"SEVGİ MƏKTUBLARI"

Elçin Mirzəbəyliyə həmkar məktubu

 

Öncə müəllifdən başlayıram. Bu da təsadüfi deyil. Mənim inamıma görə, hər bir yazı, hər bir söz müəllifinin özünə bənzəməklə yanaşı, həm onun şəklidi, görüntüsüdü. Deyə bilərsiniz ki, söz ifadə olunarkən görünmür. Təbii, bu bir həqiqətdir. Amma sözü ifadə edən ki, görünür. Yəqin bununla siz razılaşarsınız. Bax, bu mənada mən özümü inamımda haqlı bilərək öz fikrimdə qalmaqla onu da əlavə edirəm ki, hər bir ifadə olunun sözün məna yükü öz müəllifinin dünyasının şəklidir. Deməli, yazı adamları, xüsusilə şair yazıçılar öz sözləriylə həm özlərinin xarici görünüşlərini, həm dünyalarını çəkib oxucu qarşısına çıxarırlar. Beləliklə, oxucu həmin şəkillərlə həmsöhbət olur. Oxunan şeir, oxunan nəsr əsəri bu şəkilin timsalında söhbətə çevrilir.

Elçin Mirzəbəylinin imzası təqdimatsız da hər kəsə məlumdur. Bu imzanın sahibi öz sözü ilə həm xarici, həm daxili dünyasını bir oxucu olaraq mənimlə üz-üzə qoyub. Özü hər bir görüşümüzdə birmənalı olaraq dəfələrlə şahidi olmuşam ki, o şəkil dəyişmir. Necə görüb, necə qəbul etmişəmsə, yəni mənə necə köçübsə, o cür qalmaqda davam edir. Kifayət qədər oturuşmuş, obrazlarla, rənglərlə, hətta səmimi pafosla zəngin olan o şəkilin dünyası zahirdə bərabərliyini qoruya bilir. Doğrudur, zaman bütövlükdə ötən hər an bizim hər birimiz kimi Elçin Mirzəbəylinin xarici görünüşünə öz təsirini göstərir. Yaş üstünə yaş gəldikcə, gün günü tamamlayıb aya çevrildikcə, bu ömür karvanı müəyyən olunmuş tale yolunu keçib gedir. bu yolun bütün dolanbacları, bütün ağırlı-yüngüllü yükləri, bütün təsir əks təsirləri hamı kimi Elçin Mirzəbəyliyə öz "hədiyyəsini" bağışlayıb. Bax elə əsl söz xridarları, əsl sənət adamları kimi Elçin Mirzəbəyli həmin hədiyyəni misraya çevirir. Yəni o da ötən anlara, illərə borclu qalmır. Adi dildə desək, ona edilən təsiri o, öz əks təsiri ilə oxucunun gözlədiyi şeirə çevirir. Bax, bütün bu söylədiklərimin işığında mən Elçin Mirzəbəylini bir oxucu olaraq axtardığım, dəyər verdiyim şairlərin sırasında görürəm. Həmin sırada, həmin cərgədə öz yerində dayanan Elçin Mirzəbəyli 10-15 gün bundan öncə, daha dəqiq desəm, ötən ayın ikinci ongünlüyündə öz oxucularını, bütövlükdə şeir, kitabsevərləri bir araya yığdı. Onun ətrafına cəm olan bizlər, yəni Elçini oxuyanlar sevgi məktublarının təsiri altına düşdü.

Gənclik illərimizdə yazdığımız yaxud aldığımız sevgi məktublarının şirin xatirəsi ürəyimizdə qübar etdi. Çünki Elçin Mirzəbəylinin "Sevgi məktubları" bizi o məktublara, o günlərə qaytarmışdı. Özü sakit, hay-küysüz, çığır-bağırsız, sadəcə pıçıltılarla.

 

Yarəbbim!

Ruhumu götür, çək dara...

Tabım yox bu saya, qismətə,

Tanrım!

Mən üsyan edirəm ayrılıqlara,

Mən üsyan edirəm həsrətə,

Tanrım!

 

yaxud:

 

Səsim səsində yaşar,

Nəfəsim nəfəsində

Bir udum hava kimi

Sinənə çək, ud məni.

Təqdim etdiyim bu misralar əslində bir rəsm əsəridi. Yəni ən ürəyin tutan ölçüdə sevəsən həm bu sevgidən doyamayıb, əlini Tanrıya açıb daha çox sevgi, daha çox dözüm istəməklə sevgiyə qarşı olan hər şeyə üsyan etmək bu ancaq şairin istəyi ola bilər, bunu ancaq Allahdan şair diləyə bilər.

Üstəlik, sevdiyin üçün, sevgilin üçün havaya çevrilmək, hava olmaq vallah, elə havalanmaqdı məncə. Bütün bunlar yenə deyirəm, Elçin Mirzəbəylinin gözünüzün önündə dayanan sakit, bir az da qayğılı, fikirli şəklinin içindəki vulkanın püskürməsidi. Elçin həmin o vulkanı, həmin o fantanı heç kimin ruhunu incitməyəcək, əksinə, hər kəsin ruhunu oxşayacaq sözə çevirib. Özü sevgi sözünə.

Elçin yazır:

 

Mən...

Bu sonsuz tənhalığın,

Dəli qəhərin içində

Özümə yol tapammadım

Bu yad şəhərin içindən

Donub yaşıl budaqları,

Çiçəyi, otu daşlaşıb.

Qəlbimə daş düşüb, Allah,

Qəlbimin odu daşlaşıb.

 

Adətən daşın hara düşdüyü məlumdu. Amma Elçin qəriblik, həsrət, xiffət çəkdiyi yerdə, yəni həmin o şəhərdə qəlbinə daş düşdüyünü etiraf edir, qəlbinin daşlaşdığını söyləyir. Bu sözü oxuyan, eşidən hər bir daş qəlbin necə yumşalacağını mən təsəvvür edirəm.

 

Yenə aramıza sədd düşüb, Allah

Düşüb, toxum kimi.

Dərd düşüb, Allah...

İçimə elə bir od duşub, Allah,

Alnıma yazdığın yazı əriyib...

 

Susduq göz yaşından xatirələrin

İçində, dışında xatirələrin

Gecdi...

Yaddaşımda xatirələrin

Ləpiri ovulub, izi əriyib.

Mən bu şeirin iki bəndini təqdim etdim, özü məqsədli şəkildə. Çünki burda Elçinin həm etirafı, həm oxucuya, həm mənə şirin bir "yalanı" ifadə olunur. Etiraf göz önündədi. Həmin o şirin yalan isə duyulur, yəni oxuyub anlayırsan. Axı Allaha üz tutan, içindəki oda görə bu odun səbəbinə səbəbkarına görə alın yazısının da dəyişdiyini söyləyən şair sonda mən oxucuya şipşirin yalanını deyir. Bildirir ki, ləpir , xatirələr , biz , bir sözlə, dünən əriyib gedib. Olmaz, Elçin qardaşım! Olmaz, Elçin bəy! Düzdü, inanmıram, bilirəm şair sözüdü, bilirəm ki, dünən bütövlükdə xatirələr silinib gedə bilməz. O boyda odun yanğısı, özü şair qəlbində yanğısı sözün ömrü qədərdi mən sənin sözünün ömrünün uzanıb gedəcəyinə tam əminəm.

 

... Ömrüm -

payız vağzalı, tənhalıqdan üşümə,

Hələ ki, səfərdəyik,

Mənzil isə uzaqdır.

 

Bir sevgi qatarında

Biletsiz sərnişinik -

Bələdçidən xəbərsiz

Yol gedirik vaxtdı.

 

yaxud:

 

Susma...

Bircə kəlmə de...

Susqunluğun çox ağır.

Deməyə söz tapmasan

 

Təkcə adımı çağır...

Qoy adım damla-damla

Süzülsün dodağından.

Amma qoyma son hərf.

 

Üzülsün dodağından.

Adım dodaqlarından

Elə asılı qalsın...

Çəkdiyin hər nəfəsə

Adın yazılı qalsın...

 

Zənnimcə, bu iki fərqli şeirin bir kəsişmə nöqtəsi var. O da bu sevginin bir ürəkdə cürüməsi, bir ürəkdən dünyaya boylanmasıdı. Bax, təqdim etdiyim bu nümunələrdə Elçin Mirzəbəylinin əsl cizgiləri, şəklinin çöl bütövlüyü bütünlüklə sərgilənir. Oxucu-tamaşaçı oxuduğunun gördüyünün təsiri içində özünü unudur, sevgi məktubları onu böyük sevginin əhatə dairəsinə salır. Ordan isə bir çıxış yolu var - o da "Sevgi məktubları" oxuyub, Elçinin sözündən tutub öz sevginə qayıtmaqdı.

Mən sevə-sevə oxuduğum "Sevgi məktubları"nın təsiri altında yazdığım bu məktubu gələcək məktubların həm başlanğıcı sayıram. Düşünürəm ki, "Sevgi məktubları" hələ çox məktublar yazdıracaq, çox qapılar döyəcək.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-7 may.-S.5.