"YADDAŞLARA YAZILAN ŞEİRLƏR"

Yarımçıq şair taleyinə ehtiramla

 

Yaxın günlərin söhbətidi. Dəyərli qələm adamı, qələm dostum Süleyman Əlisa telefonuma zəng çaldı. Bir az özümüzdən, bir az ailə-uşaqdan danışandan sonra bildirdi ki, sənə bir kitab gətirəcəm, bu kitabın müəllifi dünyasını dəyişib. Amma övladları, doğmaları onun vəfatından sonra atalarının dillərdə gəzən, dostların yaddaşına köçən şeirlərini toplayıb maraqlı bir kitab hazırlayıblar. İstəyirəm o kitabla tanış olub imkan daxilində "Ədalət"in oxucularına məlumat da verəsən...

Təbii ki, mən Süleyman müəllimn arzusunu müsbət qarşıladım səbirsizliklə onun gətirəcəyi kitabı gözlədim. Söhbətimizdən bir neçə gün sonra indii sizə təqdim etdiyim kitab redaksiyamızda, yazı stolumun üstündəydi. Mən kitabın üz qabığında əks olunmuş müəllif şəklinə baxanda özümdən asılı olmadan xəyalən ötən illərə üz tutdum ailə albomuzdakı keçən əsrin 40-50-ci illərinin şəkillərini göz önünə gətirdim. görünür, o dövrün adamlarının hamısı bir sovet- foto əxlaqı da yaşayıblar. Adamların şəkillərinin hamısı bir-birinə elə bənzəyir ki, elə bil bütün şəkilləri eyni fotoqraf çəkibdi. Bax, bu maraq məni kitabla tanış olmağa daha da həvəsləndirdi.

Bəri başdan deyim ki, kitabır redatkoru Süleyman Əlisa, ön sözünün müəllifi filologiya elmləri dostoru Vaqif Yusifli mərhum şair barəsində yazılmış ürək sözlərinin müəllifi isə AYB katibi Arif Əmrahoğludu. Hörmətli Vaqif Yusiflinin "Yarımçıq ömrün yadigarı" adlı ön söz əvəzində həyatını zamanın, hadisələrin, eləcə taleyin hökmüylə yarıyolda saxlamış, bir ömrün şirinliyini başa çıxa bilməmiş qələm adamlarından söz açıb. Xüsusilə Əli Kərimi, Sərdar Əsədi, Nizami Aydını, Zərdüşt Şəfizadəni, Üzeyir Məhərrəmlini, Hamlet Kazımoğlunu, Faiqi digərlərini xatırlayaraq bildirir ki, bu söz adamlarının ömrü 40 yaşı keçə bilməyib. Həmin yarımçıq ömrün bir nişanəsi Balaxan İbadlıdı. Belə ki, İmişli rayonunun Sarxanlı sovetliyinin Boşçallar kəndində 1936-cı ildə doğulmuş Balaxan çox az ömür sürmüş el sənətkarlarından biri olmuşdu. Cəmi 36 il yaşamış Balaxan 1972-ci ildə ulu Tanrının dərgahına qovuşmuşdu. Ancaq onun dildə-ağızda dolaşan məclislərdə səslənən şeirləri onun ömrünə əmür əlavə etmiş, onun həyatını ölümsüz bir həyata çevirimşdi. Çünki söz min illər, milyon illər yaşayır. Sözün yaradanı, təbliğ təqdir edəni təbii ki, həm söz ömrünün bir hissəsinə çevrilir.

Hörmətli Vaqif Yusiflinin təbirincə desək, Balaxan İbadlı şeirləri insan həyatının gözəlliklərini, xüsusilə eşqi, onun böyüklüyünü ülviliyini bütün varlığı ilə yaşayır sözlərin vasitəsilə şeirə çevirən şair olmuşdu. Həm bu nakam şair güclü yumor hissinə, satirik ruha da sahib imiş. Onun təmsilləri oxucuda sözün bütün mənalarında bir coşqu, bir ruh yüksəkliyi, həm bir mübarizlik hissi oyada bilir.

Balaxan İbadın şeirlərini gözdən keçirəndə bu şeirlərdə fikrin çox konkret ifadə olunduğu da diqqəti çəkir. Mərhum şair yazır:

 

Gəl qol-budaq verək, dedilr kola,

Gözəl görünərsən sən qol-buaqla.

Dedi: - İstəmirəm.

Dedilər: - Niyə?

Dedi: - Aram yoxdu kölgə salmaqla.

 

Bu balaca şeirdə göründüyü kimi, kifayət qədər fikir poetikləşib. Şair kölgəsiz olan hər şeyi, hətta özü üçün yaşaan insanları da qınaq obyektinə çevirib vurğulayb ki, canlı olan, yaşayan hər kəs, hər şey mütləq başqa birinin yaşamasına yardımçı olmalı, onların əlindən tutmalı, obrazlı desək, üzərlərinə sözün yaxşı mənasında kölgə salmalıdı.

Başqa bir şeirində müəllif yazır:

 

Uymayaq heç zaman fitnəyə, felə,

Əsməyək külək tək belədən-belə.

Xoşbəxt ömür sürsün Balaxan ilə

Girməsin qəlbinə şeytan, istərəm.

yaxud:

 

O mənim ağlımı başımdan alır,

O mənim dağlara, daşlara salır.

vaxtdı əllərim qoynumda qalıb

Məni bu bəladan gəl qurtar, bülbül.

 

Mərhum şairin təmsilləri ilə yanaşı, sevgi şeirlərində bir özünəməxsusluq var. Bu özünəməxsusluq da onun sadə, amma mənalı fikirlərində ifadə olunur. Adətən xoş məclislərdə dilə gətirilən bu şeirlər dərhal da diqqəti çəkir, yaddaşlara köçür. Çünki həmin şeirlərdə bir ovqat var. Məsələn:

 

Bil ki, bu dünyaya gəlsəm təzədən,

Oxşamaz könlümü hər yoldan ötən.

Səni sevəcəyəm, sevməsən sən,

Çünki mən bilirəm məhəbbət nədi.

 

yaxud:

 

Yanıb yaxılıram bu qeyri-qalda,

Gec olar fürsəti verərsən bada.

Görsən ki, İbadlı yoxdu dünyada

Onu özgəsindən sorma amandı.

 

Sizə təqdim etdiyim şeir nümunalərindən göründüyü kimi, Babaxan İbadlı öz düşüncələrini, öz duyğularını qələmə alıb, onları poetik bir şəkildə oxucuların, hətta mən deyərdim ki, dinləyicilərinin yaddaşına köçürə bilibdi. Elə həmin o yaddaşın hesabına da bu kitab araya-ərsəyə gəlibdi. Mən kitabın nəşriyyat baxımından da çox maraqlı bir tərtibatla oxucuya hədiyyə edilməsini müsbət dəyərləndirirəm. Çünki hər şeirə, hər misranın fikir yükünə uyğun illüstrasiyalar, rəsam işi kitabda yer alıb. Ona görə oxuduğun şeirin şəklini görə bilirsən.

Son olaraq bu kitabın oxucularına, daha doğrusu, "Ədalət" in oxucularına müəllifin şeirlərindən iki nümunəni təqdmi edirəm. Düşünürəm ki, həmin nümunələr şairin bu gün bizimlə bir sırada yaşadığına şübhə yeri qoymur. Şair yazır:

 

Yaxşı ki, ömrümü vermədim yelə

Yaxşı ki, sevgiylə döyünür hələ

Sorağı yayıla obaya, elə

Sinəmdə çırpınan quşdu, ürəyim.

 

bu da ikinci nümunə:

 

Coşub çağlayırdı sinəmdə ürək

Sığmırdım dünyaya aşıb, daşırdım.

Gecələr oturub səhərə qədər,

Nəğmələr yazırdım, şeir qoşurdum.

 

Bəli, nakam şair Babaxan ibadlının ruhu qarşısında baş əyməklə onun bu kitabını biz oxuculara hədiyyə edən hər kəsə təşəkkürümü bildirirəm. Ruhun şad olsun, şair!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-13 may.-S.6.