Teatrın işıqlarını
yandırmaq...
Və ya hər həftə Bakıda görüşənədək
Sumqayıt Dövlət Musiqili Dram Teatrı böyük dəyişikliklər ərəfəsindədir. İki ay öncə
teatra direktor təyin edilən İslam Həsənov artıq qısa müddətdə xeyli işlər görməyə
nail olub. İslam bəy bizimlə
söhbətdə rəhbərlik
etdiyi teatrın gələcək planları
barədə danışdı,
özü də əminliklə.
- İslam bəy,
adətən deyirlər
ki, teatr asılqandan başlayır. Sumqayıt
Dövlət Musiqili
Dram Teatrına direktor
təyin olunduqdan sonra dəyişikliklərə
asılqandan başladınız,
yoxsa...
- Asılqandan yox, teatrın xidməti girişindən başladıq,
sonra geyim və qrim sexlərində
normal iş şəraiti
yaratmağa çalışdıq.
Aktyorlarımız üçün
yeni qrim otaqlarının hazırlanmasına
nail olduq, çünki
qrim otaqlarının azlığı üzündən
dözülməz vəziyyət
yaranmışdı. İşıq və səs rejissorları üçün
kompüterlər alınıb,
digər yeni texniki avadanlıqların alınması üçün
işlər görürük.
- Yəqin ki, bütün bu işlər tamaşaların
keyfiyyətinə öz
təsirini göstərəcək.
Teatr tamaşaçılarla bağlı
hansı addımları
atmaq istəyir?
- Hər bir teatr
çalışır ki,
tamaşaçısı olsun,
gərgin məşqlərdən,
axtarışlardan, əziyyətdən
sonra hazırlanan səhnə əsərlərinə
tamaşaçı baxsın,
yaradıcı heyətin
vermək istədiyi mesaj cəmiyyətə çatsın. Ona görə də
teatrımızda həyata
keçirilən dəyişikliklər
görüntü xarakteri
daşımır, kollektivimizin
məqsədi tamaşaçıları
teatra cəlb etmək, onlarda yüksək bədii zövq aşılayan səhnə əsərləri
hazırlamaq və Sumqayıt teatrının
əvvəlki ad-sanını
bərpa etməkdir.
Sumqayıt Azərbaycanın böyük şəhərlərindən
biridi, şəhərimizdə
650 minə yaxın sakin yaşayır. Təəssüf ki, son dövrlər
teatrımız tamaşaçı
potensialından səmərəli
istifadə edə bilməyib, paytaxta ən yaxın şəhərdə axşam
tamaşaları oynanılmayıb.
Bunun müxtəlif səbəbləri
olub, bu məsələlərə geniş
toxunmaq istəmirəm.
Onu deyə bilərəm ki, artıq axşam tamaşalarını
bərpa edə bilmişik, necə deyərlər, istəyimiz
axşamlar teatrımızın
işıqlarını yandırmaq
idi, buna da nail olduq. Elə tamaşamız var ki, xüsusi təşkil etməyə
ehtiyac yoxdu, insanlar özləri kassaya yaxınlaşıb
bilet alırlar. Tez-tez şəhərdəki təşkilat
və müəssisələrdən
sifariş alırıq,
bu günlərdə təşkilatlardan biri teatrımızla əlaqə
saxlayıb Con Patrikin
"Qocanı öldürməliyik"
tamaşasına baxmaq
istəyində olduqlarını
bildirdilər. Bu cür münasibəti görəndən sonra bir daha əmin
oldum ki, tamaşaçılarımız teatra gəlmək istəyirlər, sadəcə,
onları maraqlandırmaq,
cəlb etmək lazımdı. Tamaşaçılarımızla tez-tez ünsiyyətdə
maraqlıyıq və
inanıram ki, bu ünsiyyətdən hər iki tərəf
qazanacaq.
- Bakı ilə Sumqayıt arasında məsafə yaxınlığını
nəzərə alsaq,
yəqin ki, teatrınızın paytaxt
tamaşaçıları ilə də müntəzəm görüşməsində
problem olmaz...
- Sumqayıt teatrı fəaliyyət göstərdiyi
bu illər ərzində dəfələrlə
Bakı tamaşaçıları
qarşısında yaradıcılıq
hesabatı verib. Biz bu ənənəni
davam etdirmək fikrindəyik. Mayın 18-də kollektivimiz paytaxtdakı Aktyorlar Evində İsi Məlikzadənin
"Gəl qohum olaq" əsəri ilə tamaşaçılar
qarşısında çıxış
edəcək. Bir məsələni
də qeyd edim ki, həmin
gün teatrımızın
öz binasında da tamaşa oynanılacaq, sumqayıtlı
tamaşaçılarımız İlyas Əfəndiyevin
"Sən həmişə
mənimləsən" tamaşasına
baxa biləcəklər.
Bakı qastrollarımızla bağlı
sualınıza cavab olaraq onu da
deyim ki, yeni teatr mövsümündən
hər həftə paytaxtda bir tamaşa
oynamağı planlaşdırırıq.
- Son illər teatrlarımız
müxtəlif ölkələrdə
qastrollarda olur, beynəlxalq festivallarda iştirak edirlər. Sumqayıt Dövlət Musiqili Dram Teatrına belə dəvətlər varmı?
- Azərbaycan teatrını
və ümumilikdə
incəsənətini ölkə
xaricində təmsil etmək hər bir yaradıcı kollektivin arzusudu. Ölkəmiz bütün sahələrdə
olduğu kimi, incəsənət sahəsində
də böyük uğurlar qazanıb.
Teatrlarımızın uğurlu qastrol
səfərləri, nüfuzlu
beynəlxalq festivallarda
yaxından iştirakı
bunu bir daha sübut edir. Sumqayıt Dövlət Teatrı
da bu prosesə
öz töhfəsini
vermək istəyir və beynəlxalq layihələrdə iştirakda
maraqlıdı. Bununla bağlı
danışıqlar aparır,
bizə gələn təklifləri götür-qoy
edirik. Artıq konkret nəticələr
də var, iyunun sonlarında teatrımızın Gürcüstana
qastrol səfəri ilə bağlı məsələ dəqiqləşib.
Qonşu
ölkənin Kutaisi və
Batumi şəhərlərində Con Patrikin "Qocanı öldürməliyik" tamaşaçısını
təqdim edəcəyik.
Türkiyəyə, Bolqarıstana və
Qazaxıstana da dəvətlərimiz var, hazırda bununla bağlı danışıqları
yekunlaşdırırıq. Elə tamaşalar hazırlamaq istəyirik ki, onlar daimi tamaşaçılarımızın
xoşuna gəlsin, həm də xaricdə bizi izləyəcək insanlarda
Sumqayıt teatrı haqqında xoş təəssürat oyada bilsin.
- Repertuardan söz düşmüşkən, tamaşaçılar
hansı yeni tamaşalara baxa biləcəklər?
- Teatrımız repertuarını
yeni səhnə əsərləri ilə zənginləşdirmək fikrindədir.
Uilyam Şeksprin "Otello", Raffi Şartın "Arvadımın
adı Morrisdir",
Jan Anuyun "Antioqna",
məşhur türk yazarı Əziz Nesinin "Öldür məni, can-ciyər", Kamran Nəzirlinin "Narkoman" və Əhməd Orucun "Açarını itirənlər"
tamaşaları üzərində
yaradıcılıq işi
aparırıq.
Bu gün tanınmış
səhnə xadimlərinin
bəziləri ilk addımlarını
məhz Sumqayıt Dövlət Dram Teatrında
atıblar. Müxtəlif teatrlarda çalışan
həmin sənətkarları
bir tamaşa ətrafında toplamaq istəyirik. Bu layihəni gerçəkləşdirə
bilsək, onlar yenidən doğma teatrın səhnəsində
çıxış etmək
imkanı qazanacaqlar.
Ümumiyyətlə, görmək istədiyimiz
işlər çoxdur,
zaman isə gözləmir. Əminəm ki, planlaşdırdığımız
işlərin çoxunu
həyata keçirə
biləcəyik.
- Direktorun əminliklə danışması yaxşı
əlamətdir...
- Bu əminlik boş yerdən yaranmayıb. Nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyi kollektivin
normal fəaliyyəti üçün
bütün şəraiti
yaradıb, Sumqayıt
Şəhər İcra
Hakimiyyətinin başçısı
Eldar Əzizov problemlərimizlə maraqlanır,
layihələrimizi dəstəkləyir.
Son 7 ili Lənkəran Dövlət
Dram Teatrının direktoru
vəzifəsində çalışarkən
xeyli təcrübə
toplamışam və
inanıram ki, bu təcrübə yeni işimdə köməyimə gələcək.
Sumqayıt Dövlət Dram Teatrında çox istedadlı və öz sənətinə vurğun peşəkar aktyorlar var. Belə yaradıcı heyətlə
əl-ələ verib
yaradıcılıq uğurları
əldə etmək olar.
- Bayaqdan diqqət edirəm, müsahibə boyu bir dəfə
də olsun Sumqayıt Dövlət Musiqili Dram Teatrı sözü işlətmədiniz...
- Teatrımızın adında
dəyişiklik olacaq
və "Musiqili"
sözü çıxarılacaq.
Nazirlər Kabinetinin bununla
bağlı rəsmi qərarını gözləyirik.
Mən də indidən özümü buna öyrəşdirirəm.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2014.-14 may.-S.8.