Bir ömrün
Salnaməsi
Yazıma ustad Şəhriyarın "Heydərbabaya salam" poemasından misralarla
başlayıram.
Heydər
baba, dünya yaman dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı.
Oğul
doğub dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı.
Dünya hər kimə nə verir, onu da alır. Xoşbəxt o adamdır ki, ondan ad qalır. Çox az
adamdan ad qala bilər. Adam var
sağdır, həyatda
yaşıyır, amma
ölüdən fərqi
yoxdur. Adam var ölümündən on illər
keçibdir, amma onun haqqında danışanda hamı sanki, sağ adam haqqında
danışır, həm
də boğazdan yuxarı danışmır,
ürəkdən danışır.
Bax belə adamlar xoşbəxt sayılır.
Mətbuatda çalışdığım illər ərzində haqqında yazı yazdığım hər bir insan mənim
üçün doğmadı,
əzizdi, ömrümün
donmuş bir anı, bir parçasıdı. Haqqında söhbət
açacağım şəxs
isə bir başqa dünya, bir başqa aləmdi. Ürəyi,
gözü, könlü
Azərbaycan sevgisi, sevdasıyla dolu bu qeyri-adi insan,
zəngin mənəviyyatı,
saf əxlaqı, əqidəsi, kövrək
ürəyi, böyük
vətəndaşlığı ilə mənə əsrin əvvəllərinin
ziyalısını xatırladır.
Çalışdığı sahələrdə xalqı
və dövləti həmişə uca tutan, milli-mənəvi dəyərləri qoruyan sadə və səmimi insanların ömrü adətən yaşanmış illərin
sayı ilə deyil, bu illərin
dəyəri ilə ölçülür. Belə əməlisaleh
adamlar həyatı boyu öz xeyirxah
əməlləri, cəmiyyət
üçün gərəkli
və faydalı işləri ilə seçilir və sevilirlər. Böyük hörmət
sahibi olan Həsənağa Sadıqov
da yaşadığı
illərin dəyəri
və bəhrəsi ilə fəxr ediləsi insanlardandır.
Uşaq vaxtı hərbi geyimdə olan adamlara maraqla baxır, uzaqlaşanda belə, gözün onlardan çəkmirdi.
Qonşunun oğlu əsgərlikdən
gəlmişdi. Kənd camaatı
ata-anaya göz aydınlığı verirdi.
O, da anasıyla qonşudaydı. Evə gələndə dedi, ata mənə də o əsgərin paltarından alarsan?
- Böyüyüb əsgərliyə
gedəndə sənə
də verəcəklər,
oğul, özü də pulsuz, dedi Əliağa kişi. Uşaq tez
böyüyəndə illərin
necə gəlib getdiyini bilmirsən. Sabirabadın
Salmanlı kəndində
yaşayan Əliağa
kişinin tibb texnikumunu bitirib kənddə işləyən
oğlunu da hərbi xidmətə çağırdılar. "Uşaq vaxtı sevdiyin hərbi formanı geyəcəksən
oğul. Bu sənin ilk istəyin olub. Amma bir şeyi yadında saxla ki, bu forma ləkə
götürmür. Kişi
kimi xidmət et səni böyüdən vətənə", - deyə
ilk nəsihətini verdi ata. Şair nə qədər gözəl deyib.
Vətən mənə oğul
desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Oğul
dedi, vətən Həsənağa Sadıqova.
Əliağa kişinin dediyi
kimi oğul. Onun cəmiyyət üçün
layiqli vətəndaş
və şəxsiyyət
kimi yetişməsində
ailə mühitinin böyük təsiri olmuşdur. Milli təfəkkür, milli kök, babalarımızdan miras qalmış Azərbaycan adət-ənənələrini qoruyub saxlayan ailədə aldığı
düzgün tərbiyə,
valideynlərinin xeyir-duası,
daxilindəki möhkəm
iradə, hərbiyə
olan sonsuz marağı və həvəsi onu şərəfli ömür
yoluna hazırlamışdı.
Hərbi
xidmətin ilk illəri
saysız-hesabsız çətinliklərlə
bağlı olsa da, bu yeni
həyatın sınaqları
onu qorxutmur, əksinə daxilən daha da səfərbər
edir, möhkəmləndirir,
ruhlandırırdı. Çox keçmir ki, Həsənağa Sadıqov
orduda səriştəli,
nümunəvi, intizamlı,
fiziki cəhətdən
yüksək hazırlıqlı
bir əsgər kimi tanınır.
Peşə seçimi insanın həyatında ən önəmli işdir. Hərbi xidmət
müddəti qurtaranda
könüllü olaraq
orduda qaldı. Talehini həmişəlik uşaq
vaxtı sevdiyi bu peşəylə bağladı. Fəxri fərmanlar,
mükafatlar, komandirlərin
təşəkkürü elə bil ovsunlamışdı
onu. Məzuniyyətə buraxılanda da
vaxtından əvvəl
qayıdırdı. Hərbiçi olmaq üçün doğulmuşdu elə bil. İllər keçdikcə bir
hərbiçi kimi formalaşırdı. Artıq, zabitlərlə
oturub- dururdu. Ali hərbi təhsil
də almışdı.
Deyir, yaxşı hərbiçi
olmaq üçün,
insanda polad iradə, bir də vətənə sevgi olmalıdır.
Zaqafqaziya Hərbi Dairəsinə əlaçı zabit tələb olunurdu. Xidmət etdiyi
hərbi hissənin komandiri Həsənağa
Sadıqovun şəxsi
işini təqdim etdi. Bu, böyük
etimad, etibar, xidmətinə verilən qiymət idi. Yüksək
rütbə verirdilər
ona. Ancaq ailədəki durum buna imkan vermirdi.
Atası
da dünyasını
dəyişmişdi. İki yoldan
birini seçməliydi
gənc zabit. Ya yüksək rütbə,
yuxarı vəzifələr,
ya da min bir əziyyətlə onu böyüdüb oxudan valideynlərə qayğı. Çox fikirləşdi.
Vaxtı
ilə oxuduğu Keykavusun "Qobusnamə"sindəki
oğlu Gilanşaha yazdığı nəsihət
yadına düşdü.
- Ata-ana sənin əsil böyüdənin,
tərbiyə verənindir.
Sən onların haqqını ödəməlisən. Onda
həm Allah yanında,
həm də valideynlərin yanında üzü ağ
olarsan. Valideynin övlad üçün nə qədər əlçatmaz bir zirvə olduğunu sanki indi duydu,
bildi, hiss etdi, anladı Həsənağa
Sadıqov. Ali təhsilim var, tibb işçisiyəm, dolanarıq, anamdan arxayın olaram, bacı-qardaşlarıma baxaram,
deyib, ikinci yolu seçdi.
SSRİ dönəmi idi. Yaxşı hərbiçini
itirmək istəmirdilər.
Onların əməyi qiymətləndirilir,
yaxşı xidmətləri
nəzərə alınırdı.
Respublika
hərbi komissarlığı
sahəsinə dəyişdilər
onu. Sadə və təvazökar
adamlar səmimi, mehriban, vəzifəsi dairəsində ciddi, qanunu həmişə yüksəkdə görürlər.
Bu vəzifələrdə camaatla daha sıx
təmasda oldu. Qanunu bir əlində, insanları bir əlində tutdu Həsənağa Sadıqov.
Xeyli müddət laçında,
Qazaxda işlədi.
Özü də kişi kimi,
təmənnasız işlədi,
halal çörək
verdi övladlarına.
Yaxşı insanlarla oturub
durdu. Tabeliyindəki işçilərə qayğı göstərir,
dayaq dururdu onlara.
Laçınlılarla qohum da oldu. Özü kimi
sədaqətli, səxavətli
ziyalı bir kişinin qızını
aldı oğluna.
Deyir, Laçında işlədiyim
illər həyatımın
ən şirin, əlçatmaz xatirəsidir.
Hərbidən ehtiyata
buraxılandan sonra 15 il Azərbaycan
Dövlət Tibb Universitetində və Bakıdakı iki saylı tibb texnikumunda hərbi kafedrada çalışdı.
Hər kəsin bir həyat eşqi olur. Onun da həyat eşqi poeziyadı, musiqidi. Şəhriyarı saatlarla oxuyur,
muğamları, qədim
xalq mahnılarımızı
dinləyəndə, sanki,
bu dünyadan təcrid olub başqa bir musiqi dünyasına düşür, qidalanır,
mənən zənginləşir.
Deyir ki, laçınlı dostum Hüseyn Məmmədovun oxuduğu
muğamlara, xalq mahnılarına qulaq asanda, onun həzin,
məlahətli səsi
məni o dağlara, dünyanın dillər guşəsinə aparır.
Ən çətin
peşə insan olmaqdır. Vətəndaş olmağın da
yolu insan olmaqdan keçir. İnsanların qəlbində yer
tapmaq ulu Tanrı tərəfindən
onlara bəxş olunan ilahi bir
məhəbbətdir. Həsənağa Sadıqovun hər
əməli saf, bulaq suyu kimi
şəffafdır. Onun həyat
yolu xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyir. O, həmişə
öz rahatlığını
birinə gərəkli
olmaqda, ona köməyi dəyməkdə
görür. Əsil insan
öz gözündə
deyil, başqalarının
gözündə yüksəlməlidir.
Sadəlik ona Tanrı
payıdır. Xeyirxah, sədaqətli
insandır. Sözü qılınc
kimi kəsərli, amma ürəyi qızılgül ləçəyi
kimi kövrək və zərifdir.
Hər bir insanın taleh yazısı, alın yazısı var. Talehindən
çox razıdır. Beş övladı
var. Oğlu polkovnik - leytenant Adil atasının yolu ilə gedir. Müstəqil Azərbaycanın ordusunda xidmət etməkdən qürur duyur. Xoşbəxt ailə başçısıdır
Həsənağa Sadıqov.
Deyir illərə nə var ki, onlar
quş qanadlı olur. Heç bilmirsən haçan
gəldi, haçan getdi. Biz isə
ömür yolumuza nəzər salanda ötən illəri xoş duyğularla, minnətdarlıqla yad edirik.
Vaqif Şükürov
Ədalət.-2014.-17 may.-S.22.