İNCƏ RÜZGARI

 

Qazağın ilhamı bol verilmiş İncə şairlərindən İbrahim İlyaslı mənə bir şeir ünvanlamışdı. Əslində ithaf olunmuş şeirbir şirin paydır. Ərənlər deyərdi: "Ay pay, hara gedirsən?" Pay da cavab verərdi ki: "Pay gətirməyə!" Mən də İbrahimin "boşqabını" boş qaytarmaq istəmədim.

 

I şeir: İBRAHİM

 

İbrahim İlyaslının mənə nəzm ilə yazdığı məktuba cavab

 

Mənə yolladığın şeri oxudum,

Nə incə yazmısan, incə, İbrahim.

Hər şair gül açar yurduna nisbət,

İlyaslı İbrahim, İncə İbrahim.

 

Qələmin kəsərli, sözün al-əlvan!

Məntiqin tutarlı, hər misran rəvan!

İxtiyarı saya salmaz hər cavan,

Qəlbinə min əhsən öncə, İbrahim!

 

Şair dediyimiz: sözün nəqqaşı!

Donmuş bir hikmətdi hər üzük qaşı!

Kim olursa-olsun söz qələmdaşı:

Bir ruhun övladı, məncə, İbrahim!

 

Bu bədən ki aşırmadı əmrimi,-

Əbəs yandı, kül elədi kömrümü...

İl hesabı yaşamadım ömrümü:

Yetmişbeşim olar mincə, İbrahim.

 

Nöqtə-nöqtə artıb, pir olur insan,

Sənin oxunuşun indi çox asan!

Dürüst anladığım kitablardansan!

İnsan dərsi aldım fəncə, İbrahim.

 

Qartallara qoşul, zirvələr hayla,

Dara düşmə! Düşsən, mərdi harayla!

Aranda kefə bax, yaylaqda yayla,

Qısılma heç zaman küncə, İbrahim!

Bakıda əhvalın yorulmuş kimi,

Xəzərdə balığın qırılmış kimi,

İncədə pərvazın qızılquş kimi!-

Bir yan Tiflis, bir yan Gəncə, İbrahim.

 

Qayıt öz dərənə, keçməmiş vədə,

Əkinlə-biçinlə qayğını ödə!

Kim sənə yer verməz Astanbəylidə:

Buğdan olar pəncə-pəncə, İbrahim!

 

Möhtəşəm zirvələr dağlara dirək!

Zehinlər çox iti, xəyallar zirək!

Biz çəmin tapmadıq, sən yaşa görək!

İncənin qucağı gencə, İbrahim!

 

Kim ki, Yaradana olsa əgər,

Zərrəsi qalmaz - dağ olsa əgər!

Hər kəs bu dünyada əkdiyin biçər!

Yaşar etiqadca, dincə, İbrahim.

 

var bu şəhərdə, qurtul xiffətdən!

Yağ-yavanlıq göndər bizə kənddən.

Gərəkli təklifdi: eşit Məmməddən,-

Tapşır qulağını dincə, İbrahim.

İlyaslı İbrahim, İncə İbrahim!...

 

 

SƏNSİZ

 

Bakı sənsizliyin fərqinə varmaz,

İncə xiffət çəkər hər gündə sənsiz.

Titrər həsrətindən gül-çiçək müdam:

Ağaclar yol gözlər hər tində sənsiz.

 

İbrahim, sözümü yozma kürlüyə,

Təpin dambatlığa, təkəbbürlüyə!

Kəndinə qayıtmaq yasaqmı bəyə?!

Qartal o dağların sərtində sənsiz.

 

Dön ki: dönüşündən dağlar doyalar!

Səsinə səs verə küskün qayalar!

Astanbəyli gəlişindən bay olar!

Dönməsən, kənd olar bir kündə sənsiz.

 

Simsarlı-qəmxarlı yaşar o yanlar,

Ömürdən yorulmaz insan duyanlar!

Gəlməsən, güneylər zəndini danlar:

Çiçək doluqsunar çəməndə sənsiz.

 

Qocalar kövrələr gün batabatda,

Günlü gün az gördü Məmməd həyatda.

Ürək göynəməzmi sinənin altda:

İncə nur içində çiməndə sənsiz!

 

Məmməd ASLAN

Ədalət.-2014.-9 may.-S.13.