"YAZIÇIYA YAZMAQ QALACAQ"

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə

 

 (əvvəli ötən sayımızda)

Mən də dərinə getmirdim...

Bir dəfə İlyas müəllim gileyləndi ki, aləm qarışıb, hər yetəni Yazıçılar İttifaqına qəbul edirlər. Onun sözünü təsdiqlədim:

- Düz deyirsiniz.

Birdən gözləmədiyim halda:

- Sən neçə ildi İttifaqın üzvüsən? - deyə soruşdu.

- Heç neçə...

- Ola bilməz?.. - səsinin ahəngi birdən-birə dəyişdi. - Sənin üzü Moskvadan bəri bu qədər əsərin nəşr olunub, "Sovetski pisatel" nəşriyyatı hər adamı çap eləmir. Orada o boyda kitabın çıxıb. Yazıçılar İttifaqının rəhbərləri, qəbul komissiyasının üzvləri bunu niyə görmürlər?

- İlyas müəllim, yazıçılıq adı çox ağır addır... Açığı bir az özümdə də var.

- Şadam ki, ədəbiyyatın, sənətin məsuliyyətini yaxşı başa düşürsən. Ancaq təvazökarlığın da bir həddi-hüdudu var. - Səsinə qətiyyət verdi. - Bir zəmanəti mən yazacağam. İkisini də kimə desən yazar. Vaxt itirmə!

Mən 1980-ci ildə böyük sənətkarımızın xeyir-duası ilə Yazıçılar İttifaqına üzv qəbul olundum. Bundan həmişə bir qürur, iftixar hissi duyuram.

İlyas müəllim görüşlərimizdə tez-tez soruşurdu:

- Nə yazırsan?

- Demək olar ki, heç nə.

- Nahaq, çox nahaq.

- Vaxt yoxdur, iş-gücdən baş açmaq olmur.

Gülə-gülə deyirdi:

- Oğurluq pis şeydir. Ancaq vaxtı oğurlamaq lazımdır. Bütün sevinclərin, nəşələrin, dərdin, qəmin əlindən onu qoparıb almaq lazımdır! Məsləhətim budur: - Yuxuna haram qat. Saat yeddidə qalx, gündə bircə saat işlə. Səhərlər adamın beyni duru olur. Məndən sənə əmanət: Yazıçıya yazmaq qalacaq, yazıçının borcu yazmaq, yazmaq, yenə yazmaqdır.

Böyük minnətdarlıqla xatırlayıram... Az-çox nəşr etdirdiyim əsərlər ustad sənətkarın tövsiyəsi ilə yazılıb - səhərin erkən çağlarında, yuxularımdan vaxt oğurlaya-oğurlaya.

O, ədəbi qruplaşmalardan, çəkişmələrdən, intriqalardan həmişə uzaq dururdu. Gur məclisləri o qədər də sevmirdi. Özünəməxsus sirli-sehrli bir aləmi var idi: iş otağı, yazı stolu, dünya ədəbiyyatından seçmə kitablar, bir də teatr...

- Gecə-gündüz mütaliə etmədən, qələmi cilalamadan oxucunun zövqünü oxşamaq çətindir, - deyirdi. - İdmançıya aramsız məşq lazım olduğu kimi, yazıçıya da davamlı mütaliə hava, su kimi lazımdır. Dünya ədəbi prosesindən geri qaldın, eləcə də qalacaqsan...

Ömrünün son anlarına kimi həyat eşqi onu tərk etməmişdi. Gənclik duyğuları ilə yaşayırdı, qocalığı yaxına buraxmırdı. Şairanəlik, poetik duyum, hisslərin zənginliyi, axıcı, cazibədar dil... Bütün bunlar onun son yazılarınacan qələmindən çıxan hekayə və povestlərin, pyes və romanların canı, cövhəri, qanadıydı.

İş otağında kitab rəflərindən birindən Ernest Heminqueyin məşhur portreti baxırdı. İlyas müəllim deyirdi:

- Onu həyatda və sənətdə mərdanəliyinə görə sevirəm.

Bu sözlər yazıçının sənətkar və şəxsiyyət barədə düşüncələrinin ifadəsi idi.

O, qələm dostları ilə bağlı söhbətləri çox xoşlayırdı. Bir də görürdün Səməd Vurğundan, Süleyman Rəhimovdan, Əbülhəsəndən, Əli Vəliyevdən, Mehdi Hüseyndən söz saldı. Ürəyində onların hər biri haqqında nə qədər xatirələr yatırdı! Bunlardan kağıza köçüb yaşayanı da var, ürəkdə gedəni də...

Səməd Vurğunla bağlı dostluq duyğularını "Şair və ovçu", bir də "Səməd Vurğun haqqında hekayə" əsərlərində lirik, romantik, bir az da hüznlü ovqatla qələmə almışdır.

Xalq yazıçısı Əli Vəliyevin adını həmişə xüsusi hörmət və minnətdarlıqla çəkirdi. Yeri gələndə bu qocaman sənətkarın başına gələn, ya da onunla bağlı olan əhvalatları dost məhəbbəti ilə, xəfif bir yumorla məzələnə-məzələnə danışırdı. Həmin əhvalatlardan biri belədir:

"...Cavan yaşlarımda "Kommunist" qəzetində oçerkist işləyirdim. Əli Vəliyev də redaktor idi. Hər addımda ondan qayğı görürdüm. İlk hekayələrimin bir çoxunun oxucusu olan, geniş ürəklə onu qiymətləndirən, çapına kömək edən Əli Qaraoğluya çox borcluyam.

Yeni bir hekayə bitirmişdim. Qəzetə vermək istəyirdim. Əli Qaraoğlu naxoşladığından işə çıxmamışdı. Səbrim çatmadı, evlərinə getdim. Dedim: "Həm ziyarət, həm ticarət".

O, taxtda balınca dirsəklənib uzanmışdı. Kefsiz idi. Məni görən kimi özünə məxsus səslə:

- Gəl, gəl utanma! - dedi.

Hal-əhval tutduq. Birdən qayıtdı ki, bəs o kulyokdakı nədir?

- Meyvə.

- Meyvənin adı yoxdur?

- Var: alma, armud, nar...

- Alma ilə armudu yaxşı eləyib almısan, narla o qədər də aram yoxdur.

Əli Qaraoğlounun ömür-gün yoldaşı Qumru xanım söhbətə qarışdı:

- Ay Əli, uşağı niyə sıxma-boğmaya salmısan?

- Neyləyirəm, söz soruşuram da. Yoxsa, yerliçilik eləmək istəyirsən, Qumru xanım?

- Eləyəndə nə olar? Siz hamınız - Süleyman da, sən də eləyəndə olur, biz isə yox?

Söhbət məni ürəkləndirdi.

- Əli müəllim...

- Ə, mıs-mıs deyincə, birdəfəlik Mustafa de!

- Hekayə gətirmişəm.

- Yaxşı eləmisən, lap əlinin içindən gəlib, oxu! - Qumru xanıma sarı döndü. - Sən də gəl qulaq as, görək İlyas bizi nə ilə feyziyab eləyir.

Ürəyim döyünə-döyünə hekayəni oxumağa başladım. Azca keçmişdi ki, Qumru xanım ərkyanalıqla qolumu sıxdı:

- Ay İlyas, canın yansın, nə yaxşı yazmısan!

Hekayəni oxuyub qurtarıncaya qədər Qumru xanımın bu sözləri bir neçə dəfə təkrar olundu. Oxunuşu başa çatdırıb dərindən nəfəs aldım. Gözüm Əli Qaraoğlunun üzündə idi. O isə insafa gələnə oxşamırdı. Axırda özüm soruşmalı oldum:

- Əli müəllim, fikriniz necədir?

- Bizim evdə iki fikir ola bilməz. - Əli Qaraoğlu qəribə bir baxışla məni süzdü. - Qumru xanım demədi? Bəsin deyil?

- Bəsimdi! - sevincək oldum.

Hekayəni alıb üstünə iri, oxunaqlı hərflərlə "çapa" sözünü yazdı, qol çəkdi və tarix qoydu.

...O, radio və televiziya ilə çox bağlı sənətkarlarımızdan biri idi. Efirin qədir-qiymətini, həm də qüdrətini yaxşı bilirdi. Deyirdi: "Efir bir möcüzədir, onun "tirajı" fantastikdir. Bir göz qırpımında səni milyonlarla görüşdürür, aləmə tanıdır".

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda "Sən həmişə mənimləsən" pyesinin montajı Ümumittifaq radiosunda səslənəndən sonra müəllifin ünvanına Uzaq Şərqdən, Sibirdən, Pribaltika respublikalarından tutmuş Ukraynayacan, saysız-hesabsız kənd və şəhərlərdən axın-axın məktublar gəlirdi. İlyas müəllim necə də sevinirdi!

O, çox zaman hekayələrini qəzetdə, jurnalda dərc olunmazdan əvvəl radioya, bəzən də televiziyaya verirdi. İndi Azərbaycan radiosunun "Qızıl fondu"nda onun əsərlərinin böyük əksəriyyətinin lent yazıları bir tutya kimi saxlanılır.

Telefon danışıqlarımızın birində dedi:

- Əziz, mehriban dost, bilirsən ki, biz Səməd Vurğunla qardaş kimi olmuşuq.

- İlyas müəllim, - dedim, - bunu tək mən yox, bütün Azərbaycan bilir. "Şair və ovçu" hekayəniz bu məhəbbətin nişanəsidir.

- Təzə bir hekayə də yazmışam.

- Çox mübarək!

Sözünə ara vermədən:

- Adı da belədir: "Səməd Vurğun haqqında hekayə". Şairin Kəlbəcərdə aşıq Şəmşirlə görüşündən, dağlarla vidalaşmasından bəhs edilir. Ürəklə yazmışam, məncə təsirli çıxıb.

- Çapa vermisiz?

- Yox, istəyirəm əvvəlcə televiziyada oxunsun.

Mən duruxdum. İlyas müəllim bunu nəfəsimdən hiss etdi:

- Yığcam hekayədir, - dedi. - Uzağı yarım saat çəkər efirdə. Özü də Həsən Turabovun boyuna biçilib.

Doğrudan da hekayə Səməd Vurğuna böyük məhəbbətlə, poetik dillə yazılmışdı. Gözəl sənətkarımız, xalq artisti Həsən Turabov onu qəlbinin süzgəcindən keçirib ustalıqla tamaşaçılara çatdırdı. Məktubların, minnətdarlıq zənglərinin ağzı açıldı və hekayənin videoyazısı təkrar-təkrar göstərildi.

...Televiziyanın yarandığı ilk vaxtlarda İlyas müəllim o zaman komitəmizin sədri Teymur Əliyevin (Teymur Elçin) sifarişi ilə "On manatlıq lüstür" adlı televiziya pyesi yazmışdı. Tanınmış rejissor Rauf Kazımovskinin quruluşunda əsərin ekran təcəssümü çox cazibədar və mənalı alınmışdı. Baş rolları Barat Şəkinskaya və Lütfi Məmmədbəyov oynayırdılar.

Burada çox ciddi məsələlərə toxunulurdu. Mərkəzi Komitədən zəng oldu. Tamaşada təsvir edilən hadisələri özünə götürən və müəllifi telefonda hədələyənlər də tapıldı. Əsər, sözün əsl mənasında geniş mübahisə doğurdu. "On manatlıq lüstür" yeni bir janrın, sənət növünün yaranmasından xəbər verməklə, Azərbaycan televiziyasında bir manifest tamaşası kimi başlanğıc oldu. Çox təəssüf ki, o zaman texniki imkanlar olmadığına görə tamaşanın videoyazısı qalmayıb. Ancaq yaşlı nəslin yaddaşında bir sənət nümunəsi kimi hələ də yaşamaqdadır.

İlyas müəllimin "Qırçı və qızıl çiçək" hekayəsi əsasında əməkdar incəsənət xadimi Arif Babayevin hazırladığı televiziya tamaşası da poetik bir nəğmə kimi ürəklərdən silinməyib. Bununla yanaşı "Yun şal", "Bizi dağlarda axtarın" bədii televiziya filmləri "Qızıl fond"a daxil olub.

...Radio və televiziyada ədəbi verilişlərin hazırlanmasında, tamaşaların yaranmasında cəfakeşliklə çalışan sənətkarlarımızıdan biri, xalq artisti Lütfi Məmmədbəyov bir gün gəldi ki, "Atayevlər ailəsində" pyesini televiziyada tamaşaya qoymaq istəyirəm.

Mənim ilk sözüm bu oldu:

- Müəlliflə danışmısanmı?

- Yox.

- Çətin ki, razılıq versin, - dedim. - Özün məndən də yaxşı bilirsən ki, İlyas müəllim əsərlərinin üstündə necə əsir.

- Bilirəm, - deyə Lütfi müəllim gülümsədi. - Bunu da bilirəm ki, aranızdan su keçmir. Zəng elə, bəlkə sənə razılıq verdi.

Mən xeyli götür-qoydan sonra bu arzunu İlyas müəllimə yetirdim.

- Çox sağ olun ki, - dedi, - məni yada salmısınız. Ancaq...

Mən onu qabaqladım:

- İlyas müəllim, bilirəm, ehtiyat edirsiniz.

- Ehtiyat o söz deyil, - səsinin ahəngi dəyişdi, - qorxuram, özü də bərk qorxuram ki, bütün təəssürat uçsun, tökülsün, əsər gözdən düşsün. Tofiq Kazımovun teatrda verdiyi quruluş bir aləm idi. Heç o da razı olmaz əsərin yenidən tamaşaya qoyulmasına...

Söhbətimiz xeyli çəkdi. Axır ki, İlyas müəllimi yola gətirib, razı saldım. Məşqlər başlandı. Demək olar ki, hər gün zəng edirdi:

- Əziz, mehriban dost, bir şey alınırmı?

Hiss edirdim ki, çox nigarandı. Çalışırdım ki, onu arxayınlaşdırım:

- İlyas müəllim, - deyirdim, - mənə inanın, hər şey yaxşı olacaq.

- İnanıram.

"Atayevlər ailəsində" pyesinin ekran taleyi uğurlu oldu. Bu gözəl sənət əsərinin yeni bir həyatı başladı. Lütfi Məmmədbəyovun uçmağa qanadı yox idi.

İnanıram ki, tamaşa haqq dünyasına qovuşmuş unudulmaz sənətkarlarımız Məlik Dadaşov, Vəfa Fətullayeva və Hamlet Qurbanovun xatirəsini yaşadan bir ekran əsəri kimi hələ çox-çox nəsillərin qəlbindən yol salacaqdır.

Bu uğurdan daha da ürəklənən Lütfi Məmmədbəyov o vaxtlar səs salmış "Sarıköynəklə Valehin nağılı" romanına müraciət etdi. Artıq bu dəfə İlyas müəllimi dilə tutmağa, yola gətirməyə ehtiyac qalmadı. Məsələdən xəbər tutan kimi:

- Uğur olsun! - dedi. - İnanıram ki, bu dəfə də müştərək işimiz yaxşı alınacaq.

"Sarıköynəklə Valehin nağılı" maraqla qarşılandı. Bu tamaşa gənc aktrisa Zemfira Nərimanovanın səhnə taleyi oldu. İndi də onu "Sarıköynək" deyə çağırırlar.

Aktrisa bundan həmişə sevinc və iftixar duyur.

"Sən həmişə mənimləsən"... Lirik-psixoloji janrın ilk qaranquşu sayılan bu tamaşanın teatr sənətimizin tarixində xüsusi yeri vardır. Səhnə ustası Əli Zeynalovla teatr aləminə təzəcə qədəm qoymuş Amalya Pənahovanın dueti ülvi bir eşq dastanı idi. Necə füsunkar, şairanə bir tamaşaydı "Sən həmişə mənimləsən"!

Tələbə auditoriyasından gəlmiş, səhnədə ilk addımlarını atan Amalya Pənahova coşqun bir sevgi ilə ifa etdiyi Nargilə obrazının cazibəsi ilə böyük səhnəyə çıxdı və az bir müddət ərzində ulduza döndü.

O zamankı televiziya texnikası tamaşanı videolentə almağa, gələcək illərə çatdırmağa imkan vermirdi. Görüntü mənasında yalnız kiçik bir epizod kino lentinin yaddaşında qalıb yaşayır.

Ona görə də əsərin televiziya variantını yaratmaq çox vacib idi. Tamaşanın görünməmiş müvəffəqiyyəti müəllifi yenə də çəkindirir, ehtiyatlandırırdı.

Mən "Atayevlər ailəsində"ki sevincini yada saldım. İlyas müəllim fikrə getdi:

- Burada birinci növbədə Nargilə problemi ortaya çıxır, - dedi. - Amalya xanım o yaşdan keçib. Elə Əli Zeynalovun özü də. Belə qüdrətli ifaçıları tapmaq çətindir, çox çətin. Onlar ikisi də tamaşanın bel sütunu idi.

 

(ardı var)

 

Nahid Hacızadə

Ədalət.-2014.-6 may.-S.6