İNDİ ŞƏKİDƏ BÜTÜN MƏSƏLƏLƏRİN ANA XƏTTİ YALNIZ YÜKSƏLİŞDƏN KEÇİR

(əvvəli ötən sayımızda)

 

Üçüncü Dövlət Proqramı və "Sənaye ili"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsidir. Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident demişdir: "İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. 2018 - ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır".

Məlum olduğu kimi 2014-cü il "Sənaye ili" elan edilmişdir və ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini xüsusi olaraq vurğulamış və bu göstərişin icra edilməsini tələb etmişdir. Cənab Prezident demişdir: "Əlbəttə ki, bizim əsas sənaye mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri bizim əsas sənaye mərkəzlərimizdir. Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları yaradılmalıdır və sənayenin inkişafı daha da sürətlə getməlidir".

Şəki rayonunda inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri ipəkçılık sənayesidir. Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq, müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaqdır.

10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində bu sahənin inkişafına 50 milyon manatdan çox sərmayə qoyuluşu planlaşdırılır. Nəticədə rayonda 2 min daimi, 8 min mövsümü yeri yaradılacaq. Layihənin həyata keçirilməsi nəticəsində nəinki Şəkidə, ümumilikdə, respublikamızda ipəkçilik sənayesinin inkişafında yeni mərhələ başlayacaq.

Rayonda, həmçinin, hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihə həyata keçirilir. Hind toyuğunun dietik məhsul olduğunu nəzərə alaraq ondan hazırlanmış məhsullar insan orqanizmi üçün sağlam qida hesab olunur.

Bundan başqa, Azərbaycan əsasən müsəlman ölkəsi olduğundan, hind toyuğu əti donuz ətinə alternativ olaraq götürülürondan hazırlanmış məmulatlar - kolbasa, sosiska, yarımfabrikat məhsulları və sair hami tərəfindən qida üçün qənaətbəxş qəbul olunur.

Layihədə il ərzində 5 min ton hind toyuğu əti və ət məhsullarının istehsalı nəzərdə tutulmuşdur.

Layihə üzrə Şəkinin Çeşməli, Göybulaq, Daşbulaq, Çolaqlı və digər kəndlərində hind toyuğu yetişdirilməsi və saxlanılması üçün fermaların, yem fabriklərinin və kombinə edilmiş yem zavodunun və"Kainat" ASC-də emal zavodunun yaradılması nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində nəzərdə tutulan kombinə edilmiş yem zavodu fabrikdən hind toyuğu ətinin istehsalı zamanı yaranan tullantıların yenidən kombinə edilmiş yem kimi emal olunaraq istifadəsinə gətirəcəkdir ki, bu da fabrikdən çıxan tullantıların sayını nəzərə çarpacaq dərəcədə azaldacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi yerləri açılacaq və rayonun infrastrukturutikinti sahəsinə milyonlarla sərmayə qoyuluşu cəlb olunacaqdır.

 

Kənd təsərrüfatı bütün istiqamətlərdə inkişaf edir

 

Ötən illərdə olduğu kimi, bu ilin I rübündə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. İndiyədək 1768 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdirbu proses davam etdirilir. Ümumiyyətlə, rayonda yazlıq və payızlıq bitki əkinlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi diqqət mərkəzində saxlanmışdır. Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satış təşkilinə köməklik göstərilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşıda duran həlli vacib məsələlərdəndir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2014.-6 may.-S.7.