Qaytar ana borcunu

 

Bir gözəl, bir sevimli oğul böyütdü ana.

O bəd, uğursuz günü - ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə

Lakin saç yolaraq verdi əsən küləyə,

şivən etdi ana.

Ürəyində ağlayıb, gülmək öyrətdi ona,

Dözərək davanın da dərdinə, bəlasına,

Öz boğazından kəsib yedirdi balasına...

Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.

Bir oğul böyütdü ki, oğul deyirəm sənə:

Atlını atdan salıb küləklərlə ötüşür.

Baxışından qızların ürəyinə od düşür.

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,

Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki: "Gör neçə aya getdi?!"

Ana yuxularında tez-tez Bakıya getdi,

Ana məktub yazdı ki: "Yanıltma gümanımı,

Pul nədir, pul deyirsən, göndərərəm canımı".

zaman ki oğlunun getdiyi dörd il oldu,

Məktubları kəsildi, gəlmədi tətil oldu,

Ananı fikir aldı, ananın əsdi dizi

Ana müqəssir etdi, tramvayı, dənizi.

O yenə dözdü, durdu... O yolmadı saçını,

Səsləri qonşuları Əsmər, Çiçək bacını.

Yenə azalmadı ürəkdən bala dərdi

Onlar oğul vermədi, onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya xdı,

Ana da məktubların dalınca baxdı, baxdı...

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,

Məktublar əzik-üzük, məktublar bezdi gəldi,

Ana yenə baxdı gah dolama yollara,

Gah da oğul boyuna həsrət qalan qollara.

Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,

Ana oğul böyütdü, özgəyə qismət oldu.

Ana fikirləşdi ki, mən neyləmişəm sənə?

Bu oğulluq oldu, bu məhəbbət oldu?

Oğul böyütdümü o büzmədodaq bir qıza?

Oğul böyütdümü o. min işvəyə, min naza?

Ana bilsəydi əgər böyütməzdi oğlunu,

Yox, bunu yandım dedim, yenə atmazdı onu.

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb gülmək öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?

Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, o söhbəti gülüşü anan verib,

Ana dodaqlarından bala dodaqlarına.

İndi ondan gen gəzən oğul, ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,

Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü hırıldamazsan daha

Qaytar, qaytar onları. qaytar qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

 

Bakı küləyi

 

Demirəm hər zaman gəz bu diyarı.

Sındır budaqları, əy budaqları.

 

Bəzən sakit əs, su kimi durul,

Gəlib dalğa-dalğa tökül qoynuma.

Gah da mənə çatıb havada burul.

Burula-burula dolan boynuma.

 

Amma ürəyimdə bir sözüm var,

Sən ey soyuq xəzri, isti giləvar!

Gəlsə yuxu kimi bu həyat sənə

Min bir mübarizə xatırlat mənə.

 

O güclü dalğalar. o gur dalğalar

Qəfil yerimdən qoparsın məni.

Gurlasın o ki var, coşsun o ki var,

Yüyürdə-yüyürdə aparsın məni.

 

Gurla var gücünlə, gurla, ey külək,

Saçımı da dağıt, sinəmdən bas!

Mən cavab verdim, mənə qulaq as:

Gəl bir toqquşub döş-döşə gələk!

 

Görsən tyfansızam, görsən rahatam,

Qoyma xumarlanıb evdə yatam.

Ey Bakı küləyi, səhərə kimi

Sındır pəncərəmi, döy pəncərəmi!..

 

 

Kür, sənə bənzəyən

nəğməm olaydı!

 

Ey Kürüm, sanıram bir xoş nəğməsən,

İndicə qopmusan min-min dodaqdan.

Sənintək mənalı bir nəğməni mən

"Hardasan", - deyərək gəzirəm çoxdan.

 

Doldurub ovcuma sərin suyunu

Sevdiyim nəğmənin bir damlasıtək,

Ey könül, deyirəm, seyr elə bunu,

Mənalı olmağı bundan öyrənək.

 

Yazdığım nəğmə istərəm ki mən

Sədada, qüdrətdə tamam sən ola.

Həvəslə. zövq ilə həm dinlənilən.

Həm ki gözlərə görünən ola.

 

Axar ürəyimə yüz ömrün kamı

O əziz yaransa elə su kimi.

Qoy belə olmasa könlün ilhamı,

Dağılsın bir uşaq yuxusu kimi!

 

Sənintək a Kürüm, mənim nəğməm

Axa şəhərlərə, axa kəndlərə.

Mildə qurtarıb susanda aləm

Xoş səda salaydı aynabəndlərə.

 

O da dalğalanıb, yeriyib arx-arx

Bu ana torpağı qucaqlayaydı.

Sən ellər gəzəndə işıq saçaraq

Sözüm könüllərə şəfəq yayaydı.

 

Sənintək axaydı səsim , a çay,

Muğanda "su" deyib yananda düzlər,

Mənim nəğməmi tarlada hər yay

Sərin suyun kimi içəydi qızlar.

 

Hər könül istəyim, könül harayım

Ellərin qeydinə belə qalaydı.

Heç istəmirəm, mənim Kür çayım,

Bir sənə bənzəyən nəğməm olaydı.

 

 

Mənim ömrüm

 

Ömür tənhalıqda bada gedərdi

Əgər olmasaydı gözəl insanlar.

Mənimdir onların sevinci, dərdi,

Mənə özüm kimi əzizdir onlar.

 

Bəzən rastlaşıram özümlə özüm

Düşəndə bir yerə güzarım mənim.

Yüz gördü, min gördü, çox gördü gözüm

Bir deyil, on deyil məzarım mənim.

 

Torpağın altında çox darıxıram,

Torpağın üstündə qədər şənəm.

Gah sağa göz qoyub sola baxıram

Hər yerdə mən varam, hər yerdə mənəm.

 

Deyib: " tez öldü, nakam öldü" -

Bəzən gül qoyuram məzarım üstə,

Deyirəm az güldü, çox azca güldü,

Qoy gülüm, qalmasın arzusu gözdə.

 

Baxsan bu dünyanın ha tərəfinə

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam.

 

 

Qağayılar...

 

çoxdur Neft daşlarında

Qağayılar.

Qağayılar..

Qağayılar...

Bir gün onlar gördülər ki,

Dalğalarda insan da var

Çığrışdılar

Qağayılar.

Şəhər saldı suda insan

Qorxusundan

Bağrışdılar qağayılar

Qorxdular ki, dəniz - Vətən

Alınacaq əllərindən

səhvlərini

Duyub birdən

Barışdılar qağayılar

İndi isə

Yeməkxana qabağında

Görünəndə qağayılar

Onlar üçün pəncərədən

Pay atırlar.

Hər gün bura dəstə-dəstə

Uçub gələr qağayılar

Neftçilərtək düz vaxtında

Səhər-səhər

Qağayılar.

Qağayılar..

Qağayılar...

 

Əli Kərim

Ədalət.-2014.-9 may.-S.20.