"MƏN ORDA GÖYLƏRLƏ
DANIŞIRAM"
Şuşadan böyük dünyaya
açılan yol
... On üç-on dörd yaşlı bəstəboy
bir oğlan Cıdır düzündən üzü
aşağı dərə boyu baxır. Kənardan
onu müşahidə edən hər kəs bu cavan
oğlanın, əslində isə hələ
üst-başından orta məktəb qoxusu çəkilməmiş,
hələ gözləri böyük şəhərə
alışmamış bu Allah bəndəsinin yalnız
cüssəsini görə bilər. Çünki onun
ruhu, onun iç dünyası özündə deyil, bədənini
tərk edib, göylərə üz tutub mələklərlə,
yerin-göyün mizan tərəzisini qoruyan, varlıqları
rövnəqləndirən, canlandıran və bir də
özünü özünə tanıdan böyük dərgah
sahibi ilə həmsöhbət olmaq üçün onun himayəsinə
çıxıb gedib. Düşünməyin ki, mən
hardasa hisslərə qapılıram, nəyisə
olduğundan artıq, bədiiləşdirilmiş, lap bir az da alt qata ensək, fantastik nələrsə
söyləyirəm. Xeyr, doğrudan-doğruya bu uşaq məhz
həmin nöqtədə, həmin yerdə dayananda bu Yer
üzünün, bu dünyanın adamı olmurdu özü də
bilmədən, özü hiss etmədən, səbəbini,
kökünü özü də anlamadan onun içi, onun
ruhu bədəninidən elə çıxır, elə
uzaqlaşırdı ki, heç kirpiyinin ucu da səksənmirdi.
Bu da bir Allah möcüzəsi idi, bu da bir Allah
kəraməti idi. Bugünün özünə qədər
də bir vaxtlar 13-14 yaşında olan, indi isə 50
yaşın dizini qatlayan dostum o sirrə bir yozum tapa bilmir,
baxmayaraq ki, neçə-neçə elmin
qapılarını açıb... neçə-neçə
akademiyaların və saysız elm ocaqlarının tribunalarından
çıxışlar edib, mühazirələr oxuyub,
onların fəxri doktoru adlarını qazanıbdı. Bu yerdə
onun nə vaxtsa dediyi bir söz yadıma düşür...
... İnsan bütün elmlərin altını
üstünə çevirə bilər, bütün sirlərə
baş vura bilər. Amma insanı, Allahın onun
üçün gözlə görünməyən, əllə
toxunulmayan və yalnız bir an yaşanması mümkün
olan elə bir dünya ilə üzbəüz qoyub ki, o
dünyanın nə adı var, nə səndən başqa
sakini, nə də o dünyanın şəkli yoxdu. Onu ancaq məhz həmin o anda görürsən...
danışanda da söhbət edəndə də onu kimsə
təsvir də edə bilmirsən. Çünki
Allahın həmin o möcüzəsi elə Allahın
özü kimi təsvirsizdi...
Hə, mən Şuşada, Cıdır düzündə
dayanıb üzü aşağı, Xankəndiyə,
Xocalıya, Ağdama tərəf boylanan həmin
oğlanın bir sükut işarəsi olduğunu hərdən
ağlıma gətirirəm. Elə bir sükut
işarəsi ki, o sükut yalnız oxunur, müşahidə
edilir - elə cizgilərlə, görünməyən, amma fəhm
edilən işıqla. Bu dediklərim, bu
yazdıqlarım sizə sözün yaxşı mənasında
nağıla bənzəməsin. Düşünməyin
ki, yenə şairliyim başıma vurub söz oynadıram.
Xeyr, doğrudan-doğruya göylərlə
danışan insanlar nə dil tərpədir, nə dodaq.
Onların sadəcə cizgiləri
danışır, baxışları danışır, hətta
kirpiklərinin ucu danışır. Ən
həssas bir vasitədən istifadə etməklə bu cür
insanların həmin məqamlarını izləsən, o
dediyim nöqtələrin pıçıltısını
da, musiqisini də dinləmək olar, amma anlamaq yox. Sadəcə, səsi eşidərik, amma sözləri
bizə eşitməyə icazə verməzlər.
Çünki həmin söhbət bəndə ilə
Allahın arasında gedir, özü də seçilən,
sevilən bəndə ilə... sevib özünü fəda
etməyə hazır olduğu Allah arasında....
Həyat çox qəribədi. Gözünün
qarşısında olanı bəzən qiymətləndirmirsən.
Heç ağlına da gəlir, fikrindən də keçmir
ki, gördüyün bu varlıq, bu əşya, bu bəndə
sabah, beş gün sonra tamam fərqli bir yerdə, fərqli məqamda,
fərqli görüntüdə, fərqli təqdimatda
qarşıma çıxa bilər. Biz bir insan
olaraq bu xırdalıqlara əhəmiyyət vermirik. Yalnız zaman dəyirmanı ömrümüzü
üyütdükcə biz anlamağa başlayırıq ki, bəli,
yanından ötdüyümüz, görmədiyimiz, əhəmiyyət
vermədiyimiz nələr, kimlər indii bizdən min addım
qabaqdadı. Biz ona əlimizi gözlərimizə
günlük edib baxırıq. Bax, bu mənada
Ağdamdan Şuşaya gedən avtobusda əyləşmiş
13-14 yaşlı bu oğlanı da demək olar ki, heç kim görmürdü, heç o da kimisə
narahat etmirdi. Arxa sırada sakitcə oturub
gözlərini yola zilləyirdi. Ağdamdan
Şuşaya gedən bu avtobus bilmirdi ki, bu bəstəboy
uşaq Cıdır düzünə tələsir. Ağdamdan Şuşaya gedən və üzü
geri qayıdan həmin o avtobus bilmirdi ki, onun sərnişini bu
iki şəhəri özünün bayrağına, simvoluna
çevirəcək. O, bütöv Azərbaycanın əzəmətli
bayrağı ilə yanaşı, içində
daşıdığı Şuşa
Bayrağının da, Ağdam Bayrağının da pərvanəsi
olacaq...
Bəli, atasının onun üçün verdiyi məktəb
xərcliyini o, qəpik-qəpik toplayıb özünə
yolpulu edərdi. Həmin o pulla da ayda heç olmasa iki dəfə,
xüsusilə isə bayram günlərində, məktəbdə
kiçik bir uğur qazananda, rüblük qiymətlərinin
nəticələrini biləndə, hansısa qəzetdə
balaca bir yazısı çıxanda, şəkili məktəbin
şərəf lövhəsini bəzəyəndə o,
mütləq Cıdır düzünə tələsirdi. Gəlirdi
Cıdır düzünə... dayanırdı həmişə
durduğu yerdə... baxırdı, baxırdı,
baxırdı... hesabat verirdi göylərə də,
uzanıb gedən dağlara da, dərələrə də...
hesab verirdi Cıdır düzünə... Məhz
bu yarım saatlıq, bir saatlıq sözsüz söhbətdən,
hesabatdan sonra o həm yüngülləşir, həm də
ürəyinin döyüntüsü, arzularının
üfüqü daha da artırdı, daha da genişlənirdi.
Sanki ona ikinci bir güc gəlirdi, özü də inam dolu bir
güc...
... Uşaqlığım Şuşada - Malıbəylidə
keçib. Üç yaşıma qədər Şuşa şəhərində, yeddi
yaşıma qədər Malıbəyli kəndində
yaşamışıq. Atam dəmiryolu mühəndisi
olub. Ona görə də Xənkəndi dəmiryolunun
çəkilişində mühəndis-mexanik kimi işləyib,
sonra Ağdama köçmüşük. Əhmədavar kəndində səkkizillik məktəbdə
təhsil almışam. Ordan isə
Ağdamdakı 6 nömrəli məktəbə dəyişmişəm.
Bu məktəbə gələndə mənə bir az qəribə baxırdılar. Adətən
kənardan gələn uşaqlar kollektivdə dərhal qəbul
olunmur. Amma birinci rübün yekununda
artıq şəklim şərəf lövhəsində idi.
Müəllim kollektivi də, məktəb
uşaqları da kənd məktəbindən gələn bu
balacaboy oğlanın "od parçası" olduğunu
artıq qəbul etmişdilər. Çünki onun
hazırlığı, elmə marağı, xüsusilə dərs
danışmaq qabiliyyəti, üstəlik də zamanın ən
populyar elmi juranllarından olan "Kvant" jurnalındakı
istedadlı şagirdlərlə bağlı açıqlama,
yəni 1979-80-ci illərin fizika fənnində
qazandığı uğur, adının jurnalda qeyd
olunması... bir sözlə, hər bir nailiyəti onu ön cərgəyə
çıxarmışdı, məktəbin sevimilisi
etmişdi....
... O da
arzularla, xəyallarla yaşayırdı, o da
yaşıdları kimi böyük xəyalların
yolçusu idi. Məhz o xəyallar, o
arzuları onu 1981-ci ildə qızıl medalla bitirdiyi 6
nömrəli məktəbdən indiki Politexnik Universitetinə
gətirdi, tələbə adı qazandı. Auditoriyaya daxil olanda müəllimlər də, tələbə
yoldaşları da ona bir qəribə nəzərlərlə
baxdılar. Çünki cəmi 46 kiloqram
çəkisi olan bu bəstəboy oğlan sözün
bütün mənalarında qaynayırdı, hər kəsə
qarşı bir xoş aura yaradırdı. Elə həmin o xoş aura da get-gedə əhatəsini
genişləndirdi. Onun məqalələri artıq təkcə
oxuduğu ali məktəbin qəzet və
jurnalında deyil, həmçinin respublikanın elmi
jurnallarında çap olunmağa başladı. Hətta
yazdığı böyük alim, əvəzsiz unudulmaz şəxsiyyət
Xudu Məmmədovun rəy verdiyi məqaləsi SSRİ
üzrə ali məktəb tələbələrinin
yarışmasında qızıl medala layiq
görüldü. Bax bu, Cıdır
düzünə hesabat verən, göy üzü ilə həmsöhbət
olan gənc alimin həyat kredosunun ilk addımları idi.
ilk səhifələri idi...
... Həyatımda üç insanın silinməz, əvəzolunmaz
izi var. Onlardan biri Xudu Məmmədovdu. O mənim elmə,
araşdırmalara olan marağımı
formalaşdırmaqda, onu qığılcımdan alova
çevirməkdə müəllimim olub. O mənim sanki elm
dünyasında bir günəşimdi. Onun alimliyinin
kristallığı şəxsiyyətinin də kristal olmasına şəksiz bir sübutdu. Mən bunu öyrən-öyrənə elm
dünyasında özümü təsdiq etmişəm.
İkincisi, Məmməd Arazdı. O mənim
ədəbiyyat dünyamı, söz dünyamı
formalaşdırıb, sözlə yaşamağı ondan
öyrənmişəm. Bu ustadın
xeyir-duasıyla, könül verdiyim sözün arxasında
durmuşam. Üçüncü insan mərhum
Şahmar Əkbərzadədi. O, fiziki cəhətdən
mənim ən böyük dostum olub. Mən onun məsləhətlərini,
onun qayğısını heç vaxt unuda bilmərəm...
Burdaca xatırladım ki, mən bu yazını
hazırlayarkən qəhrəmanımla söhbət etmək,
ondan müsahibə almaq fikrində olmamışam. Sadəcə
istəmişəm ki, illərdən bəri
tanıdığım ruh qardaşımla zaman-zaman etdiyim
söhbətlərdən, onun dilindən eşitdiyim sözlərdən
yaddaşımda qalanları bir məxrəcdə birləşdirim
və həmin o məxrəc də dostumun 50 yaşı olsun.
Bilmirəm, alınır, alınmır, amma gerçək
olan odu ki, mənim 50 yaşlı dostum bu dünyada artıq
rahat 500 il yaşayıb. Özü
də elə-belə yox, hər günü 50 ilə bərabər
olan bir zamanın kürəyini yerə vurub. Təsəvvür edin ki, Şuşada doğulub
Malıbəylidə, Əhmədavarda, Ağdamda orta məktəb
bitirib. Bakıda ali təhsil
almış bu dostumun dünyanın ən aparıcı dillərində,
ən tanınmış mətbu orqanlarında yazıları
çap olunur, kitabları işıq üzü görür.
Onun ən böyük dostları arasında
dünya şöhrətli yazıçı Çingiz
Aytmatovun, mərhum prezident Rauf Denktaşın ayrıca yeri var
idi. O, bu gün də türk dünyasının önəmli
şəxsləri Abdulla Gül və Rəcəb Tayyib
Ərdoğanın önəm verdiyi insanların
sırasındadı. Hətta bu gənc alimə Türkiyə
prezidenti Abdulla Gül avtomobil də bağışlayıb...
... Mənim həyatımda xüsusi yeri olan dostların
sırasında adlarını böyük hərflərlə
yazdığım müəllimlərim və ürək
dostlarım var. Onlardan biri Aqil Abbasdı. O, mənim
üçün Qarabağ deməkdi, Ağdam deməkdi. Mən
hətta Aqil Abbasın 40 yaşında bir yazı
yazmışdım və o yazıda
vurğulamışdım ki, Aqil Abbas bütöv
Qarabağdı - sözüylə, xidmətləriylə,
Qarabağ sevgisiylə, bir sözlə, bütün
varlığıyla Aqil Abbas mənim üçün
doğmadı, əvəzolunmazdı. Və həm də mənə
elə gəlir ki, Aqil Abbas Qarabağsız
yaşadığı hər gündə 40 il
qocalır. Həmin dostlarımın arasında Rəşad Məcidin
də özəl yeri var. Mən onu da həmin o Qarabağa
olan böyük istəyimlə dəyərləndirir, o
cür görür, o cür də bağrıma basıram...
... Bir şeir oxuyuram. 1996-cı ilin may
ayının 3-də yazılıb.
Qəribədir...
Bu boyda
alimin
bu boyda
Dünyada
təkcə bir Allahı var.
Həmin
Allahın
Həmin
Aliminə
Verə
biləsi
Bircə
qəpik pulu yox!
Bu şeiri elə-belə oxumuram. Bu şeir bir
həyat gerçəkliyidi. O gerçəkliyi bizlər
yaşamışıq, elə dostum da yaşayıb. Amma Allah və istedad onu həmin o ehtiyacdan çəkib
çıxara bildi. İxtiraları, elmi
uğurları onun üzünə böyük-böyük
qapılar açdı və onun sorağı Azərbaycanın
hüdudlarını heç kimdən soruşmadan,
izinsiz-filansız keçib getdi. Bircə
onun qanadlanan sorağının ünvanı dəyişməz
qaldı. O ünvanda ki, Cıdır düzü idi. Elə Cüdür düzü adlı bir yazı da
yazdı. Həmin yazının bir neçə cümləsini
uca səslə oxuyuram: "Aydanın da hərifləyə-hərifləyə
oxudu ilk sözlər belə səslənirdi:
-
Ş-u-ş-a, Şuşa,
C-ı-d-ı-r, Cıdır, d-ü-z-ü, düzü... Rəqəmləri isə hələ oxuya bilmirdi.
Bir dəfə
adəti üzrə hecaladığı sözləri yenə
də təkrar edə-edə nə fikir etdisə,
özünü üstümə atıb üzümdən
öpə-öpə:
- Ata, noolar, məni də sənin Cıdır
düzünə apar!"
... İndi yazacağım bu sözləri əsrin
yarısını böyük ürəklə, böyük
uğurlarla və böyük şərəflə
yaşamış dostum özü söyləyib və
vurğulayıb ki, bu fikirləri nə vaxtsa
yazılarımın birində istifadə edərsən.
Mən indi bu məqamda, bu yerdə həmin fikirləri diqqətə
çatdırmağı özümə borc bilirəm:
- Təbii
ki, bir vətəndaş və insan kimi
formalaşmağımda Texniki Universitetimizdə mənə dərs
demiş unudulmaz müəllimlərimin - əvəzsiz
alim-pedaqoqlar Niftulla Qədirov, Nadir Qasımzadə, Salman
Qarayev, Xalıq Yahudov, Ayaz Abdullayev, Vaqif Mövlazadə, Nəriman
Rəsulov və başqalarının, o cümlədən də
mənəvi müəllimlərim hesab etdiyim Havar Məmmədov
və Həsən Hüseynovun misilsiz xidmətləri olub. Mən bunu xüsusi vurğulamalıyam. Müəllim
haqqı danılmazdı, mən də bunu dana
bilmərəm.
... Onun
barəsində millət vəkili, AMEA-nın müxbir
üzvü, əməkdar elm xadimi, professor
Nizami Cəfərov yazıb: "Cəsarətlə deyə
bilərəm ki, o, kifayət qədər böyük
şairdi. Onun yaradıcılığı
müasir poeziyamızda kifayət qədər ciddi hadisədir".
... Bu fikirlər onun barəsində 2008-ci ildə mətbuatda
işıq üzü görüb. Elə
həmin vaxtdan xeyli əvvəl isə o, özünün
"Qələmim, əlim, ürəyim" şeirini
yazmışdı.
Qələm
əlimin,
Əlim
ürəyimin
Quludu, köləsidi.
Ürək
nə əmr eləsə
Sağ əlim
edəsidi.
ilahi, nə
qədər olsa acı
sağ əlim
qələmimə
ürəyim sağ əlimə
bu
dünya ürəyimə
dar
ağacıdı,
dar
ağacıdı...
... Mən onun barəsində fikirlərimi bir yazıda
cəmləşdirmək istəyərkən yadıma bu
misralar da düşdü.
Mən bu
gözəl dünyanın
nəşəsni, qəmini,
sevgisini,
ölümünü,
cənnətini,
cəhənnəmini
bir
şair kimi görüb gəldim
dərgahına, Allahım.
Bəli, ömrünün 50-ci ilini çox yaxın bir
zaman kəsiyində qeyd edəcək və barəsində
artıq müəyyən fikirəlir səsləndirdiyim bu qəhrəmanımı
sizə təqdim edirəm. O, Elçin İsgəndərzadədi!
Hər kəsin yanında üzüağ, hər kəsin
ürəyində yeri olan və hər kəsə də
qayğısını, diqqətini ürək genişliyi ilə
əsirgəməyən Elçin İsgəndərzadə!..
Onunla hər
görüşümdə təkcə ruh, duyğu
qardaşımın yox, həm də dərd
qardaşımın, kədər şərikimin çox
geniş diapozonlu aurasında mən özümü müəyyən
qədər Qarabağda - Tuğda, Şuşada hiss edirəm.
Təkcə buna görə onu hər gün görmək, hər
gün ziyarət etmək mənə çox xoşdu... Hətta bunun müəyyən qədər
tamarzısıyam da.
Çünki
işi, qayğıları başından aşan 120-dən
çox elmi əsərin, 40-a yaxın ixtiranın, 70-ə
yaxın bədii, elmi-publisistik kitabların müəllifi olan
və bununla paralel həm də
tanıyıb-tanımamasına baxmayaraq, hər bir söz
adamına diqqətlə yanaşan Elçin İsgəndərzadə
demək olar ki, iki qardaş dövlətin - Türkiyə ilə
Azərbaycanın arasında həm də çox möhtəşəm
bir körpüdü. Şükürlər
olsun ki, ailə həyatı qurandan xeyli müddət sonra
Tanrı ona, xanımına, eləcə də qızlarına
bir hədiyyə də bağışladı - oğlu
Əli dünyaya gəldi. İndi öz
haqq yolunu, öz tale yazısını yaşayan Elçin
İsgəndərzadənin ən böyük nisgilini dilə
gətirirəm. Bu nisgil də Cıdır
düzünə hesabat verə bilməməkdi. O hər
gün bu ağrını içində azı min dəfə
keçirir. Hər gün xəyalən
Cıdır düzünə gedib həmin o yerdə dayanır,
amma hesabat verə bilmir. Çünki ora
gedib çatan xəyalı, ruhudu. Amma o,
bütün varlığı ilə hesabat vermək istəyir.
Mən o günün - o hesabat anının
mütləq gələcəyinə inanıram. Elə o inamla da bir vaxtlar Elçinə
ünvanladığım "İsti misralar" adlı
şeirimi təkrar diqqətə çatdırıram.
Yaşı
və
boy-buxunu
o qədər
də
görünmür.
Yaşı
da
boy-buxunu
da
misralara,
düsturlara çevrilib -
iz
salır,
özgə izilə
iməkləmir,
sürünmür...
calanıb bir-birinə,
duyğuları,
əməli...
ötüb keçib irəli,
ha baxırsan
düz gəlmir -
yanında dayansan da
lap çox-çox qabaqdadı -
bir
ayağı, bir əli.
Tanrım,
payına
şükür
sənin
sevgin,
ülfətin
gör
necə böyükdü ki,
bu
yaşda,
boy-buxunda
bir
cavanı çevirdin
pasportuna
millətin!
Hə, düşünürəm ki, mən Elçin
İsgəndərzadə barəsində, əslində
heç nə yazmadım. Çünki onun xidmətləri,
onun yaradıcılığı, onun həyatı bir
yazılıq mövzu deyil. Və mən
sadəcə olaraq ruh qardaşım, kədər dostumun 50
yaşına hədiyyə kimi bu fikirləri sizinlə
bölüşdüm. Yəqin ki, buna
görə Elçin İsgəndərzadə məni
anlayışla qarşılayar.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2014.-17
may.-S.12-13.