Qaytarın Şuşamı, qaytarın mənə...

 

Bu dəfə məni danışdıran Ramiz Qusarçaylıdı. O Ramiz ki, hələ orta məktəb illərimdə şeirlərini sevmişəm. Mənim küskün, incik, bəlkə də həyatın acılarından bir az qorxacaq gözlərimə işıq gətirmişdi Ramizin şeirləri. Sevə-sevə bağrıma basdığım, qəlbimə hopdurduğum həmin misraları el sənətkarı Qərib Sultana həsr etmişdi. Daş obrazı yaratmışdı şair. Yüyürəndə, yortanda ayaqlarımı əzən, yıxılanda dizlərimi qanadan, məni bezdirən, acıqlandıran daşları Ramiz Qusarçaylı Vətən kimi tanıtmışdı mənə. Elə o vaxtdan daşlara məhəbbətim yarandı. Sözümün əzəli də, axırı da daş oldu - Vətən daşı. Gah qəzəbli, gah sığallı bir daş. Və mən söz paltarı, söz donu biçdiyim o "daş"ları ürəyimin ən kövrək, ən həssas yerlərindən çıxarırdım. Ramiz Qusarçaylı qələmində anlamışdım ki, ürəkdən yana-yana qopardığın hər misqal, hər çəki dəryanın dibindən çıxan inci, ləl, gövhər- qiymətli bir daş ola bilər. Əlbəttə ki, şair qüdrətiylə daşlara nəfəs verə bilsən...

bu duyğular məni bir daha uşaqlığıma qaytardı. Kəndin Mədəniyyət klubunda hər kəsin ayağa qalxıb əl çaldığı misralar mənim dilimdən qopsa da, bu alqışlar şair Ramiz Qusarçaylının ünvanına idi...

 

...Bu çaylaq daşıdı, bu çay daşıdı,

Bu şimşək daşıdı, bu Ay daşıdı.

Bu daşlar özüylə haray daşıdı,

Bir üzü qeyrətdi,

Bir üzü torpaq...

 

Hər bəndin sonuncu misrasında şair bir üzü zəhmət, bir üzü həsrət, bir üzü sənət, bir üzü qeyrətdi, bir üzü qürbət... deyə torpağı adamlaşdırır və torpağı bütöv, duyğusal bir insana çevirir. Torpaqla insanın vəhdətini, ülviyyətini qırılmaz tellərlə beləcə bağlayır.

Mayın 8-i Şuşanın işğalı günüdür. Ramiz Qusarçaylının bir üzü qeyrət dediyi torpağımızın, yurdumuzun, doğrudan da qeyrət rəmzi olan Şuşa may ayında yağmalanıb, talan olunub. May ayı əslində təbiətin bütün gözəlliklərini özündə ehtiva edən yazın, baharın əyninə geydiyi gəlinlik paltarıdı. Çox füsunkar bir zaman kəsiyi, təbiətin, insanın, el-obanın, dünyadakı bütün ulusların həvəsə, ehtizaza, cuşa gəldiyi, sevinən, deyən-gülən çağıdı. Bizbu ayı bir zamanlar böyük çoşğu, təntənə ilə qeyd edərdik. Mayın əvvəli də, ortası, axırı da toy-bayrama çevrilərdi. 1 May həmrəylik olardı, 9 May qələbə yaşanardı. Faşizm üzərində böyük qələbənin təntənəsi bir daha bütün sovet ittifaqı miqyasında xalqların, millətlərin qapısını ürəklə döyərdi. Hər millətə, xalqa məxsus bölgələrdə, yerlərdə saz, söz, mədəniyyət bayramları keçirilərdi. Mayın sonlarına qədər insanın içini sevindirən xoş bir əhvali-ruhiyə yaşanardı. Bütün bunlar gözümüzdən düşdü, sanki may ayını təqvimdən bir qara əl qırıb apardı. Bu təqvim yırtıcı, qaniçən ermənilərin caynağında qopub getdi Azərbaycan səltənətindən, taxt-tacından. Artıq 8 may Azərbaycan tarixinə qara hərflərlə yazılır. Mayın 8-i Azərbaycanın taleyinə zərbə vuran ermənilərlə yanaşı, həm də qanı qanımızdan, dini dinimizdən olan bir çox qara üzləri, qara simaları göz, şüur yaddaşımızda saxlayaraq tarixdən-tarixə, ömürdən-ömürə ötürəcək.

Şuşa bütün dərdlərimizdən ucadadı. Bütün Təbriz, Dərbənd, Zəngəzur, bütövlükdə Qarabağ bir yanadı, Şuşa bir yana. Qarabağ deyəndə həmişə Şuşa yadımıza düşüb. Qarabağdan danışanda Şuşadan başlamışıq. Ona görə yox ki, Şuşa coğrafi baxımdan, relyef baxımından dəniz səviyyəsindən çox yüksəklikdə - zirvədədir. Zirvənin başına qonmuş seyrangah bir şəhərdir. Həm də ona görə ki, Şuşa böyük mənəviyyat, mədəniyyət, qədim keçmişimizlə bağlı bir mərkəz kimi gözlərimizdə çox-çox ucalıqlardadı. Elə ona görə deyirik ki, Şuşa Qarabağ dərdimizin başdaşıdır. Tarixin dibindən üzübəri bu daşın sinəsinə yazılanlar həm şərəflə, həm kədərlə oxunub. Hər qalası bir qaya, hər qayası bir qala olan Şuşa qədim, lap qədim keçmişimizin yadigarıdır. Bu fikirləri deyəndə biz Pənahəlixan Cavanşirdən çox-çox o yanananı xatırlayırıq. Tarixdə Şu adlı Makedoniyalı İsgəndərin dövründə yaşamış çox igid bir sərkərdə olub. Tarixçilər onun türk əsilli sak oğlu olduğunu və Şuşanın göbəyindən çıxdığını deyirlər. Şuşanın yaşı ən azı tarixdə izi qalmış Şu adlı qəhrəmanımızın yaşı qədərdi. Şuşanın qala daşlarına çox cahangirlərin başı dəyib, bu daşlar neçə fatehin çənəsini ovub, yumruğunu geri qaytarıb, qəzəbini-hikkəsini qana bələyib, Daşaltı çayı ilə axıdıb. Monqol yürüşlərinə sinə gərib Şuşa qalasının istehkamları. Çingiz xan Şuşanın zərb-dəstini görüb. Ağaməhəmməd Şah Qacar, Fətəli Şah Əfşar və daha neçələri yaxşı, ya bəd niyyətlə gəlsələr belə, sözün həqiqi mənasında Çin səddi qədər qüdrətli, nizamlara baş əyməyən bu tarixi qala divarlarına, özülü möhkəm olan istehkamlara dəyib üzüaşağıya doğru yuvarlanıblar...

Şuşa çox sınağa çəkilib. Aylarla, illərlə, yüzminlərlə ordusu olan dünya fatehlərinin məngənəsində qalıb, aclıq, susuzluq, çox ciddi ehtiyaclarla imtahana çəkilib. Amma kimsəyə, hər hansı yadelliyə boyun əyməyib. Fəqət, XX əsrdə bir ovuc erməni dığasının hiyləgər rus kəməndi ilə boğulub. Tarixlər boyu ölməyən, sınmayn Şuşa XX əsrdə sındı, öldü. Və bu ölü dünyanın ən gözəl ölüsünə döndü. İndi bu ölünü biz nə dirildə bilirik, nə cəsədini ala bilirik. Şuşanın dərdindən ölənlər ölmədi, amma Şuşa öldü. Şuşanın və muğamatın Xanı nə yaman deyir, nə yaman oxuyurmuş:

 

Şuşanın dağları başı dumanlı,

Dərdinnən ölməyə çoxdu gumanlı...

 

Və mən bu dərddən ölənlərin içərisində dostu da, düşməni də demək istədim.

Şuşa çox sənətkarın qələminə mövzu olub. Təkcə Azərbaycan şairləri yox, ərzin tanınmış üləma-alimləri, şair - yazıçıları cənnət məkanı, mənəvi mədəniyyət paytaxtımız Şuşanı zaman-zaman vəsf ediblər. Şuşa ucalığına heyranlıqlarını, heyrətlərini bildiriblər. Bizim böyük şairlərimizdən Səməd Vurğun, Məmməd Araz, Nəriman Həsənzadə, Bəxtiyar, Söhrab Tahirdaha neçəsi Şuşanı təbiətin möcüzəsi və tarixlər yadigarı bilib onun şəninə misilsiz poeziya nümunələri yaradıblar. Bu nümunələrin hər birinin öz ahəngi, öz ritmi, öz tarixçəsi var. Lakin mən bunların içərisindən Ramiz Qusarçaylını seçdim. Çünki Ramizin yazdığı şeir nostalgiya deyil, xatirələrini çözələmir. Onun şeirlərində hər hansı bir tamahın, nəfsin qoxusu yoxdu. Axı bir çox şairlərimizin, hətta böyük sənətkar deyə andıqlarımızın Şuşaya həsr etdikləri şeirlərindən "kabab qoxusu" kef iyi gəlir. Ramiz Qusarçaylı isə ürəyinin ağrısını sözə çevirib. Şuşanı bütün dərdlərimizin tacı, başdaşı səviyyəsinə qaldırıb. Daş obrazında Vətən tarixi, Vətən salnaməsi, Vətənə məhəbbət abidəsi yaratdığı kimi, "Qaytarın Şuşamı, qaytarın mənə" şeirində də qəlblərdən silinməyəcək bir mənəviyyat abidəsi, hadisəsi yaradıb. Ramiz Qusarçaylı "bəsdirin bu qədər ağladıq, yetər bayatı söylədiyimiz, yetər gülləmizi ayaqda, tətikdə saxlamağımız", - deyir.

Və içindən gələn bir qəzəb, hikkə ilə televiziyadan, ekrandan, efirdən "Vətən" deyib ağlayanlara, "aşağı düşün" - deyir.

Ramiz Qusarçaylı yaxşı bilir ki, dünyanın "ən gözəl ölüsünü" - Şuşanı ayağa qaldırıb diriltmək, öz tarixi sahibinə qaytarmaq üçün yol ağlamaqdan yox, öldürməkdən keçir. Bu şeir həqiqətən böyük bir mübarizə cəbhəsindən gələn səsin həyəcanı, titrəyişidir. Bu şeir qəzəblə kükrəyən şairin intiqam bayrağının dalğaları və rəngləridir. Təsadüfi demir ki, orada, yəni Şuşada bir papağın, bir bayrağın və bir qələbə şeirinin yeri göynəyir. Ramiz nəfəsiylə yox, ürəyi ilə danışır və o yurdları doğma sakinlərindən artıq istəyir, ürəkdən, qəlbdən azadlığını tələb edir. Lap körpə uşaq kimi ayaqlarını yerə döyüb, "Allahım, ver", - deyir.

Kim bu dünyada öz haqqını, öz ədalətini, Allahdan gələn və Allahın verəcəyi payını ürəkdən istəyirsə, bu istək göyərər, bitər. Heç ona fələklər də qılınc çala bilməz. O nə istəyir ki, sadəcə, "Qaytarın Şuşamı", - deyir. Siyasətə qarışmadan, bulaşmadan, əlini çirkaba uzatmadan, könlünü çamura batırmadan "qaytarın mənim Şuşamı" -deyir. O savaşmır, o, davaya çıxmır. Necə bacarırsınız, elə qaytarın- deyir. İstəyirsən sülhlə, istəyirsən döyüşlə-təkcə nəticəni istəyir. Ümidi həsrətin, göz yaşının yedəyinə vermək olmaz. Öndə enməyən, basılmayan inam getməlidir. "Buyruqlara sığışmayan inad" gərəkdir Azərbaycana...

Bu gün Azərbaycan tarixi qüdrətinə, dəyərinə, sözünün və qeyrətinin tarixi kəsərinə qayıdır. Yurdun hər yerində Babək, Koroğlu heykəli ucaldılır. Qılıncının qəbzəsindən qan süzən, qəsbkarlığa meydan oxuyan Babək qeyrəti gəlir Azərbaycana. Bu fikir, bu düşüncələr bizə ilham verir. Azərbaycanın təcrübəli, dünyanın hesablaşdığı prezidenti İlham Əliyev də bu xalqın ilham mənbəyidir. O hər gün, hər an qələbə inamı, qələbə ümidi yaradır, aşılayır...

Ramiz Qusarçaylı da öz ilhamına, ilhamının güc aldığı böyük mənbələrə arxalanır. Əgər arxalanmasa, "Qaytarın mənim Şuşamı" sözünü belə ürəklə, cəsarətlə, tələblə səsləndirə bilməz. Çox maraqlıdır ki, şair "yetər ağlamağımız", desə də, bu şeirin özü də dərdi çəkməyin acısından, ağlamağın sitəmindən, göz yaşından doğulub. Amma görünür, iki cür ağlamaq var. Biri yetim-yetim sızıldamaq, boynunu bükmək, biriiçin-için dərdlərinin abidəsini yonmaq, onu tarixin ibrət güzgüsünə çevirmək...

...Deyirlər ki, fikir tamamlanıb. Vaxta və yerə qənaət etməyimi istəyirlər. Bu, Ramiz şeirinin qüdrətidi. Əslində, bu tamlıq başlanğıcdan, elə ilk sətirdən boylanırdı üzümüzə - "Qaytarın Şuşamı, qaytarın mənə..."

 

Fariz Çobanoğlu

 

Qaytarın Şuşamı,

qaytarın mənə

 

Görünür qisasdan, döyüşdən keçib,

Tənədən,qınaqdan, söyüşdən keçib,

Diş dişə dirənib, işdən keçib

Qaytarın Şuşamı, qaytarın mənə...

 

***

Göylərin sirrini Yerdə örtməyin,

Günahı məsciddə,pirdə örtməyin,

Tökülən qanlara pərdə örtməyin

Qaytarın Şuşamı, qaytarın mənə...

 

***

Aram yox aranı pozanlılarla,

Yolum yox yolunu azanlılarla,

Başımı qatımmı quzanlılarla,

Qaytarın Ağdamı, qaytarın mənə...

 

***

Qaytarın Şuşamı, qaytarın mənə...

Xarı bülbülümü gülə qaytarın,

Sarı sünbülümü telə qaytarın,

Necə satılıbsa, elə qaytarın,

Qaytarın Şuşamı, qaytarın mənə...

 

***

Çiçəksiz çəməni neynirəm axı,

Ürəksiz bədəni neynirəm axı,

Şuşasız Vətəni neynirəm axı,

Qaytarın Şuşamı, qaytarın mənə...

 

***

Nə qədər silahı yağlamaq olar,

Ümidi lazıma bağlamaq olar?!

Nə qədər efirdə ağlamaq olar,

Qaytarın Şuşamı, qaytarın mənə...

 

***

Bir məzar yeriqoy mənim olsun,

Bir şəhid köynəyi kəfənim olsun,

Andından dönənə and qənim olsun

Qaytarın Şuşamı, qaytarın mənə...

 

***

Orda bir papağın yeri göynəyir,

Orda bir bayrağın yeri göynəyir,

Orda bir Qələbə şeri göynəyir,

Qaytarın Şuşamı, qaytarın mənə...

Necə bacarırsız, elə qaytarın...

Qaytarın Şuşamı, qaytarın mənə...

 

Ədalət.-2014.-9 may.-S.21.