Bura Lənkərandır

 

Uca Talış dağlarından başlamış intəhasız yaşıllıq düzənlərə qədər enir. Burada min rəngə çalan güllərin, çiçəklərin yaratdığı gözəllik yaşıllıqlar qoynunda bir halə yaradır. Bir qədər aşağıdakı mavi gözlü Xəzər gecələr şəhərə həzin bir layla deyir. Dənizin gündüzləri daha gözəl olur. Xırçın ləpələr bir-birini qova-qova sahilə çırpılır və ətrafa bir sərinlik yayılır. Yaz aylarının özünəməxsus gözəlliyi şəhərin girişindən başlayaraq bütün ərazini əhatə edir. Bunu Lənkəran şəhərinə gələn hər bir müsafir həmin andaca hiss edir və gözəlliyə heyran olur. Elə şəhərin giriş hissəsindəki Göyşaban kəndi buna bariz nümunədir. Burda yaradılmış yaşıl təpələr, Ləvəngi, Gərmətük yol dairələrindəki mənzərələr şəhərə başqa bir hüsn verir. Asfaltlanmış və səliqə-səhmanı ilə göz oxşayan magistral yollar boyunca milli ornamentli divarlar tələbkar turistləri, qonaqları belə özünə cəlb edir. Fikirləşirsən ki, bütün bu gözəlliklərin ərsəyə gəlməsi üçün gərgin əmək və vaxtla bərabər yüksək estetik zövq də lazım olmuşdur.

Ümumiyyətlə, Lənkəran şəhərində son illər görülmüş tikinti-abadlıq işləri mübaliğəsiz, ən gözəl sözlərə layiqdir. Hər yanda hökm sürən təmizlik, səliqə-səhman, yeni salınmış parklar, bağlar gözəl Lənkərana gözəllik qatır. Ən müasir tələblərə cavab verən yollar, körpülər bu şəhərin qismətinə düşən paydır. İndi cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda iri həcmli tikinti-quraşdırma işləri aparılır. Şəhərdə küçə və meydanlar yenidən qurulur, səkilərə tamet döşənir. Bura Lənkərandır...

Yenidən qurulmuş və Lənkəran şəhərinə özgə bir gözəllik verən Heydər Əliyev parkı daha möhtəşəm və gözəldir. Burdakı bir-birindən gözəl inzibati binalar, onların ətrafında salınmış yaşıllıqlar, parkın özündəki rahatlıq ayrıca bir zövq mənbəyidir. Üçrəngli Dövlət Bayrağı meydanı, Heydər Əliyev Mərkəzi burdakı gözəlliyə min bir çalar verir. Lənkəranlı gənclərin sevimli istirahət guşələrinə çevrilmiş Gənclər Mərkəzi yerli sakinlərlə bərabər xarici müsafirlərin də ən çox üz tutduqları məkandır. Şəhərin bütün mərkəzi küçələrində qurulmuş müasir işıqlandırıcı qurğular Lənkəran gecələrini daha gözəl göstərir. Şəhidlər Xiyabanı başdan-başa yenidən qurulmuş, burdakı avtomobil körpüsü bərpa edilmişdir. Hər iki tərəfdən xiyaban boyu səkilər tikilmiş, bordürlər düzülmüşdür. Bütün küçə boyu milli ornamentli divarlar hörülmüşdür. "Azərbaycanlıların Soyqırımı" parkı, Milli Qəhrəman Əsgər Əliyev adına park, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidə kompleksi də yenidən qurulmuşdur. Bu əraziyə döşənmiş tamet isə burdakı gözəlliyi tamamlayır. Bura Lənkərandır...

 

Gözəllik yaradan abadlıq

 

Gözəl Lənkəranın gözəlliyinə həmrəng olan abadlıq işləri son vaxtlar burda daha böyük vüsət almışdır. Əvvəlki dövrlərdə olduğu kimi bu ilin 1-ci rübündə də dövlət tərəfindən ayrılmış vəsait hesabına şəhərin daxili küçələrində təmir işləri davam etdirilmişdir. Yolların sıradan çıxmış hissələrində 1470 kvadrat metr cari təmir işləri aparılmışdır. Ölkə Prezidentinin sərəncamı ilə ayrılmış vəsaitə uyğun olaraq Göyşaban-Ürgə kəndləri ərazisində, şəhərin F.Məmmədov küçəsində, Bakı-Astara magistral yolunda, Füzuli küçəsində hasarların layla üzlənməsi burdakı abadlığın bir hissəsidir. Zərifə Əliyeva küçəsində, vağzalyanı ərazidə səkilərə düzülmüş bordürtamet daşlar yüksək zövqdən xəbər verir. "Xocalı Soyqırımı" abidə kompleksində aparılmış tikinti-abadlıq işləri də təqdirəlayiqdir. Abidə ətrafına döşənmiş qranit möhtəşəm və gözoxşayandır. Abidənin arxa hissəsində yerləşən guşə tamamilə yenidən qurulmuşdur. Burdakı işıq dirəkləri müasirləri ilə əvəz olunmuşdur. Hazırda rayonda tikinti-abadlıq işləri eyni həvəslə davam etdirilir. Lənkəranlıların mütəmadi istifadə etdikləri Lənkəran şəhər Mədəniyyət Sarayının əsaslı təmir işlərinə də artır start verilmişdir. Çox güman ki, saray təmirdən sonra yüksək zövqü olan lənkəranlıların tələblərinə tam cavab verəcək.

Qısa müddət ərzində rayondakı əsas magistral yollara böyük diqqət verilmişdir. Şürük-Vel-Qamuşovka, Lənkəran-Vilvan-Osaküçə-Türkənci, Vilvan-Zövlə-Boladi-Liman, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolları tamamilə yenidən qurularaq asfaltlaşdırılmışdır. Bu işlərin nəticəsində 100 mindən çox lənkəranlıların, eləcə də qonaqların rahat gediş-gəlişi təmin olunmuşdur. Ümumiyyətlə, Lənkəran rayonu haqqında danışanda qeyd etmək lazımdır ki, burda yol tikintisinə xüsusi diqqət verilir. Sakinlərin gediş-gəlişinin təmin olunması üçün səkilər mütəmadi olaraq təmir edilir. Bu da istər-istəməz abad olan şəhəri və onun kəndlərini daha gözəl göstərir.

 

Bəs rəqəmlər nə deyir?

 

Heç şübhəsiz ki, sadaladığımız bu gözəlliklərin arxasında gözəl də həyat dayanmalıdır. Bu gözəl həyatın, bu firavanlığın mərkəzində isə yəqin ki, işgüzarlıq, halal zəhmət dayanır. Lənkəran rayonunda sosial-iqtisadi inkişaf bu gözəlliklə bərabər insan həyatında qoşa xətt təşkil edir. Bunu cari ilin birinci rübünün yekunları da təsdiq edir. Bu müddət ərzində ümumi məhsul buraxılışı 6,1 faiz artaraq 57 milyon manat təşkil etmişdir. Sənayedə 4,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi də 1,5 faiz artmışdır. 2014-cü ilin 1-ci rübündə rayonda sənaye sahəsində işləyənlərin orta əməkhaqqı 15,4 faiz artaraq 270 manata çatmışdır.

Ötən 3 ay müddətində Lənkəran rayonunda 660 yeni yeri açılmışdır. Bunlardan da 540-ı daimi yerləridir. Bu da öz növbəsində neçə ailənin dolanışıq yeri deməkdir.

Son bir il ərzində Lənkəran rayonunda mavi qazın çəkilişinə xüsusi önəm verilmişdir. Hazırda rayonun 70-dən çox kəndində qaz xəttinin çəkilişi başa çatdırılmışdır. İndi sakinlərin su-kanalizasiya şəraitinin yaxşılaşdırılması üçün layihə həyata keçirilir. Bu məqsədlə 210 milyon dollardan çox vəsait ayrılmışdır. Artıq Lənkəran şəhərində mindən çox ailə beynəlxalq standartlara cavab verən içməli sudan istifadə edir. Bu işlər həyata keçirilərkən küçələr və yollar qazılır, daşıyıcı borular quraşdırıldıqdan sonra qazılmış yerlər hamarlanaraq asfaltlaşdırılır.

Bu məqamda Lənkəran şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmirindən danışmaq yerinə düşərdi.

Yüksək səviyyədə həyata keçirilən təmir işlərindən sonra burdakı şərait tamamilə yenilənmişdir. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana indi sakinlərin tam ixtiyarına verilmişdir. Cənab Prezidentin sərəncamı ilə əsaslı təmir olunan xəstəxana ölkə başçısının insanlara olan qayğısının təzahürüdür.

Gözəl Lənkəran haqqında bu qısa qeydlər burdakı inkişafın kiçik bir hissəsidir. Ancaq bu inkişafın və gözəlliyin həyata vəsiqə almasında Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun əməyini qeyd etməmək olmaz.

Bura Lənkərandır, burda aparılan abadlıq-quruculuq işləri şəhəri daha möhtəşəm və gözəl göstərir.

 

Səxavət Məmmədli

Ədalət.-2014.-14 may.-S.7.