DAYANDUR SEVGİNİN İKİ BEŞİ

 

Bu boyca uzun, saçları təzə gümüşləmiş, həmişə Yazıçılar Birliyinin koridorlarında və qapısı ağzında kiminləsə şirin-şirin söhbət eləyən, deyib-gülən, zarafatı xoşlayan, "Natəvan" klubunun tədbirlərində mahir bir təşkilatçı kimi əvvəldən axıra qədər məclisə yiyəlik edən, çox sadə və səmimi bir insan-Dayandur Sevgin gəlib 55 yaşına çatdı. Məlum məsələdir ki, Yazıçılar Birliyində 50, 60, 70, 75 və 80 yaşlıların yubiley tədbirləri olur. Dayandurun isə 60 yaşına hələ 5 il var. Amma budur, onun "Xoş gəldin 55 yaşım" adlı bir kitabı çıxıb (şeirləri, məqalələri, onunla müsahibələr və haqqında yazılanlar) və mayın 14-də "Natəvan" klubunda dostlar, tanışlar bu kitabın imza gününə yığışacaqlar. Yəqin ki, elə o gün söhbət ancaq 55-dən gedəcək. Mübarək olsun deyirik...g

Dayandur Sevgin çox istiqanlı insandı və bu hərarətdən, bu istilikdən onun şeirlərində də çox şey var. Uşaqlığı və ilk gəncliyi İmişlinin ilan mələyən çöllərində keçib, özünün dediyinə görə qoyun-quzu otarıb, əsl kəndçi ömrü yaşayıb. Elə onun səmimiliyi, bəzən lap sadəlövhlüyü də kənddən -kəsəkdən gəlir. Bir kəndçi balası kimi təbiəti, kəndi çox sevir və elə bilirəm uşaqlarına da kənddən bir sərvət kimi gətirdiyi o təbiiliyi aşılaya bilib.

Dayandur Sevgin deyir ki, həmişə bir ayağı kənddədir. Kənd onun üçün əvəzi olmayan ən doğma məkandır. Kəndə gedəndə ilk işio olur ki, yolunu birinci qəbiristanlıqdan salır. Valideynlərinin, doğmalarının qəbrini ziyarət edir.

Onun kəndlə bağlı, hələlik şeirlərində nadir hallarda görünən xatirələri var. Çox istərdik ki, Dayandur Sevgin, dostu Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl kimi tərəkəmə həyatını təsvir eləyən bir əsər yaza. Kəramətin demədiklərini və deyə bilmədiklərini Dayandur qələmə ala.

Bəs Dayandur necə şairdir? Mən o kitaba nəzər salıram və Dayandur haqqında ayrı-ayrı müəlliflərdən çox yığcam şəkildə sitatlar gətirmək istəyirəm. Filologiya elmləri namizədi, şairə Sona Vəliyeva yazır: "Dayandurun şeirlərində xarakteri, gün-güzəranı, arzuları, keçmişibu günü yaşayır. Bunların kökündə isə məhək daşı kimi ən əsası səmimiyyət daşıyır". Filologiya elmləri namizədi Salatın Əhmədli isə yazır: "Dayandur Sevginin şeir dili axıcıdır, poetikdir. Şeir dili ilə sanki təbiət mənzərəsi çəkir". Elmlər doktoru, tənqidçi Təyyar Salamoğlu göründeyir: "Dayandur Sevgin həyatımızın və sürətlə qloballaşan dünyanın, yaddaşını itirən Zamanın bütün ağrılarına, problemlərinə bir şair kimi onu narahat edən məsələlərin hamısına dərdin prizmasından baxır. Belə bir baxış başa düşüləndir". Şair Balayar Sadiq yazır ki: "Ənənəvi poeziya müstəvisində həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəməxsus orijinallıqla, yüksək fikir tutumupoetik təravətlə yanaşan istedadlı şairlərdən biri Dayandur Sevgindir".bu müəlliflərin dördü də təsdiq edir ki, Dayandur Sevgin vətənpərvər şairdir, xalqını, yurdunu, elini-obasını sevir və şeirlərində də bunun inikasını görürük.

Mənim Dayandur Sevginin şairliyilə bağlı bu deyilənlərə əlavəm yoxdu (vaxtilə, 50 yaşı olanda onu özünəməxsus bir şair kimi səciyyələndirən yazı dərc etdirmişdim). Çünki bu deyilən fikirlərin hər biri Dayanduru bir şair kimi səciyyələndirə bilir. Dünəni, keçmişibu günü şeirlərində yaşadan şair... Səmimi şair... Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə bağlı şair... Zənnimcə, bu mülahizələr kifayət edər Dayandurun şair aləmi haqda və ən əsası odur ki, bu fikirlər havadan asılı qalmır. Ona görə də mən dostum Dayandur Sevgin Tağıyevi iki beşi - 55 yaşı münasibətilə təbrik edirəm və onun bir şeiri ilə sözümü bitirirəm:

 

Yolun gözlədiyim baharın, yazın,

Dolanıb yüz ilin qışından keçir.

Dərdindən Məcnuna döndüyüm qızın,

Eşqi bir üzüyün qaşından keçir.

 

Asılıb sinəmdən qara daş kimi,

Mənə doğmalaşıb dərd qardaş kimi,

Başımın üstündən sevinc quş kimi,

Kədər gözlərimin yaşından keçir.

 

İlahi, tək sənsən, tək sən, əlacım,

Səndən qeyri kimim var ki, əl açım,

Bir tikə çörəyim, nəfim, qazancım,

Dağların çınqıllı daşından keçir.

 

VAQİF YUSİFLİ

Ədalət.-2014.-14 may.-S.6.