ÜRƏYİNƏ ÜRƏK
ÇATMAZDI
Unudulmaz müəllimim,
görkəmli yazıçı, pedaqoq Mir Cəlalı
xatırlayarkən...
(əvvəli
ötən saylarımızda)
Tamaşa efirə gedəndən bir neçə gün sonra dekanlığın qabağında rastlaşdıq. Dərslərimi soruşdu. Hər şeyin qaydasında olduğunu söylədim və özümə borc bildim ki, sevimli müəllimimi təbrik edim.
- Mir Cəlal müəllim, - dedim, - "Bir gəncin manifesti" ürəkləri yerindən oynatdı. Letuçkada tamaşanı çox təriflədilər. Sədrimiz yaradıcı heyətə dönə-dönə təşəkkürünü bildirdi.
- A qardaş, - dedi Mir Cəlal müəllim, - bu televiziya nə böyük möcüzə imiş. Mən də tamaşaya çox heyranlıqla baxdım. Adamın üstə Allah var, tamaşa bəlkə də romanın özündən daha güclü təsir bağışladı mənə. Yaman riqqətləndim. Sağ olsun orda çalışanlar da, zəhmət çəkib tamaşanı hazırlayanlar da.
Aradan illər keçdi. Mən artıq televiziyanın ədəbi-dram verilişləri redaksiyasında baş redaktor işləyirdim. Populyar bir verilişimiz var idi: "Hekayə axşamı". Bu verilişdə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələrindən seçmələr verilirdi. Hekayələr əsasən səhnələşdirilirdi. Kiçik hekayələrsə məşhur aktyorların ifasında bədii qiraət formasında səslənirdi. Hərdən Mir Cəlal müəllimə zəng eləyib:
- Mir Cəlal müəllim, - deyirdim, - niyə bizə hekayə vermirsiniz?
Çox
vaxt cavabı belə olurdu:
- Təzə
hekayəm olsa, mətbuatda çıxar, sən də
oxuyarsan. Yoxdur, deməli, qələmi dincə
qoymuşam. Yaxşısı budur mənim
kitablarımı götür vərəqlə, ya da
rejissorlardan birinə tapşır bu işi. Qoy onlar seçsinlər. Elə
bilirsən mənim hekayələrimin hamısını
oxuyublar?! Televiziyanın qüdrəti
çox böyük imiş. Bircə gecənin
içində adamı məşhuri-cahan eləyir.
... O, həyat
adamı idi, mövzularını da həyatdan alırdı. Kiçik formalara - novella janrına
üstünlük verirdi. Elə buna
görə də daha çox hekayə ustası kimi
tanınıb, şöhrətlənmişdi.
Satirik-yumoristik səpkidə yazılmış "Kəmtərovlar
ailəsi" və "İclas qurusu" hekayələrini
bir dəfə oxusan, cazibəsindən ömürlük
çıxa bilməzsən. Ədəbiyyatımızın
klassik nümunələri sayılan bu iki hekayə C.Məmmədquluzadə
və Ə.Haqverdiyev kimi ustadların qələmindən
çıxan əsərlərlə bir sırada, bir zirvədə
dayanır. Bunu demək xoşdur ki, bu iki
hekayə Amerikada da nəşr olunub və hüsn-rəğbətlə
qarşılanıb.
...Bir
gün unudulmaz gülüş ustası, respublikanın əməkdar
artisti Eldəniz Zeynalov yanıma gəlmişdi. Aramızda çox səmimiyyət var idi. O,
özünəməxsus əda ilə:
- Qədeş,
- dedi, - Mir Cəlal müəllimdən sənə bir qucaq salam gətirmişəm.
- Göndərən
də sağ olsun, gətirən də, - dedim, tezcə də
qayıtdım ki, - Ay Eldəniz, sən hara, Mir Cəlal müəllim
hara?!
Dodaqlarından
heç vaxt gülüş əskik olmayan Eldəniz söz
altında qalmadı:
- Qədeş,
inciyərəm səndən ha... Necə yəni
Mir Cəlal müəllim hara, sən hara. Sənətkar
sənətkarı tanıyar da. Mən
onun pərəstişkarıyam. Görüşlərdə
hekayələrini tez-tez oxuyuram, o da mənim tamaşalarıma
həvəslə baxır, həmişə də təbrik eləyir
məni. - Mətləb üstünə gəldi: -
Çoxdandır Mir Cəlal müəllimin iki hekayəsini
hazırlamışam. Əvvəlcə istəyirdim
"Hekayə axşamı"nda getsin. Sonra
fikirləşdim ki, ayrıca veriliş olsa
yaxşıdır. İndi yanına gəlmişəm
ki, plana salasan bu verilişi. Başlıq da belə olsa
yaxşıdır: "Bədii qiraət: Mir Cəlal -
"İclas qurusu", "Kəmtərovlar ailəsi". Söyləyir respublikanın əməkdar artisti Eldəniz
Zeynalov".
Bir dəfə dərs zamanı dramatik bir əhvalat
danışdı. Qısa məzmunu belədir:
- Biz, bir
dəstə adam söhbət edə-edə
gedirdik. Akademiyanın yanına çatanda
"Azərnəşr" tərəfdən zəng
çala-çala tramvay çıxdı. Bizim bərabərimizə çatanda bir
uşağı qəfil altına aldı. Bu, o qədər gözlənilməz oldu ki,
izdihamlı küçə birdən, bir göz
qırpımında dondu. Əsəblər
tarıma çəkildi. Hamı gözlərini
yumdu. Bu dəhşətə ürəkmi
dözərdi? Bir də gördük ki,
uşaq tramvayın arxa tərəfindən çıxaraq,
heç nəyi vecinə almadan qaça-qaça gedir. Gözlərdə sevinc yaşı parladı.
Ürəklərdən bir nida qopdu: "Allah, sənə
şükür!"
O boyda
küçə elə bil bayram sevincinə
büründü. Ürəkləri ürəklərə
qoşan bu sevinc insan həmrəyliyinin himni idi!
Mir Cəlal
müəllim hadisəni o qədər təsirli
danışdı ki!..
Qeyri-ixtiyari
olaraq dedim:
- Nə əcəb
inliyə kimi onu yazmamısınız?
- Nahid,
bunu hökmən yazacağam. Mövzu məni
yaman tutub. Əgər bu əhvalat ürəyimin
qapısını bir də döysə, hökmən
yazacağam.
***
...Yadımdadır,
bir axşamçağı şəhərə
çıxmışdım. Nizami muzeyinin
yanında Mir Cəlal müəllimi gördüm. O, əlini
irəli uzatdı:
- Nahid,
qardaş, qoluma gir, - dedi, - küləyin ikimizə bir yerdə
gücü çatmaz. Mir Cəlal müəllim yumora
keçdi:
- Bu,
kiminsə dalınca düşüb. Bizim nə
günahımız var?
- Bəzən
qurunun oduna yaş da yanır.
Ayaq
saxladı:
- Gör,
xalq fikrini deyəndə necə dəqiq deyir!
Xeyli dinməzcə getdik. Yenə söhbətə
körpü saldı:
- Mən
bura Gəncədən təzə gələndə Bakı
tamam başqa bir şəhər idi. Toz-torpaq əlindən
göz açmaq olmurdu. İndi Bakı
tanınmaz olub.
Mən
özüm də bilmədən söhbəti döndərdim:
- Təzə
nə yazırsınız?
Elə
bil bu sözə bənd imiş kimi odlandı:
-
Adamı yazmağa qoyurlar ki?
- Kim?
- "Kommunist" qəzetini oxumamısan?
- Yəqin Abbas Zamanovun məqaləsini deyirsiniz, hə?
O,
dayandı, gözləmədiyim əsəbi bir səslə:
- Bəs
hansı məqalə olacaq? - dedi. - Səncə düz
yazıb?
Mən dinmədim. Ona görə ki, Abbas Zamanov da mənim
sevimli müəllimim olmuşdu. İndi də
aramızda xoş münasibət var idi.
Səsi
ovxarlı qılınca döndü:
- Bir
filoloq kimi, jurnalist kimi səndən soruşuram, düz
yazıb?
- Yox, -
dedim, - düz yazmayıb! "Yolumuz hayanadır"
Sabirə layiq romandır. Bu, tək mənim
fikrim deyil, ədəbi ictimaiyyətin fikridir.
- Bəs
niyə səsini çıxardan yoxdur?
- Bəlkə
ehtiyat edirlər, xətir-hörmət gözləyirlər?
- Bir alim
kimi Abbas Zamanova mənim də böyük hörmətim var.
- Sözünün arxasını ləngitdi. - Ancaq hər
şeyin - tərifin də, tənqidin də həddi-hüdudu
olmalıdır. Tənqidin borcu fikir demək,
istiqamət verməkdir. Daha başkəsənlik yox!
Mir Cəlal
müəllimi ömrümdə belə əsəbi görməmişdim!
Hamı onun həlim xasiyyətinə, xoş
davranışına, hədsiz mülayimliyinə qibtə
edirdi.
Öz-özünə
danışırmış kimi:
-
Başına dönüm Mehdi Hüseynin, oğuldu, oğul!- dedi.
- Neyləyib
ki, Mehdi Hüseyn?
- Neyləyəcək,
həqiqəti ortaya qoydu, qanad verdi,
yaşatdı məni!
- Bir
axşam götürüb Mehdiyə zəng elədim, - deyə
söhbətə təzədən körpü saldı. - İlk sözü bu oldu: "Məqaləni
oxumuşam, romanı çatdır mənə".
Səhəri gün əsəri ona göndərdim. Fikirləşdim
ki, bəyənməsə, demək, Abbas Zamanov
haqlıdır, roman alınmayıb.
Mehdinin
telefon zəngi məni nigarançılıqdan qurtardı:
-
Romanı oxudum. Bəri başdan səni təbrik edirəm! Hazırlaş, iki gündən sonra
Yazıçılar İttifaqında müzakirədir. Məruzəçi də özüm olacağam.
Mehdiyə çox inanırdım. Elə bil
üstümdən ağır dağ götürüldü.
Onun xoş sözləri mənim
üçün ən böyük mükafat idi. - Hə,
nə başını ağrıdım, - deyə
sözünə davam elədi. - Mehdi elə bir ton verdi ki, duran-oturan onun dediklərini təsdiqlədi.
Həmin gün mənim üçün bir
bayrama çevrildi. Çünki haqq-ədalət
öz yerini tutmuşdu.
Neçə ay idi ki, əsəbilikdən, ruh
düşkünlüyündən əlimə qələm
ala bilmirdim. Mehdi Hüseynin bu kişiliyi məni yenidən
yazı masası arxasına qaytardı.
...Mir Cəlal
müəllimin altmış illiyi olanda mən radionun Ədəbiyyat
redaksiyasının müdiri işləyirdim. Yubiley
münasibətilə böyük bir veriliş
hazırladıq.
Qələm dostları, tələbələri,
oxucuları hörmətli sənətkarımızın
yaradıcılığı, pedaqoqluğu,
insanlığı barədə ürəkdən gələn
dürlü-dürlü sözlər, fikirlər dedilər. Veriliş efirə gedəndən
sonra Mir Cəlal müəllim zəng edib təşəkkürünü
bildirdi və yenə də yumorundan qalmayaraq:
-
Qardaş, çox sağ ol! - dedi.- Ancaq
qorxuram bəzi ağzıgöyçəklər desinlər
ki, tələbəsi müəlliminə üzgörənlik
edib... Öz aramızdır, tərifin dozası bir az artıq oldu.
- Yox, Mir
Cəlal müəllim, biz olanı demişik. Siz bizim
böyük sənətkarımızsınız!
Səsi dəyişdi:
- Bu
olmadı. Böyük sənətkarlar Nizamidir,
Füzulidir, Sabirdir, bizimkimilər isə - sadəcə
yazardır, söz fəhləsidir.
Mir Cəlal
müəllim ailəcanlı bir adam idi.
Tez-tez deyərdi: "Ailə qoşa ürəyin
mahnısıdır. Bu ürəklər
axıracan da qoşa oxumalıdır. Yoxsa
əsl səadətdən danışmaq olmaz".
Uşaqlarına
ürəyincə adlar seçmişdi: Arif, Elmira, Ədibə,
Aqil, Hafiz ... Onlardan həmişə fəxrlə
danışardı. Övladlarına ibrətamiz
hekayələr həsr etmişdi. İndi
onların adları sənət əsərlərində
yaşayır, ata arzularını sabaha, gələcəyə
aparır.
***
...Yay
günlərinin birində şair İlyas Tapdıqla dəniz
sahilində ona rast gəldik. Xeyli söhbətləşdik,
dolandıq, gəzdik. Birdən haradansa ağlıma gəldi:
- Mir Cəlal
müəllim, Sizi Yazıçılar İttifaqı tərəflərdə
heç görmürəm, - dedim. - Yoxsa o tərəfdən
küsmüsünüz?
-
Ağlım kəsəndən həmişə
söz-söhbətdən uzaq qaçmışam, - dedi. -
Özün də yaxşı bilirsən ki,..
- sözünün arxasını
qısdı və dərindən köks ötürdü, -
qabaqlar ora Səməd Vurğunun, Mehdi Hüseynin üzünə
gedirdim. Yaxşı dostları itirmişəm,
təklənmişəm.
Qəribə xasiyyəti var idi. Ən qəmli hadisələrdən
danışanda belə, hansısa bir məqamda söhbəti
döndərib, ona məzə qatırdı. İndi də
belə oldu:
-
Soruşursan ki, niyə görünmürəm o tərəflərdə?
- Dodaqları təbəssümləndi: - Sirri var bunun, deyim,
ikiniz də eşidin: son vaxtlar Əzrayıl yaman dadanıb
Yazıçılar İttifaqına. Mənim də
nə işim gözə görünüm? Canımdan bezməmişəm ki?
İlyas
Tapdıq söhbətə qarışdı:
- Mir Cəlal
müəllim, Əzrayılla bağlı bir lətifə
var, İsi Məlikzadə düzüb-qoşub, eşitmisiniz
onu?
- Yox.
İlyas Tapdıq dedi:
- Bunu İsmayıl Şıxlı qiyamət
danışır. Mənim yadımda ordan-burdan qalıb.
- Nə
qalıb, danış.
- Bir
gün Əzrayıl gəlib çıxır Mirzə
İbrahimovun kabinetinə. Deyir, norma var,
yaşlı yazıçılardan beş nəfəri
aparmalıyam. Mirzə İbrahimovun rəngi
avazıyır. Zəngi basıb köməkçisini -
Kübra xanımı çağırır:
- Tez ol,
prezidiumu yığ!
Çox keçmir ki, rəyasət heyətinin üzvləri
- qocaman sənətkarlar sədrin kabinetində cəm olurlar. Mirzə
müəllim onları məsələdən agah edir. Elə bil hamının üstünə soyuq su
çilənir. Əzrayılın iti
baxışları bir-bir görkəmli qələm sahiblərinin
üzündə gəzir. Birdən Mirzə müəllimin
yadına nəsə düşür, sevincək bildirir:
- Əzrayıl yoldaş məsələyə çox
humanistcəsinə yanaşır. Deyir ki, yaşlı
yazıçılar öz əvəzlərinə cavan həmkarlarından
namizədlər də verə bilərlər.
Kabinet birdən-birə hərəkətə gəlir. Baxışların
ifadəsi dəyişir. Pıçıltılar,
məşvərətlər başlayır. Məmməd
Rahim fürsəti fövtə vermədən cəld yerindən
sıçrayıb, Əzrayıla təşəkkürünü
yetirir, sonra da:
- Mən öz əvəzimə Tofiq Bayramı təklif edirəm! - deyir. - Mənə xeyli borcu da var. Buradakılar hamı gözəl bilir ki, "dədə" deyir Tofiq Bayram mənə. Ata-oğul kimiyik.
(Ardı var)
Nahid HACIZADƏ
Ədalət.-2014.-20 may.-S.6.