QALIR

 

Unudulmaz sənətkarımız sağ olsaydı - bu gün onun 85 yaşını özü ilə birlikdə bayram edəcəkdik

 

Uçub sal qayamız, qartal qayamız,

Köçüb son mənzilə Hikmət Ziyamız;

Dözək, əzizlərim bu dərdə dözək,

Kədər dəryasında inamla üzək!

 

Həsrət tək Şəkini yandırır məgər?

Şərur da geyinib ələm libası;

Daha bu sualı verməyəcəklər;

"Necədir Günelin şair babası?"

 

Ən incə mətləbi dərhal duyanın

Heyif yazılmadı neçə əsəri;

Hamıya təbəssüm bağışlayanın

Hamıya zərbədir ölüm xəbəri.

 

Sinəmdə narahat çırpınan qəlbim

Tez-tez pıçıldayır "Bundan sonra kim,

Kim təmsil edəcək təmsilimizi?"

Allah cilovlasın selimizi.

 

Özünü torpağa tapşırdıq, fəqət

Sözünün hikməti,ziyası qalır;

Dağlıq məmləkətə bənzəyir sənət,

Zirvə arxasında zirvə ucalır.

 

... Uçub sal qayamız,qartal qayamız,

Köçüb son mənzilə Hikmət Ziyamız;

Dözək, əzizlərim bu dərdə dözək,

Kədər dəryasında inamla üzək!

 

Oqtay RZA

Əməkdar müəllim, şair

Ədalət.-2014.-13 may.-S.6.