İLHAM
ASTANBƏYLİ
İnsan Mənzərələri
Bir zamanlar Ağamalı Sadiq varıydı, o zamanlarda dumduru duyğular, tərtəmiz sevgilər, yarlı-yaraşıqlı dost məclisləri də varıydı və bu məclislərdə qara saz ayrı cür gülənər, dillər ayrı cür danışardı...
Yenə maraqlı bir məclis düzənlənmişdi. Səhv etmirəmsə, yaxın bir qohumun uşağının sünnət məclisi idi. Ağamalı Sadiq, Məmməd İlqara ismarıc göndərdi ki, (O zaman mobil telofon nə gəzirdi) Əmməd, gələndə özünlə Sumqayıtdan bir aşıq da gətir.
Həmin vaxtlar Məmmədin tərlan vaxtiydı. Qapqara lopa bığı, tutarlı canı-cələfi, yarı yaraşığı diqqət mərkəzində olardı. Şeirləri isə aşıqların dillərindən düşmür, təcnisləri göyün yeddi qatıyla uçurdu.
Biz, Ağamalı bəylə yerimizdə oturub Məmmədi gözləyirdik. Budur, Məmməddə məclisə daxil oldu. Yanında da əli sazlı bir cavan oğlan varıydı. Əyninə güllü köynək geymiş, nazik qamətli, enli kürəkli bu cavan aşıq çox gülərüz idi və ilk olaraq Ağamalı Sadiqlə, sonra isə mənimlə görüşdü.
-Məmməd, gətirdiyin aşıq budumu"- deyib, Ağamalı təfərinclə gənc aşığı başdan-ayağa süzdü.
Məmməd:
-Başın haqqı alayı aşıqdı. Özü də öz İncəlimizdi.
- Pahaa! İncəlidisə pis aşıq ola bilməz, - üzünü aşığa çevirdi: - Adın nədi ağrın alem?
- Adım İlhamdı, əfəndim!
-Ay bərəkallah, - üzünü Məmmədə tərəf çevirdi. - Başın haqqı diribaş aşığa oxşayır.
-Hələ qoy oxusun, canınçün hayıl-mayıl olacaqsan - deyib, Məmməd aşığa göz basdı ki, fürsətdi, özünü göstər.
Aşıq kimi ilk addımlarını atan aşıq İlhamın onda 22-23 yaşları ancaq olardı. Bilmirəm bu yazını oxuyarkən o unudulmaz günü xatırlayacaqmı. Doğrudan da İlham həmin gün möcüzələr yaratdı desəm, səmimiyyətimə inanın. Ağamalı Sadiqi, Məmməd İlqarı sazla heyrətləndirmək çox çətin məsələ idi. İlham öz coşqun avazıyla eşq ataşına bürünüb, saza qurşandı, yer aləmindən üzülüb səmalara pərvazlanırdı sanki.
Təbii ki, əvvəlcə divaniylə başlayıb Dədə Ələsgərdən oxudu, təcnis havacatına keçid alıb Məmməd İlqarın təcnisinə ayaq verdi:
İlahi, belə də gözəl olarmı,
Kimdi qələm çəkən, nə gözəl çəkir?
Üz-üzə, göz-gözə sehirlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.
Sonra dədə-baba yoluyla "Dubeyti" havasını eydirərək Ağamalı sadiqin qənşərinə gəlib sazı köksünə sıxdı. Elə çalırdı ki, sanki ayaqları yerdən üzüləcək, harasa uçub gedəcəkdi. Onu qanadlandıran içindən coşdanan eşq idi. Ağamalı bunu aydınca duyduğundan üzünü yenə Məmmədə çevirib:-Allah haqqı bu saat uçub gedəcək - deyib, bığaltı gülümsədi. Məmməd də təkəbbürlü görkəm alıb - Mənim aşığım elə-belə aşıq ola bilməz - deyib, lovğalandı.
İlham dünyanı unutmuşdu:
Çağırıram uzaqlardan,
Haray dağlar,
haray dağlar.
Saçlarıma yağar oldu,
Qar ay dağlar,
qar ay dağlar.
Məmməd sazı dinləyəndə
gözlərini yumar, qara bığı gah sağa dartılar,
gah sola əyilər, alnı qırışar,
qaşları çatılardı. Ağamalı da dərin xəyallara
dalmışdı.
Beilqara könül verdim,
Cəfasını çəkdim, gördüm.
Sizə
deyiləsi dərdim
Var ay dağlar,
var ay dağlar.
Yanar Sadiq Ağamalı,
Qəlbində eşqin məlalı.
Ağ sinənin qara xalı
Kimə qaldı, gör ay dağlar.
Məclis davam edirdi. Ağamalı Sadiq "Məmməd"-
deyəndə məndə
"höyy"- deyirdim,
İlqarlı Məmməd
də. Belə olduqda üzünü mənə çevirib dedi:
- Sənin adına "Dəmirçioğlu"
təxəllüsünü yaraşdırdım. Gərək bu
Məmməddən fərqlənəsən.
Elə dədən-baban da dəmirçiliklə məşqul
olublar. Bu ad sənin boy-buxununa biçilib.
O zamandan daşıdığım
bu təxəllüs Ağamalıdan yadigar qaldı mənə.
Gənc aşıq camaatı da hayıl-mayıl etmişdi. Bir nəfər güllü
köynəyinin cibinə
bir onluq basıb (onda rus pulu işləyirdi)
- Aşıq, Məmməd
İlqarın "İncə
dərəm incimə"
sözünü oxu -
deyib, sifarış etdi.
Məmməd aşığın eşidə biləcəyi
səslə dedi: - Gedəndə böləcəyik,
haa! - İlham gülümsəyərək başıyla
razılıq işarəsi
verdib, yenə sazına sarıldı:
Gecikmişəm görüşünə haçandı,
Gələmmirəm, İncə dərəm, incimə.
Sevincinə, kədərinə, qəminə,
Bələnmirəm, İncə dərəm, incimə...
Mən Ağamalının
solunda, Məmməd İlqar isə sağında oturmuşduq. Onda məni
ancaq rəssam kimi tanıyırdılar.
Şer yazmağımı onlardan
gizləyirdim. Daha doğrusu
cəsarət edib yanında şeirlərimi
oxuya bilmirdim. Amma aşıq İlham bu iki azman
şairə özünü
sübut edirdi və hətta arada Ağamalı üzünü İlqarlı
Məmmədə tutub,
- tova bu zulum aşıq olacaq - deyib, heyrətini gizlətmirdi.
Zulum aşıq
oldu Aşıq İlham Astanbəyli. "Zulum"u
Ağamalı Sadiqin təbirincə dedim.
Bir başqa aşıqdı İlham. Mən onu qətiyyən
tərif etməyəcəm,
həm də ona görə ki, o bütün İncəli şairlərinin
şeirlərini oxuyur,
təkcə məndən
başqa. Bu yəqin ondan irəli gəlmir ki, məndən xoşu gəlmir, və ya məndə
onun könlünü
ovlayacaq şeir yoxdu. Yada ki, mənim
şeirlərim haqda məlumatsızdı. Hər nə
isə. Amma onu bilirəm ki, İlham bəzi aşıqlar kimi varlı bir şairin bəsit şeirini oxuyub, gözünü alacağı
nəmərə dikmir.
Həm də sözün incilərini arayır, qiymətli və halal cözləri sonalıyıb oxuyur.
Günlərin birində bir televiziya verlişinə ikimiz birgə qonaq olduq. Bir gün
öncə məndən
kitabımı istədi.
Səhəri günü
qonağı olduğumuz
Tovuz tele kanalının "Xoş
ovqat" verlişində
gözləmədiyimiz halda
bir şeirimi sazın sinəsinə qaldırdı:
Gəl çıxaq şəhərdən,
gedək dağların
Körpə bulaqları oxuşan yerə.
Öpək nərgizindən, bənövşəsindən,
Dönək lildə lilpar qoxuyan yerə.
Mən ithaf şeirləri yaza bilmirəm. Amma bu şeiri xətrini çox istədiyim, İncənin
yazar oğullarından
biri, Hontoğlu Ənmədə bağışlamışam.
Doloylar lalalı, daşlar xınalı,
Kəkliklər oxuyur yanı balalı.
Sularda axıdaq dərdi, məlaı,
Enək dağ çayları qovuşan yerə.
Tanıyanlar və saz-söz
xiridarları çox
yaxşı bilirlər
ki, Aşıq İlham Astanbəyli sazı necə fərqli, özünəməxsus
çalırsa, eyni şirinliklə eyni eşq ilədə oxuyur, sözə can, şeirə nəfəs verir. İlahi, mənim bu şeirim
onun dilində neşə şirinləşir,
necə qanadlanıb o
dağlara uçunur,
o əngin səmalara qovuşurdu:
Dağlar
bir-birinə bitişib
qalıb,
Buludlar başına
ilişib qalıb.
Düşək şəlalələr hay-həşir salıb
Çırpılıb daşlardan sovuşan yerə.
Sazla sözü
necə qoşalaşdırır,
oxuduğu sözləri
necə məharətlə,
necə aydın diskussiya ilə çatdırır xiridarlarına. Açığını deyim, o çalıb oxuyarkən heyrətlənməmək
mümkün deyil.
Məni heyrətin içində azdırmışdı:
Seyr edək uzaqdan Quzu dağını,
Dərək xazazını, quzuqulağını.
Salımçaq eyləyək göy
qurşağını,
Süzək yer ilə göy
barışan yerə.
Gedək
yetişməmiş bizə
uzaqlar,
Dərələr qol açıb
bizi qucaqlar...
İtik
sorağında İsaq
Musaqlar
Laylalarla bizi soruşan yerə.
İlham heç vaxt sazı könülsüz
çalmayıb. Heç vaxt sözə
xəyanət etməyib.
Onda qüsur tapmaq mümkünsüzdü. Çünki, sazı barmağıyla yox, ruhuyla çalır,
sözü oxuyanda oxuduğu sözlə yaşayır, özünü
unudub dinləyicilərini
də özünə
qoşaraq əl çatmaz, ün yetməz məkanlara aparır. O məkanlara
ki, oralara bəni insan ayağı dəyə bilməz. O məkana ki, ora ancaq
İlham Astanbəyli,
işığa qovuşmaq
eşqiylə qanadlanan
Səməndər quşu
kimi uça bilər.
Bütün vertiyoz sənətkarlar İlahi eşqin daşıyıcıları və
daşıdıqların eşqin
qulları olduqlarından
yaratdıqları sənət
nümunələri əbədi
yaşar və bəşəri olub.
İlham Astanbəyli Ulu bir ruhun daşyıcısıdı. Bu ruh ona kökündən
suyundan soyundan nazil olmuşdu və heç də təsadüfi deyil. Atası Musa müəllim də, Gülüstan nənəsi də şairdi. Demək olar ki, bu ailənin bütün övladları
uca könül, işıqlı ruh, halal söz, kamil sənət daşyıcılarıdı. Türk dünyasında Hacı Məhəmmədi, onun ürfan poeziyasını və təfəkkürünü
bilməyən, tanımayan
yoxdu. (Təbii
ki, xiridarlarından söhbət gedir). Məhəmməd ailənin ən
kiçiyi olmasına
baxmayaraq, elmin və fəlsəfənin
çox uca mərtəbəsindədir. İbrahim İlyaslı çağdaş
Azərbaycan poeziyasının
ən laqili nümayəndələrindən, Aşıq İlham isə ozan sənətimizin
ən urvatlı daşyıcılarından biridi.
Görün bir ailə xalqımıza nə qədər dəyərli
şəxsiyyətlər verib.
Bu ancaq alqışa layiqdi...
Əziz dostum, İlham Astanbəyli, sevə-sevə yazdığım insanlar haqda mənzərələr mənim könül işimdi. Heç bir yazımda təmənna və ya saxtalıq yoxdur. Bu yaxında Məmməd İlqarın və mənim nəvəmiz İlqarın sünnət toyunda, yuxarıda yazdığım xatirəni yenidən yaşatdın mənə. Elə oradaca bu yazının qərarını verdim. Sən bu gün öz zirvəni fəth etmisən. Bu sənin ağır, inadkar zəhmətinin, bir də daşıdığın o müqəddəs ruhunun bəhrəsidi. Bir daha qeyd edirəm, ola bilsin məni sevmirsən, bəlkə də hamıdan çox sevirsən, fərq etməz, bu yazını ona görə yazdım ki, bu sənin halal haqqındı. Yaxşı yadımdadı, lap çoxdan, Məmməd İlqargildə saz çalarkən Dədə Ədalət sənin barmaqlarına baxıb bir qısqanclıq hissi ilə demişdi: "Ona bax, ona, nə tökmüşəm hamısını döyşürüb". Əslində sən ustad Aşıq Avdının köynəyindən, Aşıq Kərəmin ərkan yolundan keçib gəlmisən.
Bir tədbirdə çox hörmətli professor, Nizami Cəfərov demişdi ki, İncəlilərin ustadı Uca Tanrıdı. Hörmətli millət vəkilimizin bu fikriylə razılaşıb deyərdim ki, sən də dərsini Tanrıdan almısan, oxuyanda da, saz çalanda da Tanrıya hesabat verirsən. Qəbul edərsənsə, üzü Tanrıya yazdığım bir şeirimlə səni və səni sevənləri salamlayıb, sənət yolunda sənə yeni uğurlar diləyərdim.
Ay qərib qara dağlar,
Ayrılıq ara bağlar.
Ağzımda yara bağlar,
Dil hoylana-hoylana.
Bülbülün ahi-zarı,
Köksündə sarı-sarı.
Baxır
Allaha sarı,
Gül boylana-boylana.
Görən kimlər qandırdı,
Dostum məndən
yan durdu.
Közlər məni yandırdı,
Ya Mövlana,
Mövlana.
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-2014.-17 may.-S.23.