ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI

Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq Mir Cəlalı xatırlayarkən...

 

 (əvvəli ötən sayımızda)

- Nə qədər imkanın var oxu, - dedi. - Çalış əlaçılığa düşəsən. Hər halda ehtiyatı əldən vermə. Bunu ona görə deyirəm ki, sənin o məntiq müəllimin özü bir məntiqsiz adamdır. Kasıb-kusubun qənimidir. Hər semestrdə neçə tələbəni gözüyaşlı qoyur...

Mir Cəlal müəllimin bu söhbəti məni silkələyən kimi oldu. Aradan iki-üç gün keçdi. Sonuncu seminarımız idi. Əlibala müəllim şişman portfelini yellədə-yellədə içəri girib, auditoriya ilə ağızucu salamlaşdı:

- Uşaqlar, - dedi, - bilirsiniz ki, imtahanınızın vaxtı gəlib çatıb. Belə götürəndə, imtahansız da keçinmək olar. Çünki mən öz dəftərimdə hamınızın qiymətini yazmışam. Bilirəm kimin qabında nə var. Diqqətlə qulaq asın. İndi qiymətləri oxuyacağam.

Başladı aramla siyahını oxumağa. Mənim də adım "üç" yazdıqlarının sırasında çəkildi. Elə bil başıma qaynar qazan əndərdilər. Dünya gözümdə qaraldı...

Tələbələrin səsi auditoriyanı başına götürmüşdü. Sual verən kim, narazılığını bildirən kim: "Müəllim, mən bir dərs də buraxmamışam, seminarlarda da həmişə cavab vermişəm. Necə olur mənə "üç" verirsiz" filankəsə "beş"?", "Müəllim bu insafsızlıqdır, məcburam dekana, rektora şikayət edim".

Bu "şikayət" sözü onu cin atına mindirdi. O, əsəbi halda qapıya yönəldi: "Kimə şikayət edirsiniz edin. Heç kəsin qiymətini düzəltməyəcəyəm! Allahınıza şükür eləyin, yoxsa o "üç"ləri də "iki" eləyərəm".

Qapını çırpıb, tələsik özünü kafedraya saldı. Biz onun arxasınca baxa-baxa qaldıq...

İmtahan günü çatdı. Bilet çəkib, stolun arxasına keçdim. Suallara baxanda sevindim, ürəyim atlandı. Növbəm çatanda gəlib onunla üzbəüz oturdum.

- Cavab verməsən də olar, - deyə, əyri-əyri mənə baxdı.

- Nə üçün, müəllim?

- Onsuz da qiymətini yazmışam. Biliyin "üç"dən aşağıdır ki, yuxarı deyil.

- Müəllim, xahiş edirəm, icazə verin dekanı çağırım, onun yanında cavab vermək istəyirəm.

Elə bil od vurdular ona. Rəngi boğuldu:

- Mənim imtahanıma, yazdığım qiymətə heç kəs qulp qoya bilməz! Anladın?

- Axı, müəllim, mən sizin dərsinizi yaxşı-yaxşı öyrənmişəm.

- Bu elə-belə predmet deyil. Lenin kimi adam ondan "dörd" alıb. - Qəzəblə üzümə baxdı. - Bir bunun vidinə-fasonuna bax! A bala, baxıram sənə, görkəmindən çobanlıq yağır. Qayıt kəndinə, get, qoyun-quzunu otar. Universitet sənin kimi kəndçi-kündçü yeri deyil. Onsuz da sən buranı bitirib, diplom ala bilməyəcəksən.

Çox çənə-boğazdan sonra:

- Yaxşı, suallara cavab ver, görüm, - dedi.

Bir az sevinən kimi oldum. Ürəyimdə düşünürdüm: "Bəlkə insafa gəldi". Başladım suallara cavab verməyə.

- Bala, - dedi, - əslində sənə şişirdilmiş qiymət vermişəm.

- Müəllim, qadan alım, əlavə suallar da verin. "Üç"üm olsa, mənə təqaüd verməyəcəklər.

- Mən sözümü geri götürən adam deyiləm. Deyirəm: "üç", qurtardı getdi, vəssalam!

Gördüm çənə döyməyin, yalvarışın xeyiri yoxdur. Qəhər məni boğurdu. Zaçot kitabçamı götürüb, göz yaşları içində qapıdan çıxdım. Bərk sarsılmışdım.

Dekanlığın qabağından keçəndə Mir Cəlal müəllim qarşıma çıxdı. Həyəcandan salam da verə bilmədim. O məni qabaqladı:

- Nahid, sənə nə olub?

- Mir Cəlal müəllim, deyəsən universiteti buraxmalı olacağam.

- Qardaş, niyə? Nə olub ki?

- Əlibala müəllim "üç" verdi. Təqaüd ala bilməsəm...

- Ay kəmfürsət! - Qəzəbini boğa bilmədi. - Bu, nə müəllimliyə, nə də insanlığa sığar. Yıxılanı qaldırarlar, itələməzlər axı. Sən nə biləsən ki, bu tələbə nə zülmlə qəbul olub? Onun gələcəyinin üstündən niyə qara xətt çəkirsən? Ürəyin daşdı bəyəm?

Mir Cəlal müəllim məhvərindən çıxmışdı. Bir az aram olub, özünə gələndə:

- Yaxşı, düzünü de, təzədən imtahan verməli olsan, yaxşı qiymət ala bilərsən? - deyə soruşdu.

Qətiyyətlə:

- Alaram, - dedim.

- Onda vaxt itirmə, get rektorun qəbuluna. Əhvalatı yerli-yataqlı danış ona. Yusif müəllim elə adamdır ki, heç vədə haqqı nahaqa verməz.

O zaman rektorumuz akademik Yusif Məmmədəliyev idi. Allah ona qəni-qəni rəhmət eləsin!

Tərəddüd içində qəbul otağının qapısından içəri girdim. Rektorun köməkçisi Qəmər xanım stolun arxasından diqqətlə üzümə baxaraq:

- Ay bala, nə olub sənə, özündə-sözündə deyilsən? - dedi.

- Qəmər xanım, sən Allah mümkünsə, məni rektorun yanına buraxın.

- Oğlum, iclasa tələsir.

- Nə olar, bircə dəqiqə...

Elə bu an qapı açıldı. Yusif Məmmədəliyev makintoş paltosunun belini bağlaya-bağlaya yanımdan keçib getmək istərkən, Qəmər xanım:

- Yusif müəllim, - dedi, - bu oğlanın sizə sözü var. Mümkünsə...

O, "iclasa gecikirəm" dedi. Birdən nə düşündüsə, geri qanrılıb üzünü mənə tutdu:

- Oğlum, nə sözün varsa, de.

Elə orada, ayaq üstə başıma gələnləri danışdım. Rektorun rəngi dəyişdi. Görünür, geyimim-kecimim, tarimar baxışlarım onu təsirləndirmişdi. Üzünü Qəmər xanıma tutdu:

- Tez filologiya fakültəsinin dekanını çağır bura.

Dekanlıq iki otaq o yana idi. Professor Muxtar Hüseynzadə quşun qanadında gəldi. Rektor ona tapşırıq verdi:

- Professor Makovelskinin rəhbərliyi ilə komissiya yaradın, qoyun bu uşaq özünü bir də sınasın. Əlibala Səmədovdan başqa tələbələrin də şikayəti var. Onları da araşdırın.

Rektorun otağından çox sevincək çıxdım. Uşaqlar məni dövrəyə aldılar: "Necə oldu? Rektor nə dedi?"

Görüş necə olubsa, eləcə də danışdım. Tələbə yoldaşlarımdan biri qınaqla "bu şikayətin sənə ziyanı da dəyə bilər", - deyə sanki xəbərdarlıq etdi. Mən isə belə cavab verdim:

- Qaradan o yana rəng yoxdur!

Öyrəndim ki, Makovelski ağır xəstədir. Onun yerinə başqa qruplarda dərs deyən Saleh Hacıyevi təyin etdilər. Bəxtimdən Saleh Hacıyev də Bakıda deyildi. Deyilənə görə, Şəki tərəfə ova getmişdi.

Mən hər gün səhər dekanlığa gəlir, imtahanın nə vaxt olacağını gözləyirdim. Düz bir həftə gəldim-getdim, bir şey çıxmadı. Pulum da qurtarırdı. Axır ki, dekan müavini Rəhim Sultanov mənə dedi:

- Sabah saat onda hökmən burada ol.

İmtahan günü bərk həyəcan keçirirdim: "görəsən necə olacaq?" Filologiya fakültəsinin dekanlığında xeyli adam yığışmışdı. Aralarında mənə dərs deyənləri də var idi, deməyənləri də. Ancaq hamısını tanıyırdım. Professor Əli Sultanlı, Mir Cəlal Paşayev, Həmid Araslı, Muxtar Hüseynzadə...

Nəhayət, məni içəri çağırdılar. Bilet çəkdim. Suallar o qədər də çətin deyildi. İlk dillənən Cəfər Xəndan oldu:

- Bala, çox çətin deyil ki sualların?

- Xeyr, - dedim, - professor. Üçünü də bilirəm. İstəyirsiniz cavab verim.

Mir Cəlal müəllim söhbətə qoşuldu:

- Qardaş, burada sənin taleyin həll olunur, - dedi. - Fikrini topla, sualların cavabını ətraflı yaz, sonra danışarsan.

Komissiya üzvləri öz aralarında danışır, gülür, şirin-şirin söhbət edirdilər. Sıxıla-sıxıla üzümü onlara tutub:

- İstəyirəm suallara cavab verəm, - dedim.

Mir Cəlal müəllim doğma bir səslə:

- Nahid, ya Allah, başla görək, - dedi.

Onun sözləri elə bil məni göylərə qaldırdı. Bütün qorxunu, həyəcanı unutdum. Üç sualın üçünü də cavab verdim. Saleh müəllim əlavə suallar da verdi. Gözaltı Mir Cəlal müəllimə baxdım. Onun baxışları gülürdü...

Mənə dedilər: "Çıx katibənin yanında gözlə. Bir azdan nəticəni bilərsən".

Ürəyim əsirdi: "görəsən qiymətimi qaldıracaqlarmı?"

Qapı azca aralı idi. İçəridən gələn səslər aydınca eşidilirdi. Xeyli mühabisə oldu. Əlibala müəllim yenə də dediklərini təkrarlayırdı: "Onun qiyməti "üç"dən yuxarı deyil".

Professor Əli Sultanlının ovxarlı səsi eşidildi:

- Necə yəni "üç"dən yuxarı deyil?! Tələbə əməlli-başlı cavab verdi. Daha ondan nə istəyirsən, ay Əlibala müəllim?

Mir Cəlal müəllimin səsi ucaldı:

- Bilmirəm bu oxuyan tələbələrin qabağına niyə daş dığırlayırlar. Biz bununla onların inamını qırırıq. Hamımız görürük ki, bu uşağın oxumaqdan başqa fikri yoxdur. Biz belə tələbələrin qolundan tutub, qaldırmalıyıq. Mənim təklifim budur ki, ona "dörd" verək, gedib təqaüdünü alsın, oxusun. Əlibala müəllimdən də xahişimiz bu olsun ki, bundan sonra tələbələri boş yerə incitməsin. Özünün də əsəbini qorusun, onların da.

Hamı Mir Cəlal müəllimin təklifinə tərəfdar çıxdı. Bir azdan məni içəri çağırıb, komissiyanın qərarını bildirdilər: "Dörd".

Komissiya üzvləri iki-bir, üç-bir çıxıb getdilər. Mir Cəlal müəllim axıra qalmışdı. Gözlədim, o da çıxdı. Yaxınlaşıb:

- Mir Cəlal müəllim, təşəkkürümü bildirirəm, - dedim. - Bu yaxşılığı ömrüm boyu unutmayacağam.

- Nə yaxşılıq, - dedi, - qardaş, sən öz halal qiymətini aldın. Çalış həyatda həmişə öz halal haqqını müdafiə etməyi bacarasan. İndi sən də rahat oldun, mən də...

***

O, gözü-könlü tox, nəcib, təvazökar bir insan kimi seçilir, sevilirdi. Sözün əsl mənasında ləyaqət timsalı idi. Adı çəkiləndə adamın ürəyi işıqlanırdı. O, başını aşağı salıb həyatın gündəlik axarında öz işini görür: universitetdə dərs deyir, aspirantlarına elmi rəhbərlik edir, bədii və elmi əsərlərini yazır, halal qazancı ilə balalarını böyüdürdü. Başqalarından fərqli olaraq övladlarını öz sahəsi üzrə deyil, başqa-başqa ixtisaslara, daha çox da dəqiq elm sahələrinə yönəldirdi. Deyirdi: "İstəyirəm mənim balalarım elə ixtisaslara yiyələnsinlər ki, heç bir ağzıgöyçək deməsin ki, Mir Cəlalın filan oğlu, yaxud filan qızı atasının kölgəsində bu mənsəbə çatıb. Bir ailədə bir yazıçı, ədəbiyyatçı olar".

Övladları da onun bu arzusunu ləyaqətlə yerinə yetirdilər. İndi oğullarından ikisi - Arif və Hafiz fizika sahəsində görkəmli alim kimi tanınır. Qızı Elmira musiqiçidir. O biri qızı Ədibə xanım isə ədəbiyyatçıdır.

Qəribə xasiyyəti var idi. Ekrandan, efirdən həmişə uzaq qaçırdı. Radio və televiziyada işlədiyim uzun illər ərzində bircə dəfə də olsun məndən - keçmiş tələbəsindən nəyisə xahiş elədiyi yadıma gəlmir. Ekranı, efiri döyənək eləyən yazıçıları xoşlamırdı. Hərdən deyirdi: "Yazıçının, şairin ömrü yazı stolunun arxasında keçməlidir. Oxucular onları kitablarına görə sevməlidirlər. Ekran, efir yazıçıların yox, aktyorların, müğənnilərin, siyasətçilərin meydanı olmalıdır".

Azərbaycan televiziyası yenicə fəaliyyətə başlamışdı. O zaman radio ilə əməkdaşlıq eləyirdim. Lütfi Məmmədbəyov tez-tez Radio və Televiziya Komitəsinə gəlib gedirdi. Sən demə, "Bir gəncin manifesti"nin televiziya versiyası hazırlanırmış. O zaman hələ video haqqında təsəvvür belə yox idi. Bütün verilişlər efirə birbaşa verilirdi. Nəhayət, məşqlər sona çatdı. Ədəbiyyatımızın incilərindən sayılan, yüz minlərcə oxucunun qəlbini fəth edən "Bir gəncin manifesti" qarlı bir qış axşamında Bakı tamaşaçılarını əfsunladı. Həmin günün səhəri idarə və müəssisələrdə, ali məktəblərdə bu tamaşadan, onun ürəklərdə oyatdığı xoş duyğulardan danışırdılar.

 

(Ardı var)

 

Nahid HACIZADƏ

Ədalət.-2014.-16 may.-S.6.