BARMAQLARIN ŞİRİNLİYİ...

 

Çox vaxt biz şirin səs haqqında müxtəlif fikirlər eşidirik. Məsələn, deyirlər ki, filan xanəndənin və müğənninin bal kimi şirin səsi var. Daha doğrusu, məlahətlə oxuyan müğənninin, xanəndənin səsindən bal damır, amma şirin barmaqlar haqqında o qədər də məlumatlı deyildim. Düzdür, bu sözüçox eşitmişdim. Amma o balaca uşağın şirin barmaqlarını görəndən sonra bir daha yəqin etdim ki, hər şey Allahın verdiyi istedaddan asılıdır.

... 7 yaşlı Sədi Rafiq oğlu Məmmədzadə atasının düzəltdiyi balaca tarda "Şur" muğamını necə gözəl ifa edirdisə, ona baxanların hamısı məəttəl qalmışdı. Çünki bu balaca uşağın tarın sarı simi üzərində yaratdığı möhtəşəm ifa tamaşaçıların hamısını sözün həqiqi mənasında dünyasına nur gətirmişdi. Fikirləşirdim ki, yəqin bu uşaq "Şur" muğamını gözəl ifa edir. Başqa musiqiləri tarda səsləndirməkdə çətinlik çəkər.

Ürəyimdən keçənləri hiss edirmiş kimi, Horadiz şəhərindəki uşaq musiqi məktəbinin direktoru Azər Cavadov bildirdi ki, bu uşaq Allahın möcüzəsidi. Hələ erkən tar çalmağa başlayıb. İndi 7 yaşı var, Əhmədalılar kənd orta məktəbinin 1-ci sinfində oxuyur, amma möcüzələr yaradır. İnanmırsan, pianonun müşayiəti ilə onun bəstəkarların mahnısını necə ifa etməsinin şahidi ola bilərsən. İki-üç dəqiqədən sonra piano ifaçısı onu müşayiət edir. Bəstəkar Mehriban Əhmədovanın "Ana" mahnısı səslənir. Bu mahnını da 7 yaşlı Sədi Məmmədzadə özünəməxsus bir formada tarda ifa edir. Təəccübümdən yerimdə donub qalıram və ürəyimdən bu sözlər keçir: "Allah bu uşağı qorusun!"

Sonra atası Rafiq müəllimlə söhbətləşirəm. Soruşuram ki, mən balaca saz görmüşdüm, amma bu balacalıqda tar görməmişdim. Bəs onu kim düzəldib?! Rafiq müəllim deyir ki, o tarı özüm düzəltmişəm. Oğluma da ilk dəfə tar çalmağı mən öyrətmişəm. Çox erkən tar çalmağı bacarıb. Fikirləşirdim ki, yəqin bu ötəri hissdir. İllər sonrası ötüb keçər, ancaq illər arxada qaldıqca gördüm ki, yox, bu uşaqda nəsə qeyri-adi bir istedad var. Hər hansı bəstəkar və xalq mahnısını bir dəfə onun yanında ifa edirsən, day ikinci dəfə həmin mahnını səsləndirməyə ehtiyac qalmır. Sədi bu mahnını o qədər gözəl, o qədər şirin çalır ki, onun çalğısından doymaq olmur. Horadiz şəhər uşaq musiqi məktəbinin direktoru Azər Cavadov da bu balaca uşağın böyük gələcəyi olmasına inanır. Deyir ki, məktəbimizdə istedadlı uşaqlar çoxdur, ancaq onların arasında Sədi Məmmədzadə tamamilə yaşıdlarından fərqlənir. Həm yaddaşı ilə, həm də zəhmətkeşliyi ilə. Bir dəfə görmədim ki, dərsə gec gəlsin və müəllimin hər hansı bəstəkarla bağlı verdiyi tapşırığı tarda səsləndirə bilməsin.

Sədi Məmmədzadə musiqi məktəbləri arasında keçirilən rayon müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülüb.

Allahın sevdiyi qoruduğu insanlar var. Bu insanları Allah-Təala başqalarından fərqli olaraq qeyri-adi bir istedad da bəxş edir. O istedad ki, gərək onu qoruyasan zəhmət çəkib inkişaf etdirəsən. Mənim yadıma "Qarabağ bülbülləri" düşür. Neçə-neçə Qarabağ bülbüllərindən bu gün tanınanı səsini qoruyub saxlayanı Tacir Şahmalıoğludur. O biri uşaqlardan heç bir səs-səmir çıxmadı. Ən azından ona görə ki, o uşaqların üzərində kimlərsə əziyyət çəkib onlara kömək göstərmədi. Uşaqlar da sahibsizlikdən yiyəsizlikdən həm səslərini itirdilər, həm böyük sənətdən uzaq düşdülər.

Sözümün canı odur ki, 7 yaşlı Sədi Məmmədzadəni qorumaq lazımdır. Ona görə ki, hələ istedad çox şey demək deyil. Dahilərdən biri deyib ki, on faiz istedaddır, doxsan faiz zəhmət. Kim zəhmət çəkib öz üzərində işləyirsə, illər ötdükcə o istedad özünü gün işığı kimi göstərir onun qarşısını almaq mümkün olmur.

Amma bir balaca tənbəllik edib çalışmadın, əziyyət çəkmədin tər tökmədin, hər şey itib batır. Ona görə Sədinin məhz belə bir müəllimi olmalı, onun üzərində işləməli böyük istedadının üzə çıxmasına arxa durmalıdırlar. Uzun illər keçəndən sonra isə bu çəkilən zəhmət öz bəhrəsini verəcək Azərbaycan mədəniyyəti bu cür istedadların hesabına nüfuz qazanacaq.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-14 may.-S.5.