Babamızın nəvələrimizə poetik töhfəsi...

 

Çox vədə əzbərlədiyimiz bəzi atalar sözünü müdrük görünmək üçün tutuquşu kimi təkrarlayırıq. Atalar sözü olmasa da uşaqlarımız, balalarımız barədə bəlağətlə "uşaqlar bizim gələcəyimizdir" deyir, özümüzü gələcəyimizin qurucuları olacaq yeniyetmələrin hamisi, qədirbiləni kimi təqdim edirik.

Müstəqilliyimizi qazandığımız vaxtdan bəri uşaqlarımız üçün hansı mənəvi abidənin yaradılmasına çalışmışıq? Səmimi olsaq bu sual doğuran cümləmizin sonunda bir sükut "yatır". Yaxşı ki, klasiklərimiz yaratdıqları məzmunlu uşaq şeirlərimiz varmış "uşaq və buz", " xoruz", "Qurd və quzu" kimi şeirləri ilə uzun illər boyu körpələrimizin dünya görüşünü, həyata baxışını formalaşdıran əsl sənət əsərləini yaradıblarg

Sovet dövrünün son bir neçə onilliyində şairlərimiz uşaqlarımızı unutmasalar da, çoxlu uşaq kitabları çap etdirsələr də, elə bir yaşarı uşaq şairi meydana çıxmadı.

Uşaq psixologiyasını dərindən bilən, təbiətində bir uşaq məsumluğu yaşadan son illərdə balalarımız üçün ürəklə, həvəslə yaradan bir şairimiz var. Sadəliyi, səmimiyyəti ilə bir çox həmkarlarından fərqlənən bu şair dədəmiz, şair qardaşımız əyalət şəhərlərindən birində Şirvanımızda yaşayır, yaradır.

Hər hansı bir kitabın, məqalənin (ümumilikdə əsərin N.) adı məzmunundan doğulmalıdır. Bu mənada "Uşaqlar, ay uşaqlar, həm söhbətim sizsiniz; kitabının da adı uğurlu seçilmişdir.

Heç bir izahsız deyə bilərik ki, uşaq şerinin dili uşaq ruhunu oxşamalıdır. Haqqında danışdığımız kitabdakı ilk şerin son bəndinə söz verək:

 

Sizsiz necə yaşaram,

Sizinlə bəxtiyaram,

Siz varsız, mən də varam,

Uşaqlar, ay uşaqlar.

 

Bu müraciət tipli üç bəndlik şeirin con bəndidir. Həssas, kövrək bir qəlbin pıçıltılarıyla ömrümüzün davamını daşıyacaq körpələrimizlə bir baba ünsiyyətidir.

Kitabı vərəqləyirəm ki, məni tutan, tərpədən şeirlərdən sitatlar gətirim. Elə bu anda 5-ci səhifədəki (bu kitabdakı bütün şeirlər adsızdır. - N.) bəndlərlə üzləşirəm:

 

Xeyirlə, şərlə dolu,

"Məlikməmməd" nağılı,

Çox sözlü soraqlıyır,

Necə də maraqlıdır.

 

 

Heyran edir insanı

Koroğlunun dastanı,

"Kitabı-Dədə-Qorqud"

Qədər bir hikmət hanı!

 

Məşhur bu nağılımızın cəmi 4 misra ilə açımının-mənasının verilməsi öyrətməyə çağırış notu üstündə köklənib. Bu təqdimetmədən sonra hər hansı bir duyğulu uşaq valideyninə üz tutacaq. Əgər Məlikməmməd nağılını oxumayıbsa, onu əldə edilməsinə can atacaq.

İkinci bənddə "heyran edir insanı, Koroğlunun dastanı" deməklə, müəllif poetik - söhbətində, yanaşmasında da ustad kimi çıxış edir və körpə oxucusunu Koroğlunun "heyranı" olmağa səsləyir. Elə həmin misraların davamı növbəti misralar "Dədə Qorqud" hikmətinin nə boyda bir hikmət kitabı olmasını, sonda qoyduğu nida işarəsiylə təsdiqləyir. Şairin nəql etmə üslubu uşaq psixologiyasına hesablanmış ədəbi bir manevridir. Verilən bilgilərin də bədii sual üzərində qurulması şeirin oxunaqlı olmasıyla bahəm, həm də çox asan qavranılmasına şərait yaradır. Dilin yatımını, rəvanlığını da dediklərimizə əlavə etsək, bu baba şairin, nəvələrimizin dilinin necə gözəl olduğu göz önündə canlanar.

Min illik poeziyamızın müxtəlif növləri məlumdur. Lakonik şerimizin bayatı növü də yığcam sözlə, böyük mənaları açan bir poeziya janrıdır. İstedadlı sənətkarımız Mirəfsəl Təbibin bayatı janrının uşaqlarımıza tanıtmasına fikir verək:

 

Bayatılar hikmətdir,

Heyrətdir, həqiqətdir,

Xalqımızın idrakı,

Əxlaqi fəzilətdir.

 

Bayatının nə olduğunu söyləyən bu birinci bənddən sonra, şeirin ikinci bəndində ki açıma - poetik izaha baxaq:

 

O hisslər aləmidir,

Min bir məqam dəmidir.

Könülün, qəlbin, ürəyin,

Sevincidir, qəmidir.

 

Bu bayatı ilə bağlı cəmi iki bənddə söylənilənlər və həmin şeirin davamında verilmiş Qarabağla bağlı bayatılar da yeniyetmələrimizə həm də bir ədəbiyyat nəzəriyyəsi "dərsi" keçir. Artıq bayatının necə yazılması yuxarı siniflərdə keçiləcək nəzəriyyə elminin öyrədilməsinə yönəlmiş bu xeyirxah missiyadır.

Növbəti şeir isə analarımızın lay-lay, nəğmə - oxşamalarının poetik rəsmi - şəkilidir desək, daha çox yerinə düşər:

 

 

Bir beşik nəğməsidir,

Mehir-ülfət səsidir,

Anaların körpəyə

Ən şirin nəğməsidir.

 

Layla haqqında bundan sərrast, dəqiq və gözəl deyimlə hələ rastlaşmamışam.

Daha sonra M. Təbib atalar sözünün uşaqlar üçün bədii siqlətini belə açır:

 

Atalar sözü, məsəllər,

Kim söyləyər, kim deyər.

Onlar fikrə hakimdir,

Həm yeni, həm qədimdir.

 

Uşaqların bildiyi atalar sözlərini dilə gətirməsi üçün ilk iki misrada kimin nə qədər məlumatlı olması soruşulursa, son iki misrada isə, atalar sözünün fikrə hakim olub, məntiq qanunlarına söykəndiyi, qədim olduğu qədər də yeni-həmişə yaşar olduğu poeziyanın diliylə açıqlanır.

Bənddən-bəndə keçdikcə atalar sözünün çararları xırdalanır:

 

Gah olur məsləhətdir,

Gah da tənbeh, töhmətdir.

Çox halı qabaqlayan,

Öyüddür, nəsihətdir.

 

Şerin davamında bu janrın yaradıcısı xalqın özü olduğu və bu məsəllərin xalqın dühasını göstərən qısa fəlsəfi-əxlaqi və humanism yüklü kəlamlar olduğu nəzərə çatdırılır:

 

Xalq hikməti, zəkası,

Xalq idrakı, dühası,

 

Hər xalqın özündədir,

Atalar sözündədir.

 

İstər bayatı, istərsə də laylay və atalar sözlərinə bədii yanaşma zamanı şair M. Təbib bir pedoqoq, foklorşünas kimi də çıxış edir. Bütün bu ədəbi təqdim etmələr, poetik manevrələr müəllifin dünya duyumunu, həyata baxışını əks etdirməklə bərabər, ədəbi zövqünün, bədii deyim tərzinin hüdudsuz olduğunui təsdiqləyən elementlərdir.

Belə bir şair-müəllimin, filosof tədqiqatçının əsərlərinin indiyənə kimi tənqidçilərimiz, ədəbiyyatşünaslarımız tərəfindən bədii təhlilinin, poetik tutumunun və fəlsəfi açımının tədqiq edilməməsi çox təssüf hissi doğurur...g

Məktəbli yaşının təfəkkürünə təsir edə biləcək bu kitabın ibtidai təhsil zamanı istifadəsi çox böyük effekt verə bilər.

"Uşaqların sözü var" adlı bölməni tanışlıq üçün vərəqləyirik. Müəllif uşaqların diliylə deyir:

 

Sülh istəyir nəslimiz,

Dinclik istəyirik biz.

Yer üzünün bu günü,

Gələcəyi bizik, biz.

 

Formalaşmaqda olan məktəblinin sülhün nə demək olduğunu anlaması üçün bu bənd bir proloq kimi səslənir.

Növbəti bəndin son iki misrası dövlətimizin rəmzidir. Təqdim olunan ikinci bəndin misraları, "üç rəngli bayrağımız", poetik məramla bir akorrt kimi xüsusi vurğu ilə çatdırılır və son bənd olan bayrağımız haqqındakı şair fikri bayrağın müqəddəsliyini ustalıqla aşılayır:

 

Milli qeyrətimizdir,

Şanlı söhrətimizdir.

Canımızdan əzizdir,

Üçrəngli, bayrağımız.

 

"Nə gözəldir kəpənək" misrası ilə başlanan şeir sual-cavabla, dialoq üstə qurulub. Kəpənək haqqında kifayət qədər şeir yazılıb. Lakin M. Təbibin kəpənəyi görmə - müşahidəsi çox orijınaldır:

 

Nə gözəldi kəpənək,

Uçan güldü kəpənək.

 

Kəpənəyi hamımız görmüşük, ancaq bu poetik bənzətmə ağlımıza gəlməyib. Kəpənəyin qanad açıb uçub qaçması müəllif üçün bir suala dönərkən;

 

Sordum: -Ay uçan çiçək,

Kəpənək, ay kəpənək,

Məndən niyə qaçırsan?

Gəlsəm, qalxıb uçursan.

 

Müəllif kəpənəyin diliylə, tutulub məhv olacağını verəndən sonra deyir:

 

O dinmədi sözünə,

Baxmadı da üzümə.

Bir anda uçub getdi,

Məni pərişan etdi.

 

Kəpənəyə həsr edilmiş bu şeir bədii löhvələrin görümü olub, uşaq dünyası üçün bir maarifləndiricii fikri də aşılayır. Özünü qorumaq üçün kəpənəyin sözə baxmaması və uçub getməsi pərişanlıq gətirir. Burada sətir altı heç nə yoxdur və kəpənəyin qorxusu da təbiidir. Müəllif qənati isə kiçik oxucuya kəpənəyin öldürülməkdən qorxduğunu verməklə, kəpənəyin öldürülməsinin yol verilməz olduğu da təlqin edilir.

Başqa bir vərəqdə qarışqaların yuvalarından çıxmasını, sonra gedib ağızlarında dənlə qayıtmalarını söyləyir və şerin ilk iki misrası son misralarda təkrarlanır:

 

Qarışqanı əzmədim,

Üstlərində gəzmədim.

 

deyən şair, təbiətin bu işcil, zəhmətkeş canlının qorunması üçün, həmin fikri təkrarən xatırlatması çox yerinə düşür və kiçik oxucusunu qarışqanı əzməməyə səsləməyi tərbiyəverici bir ifadə vasitəsinə dönür.

- M. Təbibin bu kitabı öyrətməyə çağırış olub, ailədə valideynə köməyin gərəkliyini, uşaq baxçasının ikinci bir ev olduğunu, vətənin, torpağın vətəndaşı, qoruyucusu olmağı balalarımıza xatırladır. Dilin sadəliyi və uşaq anlamı üçün yetərli olan fikirləri poetik dillə verir. Bu məqamda vətənlə bağlı bir kiçik həcmli şerin sonu fikrimizi əsaslı sürətdə təsdiqləyir:

 

Hər birimiz sənləyik,

Yurdlayıq, vətənliyik.

Sən varsan, biz də varıq,

Sənsiz bizdə olmarıq

Can vətən, ey can vətən,

Yaşa hər zaman vətən.

 

Cəmi 12 misrada vətən mövzusunun əzizliyi və əvəz edilməzliyi bütün əzəməti ilə üzə çıxır.

"Sən varsan, bizdə varıq, sənsiz biz də olmarıq" misralarında vətənə xitabən ünvanlanan iki misralıq poetik məram şair ruhundan süzülüb gəlir və dilin rəvanlığının əyani göstəricisi olur. Həyata təzəcə göz açan sarı dimdikli sərçə balaları hələ uça bilmədikləri vaxtda ananın, atanın ağızlarında gətirdikləri yem balaları cismən yaşatmaq üçün nədirsə ustad şairimizin belə tutumlu fikirləri körpələrimizi mənəvi cəhətdən qidalandırmaq-kökləmək və öyrətmək baxımından həmin missiyanı yerinə yetirir.

Və çox sevindirici haldır ki, Mirəfsəl-Təbib uşaq şerinə olan biganəliyin, ögeyliyin hökm sürdüyü bir zamanda vətən bağının barları olan balalarımıza belə bir gözəl mənbə rolunu oynayan, həyatı görməyi göstərən, düşünməyi aşılayan, qorumağı öyrədən və sevməyə səsləyən belə bir əsəri ilə sözün həqiqi mənasında övladlarımıza çox böyük bir mənəvi xəzinə hədiyyə etmişdir.

Əlimdə olan bu yaşıl üzlü kitabı mütailə etdikcə şair fikrinə şərik olub, onu alqışlamaqla yanaşı, mənim 60 yaşın içindəykən dönüb 6 yaşlı uşaq ovqatımı, halımı bir az nisgillə, bir az da həsrətlə yaşayıram. Deməli, müəllif məqsədinə çatmışdır. Hər hansı bir bədii əsər insanı təsirləndirirsə, tərpədib kövrəldirsə, bu yazarın qazancı sayılmalıdır. Bir qələm əhli kimi mənə ötən anlarımı yaşatdığı üçün şairə sağ olun, deyirəm.

İllər ötəcək, bir-birini əvəz edən neçə-neçə körpə fidan nəsillər pedoqoji mənbə-vasitə olan (N) "uşaqlar, ay uşaqlar həm söhbətim sizsiniz" şeirlər kitabının əxlaqi- tərbiyəvi əhəmiyyətindən bəhrənəcəklər.

Bəzən uzun illərdən qalmış bir saralmış şəkil parçası bir yadigar kimi əzizlənir, saxlanılır, qorunur. Bu kitabın üzündə verilmiş şəkillərin də bir gün tarix olacağı fikrindəyəm. Dodağı təbəssümlü, fikrə dalmış, düşüncələr içində olan bu saf körpələr miillətin sabahını yaşadacaq balalarımız, nəvələrimizdilər. Belə bir qənaətdəyəm ki, nəvə sevgisini- şirinliyini və əvəz edilməz bir mənəvi iskir olduğunu nəvəli xoşbəxt baba və nənələrimiz bilirlər. Bu düşüncəylə ürəyimə dolur ki, nəvə görməyənlər nakamlardır. Bu mənim şəxsi fikrim olub, həm də nəvə adlı bir dünyaya olan məhəbbətimdir.

Müasir uşaq poeziyasının bir neçə tanınmış şairi ilə uşaq ədəbiyyatını yaratmaq olmaz. Bu sahədə hər bir tanınmış və gənc qələm əhli öz poetik imkanı daxilində tövhəsini verməlidir. Bə heç şübhəsiz ki, bir müddətdən sonra yaranmış boşluq, gözəl, yaddaqalan, tərbiyəvi və öyrədici nümunələrlə bir daha zənginləşəcəkdir.

M. Təbibin bir şair kimi, uşaqlar üçün ürəklə, sevgiylə yazdığı bu kitabı bir bədii örnəkdir. Uşaq şerimizin klassik müəllifləri öz vaxtlarında heç bir təmanna güdmədən şair-vətəndaş borclarını ödəmişlər. Abbas Səhət, Abdulla Şaiq kimi xələflərimiz zamanında yaratdıqları sənət nümunələri ilə bu günümüzün övladlarına da xidmət edirlər. Niyə (yazımın əvvəlində qeyd olunub. N.), məhşur uşaq şeirlərimizin müasir nümunələri bir neçə deyil, onlarca olmasın?! Bu barədə humanitar təşkilatlar çox ciddi düşünməlidilər.

Uşaq dünyasını gözəl bilən, xarakterində bir uşaq məsumluğu yaşadan şair-filosof dostumuza, köksündə bəşəri sevgi bəsləyən bir yaradıcı ziyalımıza, yaşamaq, yaratmaq eşqilə ruhlanan, millətimizin nəğməkar övladı Mirəfsəl Təbibə duyğularımızı "Həyat eşqi" ilə köklədiyi üçün minnətdarlığımızı bildirir və səmimiyyətlə ömür yolun həmişə yaşıl işıqlı olsun deyirik...

 

NAZİM

Ədalət.-2014.-8 may.-S.8.