TANIDIĞIN ÜÇÜN SEVİNDİYİN

 

Kitabının Türkiyədə maraq doğurduğunu, Metin Özer tərəfindən tərcümə olunduğunu və təqdimat, imza günü keçiriləcəyini bilirdim. Hətta onunla birlikdə Türkiyəyə getmək də istəyirdim. Gedə bilmədim. Tədbirlərlə bağlı məlumatları FB -da ara-sıra paylaşılan şəkillərdən, xəbərlərdən izlədim.

Həm də bu Məmməd Hüseyn Şəhriyarın ölümünün 25-ci ildönümü ilə bağlı anım tədbirləri idi. Bizdə bu anım oldumu, yəni səsindən belə Azərbaycan dərdi yağan Şəhriyar anıldımı deyə bilmərəm. Amma İstanbulda Top Qapı türk kültür evlərində necə maraqlı tədbirlər təşkil olunmuşdu. Necə önəm verdilər ürəyimizin ağrılarıyla ağrıya-ağrıya yaşayan şairə, eləcə də onun həyat və yaradıcılığından bəhs edən kitaba. Şəhriyarın bütün həyatını, yaradıcılığını ələk-vələk edən isə Esmira xanımdı-Bütövlükdə Güney Azərbaycan ədəbiyyatını öyrənən, araşdıran, bizə təqdim etməyə çalışan Esmira xanım yorulmadan böyük şairin həyatını an-an yaşayır sanki. Yaşayır və oxucuya da yaşadır. Sətir-sətir öyrənir, öyrədir şairi, onun türkdilli poeziyasını təqdim edir bizlərə. Esmira Fuad Şükürovanın namizədlik dissertasiyasının mövzusu da

 

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan bu əsil dil əsil olmaz.

 

deyən ustadın - "Məhəmməd Hüseyn Şəhriyarın həyatı, ədəbi mühiti, türk dilli yaradıcılığı"dı. Amma 144 səhifəlik monoqrafiya indi 360 səhifəlik bir kitabdı. olsun ki, kitabla bağlı İstanbulda keçirilən tədbirlər bizim bir-iki TV- qısaca, ötəri xəbər kimi verildi. olsun ki, bu bir alimimizin elmi araşdırması, neçə illik zəhməti olan kitab türkcəyə tərcümə olundu, yüksək qiymətləndirildi, təqdim olundu, bizdəsə... Bizdə heç Şəhriyar da anılmadı. olsun? O, bir Güney Azərbaycan olduğunu, orda yazıb-yaradan söz adamlarını unutmayan biridi. Yəni doktorluq işinin mövzusunun Güney Azərbaycan ədəbiyyatıyla bağlı olması da təsadüfi deyil. Esmira xanım sadəcə Azərbaycana xidmət edir, onun ədəbiyyatına, sözünə, söz dünyasına xidmət edir. Onun Azərbaycanı güneyli-quzeylidi.

Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü İstanbulda anıldı. İstanbul Azərbaycan Türkiyə kültür dərnəyinin hazırladığı İstanbul Azərbaycan Türkiyə baş konsulluğunun dəstəklədiyi tədbirdə kültürün A.Ş.Genel müdiri Nevzat Kütük, dərnəyin başqanı Səfər Qaraqoyunlu, İstanbul Azərbaycan Türkiyə konsolu Emma Heydərova, Mustafa Arkal, türk xalq müziyi sənətçisi şair Əsəd Kabaklı, pr. Məhəmməd Nurdoğan, şəhriyarşünas alim Yusif Gedikli bir çox söz sərrafları iştirak edirdi. Çünki Şəhriyarı türk dünyasının şairi hesab edirlər. Ona görə Esmira xanımın kitabına çox önəm verirlər. Hələ kitabın təqdimatının davamı da var. Mayda sentyabrda yenə təqdimat günləri olacaq.

Amma Esmira xanım təkcə Şəhriyardan yazmayıb. 10-dan artıq kitabın, 80-dən çox elmi, ədəbi-bədii məqalənin müəllifidi. O yorulmur, elmi məqalələrlə yanaşı dəyərli insanlardan - "Dünyaya naxış verən insalar"dan, oxuduğu maraqlı müəlliflərdən də yazır. Hərdən təəccüb edirəm ona bütün bunları necə çatdırır deyə. Hərdən həsəd aparıram. Yəni buna əmin olmaq üçün təkcə "Sözə sevdalılar" kitabını oxumaq kifayətdir. Müəllif özü kitabına yazdığı ön sözdə deyir: Əziz oxucum! Əlindəki topluda son illər oxuduğum bir sıra kitablarda ruhumu yerindən oynadan, mənə doğma olan fikirlərə fərdi münasibətimi bildirdiyim yazıları toplamışam. Qənaətimə görə SÖZə sevdalanmaq, könül vermək sevdaların ən böyüyü, sevgilərin ən alisi... Bir az dərindən fikirləşəndə görürsən ki, söz adamı içinə dolanı yazmasa, qəlbi dinclik tapmaz, gecə-gündüz dinclik bilməz.." O həqiqətən sözə sevdalıdı. Özünün dediyi kimi "qara sevdalı"dı, əski türkcəmizdə "böyük" anlamını verən" qara" sevdalı. "Sözə aşinalıq pərvanətək oda yanmaqdır" - deyir Esmira Fuad Şükürova. "Qeyri-adi publisitik çevikliyə malik olan Mirzə İbrahimov görkəmli ictimai xadim, xalqının taleyini düşünən, ana dilinin mübariz keşikçisi idi" -Mirzə ibrahimovdan yazır. Bəxtiyar Vahabzadənin "fəlsəfi, əxlaqi-didaktik mahiyyətə malik, oxucularını, insanları həyat-insan-zaman konteksində dərindən dərin düşünməyə səfərbər edən böyük bədii fəlsəfi ümumiləşdirmələr poeziyası"ndan yazır. Araz dərdli unudulmaz Məmməd Arazdan söhbət açır: Şeirlərində xalqın səsi, elin avazı eşidilməyən, yaşantıları duyulmayan şair elin sevgisini qazana bilmir, sənət zirvələri fəth edə bilmir. O, sənət yollarının hansısa dolanbacında ilişib qalır. Ustad şairimizsə qılıncdan kəsərli qələmi ilə Azərbaycan ədəbiyyatında "Vətən poeziyası", həm düşündürən,həm ağladan söz dünyasını yaratmağı bacardı.Oxucularını bu dünyanın əbədi qonaqlarına çevirdi. Esmira xanımın söz dünyasında Anarla, Bəkir Nəbiyevlə, İslam Ağayevlə, İsmayıl bəy Qasprinskiylə, Əkrəm Cəfərlə, Ərtoğrulla və daha kimlərlə rastlaşmaq olur. Qeyri-adi istedad sahibi hesab elədiyim böyük Üzeyir bəyin Hüseyn Cavid yadigarlarıyla danışmaqdan qorxulduğu bir vaxtda cəbhəyə yola düşən Ərtoğrulun ona ünvanladığı "Sizi görə bilmədim, xahiş edirəm bacımın işə düzəlməsinə kömək edəsiniz" məktubunu alan kimi çətin vəziyyətrdə olan Turan Cavidə yardım etdiyini bilmirdim. Bunu Esmira xanımın Üzeyir bəy haqqında yazısından öyrəndi: "Doğmalarının, yaxınlarının, dostlarının "xalq düşməni"nin ailəsinə salam verməyə belə qorxduğu bir vaxtda, çox ağır bir dövrdə o böyük AYDIN bu addımı atdı. Vəzifəsini, işini itirməkdən, Sibirə sürgündən qorxmadan..."

Onun yazılarında müasirlərimizlə də rastlaşırsan: Seçilən imza sahibi, qələmlə söz göyərdən Flora Xəlilzadə, "Sarı odaların qadını" həsəd aparılacaq güclü mütaliəsi, mühakiməsi, geniş dünyagörüşü, unikal yaddaşı olan, yazılarıyla oxucuları maarifləndirən İradə Tuncay, "bir şeirlə belə oxucuya haçansa yaşadığı anları, duyğuları yenidən yaşada bilən" Məhərrəm Qasımlı; "mənimlə dərd ortaqlığı çətindi" deyən nisgilli "güclü müşahidəyə malik poetik tapıntılar" şairi Əbülfət Mədətoğlu; "şeirlərində, publisistik yazılarında ədəbi şölə saçan vətən məhəbbəti, yurd sevgisi olan" Taleh Həmid... Esmira Fuad daha gənc nəsildən də yazır. "Mənə 40-cı qapının açarını ver" deyən, "çağımızın azad düşüncəli, azad üslublu yazarı, özü gənc, düşüncələrinə görə isə çoxlarından yaşlı olan, şeirlərinin məna yükü ağır olan" Aysel Əlizadədən də danışır.

İndi yazını oxuyanlardan kimsə düşünər ki, alimvar, elmi məqalə, müxtəlif söz adamlarından yazan da. Esmira Fuad da filoloqdu, yəni işi budu. Mən də onu demək istəyirəm elə: O görməli olduğu işi görür. İşiylə-İŞLƏ məşğul olur. Özübunu sevgiylə, ürəklə edir. Təbii ki, həm də Esmiranı yaxından tanıyıram, duyuram onu. "Dost" deyə bildiyim insanlardandı, darıxdığımdı. O məndən də yazıb. Bütün şeirlərimi oxuyub. Və bəyənmədiyi birindən nəsə yaxşı bir misra deyəndə "nə olsun yaxşıdı, amma Kamalə Abiyeva deyil ki" deyir. Mənimçün yetərlidi, qiymətlidi onun fikri. Ona görə yox ki, məni tərifləyir, ona görə ki, özü qiymətlidi. Əslində onun haqqında qəfildən yazmaq keçdi ürəyimdən. Yazıya başlayan kimi yazının adı haqda düşündüm. Nə ad yazım ki, Esmiranı olduğu kimi təqdim edə bilim. Hansı adı seçdimsə bəyənmədim. Yəni bütün gözəl sözləri yaza bilərdim, layiqdi çünki. özünün-sözünün qiymətini, yerini biləndi. Tanıdığın üçün sevindiyin biridi-İNSANDI Esmira Fuad Şükürova.

 

Kəmalə ABİYEVA

Ədalət.-2014.-17 may.-S.14.