İNDİ ŞƏKİDƏ BÜTÜN MƏSƏLƏLƏRİN ANA XƏTTİ YALNIZ YÜKSƏLİŞDƏN KEÇİR

 

(əvvəli ötən saylarımızda)

Böyük Şəhərdə aparılan quruculuq işləri daha geniş miqyas alır

 

2014-cü ilin I rübündə Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir. Təsdiq edilmiş titul siyahısına əsasən 2014-cü ildə şəhərin 15 küçəsində abadlıq , 17 küçəsində isə əsaslı təmir işləri nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli Sərəncamı ilə tikintisi 2014-cü ildə davam etdiriləcək 5 məktəb və 1 uşaq bağçası, əsaslı təmiri nəzərdə tutulmuş 2 uşaq bağçası və Aşağı Göynük - Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi üçün ayrılan maliyyə vəsaiti hesabına bu obyeklərin inşası işi davam etdirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 80 şagird yerlik Qırxbulaq tam orta və 180 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbinin, Şəki şəhər Uşaq - Ğənclər idman məktəbinin tikintisi üçün layihələndirmə işləri artıq başa çatmışdır. Həmçinin cari ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Gənclər evi"nin, Baş Göynük kəndi ərazisində idman zalının tikintisi işlərinə başlanmışdır. Eyni zamanda "Asan" xidmət mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən aparılır.

 

Uşaqlara qayğının yeni təzahürləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir, yeni uşaq bağçaları tikilir, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının təqdimatı zamanı demişdir: "Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir". Bu istiqamətdə Şəkidə də bir sıra işlər həyata keçirilir. Hazırda Şəkidə 61 məktəbəqədər təhsil müəssisəsi fəaliyyyət göstərir. Həmin müəssisələrə 2780 nəfər uşaq cəlb olunmuşdur ki, bu da məktəbəqədər yaşlı uşaqların cəmi 16 faizini təşkil edir. Şəkinin 30-dan artıq kənd yaşayış məntəqəsində bağça yoxdur. Məhz bu amili nəzərə alaraq əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Yaponiya hökumətinin proqramı çərçivəsində "Şəki şəhərində 15 saylı uşaq bağçasının təmiri" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.

 

Təhsil və Mədəniyyət

 

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər sahələrdə müəyyən işlər görülmüşdür.

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.

 

Rayon rəhbərliyi əhali ilə görüşlərə ciddi yanaşır

 

Şəkinin 33 kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. Yerlərdəki yığıncaqlarda Azərbaycan Respublikası Prezidentinin Admisinstrasiyasının məsul işçiləri, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, müavinləri, aparatın məsul işçiləri, əhalinin ayrı-ayrı zümrələrini, ictimai birlikləri və qeyri-hökumət təşkilatlarını əhatə edən 5138 nəfər iştirak etmişdir.

Yığıncaqlarda irəli sürülən təkliflər əsasən qəsəbə və kəndlərin təbii qazla təmin olunması, içməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyaların dəyişdirilməsi və s. məsələlər Şəki şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. 2014-cü ilin I rübündə Şəki Şəhər İcra Hakimiyyəti başçısının şəhərin məhəllə və kəndlərində keçirdiyi səyyar qəbullarda qaldırılan məsələlərin bəzisi "Azərbaycan Respubliksı Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilmiş, digər təkliflərin həlli üçün isə aidiyyəti nazirliklər, idarə və təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-7 may.-S.7.