BU DÜNYADAN MİRƏZİZ GETDİ

 

Ölümündən, bu dünyadan o dünyaya əbədi səfərindən üç gün öncə bizim evdə görüşdük. Yeni şeirlər kitabını çapa hazırlayırdı, son tamamlama işləri görülməliydi. Mən o kitaba giriş sözü yazmışdım. O, bəzi şeirlərə düzəlişlər etmişdi, bəzilərini isə kitaba təzə daxil etmişdibir dost kimi məndən məsləhət alırdı. Gedəndə "Allah qoysa, görüşərik!" Yeni kitabımın təqdimatını Masallıda, doğulduğum Türkoba kəndində keçirərik" dedi.

O getdi və səhər onun ölüm xəbərini eşitdimbu görüş heç vaxt baş tutmayacaq, - dedim. Sağlığında insanları bu dünyanın gözəlliklərindən zövq almağa, o dünyada - Axirətdə isə hər kəsin öz əməllərinə görə sayılacağına səsləyirdi.

O, Azərbaycanda tanınmış, mötəbər din xadimlərindən biri idi. Ona Allah adamı, din mübəlliği demək az idi. O, Tanrının bəlkə də bizim aramıza xoş niyyətlə göndərilən, bizləri dinə, imana, haqqa səsləyən elçilərindən biri idi. Bütün Qafqaz müsləmanlarının ruhani başçısı-Şeyx Allahşükür Paşazadənin ən vəfalı dostlarından və sadiq silahdaşlarından idi. Şeyximiz onun ölümündən təəssüfləndiyini yana-yana söylədi, "böyük bir din xadimini itirdik, o, mənim uşaqlıq və tələbəlik illərimin dostu idi", - dedi.

Hacı Mirəziz Seyidzadə Qafqaz Müsəlmanları idarəsinin Elm və Təhsil şöbəsinin müdiri, idarənin nəzdində fəaliyyət göstərən Elmi-dini və Qazilər Şurasının üzvü idi. Həm də Respublika Ağsaqqallar Şurasının üzvüydü. 2002-ci ildən nəşr edilən "Kəlam" jurnalının təsisçisi və baş redaktoruydu. Çoxlu dini mövzuda (xüsusilə Həzrət Əliyə aid) kitabları çapdan çıxmışdı, fəlsəfə elmləri namizədiydi.

"Yeni kitabın təqdimatını Masallıda keçirərik", - dedi.

Masallıya getdi, amma geri dönmədi, Bir daha qayıtmayacaq, təzə kitabının üzünü görməyəcək, doğulduğu Türkoba kəndinin qəbiristanlığı onu qoynuna aldı.

O ŞAİR İDİ. İki şeir kitabı çap olunmuşdu. Şeirlərini Əziz Pünhan imzası ilə çap etdirirdi. Bu haqda yazırdı: "Gənclik çağından qəzəl janrına müraciət etməyimin səbəbi Füzuliyə olan şövqümdən, ehtiramımdan irəli gəldi. Adımı gizli saxlamaq üçün təxəllüsümü "Pünhan" (gizli) yazdım. Sonralar gördüm ki, artıq üzə çıxmaq vaxtıdır, odur ki, adımın bir hissəsini də Pünhan isminə əlavə etdim və "Əziz Pünhan" təxəllüsü ilə tanınmağa başladım".

Tanınmış bir din xadiminin şeir yazmasına, özü də həvəskar yox, professional şair kimi diqqəti cəlb etməsinə bəziləri təəccüblənirdi də. Amma əsl ədəbiyyat aləmi istedadın dəyərini vaxtında duyur və qiymətləndirir. Mirəziz tezliklə yazıçı mühitinin də sevimlisinə çevrildi. Birliyə üzv seçildi, "Natəvan" klubunda hər iki kitabının təqdimat mərasimi keçirildi. Xalq şairi Fikrət Qoca Mirəziz Seyidzadənin sonuncu tədbirində (65 yaşı qeyd olunanda) çıxış etdi, dedi ki, Mirəziz bizim müasir poeziyamızın qəzəl şamını yandıranlardan biridir".

Mirəzizi poeziyaya gətirən öncə qeyd olunduğu kimi dahi Füzuli olub. O, Füzulini sevirdi, onu beytbəbeyt təhlil edirdi, qəzəllərinin çoxunu da əzbər bilirdi. Ərəb və fars dillərini mükəmməl bildiyindən, Quranın hər sətrinə vaqif olduğundan (Səmərqənddə ali ruhani təhsili almışdı) klassik ədəbiyyatı incəliklərinə qədər anlayır, sevir və təbliğ edirdi.

Mirəziz Seyidzadə-Əziz Pünhan poeziyada klassik şeir ənənələrini yaşadan şairlərdən idi. Onun "Divan"ında qəzəllər, rübailər, qitələr, mürəbbelər, müxəmməslər, müsəddəslər, müsəbbelər, müəşşərlər, tərcibənd və tərkibbəndlər, müsəzadlar, həmçinin qoşmalar, hecada yazdığı müxtəlif şeirlər toplanıb.

Qəzəl canrı ərəb, farstürk dilli ədəbiyyatlarda əsrlər boyu hökmranlıq edib, əsas şeir janrı olubindi də zəifləmiş də olsa, yoluna davam edir. İlk dəfə qəzəlin harada yarandığı, sonralar tədricən məzmunca, formaca yeniləşməsi, fəlsəfi məzmun kəsb etməsi, ustad qəzəlxanların poeziyamızı bu janrla zənginləşdirməsi barədə ədəbiyyat tarixində kifayət qədər məlumat var. Hacı Mirəzizin qəzəllərində də ənənələrə sadiqlik var. Bu qəzəllər bəzi naşı şairlərin yol verdiyi vəzn qırıqlığına, əruzun texnikasına yad, musiqisindən uzaq notlara rast gəlmirik.

 

Novruz gecəsi çeşmi-tərim ləli-nab oldu,

Mücdə verənim əvvəli-sübh afitab oldu.

 

Naz ilə alıb dövrəmi üşşaqi-təranə

Bir yanda dəfi-dairə, bir yan rübab oldu.

 

Tel-tel dolanıb xanələri "Bəstənigar"ın,

"Dilkəş" ilə "Mahur"u bir özgə səvab oldu.

 

Onun qəzəllərində belə dünyəvi ruh hakimdir. Din xadimi Hacı Mirəziz burada dünyaya bəsirət gözü ilə baxan, həyatın gözəlliklərindən zövq alan, sevgiyə müqəddəs duyğu kimi nəzər salan bir Aşiqdir burada heç bir qəribəlik yoxdur. Füzuli Mövlana idi, Seyid Əzim ali ruhani təhsil almışdı. Aşiqlik, dünyaya, gözəlliyə vurğunluq, həyata sevgi gözü ilə baxmaq bu haqq aşiqlərini bir araya gətirir.

Mirəzizin qəzəllərində klassik poeziyadan gələn bədii təsvir vasitələri ilə qarşılaşırıq, ancaq o, bunları yeni tərzdə, özünəməxsus şəkildə təqdim edə bilir. Bir qəzəlinə müraciət edək:

 

Zülfün qara, gözün qara, al üzdə xal qarap,

Bu qarələr içində üzün bənzəyir qara.

 

Məqsudə yetməyə jan atır aləmi-bəşər,

Tapmazsa dərdə çarə etsin günü qara.

 

Sorum ki, Qeysə, Leyli qara, leyl-şəb qara,

Ərz etdi qarələr günümü etdilər qara.

 

Siz Leyliyə mənim gözüm ilə baxın dedi,

Nur olmayanda hər yer olur büsbütün qara.

 

Hər rəng zövq versə əgər bir qiyafədə,

Zövq aqibət gedər bada ol rəng olur qara.

 

Bəs qarə zülfü sən Əziz Pünhan, eylə vəsf,

Bu qarə rəngi xal qarada görək qara.

 

"Qara" sözünün neçə mənasını şeirə gətirən şair doğrudan əlvan bir mənzərə yaradır. Klassik poeziyadan süzülən bu işıq onun neçə şeirində beləcə yanmaqdalır.

Hacı Mirəziz əruz vəznini gözəl bilirdi. Hiss olunurdu ki, o, klassik poeziyaya təkcə heyranlıq mənbəyi kimi baxmır, həm bu sahədə mütəxəssisdir, bilicidir.

Onun şeirlərində Vətən sevgisi ön plandadır. Azərbaycanın dahi oğullarıyla fəxr edirdi. Ulu öndərimiz Heydər Əliyevi onun davamçısı-prezidentimiz İlham Əliyevi şeirlərində dönə-dönə vəsf etmişdi.

 

Vətəndə bir zirvə var

Əbədi adı Heydər.

Odur bu xalqa sərdar

Əvəzsiz ulu öndər.

 

Bir günü yüz il oldu

Ömrü əsri yaşatdı.

Bölünmüş parçalardan

Azərbaycan yaratdı.

 

Xalq onun vurğunudur

Unutmaz onu Vətən.

Könüllərdə yaşayır

O yüksəkdir ölümdən.

 

Bu ölkənin, bu yurdun

Torpağın adı Heydər.

Üçrəngli, ay ulduzlu

Bayrağın adı Heydər.

 

Müasirləri onun şairlik istedadını yüksək qiymətləndirirdilər. Pofessor Qəzənfər Paşayev yazmışdı: "Onun qəzəllərində təkcə məhəbbət tərənnüm edilmir, əksər qəzəlləri fəlsəfi, diniictimai mənalar kəsb edir, bu isə onun bədii kamilliyindən, təfəkkür sahibi olmağından xəbər verir". Görkəmli yazıçı Əlibala Hacızadə isə deyirdi:

"Şairin əsərlərində tarixi keçmişlə müasir dövrümüz, dünənlə bu gün çox böyük məharətlə bir-birinə qaynayıb qarışmışdır. Şairin dili həm klassik, həm də müasirdir. Əziz Pünhan mənim nəzərimdə hər şeydən öncə lirik bir şairdir. İxtisasıma uyğun olaraq, uzun illər boyu - nə az, nə çox, düz əlli il bütün Azərbaycan və fars klassiklərinin əsərləri, o cümlədən, "Divan"ları ilə yaxından tanış olan bir şərqşünas kimi deyə bilərəm ki, Əziz Pünhanın bu "Divan"ı indiki ədəbiyyatımızda uğurlu hadisə kimi diqqəti cəlb edir.

Hacı Mirəziz indi haqq dünyasındadır.

"Sevdalı Əziz Pünhanam, aləmdə adım var" - deyirdi.

İzləri, əməlləri yaşayır.

Şeirləri yaşayır.

Övladları, dostları, dini aləm onu həmişə yad edəcək.

 

Allah rəhmət eləsin!

Ədalət.-2014.-20 may.-S.7.