ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI

Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq Mir Cəlalı xatırlayarkən...

 

 (əvvəli ötən saylarımızda)

Əzrayıl könülsüz-könülsüz razılaşır:

- Yaxşı, nə deyirəm..

Məmməd Rahim çox sevincək olur. Elə bu an Əli Vəliyev yerindən dikəlir:

- Əkrəm Əylisli! İlk kitabına - "Gilas ağacı"na mən resenziya yazmışam. Tərifləyib, göylərə qaldırmışam onu. Borclu borclunun sağlığını istər. İndi zəhmət çəkib əvəzini qaytarsın.

Əzrayıl uzun baxışlarla altdan yuxarı Əli Vəliyevi süzür. Sonra Mirzə müəllimə sarı dönür:

- Yox, keçməz.

- Niyə? - Əli Vəliyev incik halda deyir. - Niyə keçmir? Əkrəm Əylisli çox istedadlı yazıçıdır. Hərçənd kig

Əzrayıl gözlərini Əli Vəliyevdən ayırmadan:

- Burada boy məsələsi də nəzərə alınır, - deyir. - Heç olmasa arada bir az uyğunluq, simmetriya olmalıdır.

Əli Vəliyev alnını ovuşdurur:

- Üstəlik də İsi Məlikzadə!

Əzrayıl bic-bic gülür:

- Yaxşı, Əli Qara oğlu, yaşını, xeyirxahlığını nəzərə alıb arzunu yerinə yetirərik.

Əli Vəliyev əlini əlinə vurur:

- Ay can, ay can!

Söhbətin bu yerində İlyas Tapdıq dilini sürüdü. Mir Cəlal müəllim dedi:

- Bəs sonra?

- Sonrasını mən danışım, - deyə Mir Cəlal müəllimin qoluna girdim:

- Lətifənin bu hissəsi İlyas Tapdığın özü ilə bağlıdır. Ona görə də qaçır, danışmaq istəmir.

- Onda ən maraqlı yeri qabaqdadır ki! - Mir Cəlal müəllim ürəkdən güldü.

Mən başladım ki, Əli Vəliyevdən sonra Süleyman Rüstəm ayağa qalxır. Hamının baxışları ona dikilir. Fikirləşirlər ki, görəsən öz yerinə o, kimi namizəd göstərəcək?

Süleyman Rüstəm deyir:

- Bizim gözəl bir şairimiz var - İlyas Tapdıq...

Əzrayıl ona aman vermir, sözünü yarımçıq kəsir:

- Keçməz, keçməz!

Süleyman Rüstəm bərk dilxor olur:

- Nə olub ona? İlyas Tapdıq Azərbaycanın görkəmli şairlərindən biridir. Həm də naşirdir.

- İlyas Tapdığı bir gözünüzün önünə gətirin! - Əzrayıl əsəbi halda deyir: - O, bizim öz kadrımızdır. Onun canını çoxdan almışıq.

Mir Cəlal müəllim ilk dəfə görürmüş kimi dönüb zənnlə İlyas Tapdığa baxdı və gözləri yaşarıncaya qədər güldü. Özünə gələndə:

- Adamın üstündə Allah var, İsi Məlikzadə yaxşı düzəldib bunu, - dedi.

Sonra yenə özünü saxlaya bilmədi, güldü, güldü...

 

***

 

...Arixivimdəki saralmış-solmuş köhnə qovluqları səliqəyə salırdım. Gözüm hər iki tərəfdən dəfnə yarpağı ilə haşiyələnmiş, tünd göy rəng içindən boylanan, iri şriftlərlə "50" yazılmış "Dəvətnamə"də ilişib qaldı. Fikrim yüz yerə getdi: "Görəsən bu nə dəvətnamədir? Hardan düşüb bu qovluğa?"

Beynimdə işaran bu suallar elə-belə deyildi. Mənim bu yaşacan iştirak etdiyim yubileylərin, təntənələrin, müxtəlif məclislərin sayı-hesabı olmayıb. İndi gəl yadına sal görüm bu hansı vaxtın, bu hansı tədbirin dəvətnaməsidir?

Tezcə onu açıb baxdım. Gözlərim sətirlərdə gəzdi. Elə bil qəlbimə bir işıq seli axdı. Sol tərəfdə unudulmaz müəllimim, böyük ədibimiz Mir Cəlalın şəkli verilmiş, sağ tərəfdə isə bu sətirlər sıralanmışdı:

"Hörmətli yoldaş Hacıyev N.

Azərbaycan Sovet Yazıçılar İttifaqının Rəyasət Heyəti və S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti Sizi, yazıçı MİR CƏLAL PAŞAYEVİN anadan olmasının 50 illiyinə həsr olunmuş YUBİLEY GECƏSİNƏ dəvət edirlər.

G e c ə n i n p r o q r a m ı:

I. Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn yoldaşın giriş sözü.

Mir Cəlalın həyat və yaradıcılığı - məruzçi Cəfər Xəndan yoldaşdır.

Təbriklər.

II. Bədii hissə.

Gecə 1958-ci il may ayının 9-da, axşam saat 8-də Azərbaycan SSR Elmlər Akademiyasının binasında (Kommunist küçəsi, 10) olacaqdır.

Yubiley komissiyası.

 

..."Dəvətnamə"yə baxdım, baxdım. Xəyal məni qanadlarına almış, qəlbim xatirələrə yelkən açmışdı...

O vaxtdan az qala yarım əsr keçirdi. Onda mən tələbə idim, universitetin üçüncü kursunda oxuyurdum. Bu dəvətnaməni bizə qrup komsomol təşkilatçısı Firəngiz Qədirli paylayanda demişdi: "Uşaqlar, çalışın hamınız iştirak edin. Mir Cəlal müəllim bizim qrupu çox istəyir. Bilirəm zalda gözü bir-bir bizi axtaracaq. Elə olmasın ki, kimsə gözünə dəyməsin, yoxsa inciyər bizdən".

Bahar ətirli ilıq bir may axşamı idi. Bakının gözü sayılan Kommunist küçəsilə (indiki İstiqlal) dəstə-dəstə adamlar Akademiyanın binasına tərəf axışırdılar. Əllərdə nə qədər gül-çiçək var idi!

Universitetin filologiya fakültəsinin tələbələri bu möhtəşəm tədbirə hamıdan qabaq gəlmişdilər. Bizim qrup orta cərgələrdə yer tutmuşdu. İntizarla gecənin başlanmasını gözləyirdik. Dəqiqələr ötdükcə boş yerlər dolur, əzəmətli zal dəniz kimi dalğalanırdı.

Nəhayət, Mir Cəlal müəllim qabaqda, arxasınca da bir dəstə yazıçı, şair, alim səhnədə göründü. Zal ayağa qalxdı. Gur alqışlar qədim İsmailiyyə binasının monolit divarlarını titrədir, açıq pəncərələrdən axıb yaz axşamının sakitliyinə qarışırdı. Yubilyarın həmişə görməyə adət etdiyimiz sakit, gülümsər baxışlarında bir utancaqlıq, həyəcan ifadəsi apaydın oxunurdu. Alqış səsləri qalxdı-endi. Axır ki, zal aram oldu.

Mir Cəlalın əqidə və məslək dostu, Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Mehdi Hüseyn cəld addımlarla tribunaya yaxınlaşdı. O, bir anlıq cərgələrə göz gəzdirib, sözünə belə başladı: "Mən burada söz-sənət adamlarını, görkəmli alimləri, ziyalıları, Mir Cəlal müəllimin tələbələrini və oxucularını görürəm. Zala baxdıqca, qəlbən sevinir, qürur duyğusu keçirir və hər birinizə "sağ olun, var olun!" deyirəm.

Mənim böyük dostum, ustad yazıçımız Mir Cəlal əil xəlqi sənətkardır. Ona görə də qədirbilən xalqımız onu - öz ləyaqətli oğlunu belə ürəkdən sevir, bağrına basıb əzizləyir".

Mehdi Hüseyn həmişə dərin hörmət, ehtiram bəslədiyi, şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verdiyi, çətin vaxtlarda sinəsini irəli verib qoruduğu, müdafiə etdiyi qələm dostunun ayrı-ayrı əsərlərindən məhəbbətlə söz açdı. Onu Azərbaycanın ən çox oxunan, sevilən, geniş oxucu auditoriyası qazanan sənətkarlarından biri kimi səciyyələndirdi.

Səhnədə Azərbaycanın xalq şairi Süleyman Rüstəm göründü. O, gənclik xatirələrini yada saldı, Səməd Vurğun ilə Mir Cəlal dostluğundan danışdı və yubiley münasibətilə qələmə aldığı şeirini oxudu. Sonda

 

Sadə ürəklərdə yandırıb çıraq,

Qazandın ellərin məhəbbətini.

Yaşa yüz il daha, unutma ancaq

Molla Nəsrəddinin vəsiyyətini.

 

deyib, həmişə böyük rəğbət bəslədiyi, əsərlərini, yaradıcılığını təqdir etdiyi əziz dostu Mir Cəlalı alqış sədaları altında hərarətlə bağrına basdı. Bu, böyük ədibi necə də təsirləndirmişdi!

Mir Cəlal Azərbaycan Dövlət Universitetində dərs dediyi uzun illər ərzində minlərlə gəncə ustad dərsi vermiş, sənət aləminin sirlərini öyrətmişdi. Bu gənclərdən biri də istedadlı şairimiz Hüseyn Hüseynzadə (Hüseyn Arif) idi. O da öz ustadının yubiley təntənəsinə təbrik şeirilə gəlmişdi. Şeirin bəzi bəndləri indi də xatirimdədir:

 

Mən bağban olsaydım, əziz sənətkar,

Sənə öz bağımdan gül gətirərdim.

Loğman yaransaydım, şirin ömrünə

Neçə şirin-şirin il gətirərdim.

 

Hər kəsə bəllidir elmin, sənətin,

Bu əziz günündə kim sevinməyir?!

O mənə dərs deyən müəllimlərin

Çoxu bu gün sənə müəllim deyir.

 

Qüdrətim çatsaydı, gətirib bu dəm

Sənə bəxş edərdim bir göy çəməni.

Neyləyim, hədiyyəm kiçik şeirdir,

Əziz müəllimim, bağışla məni.

 

Təbriklər, gül dəstələri bir-birini əvəz edirdi...

Yubilyarın özünə söz verildi. O, tribunaya qalxdı. Səsində bir titrəyiş vardı. Mən onu heç vaxt belə həyəcanlı görməmişdim. Mir Cəlal müəllim üzünü salondakılara tutub:

- Əziz yoldaşlar, - dedi, - burada çıxış eləyən yazıçı dostlarıma da, sizə də ürəkdən təşəkkürlərimi yetirirəm. Sağ olun ki, məni sayıb yubileyimə gəlmisiniz. Açığını deyim, tərif bir az çox oldu. Məni utandırdınız. Çalışacağam ki, deyilənlərə layiq olum - həm yazıçı, həm də pedaqoq kimi. Mən burada özümə həmişə ustad saydığım böyük Mirzə Cəlilin bu sözlərini yada salmaq istəyirəm. O deyirdi: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı".

Mənim də amalım həmişə xalqa xidmət olub. Hələ çox borcluyam xalqıma. Ömrümün qalan illərini də onun xoşbəxtliyi yolunda əsirgəməyəcəyəm. Bir daha hamınıza minnətdarlığımı bildirirəm. Həmin ehtişamlı may axşamı Bakının bir vaxtlar əlçatmaz sandığımız ədəbi mühiti, mədəni həyatı ilə yenicə tanış olmağa başlayan tələbələrin yaddaşında silinməz izlər qoydu. İndinin özündə belə köhnə dostlar - o uzaq illərin tələbələri bir yerə yığışanda Bakıya gəldiyimiz ilk illəri, bizim üçün hadisəyə çevrilən o möhtəşəm gecəni kövrək duyğularla anır, bir şəxsiyyət kimi yetişməyimizdə canını, qanını qoyan müəllimlərimizi hörmət və ehtiramla yad edirik. Bu sırada Mir Cəlal müəllimin ayrıca yeri, istək mərtəbəsi var.

O öz adını hər birimizin qəlbinə nurlu hərflərlə nəqş edib. Unudulmaz müəllimimizin, gözəl sənətkarımızın işıqlı obrazı xəyallarımızdan gələcək illərə boylanır. Fikrimizdə isə hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz sözlər qanadlanır: "Ürəyinə ürək çatmazdı, bir işıq idi Mir Cəlal müəllim!"

 

***

 

Xalqımız öz sənətkar, alim oğlunun xatirəsini əziz tutur.

Böyük ədibin yaradıcılığı orta və ali məktəblərdə geniş tədris olunur, əsərləri təkrar-təkrar nəşr edilib, gələn nəsillərə çatdırılır.

Bakı - ürəkdən, candan sevdiyi doğma paytaxtımız qələm dostları Səməd Vurğun və Mehdi Hüseynlə birgə ona da qəlbində yer verib. İndi Bakının ən gözəl küçələrindən biri ölməz yazıçının adını daşıyır və qismət belə gətirib ki, mən bu küçənin sakini olmuşam. Hər dəfə evlərin divarlarına vurulmuş "Mir Cəlal küçəsi" lövhəsini görəndə qanadlanıram. Qəlbimdən bir səs qopur: "Salam, Mir Cəlal müəllim! Salam, ustad!"

 

Ədalət.-2014.-21 may.-S.6.