ÜRƏYİNƏ ÜRƏK
ÇATMAZDI
Unudulmaz müəllimim,
görkəmli yazıçı, pedaqoq
Mir Cəlalı
xatırlayarkən...
Əlli beşinci il. İlk zəng, ilk mühazirə! Səs-küylə auditoriyaya doluşduq. Gözümüz qapıda idi. İntizarımız çox çəkmədi. Ortaboylu, gülərüz, xoşsifət bir adam içəri daxil oldu. Üzündən nur tökülürdü. Əynində hava rəngli yüngül yay kostyumu var idi. Çoxdan dən düşmüş saçları seyrəlmişdi. Gözümüzü ondan ayırmırdıqg
Asta addımlarla irəlidə, partaların qabağında qoyulmuş stolun arxasına keçdi və uzun, mülayim baxışlarla auditoriyanı süzərək:
- Xoş gördük, əziz tələbələr! - dedi.
Biz onu dərs kitablarından, əsərlərindən tanıyırdıq. Və cədvəldən onu da bilirdik ki, bizə ilk mühazirəni kim oxuyacaq. Ona görə də hamımız bir ağızdan, qürur və sevinclə cavab verdik:
- Salam, Mir Cəlal müəllim!
- Uşaqlar, mən sizə "Ədəbiyyatşünaslığa giriş" fənnindən mühazirə oxuyacağam. - Sözünə azca ara verib, sakit bir axarla mühazirəyə başladı, - Yaxşı bilirsiniz ki, ədəbiyyat söz sənətidir. Həyatın güzgüsüdür. Qış sessiyasınacan bizim əsas söhbətimiz bu barədə olacaq.
O, aram-aram danışır, hərdən pəncərə qarşısında dayanıb dalğın-dalğın harasa baxır, auditoriyada olduğunu, mühazirə oxuduğunu belə unudurdug
Qoşa saatın yarısını başa vurduq. Tənəffüs boyu söhbətimizin mübtədası da, xəbəri də Mir Cəlal müəllim idi. İçimizdə bir qürur hissi çırpınırdı: "Görün bizə necə bir insan dərs deyir!"
Mən o vaxtacan Mir Cəlal müəllimin hekayələrini, "Bir gəncin manifesti" və "Dirilən adam" romanlarını oxumuşdum. Adı sevdiyim yazıçıların ilk cərgəsində idi. "Bir gəncin manifesti" sarsıtmışdı məni, əsərin qəhrəmanı Mərdanın "Bahar, mənim mələr quzum, körpə qardaşım!" - deyə qopardığı o dəli haray, ürək yandıran o göynəkli monoloq göz yaşlarıma qarışıb qəlbimə axmışdıg
Çox sonralar bu barədə Mir Cəlal müəllimə danışanda, kövrələrək:
- O dərdi, o faciəni yazanda mən özüm də ağlamışam, - dedi. - Bu əsərin qəlbimdə ayrıca yeri var.
- Onun ədəbiyyatımızda da yeri ayrıdır, - dedim.
Tərifdən həmişə uzaq qaçan, təvazökarlığı hər şeydən uca tutan Mir Cəlal müəllim cavabı döndərdi:
- Bunu zaman göstərər, gələcək göstərər.
gTənəffüsdən sonra tələbələrlə tanışlığa başladı. O, cərgələrin arasında ayaq saxlayır, bir-bir adımızı, soyadımızı soruşur, xoş sözlər deyirdi. Mənə çatanda əlini çiynimə qoyub mehribanlıqla:
- Bəs
sənin adın nə oldu? - dedi.
- Nahid.
- Bizdə
çox seyrək rast gəlmək olar bu ada, - dedi. - Türklərdə,
ərəblərdə daha geniş yayılıb. Ərəblərin Nahid adında məşhur bir
şairləri də var.
Azca irəli
yeriyib təzədən soruşdu:
- Bəs
rayonun hansı oldu?
- Gədəbəy.
-
Özündənsən? - diqqətlə
süzdü məni.
- Yox,
Şınıxdanam.
- Yəqin
ki, Əli Rəsulovu tanıyarsan?
-
Doğmaca əmioğluyuq.
-
Çox gözəl! - Çöhrəsində bir
işıq dalğası gəzdi. - Əli
müəllim əvəzsiz ziyalıdır. O,
Böyük Qaramurad kəndində məktəb müdiri idi. Hərdən rayon mərkəzində
görüşürdük. O vaxt Gədəbəydə
bank yox idi. Müəllimlərin aylıq məvacibini
Şəmkir bankından alırdıq. Minik
çətin tapılırdı. Bəzən
bu qədər yolu atla, araba ilə gedib-gəlirdik. Başımıza hərdən qəribə-qəribə
işlər gəlirdi. Bu əhvalatları
danışmaqla qurtarmaz.
Əli müəllimlə sözümüz-söhbətimiz
tuturdu. O,
Qazax Seminariyasını, mən isə Gəncə Pedaqoji
Texnikumunu bitirmişdim. Əli müəllim
Osman Sarıvəlli ilə bir yerdə oxumuşdu. Onunla bağlı məzəli söhbətlər
danışırdı. Hərdən də
Səməd Vurğunla, Mehdi Hüseynlə dostluğundan
söz açırdı. Geniş
mütaliəsi var idi Əli müəllimin. Şeir də yazırdı. - Sözünə
ara verib, soruşdu, - İndi nə
işində çalışır?
- Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədridir.
- Xeyli
vaxt onu görmədim, yalan olmasın, on il.
-
Müharibə illərində Zəngilanda Rayon Partiya Komitəsinin
katibi işləyib.
- Hə,
belə de. Bir ara tez-tez
görüşürdük. Əllinci illərə
qədər bir-birimizi görmədik. Ötən il burda - Bakıda görüşdük. Elə bil dünyanı verdilər mənə.
- Bir-iki addım aralanıb, geri qanrıldı, - Görəndə,
məndən salam deyərsən Əli
müəllimə.
- Mütləq!
- sevinclə bildirdim.
Nəyi
isə xatırlayırmış kimi gözlərini azca
qıyıb:
-
Heç soruşmursan, Gədəbəy hara, mən hara? - Tezcə
də sözünə əlavə elədi, - Mən o
torpağa çox bağlıyam. Gədəbəyin
suyu, havası kimi, insanları da safdır. Gəncədə Pedaqoji Texnikumu bitirəndən
sonra, 20-ci illərin axırlarında orada müəllim
işləmişəm, - dedi, - Gədəbəyin
özündə, həm də Söyüdlü kəndində,
Mirzə Teymurla bir yerdə. İndi onun iki
oğlu - Qoşqarla Şamil bizim universitetdə dərs deyir.
Arxa cərgədə oturan tələbələrdən
kimsə həmin illərin təəssüratı əsasında
yazılmış "Təzə toyun nəzakət
qaydaları" hekayəsini yada saldı. Mir Cəlal müəllim
deyəsən bir az kövrələn kimi
oldug
Xatirələr onu ötən günlərə
qaytarmışdı. Gənclik çağlarından, müəllimlik
illərindən, ilk hekayələrini necə qələmə
almağından maraqlı epizodlar danışdı.
Fikrini belə tamamladı:
- Dağ
adamları düz olur, halal olur. Mərd-mərdanə
camaatı var Gədəbəyin. Orada
çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram.
Beləcə, Mir Cəlal müəllimlə "həmyerli"
olduq, ülfət bağladıq,
dostlaşıb-doğmalaşdıq.
Yaradıcılığı
ilə daha yaxından tanış olandan
sonra gördüm ki, Gədəbəy camaatından
gördüyü hörmət və ehtirama öz əsərlərində
ürək genişliyi ilə yer verib, hekayələrində
dönə-dönə bizim yerlərin adını çəkib,
onun saf insanlarından, gözəl təbiətindən məhəbbətlə
söz açıb.
* * *
O, müəllim
adını uca tutan, bu ada şərəf, şöhrət gətirən
yazıçı-pedaqoq idi. Fəxrlə deyə bilərik
ki, Abbas Səhhət, Firudin bəy Köçərli,
Üzeyir Hacıbəyli, Camo Cəbrayılbəyli, Abdulla
Şaiq kimi maarifçilərin, nurlu xalq
ziyalılarının ənənələrini ləyaqətlə
yaşadan, zənginləşdirən bir insan, bir vətəndaş
idi Mir Cəlal müəllim!
Biz ondan təkcə "Ədəbiyyatşünaslığa
giriş"i deyil, sənət sirlərini, həm də
insanlıq və ömür-gün fəlsəfəsini
öyrənirdik.
g Dərs
deyən zaman Mirzə Cəlilin "söz ən böyük
yadigardır" deyimi dilindən düşmürdü.
Özü isə bu fikrə söykək olaraq deyirdi:
"Söz ölməzdir, əbədidir. Zaman
dağları belə uçurub aparır. Sözə isə onun gücü çatmır.
Bunun ən yaxşı nümunəsi ulu sənətkarlarımızın,
klassiklərimizin əsərləridir. Bir
baxın, Nizami Gəncəvi "Xəmsə"si, Füzuli
"Divan"ı, Sabir isə "Hophopnamə"si ilə
ölməzlik qazanıb, üzlərini tutublar gələcək
əsrlərə, gələcək nəsillərə".
Mir Cəlal müəllim böyük Hüseyn Caviddən
həmişə yana-yana danışırdı. Hər dəfə
ölməz sənətkarla bağlı hadisələri,
aralarında olan söhbətləri yada salanda kövrəlirdi.
Bir dəfə tələbələrdən biri soruşdu:
- Mir Cəlal
müəllim, Cavid necə adam idi?
- Peyğəmbər
kimi insan idi.
Bu sözləri eynilə Mir Cəlal müəllimin
özünə də şamil etmək olardı. Heç kəslə
işi yox idi. Tələbələri onu
sevirdilər. Bu da səbəbsiz deyildi.
O, gənclərimizə həm ədəbiyyatı, sənəti,
həm də həyatı öyrədirdi. Yaşımız
fərqli olsa da söz-söhbətimiz yaxşı tuturdu.
- Onda
İçərişəhərdə yaşayrıdıq, -
deyə Mir Cəlal müəllim sözünə davam etdi. -
Tez-tez bizə gəlirdi. Çay içir, oxuduqlarımızdan,
yazdıqlarımızdan danışır, fikirlərimizi
bölüşürdük.
Bir dəfə
gözləmədiyim halda soruşdu:
- Komsomol,
nə yazırsan?
- Elmi iş, yəni dissertasiya.
-
Mövzun nədir?
- Azərbaycan
qadın yazıçılarının
yaradıcılığı.
Bir az fikrə getdi. Sonra üzünü mənə
tutub dedi:
- Komsomol,
heç kağıza, mürəkkəbə heyfin gəlmir? Sənə bir məsləhətim var.
- Buyurun,
Cavid əfəndi, - dedim. - Mən Sizi
özümə ağsaqqal bilirəm. Məsləhətinizə
də həmişə ehtiyacım var.
- Əgər belədirsə, onda sən bu mövzunu
burax getsin. Üzünü Füzuliyə çevir. Füzulidən yaz, qoy sənin adın tarixdə
Füzuli ilə bərabər yaşasın.
Ustadın bu sözləri məni çox
düşündürdü. Gördüm ki, Cavid əfəndi
düz deyir, mənə ağıllı məsləhət
verir. O kişiyə min-min rəhmət diləyirəm
ki, məni yuxudan ayıltdı. Ürəklə
işə girişdim, gecəni-gündüzə qatıb
"Füzuli poetikası" kitabını yazdım. Başqa bir xeyirxahın, böyük filosofumuz
unudulmaz Heydər Hüseynovun məsləhəti, həm də
köməyi ilə bu kitab namizədlik dissertasiyam oldu.
Cavid əfəndi ilə bir yerdə olmaq, ondan öyrənmək
mənim üçün nə qədər xoş idi.
Söhbətlərimizin
birində heç özüm də bilmədən ona belə
bir sual verdim:
- Cavid əfəndi,
siz həm nəzmlə, həm də nəsrlə pyeslər
yazırsınız.
- Necə
bəyəm?
- Mənimçün
maraqlıdır. Bunun hansını daha çox
sevirsiniz? Şeiri, yoxsa nəsri?
- Əgər sənə şeirlə cavab verə bilsəydim,
mən söhbəti elə şeirlə davam etdirərdim.
- Mənə
hər şey aydın oldu, Cavid əfəndi, - dedim.
* * *
gGözümüzü açıb-yumunca qış
sessiyası gəlib çatdı. Gecəni
gündüzə qatıb oxuyur, öyrənir, zaçot və
imtahanlara hazırlaşırdıq. Deyirlər,
tələbəliyin ən çətin dövrü birinci
kursdur. Bu çətinliyi dəf etsən,
yəni imtahan və zaçotları uğurla verib, gələcək
illərə möhkəm təməl yarada bilsən, daha sənə
zaval yoxdur. Yolu necə tutmusansa, eləcə
də gedəcəksən. Vay o gündən
ki, yolun başlanğıcında kəsirin olsun, adın
düşəcək qara siyahıya.
Mən
universitetə qəbul vaxtı yeddi imtahanın
hamısından "dörd" və "beş" qiymətlər
alıb, yüksək bal ilə tələbələr
cərgəsinə qoşulmuşdum. Təqaüd
də alırdım. Bunu da deyim ki, o vaxtlar
bir "kafi"si (üçü) olana təqaüd
verilmirdi.
Evdən heç bir köməyim yox idi. Qardaşım da ali məktəbi bitirib, bir neçə ay dərs
deyəndən sonra əsgər getmişdi. O zaman birinci kurs tələbələrinin
yataqxanada yer alması da müşkül idi. Texnikumda oxuyan iki
yaxın tanışımla "Kömürçü
meydanı"ndan azca yuxarıda adama beş
manat verib kirayənişin qalırdıq. Bir
sözlə, maddi sıxıntı içində
çırpınırdım. Təqaüddən
düşsəydim, illərdən bəri arzularımda
yaşatdığım sevimli universiteti buraxıb, tələbəliyə
"əlvida" deməkdən başqa
çıxış yolu görmürdüm.
Zaçotların hamısını verdim. Qarşıda iki fəndən imtahanımız var idi - "Ədəbiyyatşünaslığa giriş" və "Məntiq". Qorxum yox idi. İkisinə də yaxşı hazırlaşmışdım. Yaxın dostlarımdan bir neçəsi ilə yığışıb, bir-birimizlə dəfələrlə sual-cavab eləmişdik. Dostlarım mənə ürək-dirək verib, "sənin qorxun yoxdur, ölüsü "dörd"ün var" - demişdilər.
Mən yenə də arxayınlaşmır, konspektləri, kitabları, əlavə dərs vəsaitlərini əlimdən yerə qoymurdum.
Mir Cəlal müəllimin imtahanına şövqlə, necə deyərlər, ilhamla gəlmişdik. Çünki qrupumuz onu həm ürəkdən sevir, həm də ona inanırdı. O da bizim hər birimizə öz doğması, övladı kimi baxırdı. İmtahandan hamımız "dörd", "beş" aldıq.
Mir Cəlal müəllim zaçot kitabçama "əla" yazandan sonra üzümə baxıb:
- Bundan sonra neçə imtahanın qalıb? - deyə soruşdu.
- Bircə dənəsi qalıb, - dedim.
- Hansı fəndəndi?
- Məntiqdən.
Gözlərini azca qıyıb fikrə getdi. Sonra da:
- Hazırlığın necədi? - soruşdu.
- Gücüm çatan qədər oxumuşam. Az qala bütün kitabı əzbərləmişəm.
- Məntiq elə fəndir ki, hardasa bir az əzbərçiliyi sevir. - Baxışlarını pəncərəyə sarı döndərdi. - İmtahan neçə gündən sonradır?
- Hələ
bir həftə var.
(Ardı var)
Nahid HACIZADƏ
Ədalət.-2014.-15 may.-S.6.