MƏN BAKININ İSTİSİNİ SEVİRƏM

(Xalq yazıçısı Qılman İlkini xatırlayarkən)

 

Qılman İlkin -100

Qılman müəllimi gözümüzün qabağına tutub, arxayın yaşayırdıq; hələ nə yaşımız var, hələ 70..., 80..., inşallah, 90 qabaqdadı. Allah ömrünü uzun eləsin, Qılman müəllim 100-ü haqlayıbsa, şair Məmməd İsmayıl de-mişkən, "hələ yaşamağa dəyər..."

Amma böyük ədib qəflətən bizi məğmun elədi; 6 noyabr 2009-cu ildə 96 yaşında gözlərini əbədiyyətə yumdu. Onda ayıldıq ki, ay dadi-bidad, ölüm haqmış...

Sizə qəribəmi gəlir - 96? Bu yaşda da ölümə təəssüf!?

Bir dəfə Qılman müəllimdən söz düşmüşdü, həkim müəllifimiz Ziba xanım Əliyeva çox yaxşı dedi: "Qıl-man müəllim heç qocalmadı!"

Doğrudan da nə sirrdisə, qocalığın ağır gedib-gələn nəfəsi, batıq səsi, sınmış qaməti Qılman müəllimə əl uzada bilməmişdi.

Yazıçı dostum Mustafa Çəmənli danışırdı ki, yolla gedirdim, gördüm Qılman müəllim qabaqdan gəlir. Fikirləşdim ki, axırıncı goruşümüzdən bəlkə də bir on il keçib, yəqin məni unudub artıq, niyə narahat eləyim kişini. Amma bir-birimizə beş-altı addım qalmış heyrətə saldı məni: "Mustafa, salam, necəsən?!".

Rəhmətlik adımı da yaddan çıxartmayıbmış demə, nəinki nəm-nişanımı!

Qılman müəllimin zehni də üstündəydi, gözləri də yaxşı görürdü, bunlar bir yana, heç qocalığın sərt barmaqları onun sifətinə qırış da sala bilməmişdi. Rəhmətliyin səsinin şaxı da yerindəydi, sınmamışdı. Zəng eləyib adamla danışanda, tanımayan elə bilərdi ki, cavan oğlandı.

Bütün bunlarla yanaşı o, həm yaxşı yazıçıydı, həm əvəzsiz salnaməçiydi, həm də müdrik bir insan. Belə şəxsiyyət sahibləri hansı yaşda həyatdan köçürsə köçsün, yenə də təssüf doğurur.

Bir dəfə uzun ömür yaşamasını onun hünəri sayanda, etiraz elədi:

-Burda mənlik heç nə yoxdu, hamısı Allahlıqdı...

Bakının tarix yaddaşı, yazıçı, publisist, naşir və mədəniyyət xadimi olan bu görkəmli insanın həyata vida xəbərini mənə nəşriyyatımızın kompüterçisi, Qılman İlkinin son kitabının - "Kiçik hekayələr"inin yığıcısı Cəmi-lə xanım verdi.

Dəstəyi götürüb, Ayaza - Qılman müəllimin oğluna zəng elədim:

-Bəs mənə niyə deməmisən kişinin rəhmətə getməyini?!

O da:

-Vallah, başım qarışdı, elə Mahmud müəllimə dedim, bildim o da Şəmistana deyəcək, Şəmistan da sənə... - cavabını verdi.

Sonra Şəmistan Nəzirliyə zəng elədim, demə, bu ağır xəbərdən o da xəbərsizmiş. Bərk təəssüfləndi...

 

***

"Kiçik hekayələr"in çapı ərəfəsində bir neçə dəfə Qılman müəllimgildə olmuşdum. Hər dəfə də bir bəhanə ilə uzun ömrünün sirlərini açmaq istəmişdim. Belə görüşlərin birində dedi:

-Haçansa oxumuşdum ki, çox yaşamaq üçün çox gəzmək lazımdı. Ona görə də çox gəzirdim. Amma indi ayaqlarım dalımca gəlmir. O günü həkimə getmişdim. Soruşdu, neçə yaşın var? Nə xəbərim olar bunun ağ-lındakından, dedim, 96. Mənalı-mənalı üzümə baxdı. Yəni, a kişi, day nə istəyirsən, yaşamısan da... hələ bir gəzmək də istəyirsən?!

Hirsləndim. Ordan çıxıb, başqa birinin yanına getdim. Elə bil sözləşibmiş zalım uşaqları, o da yaşımı soruşdu. Ürəyimdə dedim, yaxşı indi baxarsan:

-48.

Gözləri bərələ qaldı!?

-Nədi, ola bilməz!?..

Mızıldadı...

Mən də qayıtdım ki, ay Qılman müəllim, belə deyin də... həkim 48-in dərmanını yazdığına görə ayaq-larınız bir az da bərk ağrımağa başlayıb.

Güldü...

Ayaqlarının dərdi götürüb onu Kürdəmirə də aparmışdı. Ordakı "Şəfa" sanatoriyasında müalicə olunmuşdu. Heçdən sanatoriya yaradıb, yolunda canını fəda eləmiş mərhum Heybət həkimdən, onun isti münasibətindən, bir də Kürdəmirdən ağız dolusu danışardı. Dediyinə görə hətta bir povest də yazmışdı bu səfər barədə.

Qılman müəllimin Kürdəmir təəssüratını zənginləşdirmək üçün dedim:

-Bizdə yaxşı bir göz həkimi vardı, İslam İslamzadə adında, demə, rəhmətlik şeir də yazırmış. Yayın cırha-cırında Şuşaya istirahətə gedəndən bir az sonra başlayır darıxmağa; görün nə yazır:

 

Gəzdim yaylaqları, gəzdim elləri,

Heç yanda tapmadım rahatlıq yeri,

Sənsən düşüncəmin daim məhvəri,

Can, isti Kürdəmir, isti Kürdəmir.

 

Qılman müəllimin sifətinə təbbəssüm qondu:

-Məni desənə, bir dəfə də olsun, yayda Bakıdan kənara dincəlməyə getməmişəm. Aparıb Ayazgili qoymuşam sanatoriyaya, yenidən qayıdıb gəlmişəm Bakıya. Mən Bakının istisini sevirəm...

Biz uzunömürlü Qılman müəllimə həsəd aparırdıq. Amma uzun ömrün çətinliklərindən xəbərimiz olmazdı. Halbu ki, Qılman müəllimi xoşbəxt görürdük, ağrı-acısız görürdük, yazıb-yaradan görürdük, nə höku-mətdən gileyi vardı, nə müxalifətdən gileyi vardı, nə də dalca danışmağı.

Nə gizləmək, gəl ki, bir dəfə Şəmistan Nəzirliyə narazılıq eləmişdi. Kimdən, kimdən? Kimdən olacaqmış ki, özündən:

-Səksəndən yuxarı yaşamaq da bir kişilik deyilmiş!- deyibmiş.

Yaşı yüzə yaxınlaşan ədib bir gün belə qələmi əlindən qoymadı; tez-tez "Ədəbiyyat qəzeti"ndə hekayələ-rini oxuyardıq; yığcam, anlaşıqlı, ibrətamiz...

Hərdən Qılman müəllimgilə gedəndə çarpayıda yanakı oturub, əlində böyüdücü şüşə, kitab oxuyan, ya da hansısa təzə yazdığı əsərini saf-çürük eləyən görərdim onu. Gözləri imkan verənəcən mütaliədən qalmadı. Özü də kim nə bağışlayırdısa, özünə borc bilirdi ki, oxusun.

Neyləyəsən, bir para özünü böyük görən yazıçılarımız var ki, bağışlanan kitabları çox səmimi qəbul edib, "mütləq oxuyacam!" vədini verir, müəllif qapıdan çıxar-çıxmaz, olduqca təbii ayağa durub, aparıb kəmali-ədəblə atır zibil qutusuna.

Qılman müəllim ölümündən bir neçə ay əvvəl zəng eləmişdi mənə:

-Qəşə-ə-əm, sənə bir işim düşüb, gələ bilərsən bizə?

- O nə sözdü, ay Qılman müəllim, haçan deyirsiniz, gözüm üstə!?

-Elə bu gün...

Axşam getdim. Ayaz məni qarşılayıb, qonaq otağına apardı. Bir azdan Qılman müəllimin həniri gəlməyə başladı. Bir xeyli vaxtdan sonra özü göründü; ayaqlarını sözün həqiqi mənasında sürüyə-sürüyə, heç gəlir də demək olmazdı, yaxınlaşırdı.

Yerimdən durub qabağına yeridim. Məhəbbətlə üzümə baxdı; yəni, mənə kömək eləmə...

Axır ki, çox çətinlikdən sonra masanın arxasına keçə bildi.

Yadıma İngilis yazıçısı B.Şou ilə rus səfirnin görüşü düşdü. Səfir yazır ki, böyük ədibə Moskvada çıxmış kitabının qonorarını aparmışdım. Londonun kənarındakı həyətinin darvazası ağzında dayanıb, zəngi basdım. Han-dan-hana ikilaylı nəhəng darvaza yerindən qopub üstümə gəldi və B.Şounu heykəl kimi qarşımda gördüm. 90 yaşlı yazıçını qan-tər aparmışdı. Yüyürdüm ki, kömək edim, üstümə çığırdı: "Çəkil!.."

 

***

Heç kimə qibtə eləməyən Qılman müəllimin şəxsən müəllif-naşir münasibətləri zamanı bəzi qibtələrini də görmüşdüm. Görmüşdüm ki, gözü gəncliyinin dalıyca qalıb, incə qamətinin həsrətini çəkir. Hər dəfə kitabını çapa verəndə bir cavanlıq fotosunu da üstünə qoyardı. Ürəyimdən keçirsəm də, niyə, ay Qılman müəllim, qocalıq şəklinizi vermirsiniz, soruşmazdım. Amma öz-özümə duşunərdim, onsuz da baş daşımıza son günümüzün fotosu düşəcək, görənlər də bəs deyincə görəcək. Amma cavanlıq ömrümüzü kim görəcək ki, biz nə şəkildə olmuşuq. Yəqin bu düşüncələr Qılman müəllimə də yad deyilmiş.

100-ə doğru addımlayan böyük ədib hər kitabını ilk kitab sevinciylə qarşılayırdı. Sağlığının son yadigarı - "Kiçik hekayələr"in nübar nüsxəsini aparmışdım evlərinə. İlahi, necə də sevinirdi. Hətta bir-iki dəfə gözünü kitabçadan ayırıb, təbəssümlə üzümə baxdı:

-Çox sağ ol, ay Qəşəm, yaxşı kitab çap etmisən! Sənin xəcalətindən necə çıxacam, bilmirəm?!..

-Sizin işimizi bəyənməyiniz bizə bəsdi, ay Qılman müəllim! Bundan böyük mükafat?!

Bir də ki, havayı çap etməmişik ki!

-Yo-x-x, məsələ onda deyil. Kimdi sənin kimi durub müəllifin kitabını evinə gətirən...

Qılman İlkin özünü qoruyub-saxlamağı da bacarırdı. Bəlkə də bu onun pak təbiətindən irəli gəlirdi; asta danışar, ucadan gülməz, müsahibini danışığa həvəsləndirən ilhamverici, bəlkə də saxta təbəssümü onun dodaqlarında görə bilməzdin. Amma gözlərində şəfqət dolu bir meheribanlıq olardı. Artıq danışmaq nədi, artıq təbəssüm belə Qılman müəllimə yad idi. Ən başlıcası umu-küsü saxlamağı, kiminsə yersiz hərəkətini ürəyinə salmağı özünə rəva bilməzdi. Nəyə görəsə bir söhbətimizdə:

-Mənə pislik eləyənin hərəkətlərini o dəqiqə də unuduram, - dediyi yadımdadı.

Bir dəfə də yanına növbəti gedişim idi.

Biləndə ki, "Səadət sarayı"nda milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza xanıma hədiyyə tikdirdiyi binada yer veriblər bizim nəşriyyata, uşaqlıq illərini xatırladı:

- Qardaşım Qurbanla (yazıçı Qurban Musayev - Q.İ.) Mərdəkandan gəlib Bakıda işləyirdik. Həmin binanın da zirzəmisində qalırdıq. Onda təkcə insanlar ehtiyac içində deyildi, qurd-quş, it-pişik də ac idi. Gecələr yatanda başımızı bərk-bərk bürüyürdük ki, misovullar üz-gözümüzü didib dağıtmasın. Hərdən biz yuxuda olanda saçımızı çeynəyirdilər. Diksinib oyanırdıq...

Bu söhbət illərlə mənə rahatlıq verməyən bir düyünü açdı. Demə, Qılman müəllimin sadəliyi də burdan gəlirmiş. Demə o, həyatın çətinlikləriylə lap körpəlikdən üz-üzə qalıbmış. Bəlkə də xarakterinə kök salan alicə-nablıqdan Qılman müəllim ad-san, orden-medal xiffəti çəkməzdi. Qabağa düşmək, kimdənsə irəli çıxmaq, boy göstərmək, məclislərdə şöhrətinə uyğun gur-gur guruldamaq, öz əsərləri haqqında tərif demək və ya bu əsərlər barədə kimlərinsə fikrini soruşmaq Qılmaq müəllimdən ötrü utanc yeriydi. Başqasını tərif...

Tərif deyəndə, şəxsən üç nəfər haqqında onun dilindən şirin sözlər eşitmişəm. Biri hərb tariximizin araşdı-rıcısı, yorulmaz tədqiqatçı-yazıçı Şəmistan Nəzirliydi, onun haqqında deyərdi, bilirsən nə böyük iş görür Azər-baycan üçün bu Şəmistan!?

İkincisi Azərbaycan qadınları barəsində tədqiqatlar aparıb, kitablar yazan Sabir Gəncəliydi.

Üçüncüsü də yazıçı-publisist Teyyub Qurban idi ki, Qılman müəllim deyərdi: "Teyyub nəinki M.C.Bağırovu diriltdi, həm də onu bizə sevdirə bildi..."

Heç özünü yada salmazdı ki, "Bakı və bakılılar" kimi əvəzsiz bir əsəri xalqımıza ərməğan eləyib.

 

***

Qılman müəllimin böyük məhəbbəti vardı Bakıya. Rəhmətlik fəxrlə deyirdi, düş Bakının küçələrinə, başını qaldır, qədim binaları - az qala daş kitabə olan bu sənət əsərlərini oxuya-oxuya get, doymaq bilməyəcəksən.

Qılman müəllimi naşir kimi də görmuşəm, ailə başçısı kimi də müşahidə etmişəm, zəhmli ata kimi də ondan çox şey öyrənmişəm.

Hər mövzunun özünəməxsus formasını tapmaq sirdisə, bu sirri Qılman müəllim açıb mənə. Hətta bir ata kimi ona oxşar cəhətlərim də var. O da istəməzdi oğlu Ayaz maşın sürsün. Halbu ki, Qılman müəllim 15 il öz ma-şınını özü sürmüşdü.

Mən özüm də oğlum Anarın maşın sürmək istəyini qəbul edə bilmirəm. Bu, əlbəttə ata nigaranlığından irəli gələn qadağadan başqa bir şey deyil.

Bəs Ayaza nə deyəsən? Nəinki övlad, hətta nəvə sahibi olan Ayaz bir dəfə də olmuş olsa atası Qılman müəllimin istəyinin əleyhinə getmədi.

Ağır vaxtlarının da şahidi olmuşam Qılman müəllimin. Həyat yoldaşını yuxudan ayılanda rəhmətə gedən görmüşdü yanında. Əziz qızını itirmişdi. Qızının yasında diqqət kəsilmişdim ona; təmkinli, həyəcansız... müdrük-lük nişanəsi... yəni, olan olub... Oğlunun əməliyyat ediləcəyi xəbərini eşidəndə isə bərk narahat olmuşdu. Mənim ürək-dirək verməyim onu bir az sakit elədi: "Deyirsən, öd kisəsini çıxartmaq qorxulu deyil?!"

Biz Qılman müəllimi II Fəxri xiyabanda dəfn elədik. Hətta ölümünün ildönümündə doğmalarıyla birgə yığışıb qəbrinin üstünə də getdik. Sizə qəribə gəlməsin, qəbri üstünə də təkcə mənmi, bəlkə də hər birimiz canlı Qılman müəllimi görmək ümidiylə getmişdik. Amma məyus olduq; qarşımıza heykəli çıxdı.

Qılman müəllimin məzarı başına Ayaz öz maşınında gəlmişdi. Bunu görəndə öz oğlumu xatırlayıb, gülümsədim: "Görünür elə arzular var ki, ataların ölümündən sonra çin olur".

Hər gün, belə demək olarsa, Qılman müəllimin qonşuluğundan keçib gedirəm. Heykəlindən sakitcə baxan gorurəm onu. Heç gözləri də yol çəkmir. Görkəmli ədib hər yaxşı-pisi olacaq kimi qəbul elədiyindən, görürəm, ölümü də olacaq kimi qəbul eləyib.

 

Sözardı: Yaşayıb-yaşamamasından asılı olmayaraq hər yazıçının özünə məlum olmayan xoşbəxtlikləri var. Yazıçının xoşbəxtliyi isə sözün xoşbəxtliyidir. Sözün xoşbəxtliyi də onun uzunömürlülüyüdü. Bu mənada xalq yazı-çısı Qılman İlkinə həsəd aparmağa dəyər.

O günü geoloq dostum, Ağamahmud Səmədov zəng eləmişdi mənə:

-İşə gedirdim, Beşmərtəbə tərəflərdə - Zərgərpalan sözü gözümə dəydi. Baxdım ki, küçə adıdı. Nəsə bu ad mənə tanış gəldi. Hardan... hardan?! Birdən yadıma düşdü. Sən mənə kitab vermişdin axı, cib formatında; Qılman İlkinin "Köhnə Bakını tanıyırsanmı?" kitabını. İşə çatan kimi açıb qoydum qabağıma; oxuyub, inan ki, doydum və təzə bir məlumat öyrəndiyimdən məmnun oldum. Allah Qılman müəllimə rəhmət eləsin, yaddan çıxan Bakımızı bizə tanıdırdı.

 

Qəşəm İsabəyli

Ədalət.-2014.-8 may.-S..6.