MƏTLƏB AĞANIN ŞEİRLƏRİ

"Bölgələrdə ədəbiyyat" silsiləsindən

 

Yağış yağır,

saatımın əqrəbləri vaxtı yox,

səni göstərir,

yağış yağır, islanır həsrətim,

gəlmirsən, gəlməyəcəksən də...

 

..bir mahnı oxuyuram sən haqda,

yağış yağır,

islanır səsim,

bilmirsən, bilməyəcəksən də...

 

yağış yağır,

islanır ömrüm,

qurumaz..

Günəşi səndə...

 

Romantik duyğuların ifadəsi olan bu misraların müəllifit Mətləb Ağadır. O Mətləb Ağa ki, gələn il qırx yaşı olacaq. Deməli, onu artıq "gənc şairlər" cərgəsindən "silmək" lazımdır. O, "gənc şair" dövrünü 90-cı illərdə keçirib, arada şeir dərc etdirməyə fasilə versə də, sonra yenə ürəyinin səsinə xəyanət eləməyib.

Mən Mətləbin şeirlərini vaxtilə, on-on beş il öncə dövri mətbuatda oxumuşam (onun şeirləri barədə söz də demişəm) və "11-ə qədər" şeirlər kitabında həm "köhnə dostlarla", həm də son illərdə yazılan şeirlərlə üz-üzə gəldim. Olsun ki, bu şeirlərlə əvvəl-əvvəl bir dil tapa bilmədim (çünki onu çoxdan oxumurdum), amma sonra hər şey qaydasına düşdü. Şeir istedadla yazılırsa və o şeirdə sənin də ürəyini tərpədəcək nəsə varsa, çox keçmədən o şeirlərlə ünsiyyətin baş tutacıq. Çünki ən yaxşı şeir də insana oxşayır. Həlimlikdə, kövrəklikdə, zəriflikldə və bir az da sərtlikdə... Mətləb Ağanın şeirlərisə romantika ilə nəfəs alır, bu şeirlərin içində xəyallar duyğulanır, arzular qanadlanır. Və əlbəttə, bu arzuların və xəyalların poetik şəkildə ifadəsi mühümdür. Yuxarıda, misal gətirdiyim şeirdə Yağışdan, İnsan Ömründən və Sevgidən danışılır. Cəmi 13 misralıq bir şeirdə üç obrazın "taleyini" və onların qarşılıqlı əlaqəsini izləmək görünür, Mətləb Ağa heç bunu düşünməyib, amma şeir bitdikdən sonra biz doğrudan da, Yağışın da, İnsan ömrünün də, Sevginin də bir çevrədə birləşdiyini görürük. Və sevgi nağılı bitmir, çünki yağış hələ də yağır, həyat da tükənməyib.

Mətləb Ağa şeir yazmağa, hətta yazdığı şeirləri dərc etdirməyə çox erkən başlayıb. Onun bu kitabda 15-16 yaşında qələmə aldığı şeirləri görürük. Bu, yaxşı əlamətdir. İlk illər yazılan şeirlərlə son illərin şeirlərini müqayisə eləmək, fərdi üslubun formalaşmasını izləmək, ildən-ilə şairin söz ehtiyatının necə artdığını, məzmunca da, formaca da irəliləyişin nəzərə çarpdığını hiss eləmək həmin şair haqqında müəyyən bir fikr yaradır. Məsələn, Mətləb Ağa 15 yaşında bele bir şeir yazmışdı: "Ana, ölümü al mənə". Təbii ki, bu şeir onun ömrünün gerçəkliyindən yox, kitablardan gəlirdi. Həmin illərdə Ölüm mövzusu şeirdə bir xətti təşkil edirdi, bəzi şairlər şeirlərində "ölürdülər", "dirilirdilər", ya da ölməyə hazırlaşırdılar, "gəl, ey ölüm!" deyirdilər. Ölümlə belə "poetik zarafatlar" nəticədə, mənasız pessimizm hallarına gətirib çıxarırdı. Mətləb də çox güman, bu təsirə qapılaraq yazırdı ki: "Bəxtimə düşübdü ölüm, həsrətdə bişibdi ölüm, mənə öyrəşibdi ölüm, ana, ölümü al mənə. Demə niyə az yaşadım, mən payız yox, yaz yaşadım... ölüm mənim qız yaşıdım, ana, ölümü al mənə".

Sonrakı illərdə də Mətləb Ağa ölümdən "əl çəkmədi", amma fərqli duyğularla qarşılaşdıq. Və hiss elədik ki, on beş yaşında ölüm arzulamaq içəridən, daxildən gəlmir, çöldən-bayırdan, sapsağlam şairlərin ölümlə zarafatlarının təsirindən yaranır.

Mən Mətləbi çox nikbin və şeirlərində ürəyinin işığı görünən bir şair hesab edirəm. Onun sonrakı illərdə yazdığı şeirlərində də ölümdən danışılır, amma bu ölümlər insan həyatının var olan mahiyyəti, alın yazısı kimi anlaşılır.

Bu "ölüm" söhbətini qoyaq bir kənara, görək Mətləb Ağa necə şairdir, özünəməxsusluğu nədə təzahür edir, şeirlərində hansı bədii təsvir vasitələrinə üstünlük verir və sonda onun öz obrazını bu şeirlərin cəmində görürükmü?

Mətləb Ağanı heç cür "günün şairi", dövrün aktual hadisələrindən söz açan bir şair kimi görmürəm və bunu ona irad tutmaq da yanlışlıq olardı. Çünki hər şair özünü yazır. Mətləb Ağa da həmçinin. O illərdir ki, öz duyğuları, hissləri ilə bizi inandırır ki, həyat, dünya gözəldir, amma bu gözəlliklərə yiyələnmək, sahib çıxmaq yox, onları dərk eləmək gərəkdir. Mətləb Ağa həyat-ölüm, dünən-bu gün, keçmiş,- gələcək, sevinc-kədər qarşılaşmalarını məhz hisslərin, duyğuların təzadı kimi təqdim edir.

 

Sevgin ölür bir sabah,

səndə heç nə qalmırg

yaşamaq gözdən düşür,

ölümdə heç nə qalmır...

 

qəlbinlə dalaşırsan,

sərsəri dolaşırsang

dərdini danışırsan,

dilində heç nə qalmır...

 

Allah da çatmır dada,

bezirsən bu dünyadan.

ya bir ovuc kül, ya da

yerində heç nə qalmır...

 

Nədir bu şeirin dediyi? Şair, əslində, yaşamaq gözəlliyini təqdir edir. Allahın da dada çata bilmədiyi bir məqam var ki, o da insanın içində bütün gözəlliklərin yox olub getməsidir, o zaman sevgi də ölür, həyat da sönür. Və Mətləb Ağa öz şeirlərinin bir çoxunda gözəllikləri vəsf edir. Hələ on yeddi yaşı olanda yazmışdı ki: "Göründü ulduzlar, parladı ay da, küləklər üfürdü, közərdi dünyagbir gözəl durmuşdu əlində ayna, deyirdi: -"Kim deyir gözəldi dünya?.."

Şeirimizdə təbiət obrazı müxtəlif əhval-ruhiyyələrin, ovqatların prizmasında yaranır. Yəni hər şairin özünün təbiət sevgisi, naturfəlsəfəsi var. Mətləb Ağanın şeirlərində təbiət və təbiət atributları onun hisslərinin, duyğularının ifadəsində nəzərə çarpır. Əgər insanı fəsillərə ya da ilin aylarına qiyas etsək, Mətləb Ağaya payız fəsli düşəcək. Deyirlər ki, insan ömrünün payızı altmış yaşdan sonra başlayır. Amma Mətləbin heç qırx yaşı tamam olmayıb. Bəs nədəndir o, payızı sevir? Burada subyektiv bir duyğunun hakim olduğunu görərik. Mətləb üçün PAYIZ özü bir obrazdır.

 

Sən də yaman gecikdin;

durub payızda gəlding

kimin əlində soldun?

Solub, payızda gəldin...

 

mənəmi həsr etmisən

üzündəki qırışı?..

hardaydın yaşılında?

sənə payız yaraşır...

 

Bu şeir əslində, sonu gözlənilən bir sevgi tarixçəsidir.....Bu səkkiz misrada qəfil, gözlənilməz təşbih ya metafora yoxdur, fikir sadə sözlərlə ifadə olunub, amma gözəl ifadə olunub. İndi isə başqa bir "payız şeiri"nə müraciət edək:

 

Uçdu o quş kimi, o bulud kimi,

uçmaqdan doymadı bu sarı yarpaq..

ölümdən qorxmadı o tabut kimi,

ölümlə oynadı bu sarı yarpaq...

 

çox şeyi biryolluq saldı gözümdən,

böyüdüm, dərdimin oldum dizindən.

üzümü qırışmış gördüm üzündə,

zalım aynadı bu sarı yarpaq...

 

dilimdə sözlərin yuxası gəldim,

var çəkinəsi, qorxası, gəldim.

əlimə payızın yaxası gəldi,

açımmı?..

..düymədi bu sarı yarpaq...

 

Mənjə, Mətləb Ağanın on səkkiz yaşında yazdığı bu şeir onun ən yaxşı şeirləri içərisində birincilərdəndir. Mətləb İnsan ömrü ilə Sarı Yarpaq arasında assosiasiya yaradır. Əvvəlcə yarpağın öz obrazı gəlir ("Uçdu o quş kimi, o bulud kimi), sonra Sarı Yarpağın insanda əksi görünür ("üzümü qırışmış gördüm üzündə"). Sonra isə Sarı Yarpaq bir Əsli köynəyinə bənzədilir, yəni açılmağa həsrətdir. Birinci və ikinji beytlərdəki real təsvirləri, gözlə görünən, müşahidə olunan mənzərəni üçüncü beytdə mifik yanaşma əvəz edir.

Mətləbin payız sevgisi onün 2013-cü ildə qələmə aldığı şeirlərində də davam edir. Yenə İnsan ömrü ilə Payız arasındakı oxşarlıqlar gözə dəyir:

 

bir payız yarpağında

özümə bir də baxdımg

hardadı indi Mətləb?

görmədim və darıxdımg

 

ürəyimdə heç nə yox,

olanlar olub keçib...

doğrular olub, keçib,

yalanlar olub, keçib...

 

gsəni də düşünmərəm,

olsa, barışaramg

şarda rastıma çıxsan,

payızı soruşaram.

 

İndi isə Mətləbin sevgi şeirləri barədə. Burada da sevinclərdən çox, itkiləri, duyğuların kədərli, hüznlü rənglərə boyanmasını görürük. Amma bu kədərli, hüznlü şeirlər bizdə heç də pessimizm yaratmır, çünki Mətləb Ağanın sevgi şeirlərindəki o Dərdin, Hüznün özü də yaşanılan hisslərin ifadəsidir, saxta, süni, qondarma deyil. İkincisi, o Dərddə bir işıq da var və sən onu görməlisən ki:

 

Milyon il yol gözlədim,

bir gün gələrsən deyə..

neçə ömür yaşadım,

öldüm, gələrsən deyə...

 

min-min ömrə dəyərmiş,

gözəldi bu dərdim;

sən gəlməsəydin belə,

yenə səni sevərdim...

 

Kitabda biz "sevgi oyunu" ilə deyil, əsl sevginin hissi-romantik aləmi ilə tanış oluruq. O sevgi ki, səni illər boyu bir həsrətin ardınca sürüyür və sən bu həsrətə küsənmirsən. Füzulinin qəhrəmanı kimi bu həsrətin sənə əzab verməyini arzulayırsan:

 

Bircə görəydim səni,

on il bundan sonra da..

məni sevərsənmi sən,

qız, toyundan sonra da?

 

xatırlayarsanmı heç,

sevgimizi gün kimi?

öpərsənmi şəklimi,

bir ləçəklik gül kimi?

 

 

Mətləb 2013-cü ildə yazdığı bir şeirdə deyir: "otuzumun sonudu, qırx yaşımın əvvəligkimsə döyür qapını: - "Mətləb burdadı?" - "bəli.."

Bəli, Mətləb Ağa adlı bir şair burdadır-müasir Azərbaycan poeziyasının ərazisində və boyu balaca olmasına baxmayaraq Mətləb öz şeirlərinin boyu ilə seçilə bilir və biz onu görürük...

 

V A Q İ F  Y U S İ F L İ

Ədalət.-2014.-8 may.-S.7.