiq, əliaçıq, səxavətli, kasıba əl tutan nəcib bir insan kimi oxuculara təqdim edironu "insanlıq bağının bağbanı" adlandırır:

 

Oğlusan bir nəslin, bir nəcabətin,

dillərdə əzbərdir Şirəli baban.

Cavanlıq yaşından elə nəcibdin,

olmusan insanlıq bağına bağban.

 

"İlğım" kitabında müəllifin iki poeması da verilmişdir. "Özümə məktub" əsəri avtobioqrafik poemadır, şair öz həyatının müəyyən anlarını poetik dillə qələmə almışdır. Bütövlükdə bu əsər axıcıdır, rəvandır, tez oxunur kənd yerində böyümüş hər bir oxucuya uşaqlığını, gəncliyini xatırladır. Əsərin "Böyüyürdüm" hissəsindən fikrimizin əyaniliyi üçün iki bəndə diqqət yetirək:

 

söz dilimdən gəlmişdi

o əlimdən gəlmişdi.

Kişi belindən gəlmişdim,

şumnan, belnən böyüyürdüm.

 

Başım daşdan-daşa dəydi,

ömür Tanrıdan töhvəydi.

Qarşımda qara lövhəydi -

ağ-ağ melnən böyüyürdüm.

 

Həyat həqiqətlərinin vəsfi poemanın əsas leytmotividir. Şair, həyat müəllimi, ilk ustadı ona hamıdan çox həyan olan Məstəgül bibisindən sonsuz məhəbbətlə söz açır. Anadan kor doğulan, lakin "ağı qaradan, göyü sarıdan, dağı dərədən" asanlıqla seçən bibinin bəsirət gözü həmişə açıqdır, fəhmi ilə hər şeyi çox gözəl görür, qadir Allaha həmişə şükürlüdür. Tanrı qismətini taleyi kimi qəbul edir, şikayət etmir, heç vaxt ibadətindən qalmır:

 

Səhər erkən oyanırdı,

dururdu sübh namazına.

Səs-səsə dayanan quşlar

heyran idi avazına.

 

Şair əsərdə məktəb illərindən, müəllimlərindən, bu gün həyatın müxtəlif sahələrində çalışan şagird yoldaşlarından maraqla danışır. Bu xoş xatirələr bizi doğma torpağa, o illərə qaytarır. Müəllif sonda haqqında deyilənlər barədə söz açır poemanı aşağıdakı misralarla bitirir:

 

İndi öz içimdən boylanır bir "mən"

qulaq kəsilmişəm neyin səsinə.

Doydum bu dünyanın naz-nemətindən,

oturmuşam Sözün şam süfrəsində.

 

Bəli, şair üçün dünyanın bütün naz-nemətindən ən üstünü "Sözün şam süfrəsi"dir ki, pərəstişkarları da bundan bəhrələnir minnətdarlıq edirlər.

"Vahimə" poeması Qarabağ mövzusunda qələmə alınmış ən dəyərli əsərlərdən biri hesab oluna bilər. Şair "Arxalı köpək qurd basar" Azərbaycan atalar sözünü əsərə epiqraf seçmişdir və poemanın məzmun və ideyasına tam uyğundur. Müharibə qorxudur, həyəcandır, neçə-neçə kəndin, şəhərin xarabazara çevrilməsidir. Müharibə insanlar üçün vahimədir, uşaqların atasız, qadınların ərsiz qalmasıdır. Xəbis niyyətlər, insanlığa qənim kəsilənlər nifaq yaradır, müharibə törədirlər. Şair bu əsər vasitəsilə "arxalı köpəklərə", vahimə yaradanlara nifrətini bildirir.

A.Həsənli elinə, obasına, yurduna bağlı insandır, çörək kəsdiyi, münasibətdə olduğu adamları heç vaxt unutmur. O düz qırx il bundan əvvəl Lerikin Anzolu kənd məktəbində çiyin-çiyinə işlədiyi gözəl insan, ali dərəcəli müəllim Hacı Elxan Ağayevə müraciətlə qələmə aldığı "Dağlar" şeirində yazır:

 

Boşalır arzunun, istəyin bağı,

Cəngəsərdə kəklik kəsilir yağı...

Bakıda yığışmır əlim-ayağım,

gəlib-getməkdən də doymuram, dağlar.

 

Ağacəfər heyran idi daşına,

sizdən ayrılandan döyür başına.

Yaşım gəlib çatır ahıl yaşına,

özümü o yerə qoymuram, dağlar.

 

Cəngəsər Talış dağları silsiləsində olan əzəmətli dağlardan birinin adıdır. Şairin doğulduğu, boya-başa çatdığı Rvarud kəndi bu dağın ətəyinə sığınıb. Cəngəsər sözü döyüş meydanının başı mənasındadır. Ağacəfər həyatda nə qədər sakit təbiətli, sadə, səmimi, təvazökar olsa da, poeziya meydanında, söz kəhkəşanında, radioda, televiziya ekranlarında, publisistikada cəsurluğunu, cəngavərliyini çoxdan sübut edib. O, Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatın Təbliği Bürosu və Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatlarının laureatıdır. Şair həm də qardaş Türkiyə Cümhuriyyətində keçirilən Qaracaoğlan Poeziya Festivalının qalibiTÜRKSOY-un mükafatlarını almışdır.

Bizşair qardaşımızı anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları, cansağlığı, Lerikin uzunömürlü qocaları - Vahab baba, Mahmud baba, Şirəli baba qədər uzun ömür arzulayırıq.

 

Bayram Aslanov,

ali dərəcəli müəllim

Ədalət.-2014.-6 may.-S.5.