"MƏNALI
ÖMRÜN DASTANI"
Kitabın müəllifinə
və qəhrəmanına məktub
Bütün hallarda bu kitabın
maraqla qarşılanacağına
və hətta artıq mən deyərdim ki, qarşılandığına oxucu
kimi şübhəm yoxdur. Çünki söhbət elə
bir şəxsiyyətdən
gedir ki, o, həm ədəbi cameədə, həm də ictimaiyyət arasında, xüsusilə
folklorla, ədəbiyyatşünaslıqla,
sözlə məşğul
olanlar içərisində
öz möhürü,
öz dəsti-xətti,
özünün oturuşmuş
yeri olan alimlərdən, şəxsiyyətlərdən
biridir. Mən burda alim və şəxsiyyət sözlərini Qoşa yazdım. Gəlin etiraf edək
ki, bu gün
alimliyi və şəxsiyyəti bir-birindən
dağla dərə qədər uzaq düşən kifayət
qədər insanlar
var. Və bu insanlar özləri də bilmədən ya şəxsiyyətlərinin,
ya da alimliklərinin
qurbanına çevriliblər.
Ancaq mənim barəsində söz açmaq istədiyim filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev
sözün bütün
mənalarında hər
kəs üçün
nur topası olan bir insandı.
Təkcə onunla həmsöhbət
olmaq, onun fikirlərini dinləmək
kifayət edir ki, bu alimin
iç dünyasını
görəsən. Təbii
ki, insanın iç dünyası görünəndə onu
tanımaq da, onu sevmək də, onun yanında
olmaq istəyi də özü-özlüyündə
yaranır. Özünü buna məcbur
etmirsən və üstəlik onun yanında olduğuna görə özünün
də şərəfləndiyindən
xəbərin olmur.
Bu günlərdə tələbə
yoldaşım, dəyərli
qələm adamı,
xüsusilə Qarabağ
savaşını görmüş,
müharibənin barıt
qoxusundan kifayət qədər xəbərdar
olan Vaqif İsaqoğlu özünün
növbəti kitabını
mənə bağışladı.
Açığını deyim ki, yaradıcılıq enerjisinə həsəd apardığım, necə
deyərlər, bulaq kimi qaynayan və
həm də civə kimi bir yerdə dayanmayan Vaqif İsaqoğlunun yazı stolumun üzərinə qoyduğu kitabın üz qabığındakı
şəkil dərhal
diqqətimi çəkdi
və mən onun kitaba avtoqraf
yazmasını gözləmədən
kitabı alıb elə ilk səhifəsini
açdım. Həmin
ilk səhifədə xalq
şairi Zəlimxan Yaqubun bu kitabın
redaktoru olduğunu görəndə başımı
qaldırıb Vaqif İsaqoğlunu bir daha başdan-ayağa süzdüm, bir dost istiqanlığı ilə
onu təbrik etdim.
Zarafat deyildi, səhhətinin belə bir çağında dəyərli bir insanın barəsində olan kitabı oxumaq, ona redaktorluq
etmək həqiqətən
də çox böyük bir işdir mənim üçün. Bax, bu məqamda bir daha anladım
ki, Qəzənfər
Paşayevin alimliyi və şəxsiyyəti
ustad xalq şairimizi də onun barəsində olan "Mənalı ömrün dastanı"
kitabını çox
böyük hörmət,
diqqət və həvəslə redaktorluq
etməyə səsləyib.
Mən də məhz ustadımın həvəsinə
qoşulub kitabı oxumağa başladım.
Vaqif İsaqoğlu
Qəzənfər Paşayevə
həsr etdiyi poemasını xalq yaradıcılığımızın üslubunda, yəni folklorun şah damarlarından olan dastan üslubunda başlayıb. Onun elə böyük
Nizamidən gətirdiyi
iqtibas və sonra da məram
və məqsəd üçün özünün
özünə ünvanladığı
misralar oxucunu poemanın qapısını
açıb içəri
keçməyə hazırlayır.
Vaqif İsaqoğlu yazır:
Yenə
də göylərdən
bir səda gəldi:
"Halal qələminlə,
Vaqif, haqqı yaz.
Dünya
yaxşıların çiynində
durur,
Yaxşı adamları unutmaq olmaz".
Bəli, doğrudan da dünya yaxşıların
çiynindədi və
biz onları unutduqca dünya sözün çılpaq mənasında
cılızlaşır. Amma şükürlər
olsun ki, yaxşı adamları unutmayan, onları təbliğ edib tanıdan insanlar da bu dünyanın
sakinləridi. Elə onlardan
biri də Vaqif İsaqoğludu.
O, bu xeyirxahlığını
öz ilhamının
qanadlarında hər kəsə bəyan edir və yazır:
Böyük bir alimin, gözəl insanın,
Ömür yollarına nur saçmalıyam.
Qəlbimin səsini qələmə
alıb
Qəzənfər müəllimdən söz açmalıyam.
Çox rəvan bir şəkildə, sadə sözlərlə tutumlu fikirləri sərgiləyən Vaqif İsaqoğlu özünün bu təqdimatı ilə elə poemanıın girişində məqsəd və məramını oxucuya çatdırır, üstəlik də oxucuya xatırladır ki, o, çox məsuliyyətli bir işin altına çiyin verir. Bu məsuliyyət təkcə qələmin, ilhamın deyil, o həm də oxucunun tələbinin məsuliyyətidi. Ona görə ki, yazılanlar müəlliflə yanaşı qəhrəmanın da nüfuzunu qorumalı, əks etdirməlidi. Yoxsa, hər hansı bir qüsur, yol verilmiş nöqsan, ya da zəif fikirlər müəllifi də, onun qəhrəmanını da xoşagəlməz duruma sala bilər.
Vaqif İsaqoğlu bu poemasında Qəzənfər Paşayevin ömürlüyünü, yəni bütün həyatını şeirə çevirməyə çalışıb. Onun doğulduğu ocaqdan gəzib dolaşdığı bütün dünyaya qədər, olduğu hər bir ünvandakı yaşantılarına qədər demək olar ki, günbəgün, aybaay bir ömrü şeirləşdirib. Ən maraqlısı mənim üçün bir də odur ki, bu yaşananların içərisində söz olub, ədəbiyyat olub, şeir olub. Vaqif də məhz o sözdən, o ədəbiyyatdan məharətlə istifadə etməyi bacarıb. O, hətta mərhum şairimiz Hüseyn Kürdoğlunun Qəzənfər Paşayevə ünvanladığı şeirlərdən də öz poemasında yerində, məqamında elə istifadə edib ki, söz sözü, fikir fikiri tamamlayıbdır.
"Mənalı ömrün dastanı" poeması özünün hər bir bölümündə professor Qəzənfər Paşayevin təkcə xidmətlərini yox, həm də bir insan kimi həyat tərzini də, onun ətrafına münasibətini də ifadə edə bilib. Mən maraqla oxuduğum bu poemada Qəzənfər müəllimin həmsöhbət olduğu döyüşçülərin də fikirlərini görəndə Vaqifin (etiraf edim ki - Ə.M.) bu poemaya böyük bir məsuliyyətlə könül verdiyini anladım. Yəni Tovuz bölgəsində xidmət edən, əsgərlərə baş çəkən Qəzənfər müəllimin onlarla bir ata-oğul, bir ağsaqqal münasibəti sərgiləməsi son dərəcə inandırıcıdır. Burdakı detalları Qəzənfər müəllimi tanıyan hər kəs çox böyük ürəkaçıqlığı ilə oxuyur və qəbul edir.
Mən Vaqif İsaqoğlunun kitabının, yəni bu poemasının hər bir bölümü haqqında ayrıca danışmaq istəmirəm. Düşünürəm ki, bu oxucunu müəyyən qədər yükləmiş olar. Ancaq onu xatırlatmaq istəyirəm ki, bu poemanı oxuyan hər kəs bir alimin, bir ziyalının, bir el ağsaqqalının, bir ədəbiyyatşünasın və nəhayət, böyük hərflərlə yazılan bir insanın nələr etdiyini və nələrə qadir olduğunu Vaqifin qələmi ilə əxz edə bilər. Onu da vurğulamağı özümə borc bilirəm ki, bu poemanın ədəbi cameənin diqqətini çəkəcəyinə heç bir şübhəm yoxdur. Mən sadəcə olaraq, bu uğurlu əsərə görə Vaqif İsaqoğlunu təbrik edir, ona yeni-yeni uğurlar arzu edirəm.
Və sonda fikirlərimi Vaqifin poemanın sonunda etdiyi etirafla tamamlayıram:
Tanrıdan gəlirdi hər kəlmə, hər söz,
Bu əsər dünyaya səs salacaqdır.
Biz gəlib-gedərik, ancaq dünyada
Yaxşı nə yazılsa, o, qalacaqdır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-20 may.-S.5.