UNUDULMAĞA GETDİM

NAXÇIVAN

 

Qalalar beşiyi-basılmaz qala,

Ərənlər, fatehlər salmısan yola.

Dönüb qarşımızda min bir suala,

Sinəsi sirlərlə dolu Naxçıvan.

 

Odlardan sıyrılıb əyilməz başın,

Hikmət dəryasıdır sözün, yaddaşın.

Dindirsən dillənər torpağın, daşın,

Hər yaşıl yarpağın, kolun, Naxçıvan.

 

Oynat dalğaları Nuhun gəmisi,

Titrətsin belini Şərur cəngisi.

Yurdun şah əsəri, ləli, incisi

Dünənin bu günə yolu Naxçıvan.

 

Cığırlar alnının qırışan yeri,

rəngin qarayla barışan yeri,

Qoşa Culfaların qovuşan yeri,

Ürəyi nisgillə dolu Naxçıvan.

 

Dəyanət rəmzidir vüqarlı dağlar,

Təmiz vicdanıdır çağlar bulaqlar,

Təbiət ilhamın bu yerdən alar,

Dövləti, sərvəti, malı Naxçıvan.

 

İgidlər məskəni, xaqanlar yurdu,

Ey alınmaz qala, basılmaz ordu,

Hər qarış torpağın qanla yoğruldu,

Özünü düşməndən qoru, Naxçıvan.

 

 

BİR DƏ SƏN GƏLMƏ

 

Çox yaman tələsdin nağıl olmağa,

Ay mənim qanadlı, atlı gülüm.

Hələ gün görməmiş məsum üzümü,

Günaha batmamış ağartdın, gülüm.

 

Səni yola saldım yaz səhərində,

Müqəddəs naməyə döndün sonunda.

Dədəm qopuzunda, şah əsərində,

Xan Qazan, Qantural, Basatdın, gülüm.

 

Səni uçurtduğum yerdə qalmışam,

Qəmlər dəryasında məskən salmışam,

Həsrət yuxusuna elə qalmışam,

Bəlkə bir gün gəlib oyatdın, gülüm.

 

 

AĞLAYIR QAPI

 

Niyə belə kilidlisən,

Səni kim bağlayır, qapı.

Bu dərdlər haradan gəldi,

Sinəni dağlayır, qapı.

 

Dərd üstə dərd gətirən var,

Qəm üstə gül bitirən var.

Sabahını itirən var,

İtəni saxlayır qapı.

 

Arzudan al dərdə dözüm,

Ocaq çatar çınqa közüm,

Dərd göstərdim düzüm-düzüm,

Gördüm ki, ağlayır qapı.

 

 

UNUDULMAĞA GETDİM

 

Bu şəhrdə dost-tanışın,

Qayğısı ovudur məni.

Sevgi adlı bir ocağın,

Alovu qovurur məni.

 

Məni qara bir tale,

İzlədi addım-addım.

Qapadım gözlərimi,

Yaddaşımı qanatdım.

 

Daha heç kəsin gözü,

Dolmasın yasla-dedim.

Sağ olun, əziz dostlar,

Unudulmağa getdim.

 

 

UNUTMAĞI ÖYRƏNİRƏM

 

Gözüm yolda, yollar haça,

Bu yolda tək başım uca,

Dizlərimi quca-quca,

Unutmağı öyrənirəm.

 

Fikrim çəkir məni hara,

Könlüm olur para-para,

Çəkilmişəm bir kəqnara,

Unutmağı öyrənirəm.

 

Gileyim yox belə dəmdən,

Saçlarıma düşən dəndən,

Ayırmayın məni məndən,

Unutmağı öyrənirəm.

 

Dadıma çatmadı ölüm,

Bağrım çat-çat, bölüm-bölüm,

Susun, diksinməsin könlüm,

Unutmağı öyrənirəm.

 

 

ÇIXMAYIR ANAM QARŞIMA

 

Külək olub sovrulmuşam,

Dərd içində qovrulmuşam,

Boynumu büküb durmuşam,

Çıxmayır anam qarşıma.

 

Zaman ötmür, günə neynim,

Açılmayır könlüm, eynim,

Bu dərdimi kimə deyim,

Çıxmayır anam qarşıma.

 

Boş qalıbdır ev-eşiyi,

Kim çəkəcək bu keşiyi,

Yada düşmür sonbeşiyi,

Çıxmayır anam qarşıma.

 

Sənsiz Arzu gələr dilə,

Üzü dönük çıxar elə,

Bəlkə küsüb bilə-bilə,

Çıxmayır anam qarşıma.

 

 

MƏNƏ BAXMADI

 

Kölgə tək düşdüm izlərə,

Gecələrə, gündüzlərə.

Bu dünya sevgisizlərə

Vallah, soyuq bir daxmadır.

 

Əlini çək, sil gözünü,

Göstər mənə dözümünü,

Kirpiklərin düzümünü,

Biri-birinə sıxmadı.

 

Qar əridən bir Gün oldum,

Döndüm, səndən küskün oldum.

Əllərində güzgün oldum,

Gözlərin mənə baxmadı.

 

 

ANA MƏZARIDIR, OD TUTAR, BALA

 

Gəlib məzarımı boyama aha,

Yolum açıq deyil, mən durum gəlim.

Bağrın göynəyəndə sığın Allaha,

Qoy rahat uyuyum, rahat dincəlim.

 

Gəlib məzarıma düzmə gül-çiçək,

Ömrünü, gününü bürümə yasa.

Mən gələn yollardan gözlərini çək,

Körpə ürəyinə daş basa-basa.

 

Ağlayıb islatma sinə daşımı,

Nəm çəkər otağım, yaşına dönüm.

Əlimdə deyil ki, hər ah ah çəkəndə,

Durub milyon dəfə başına dönüm.

 

Torpaq nalə çəkər, açar bağrını,

Burda doğma yatar, yad yatar, bala.

Gəlib qızışdırma buz yatağımı,

Ana məzarıdır, od tutar, bala!

 

 

BİR OĞLAN VAR İDİ

 

(torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid təyyarəçi, həyat yoldaşım Yusif Vəliyevin əziz xatirəsinə)

 

Bir oğlan var idi, bir mavi göy,

Uçardı səmada, buluddan uca.

Qartal qanadıyla yarıb göyləri,

Süzərdi, doymazdı göylər boyunca.

 

Bir oğlan var idi, göylərə bağlı,

Sanki yaranmışdı işıqdan, nurdan,

Uçardı səmanın dərinliyinə,

Ayrı düşəmmirdi Günəşdən, Aydan.

 

Bir oğlan var idi, min bir diləkli,

Arzusu, kamına göylər son qoydu.

Aldı başın üstün qara buludlar,

Göylər oğlu idi, göyə qərq oldu.

 

 

SOYDAŞ

 

("Doxsanıncı illər" silsiləsindən)

 

Soydaş, hayanadır səfərin belə,

Baş alıb gedirsən yollar uzunu.

Çəkib qəm yükünü sən ölə-ölə,

Gördüyün yuxunun bumu yozumu?

 

Qürbətin sazağı alar canını.

Dərdin dərd içində sırsıra bağlar.

Kəsər amansızlıq dörd bir yanını,

Bu qərib halınla səni kim ağlar?

 

Taledən qaçmağa tələsən soydaş,

Xoş günün oldumu vətəndən ayrı?

Səni itirməsə bu torpaq, bu daş,

Canına sinərmi qürbət mahalı?

 

Vətən bir, ana bir, dilimiz birdir,

Bu birlər içində bizik əriyən.

Ana yurd dediyin müqəddəs pirdir,

Mən yurd içində sizdən biriyəm.

 

 

ARZU NEHRƏMLİ

Ədalət.-2014.-21 may.-S.7.