VASİF QULİYEVİN İSTƏYİ

Yad et məni!

 

Yəqin ki, yazının başlığını oxudunuz. Əgər oxudunuzsa, deməli, söhbətin kimdən gedəcəyini artıq təxmin etmisiniz... əgər aranızda bunu kimsə təxmin edə bilmirsə, onda kiçik bir arayış verim:

- Vasif Quliyev! - Başdan-ayağa Qarabağ... ruhən Qarabağ... yaşam Qarabağ... düşüncə Qarabağ... əxlaq Qarabağ... bir sözlə, bütöv Qarabağ!..

Bütün bunlar Vasif Quliyevi tanıyanları yəqin təəccübləndirməyəcək. Çünki onun hər bir hərəkəti, hər bir yazısı, hər bir sözü öz-özlüyündə Qarabağın təqdimatıdı. Hətta Vasif Quliyev müsahibələrinin birində deyib ki, "min dənə özüm kimi adamı Şuşanın bir daşına dəyişmərəm!!!”

, bugünlərdə 60 yaşın kürəyini yerə vurdu Vasif Quliyev. Amma mən tam əminəm ki, bu 60 ilin ən azı iyirmisini Vasif Quliyev yaşamadı. Yəni 20 il Vasif Quliyevin ömründə, həyatında yoxdu. Çünki o, ruhundan uzaq düşüb, Bakıda cismiylə yaşayır. Onun ruhu Şuşadı! Şuşa bu gün yuxularımızın, bir xatirələrimizin şəhəridi. Biz özümüz özümüzü yuxularla, xatirələrlə ovuduruq. Amma Vasif ovunmur, Vasif eləcə oturub Şuşa üçün işləyir. "Şuşa" qəzetində "Şuşa nəşriyyatında... Bütün bunların hamısı cümlə Qarabağdı, yəni Vasifin gördüyü, yazdığı hər bir Şuşa ilə başlayıb, Xankəndi ilə davam edib, Qarabağ ilə yekunlaşır. Ona görə hansı bucaq altında baxırsan bax, Vasifi görəndə Şuşanı görmüş olacaqsan... Vasifi görəndə cümlə Qarabağı görmüş olacaqsan. Dəyərli dostumuz, Qarabağ üçün övladından keçmiş, səngər qoxusunu bu gün ciyərlərində yaşadan Hacı Əkbərin dediyi kimi, Vasif elə bizim gözümüzün qabağında bir ovuc Şuşadı. Bura dəyərli dostumuz, bugünlərdə 50 yaşını qeyd edəcək professor Elçin İsgəndərzadənin sözlərini əlavə etsəm, onda mütləq həmin fikri mən sizin üçün etiraf etməliyəm. Elçin İsgəndərzadə vurğulayır ki, Vasif Quliyev mənim üçün həm Malıbəylidi, həm Şuşada, həm Qarabağdı, həm Qarabağın tarixini ortaya qoyan, tarixinə nəfəs verən böyük Qarabağlıdı!

Yaxın günlərin söhbətidi. "Azərbaycan" nəşriyyatının birinci mərtəbəsində qarşılaşdıq. Həmişə olduğu kimi, yeni işə tələsən Vasif Quliyevlə atüstü söhbət etdik. Sözarası bildirdi ki, gedək sənə təzə kitabımı bağışlayım. Təbii ki, dərhal ona qoşuldum hələ mətbəə qoxusu canından çəkilməmiş kitabını alıb pilləkənlərlə vərəqləyə-vərəqləyə 6-cı mərtəbəyə qalxdım. Bu kitabda da Vasif özünə sadiq idi. Onun bütün kitablarının üz qabığı Şuşanın, Qarabağın görüntülərindən ibarət idi. Səmimi deyirəm, Vasifin kitablarını yanaşı qoyanda Şuşanın mənzərənini əks etdirən bir fotosərgi yaranır. Şuşanı görməyənlər o şəkillərə baxıb sonra Vasifin kitablarını oxusalar, onda haranı, nəyi bütövlükdə nələri itirdiyimzi anlaya bilərlər.

Vasifin təzə kitabı bir neçə bölümdən ibarətdi. Burada əsasən onun son araşdırmaları birinci bölümü təşkil edir. Fotoşəkillərlə birlikdə verilmiş həmin birinci bölümün yazılarında Qarabağın dəyərli insanları barəsində ətraflı məlumatlar əldə etmək mümkündür. Hər yazını oxuduqca aydınca hiss olunur ki, Vasif Quliyev bu faktları, sənədləri əldə etmək üçün kifayət qədər arxiv tozu udub. Çünki ötən əsrin 30-cu illərindən üzü bəri olan sənədləri araşdırmaq, onların hər biriylə həmsöhbət olmaq elə-belə asan deyil. Bunun üçün səbr dözüm, həm istək olmalıdı. Vasif Quliyevin bütün yaradıcılığı məhz səbrə, dözümə istəyə söykənir. O, özünün peşəkarlığını da buraya əlavə etməklə oxucuya həmişə bir-birindən maraqlı bilgilər çatdırır. Mən inanıram ki, Vasifin ortaya qoyduğu çoxsaylı kitablar arxivlərə üz tutmağa həvəsi olmayan bir çox yazarlar üçün, araşdırmaçılar üçün kifayət qədər əsaslı mənbədi onlar da bundan istifadə edirlər.

İndi sizə təqdim etdiyim bir neçə bölümdən ibarət olan bu kitabın sonuncu bölümü Vasifin özünə həsr olunub. İlk dəfədi ki, Vasif özü barəsində isə düşünüb bu kitabda həyatının müəyyən bir zaman kəsiyini, daha doğrusu, 60 yaşının təbriklərini bu kitaba əlavə edib. Mən həmin təbriklərin əksəriyyəti ilə mətbuatdan tanışam. Amma bu kitabda "Ömür dastanı" adlı bölümdə mən onların bir qismini toplum halında gördüm. Maraqlı imzalar, maraqlı fikirlər məni bir daha əmin etdi ki, Vasif Quliyev həqiqətən ayrıca bir dünyadı. Elə bir dünyadı ki, onun daşı da, qumu da, suyu da, havası da, bir sözlə, mövcudluğu Qarabağa bağlıdı, Qarabağdan ibarətdi.

Yazının əvvəlində Vasif Quliyevin istədiyini fikirlərimə başlıq etmişdim. İndi yenə həmin məqama qayıdıram:

- Kitabın adı "Yad et məni". Hər kəs anılmağını, yad edilməyini istəyə bilər. Bu, onun haqqıdı. Amma elə adamlar var ki, onlar bunu arzulasalar da, arzulamasalar da, mütləq yad olunurlar. Onlardan biri Vasif Quliyevdi. Mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, harda Qarabağdan, harda Şuşadan söhbət düşsə, mütləq Vasif Quliyev o söhbətin içində olacaq... harda "Qarabağ şikəstəsi", harda "Şuşanın dağları" səslənsə, orda Vasif Quliyev olacaq...ghansı sərgidə Şuşa mənzərəli göstərilsə, hansı televiziya verilişində Qarabağ görüntüləri yayımlansa, orada da Vasif Quliyev olacaq. Deməli, Vasif Quliyevin istəyi onun təbii haqqıdı. Lakin bu haqqı o çoxdan qazanıb - səssiz-səmirsiz, hay-küysüz. Buna görə Vasif Quliyevin "Yad et məni" deməsi, yəni bu istəyi dilə gətirməsi bir azacıq mənə toxundu. Ona görə əgər Vasif Quliyev inanmırsa, mən onun nəşriyyatın 3-cü mərtəbəsindəki otağına gedib istənilən vərəqdə "Sən həmişə yad olunacaqsan!" yazıb altından imza ata bilərəm. bir az pafosul, yekə səslənsə , mən , mənim tanıdığım bütün qarabağlılar da Vasif Quliyevin bu haqqını çoxdan tanıyır elə Vasifi Şuşa, Qarabağ olduğu üçün bir az da daha çox sevirik.

Son olaraq istərdim ki, hər kəs Vasif Quliyevin bu kitabına da üz tutsun. Özü ürəklə ürəyində Şuşanı, Qarabağı yad edə-edə...gDeməli, həm Vasif Quliyevi yad edə edə!..

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-22 may.-S.6.