VƏTƏNPƏRVƏRLİK RUHU GÜCLÜ OLANDA...

 

Horadiz şəhəri cəbhə bölgəsinin bir addımlığında yerləşir. Daha doğrusu, təmas xətti ilə bu şəhəri yaxın bir məsafə ayırır. Elə bir gün olmaz ki, ermənilər bu istiqamətdə atəşkəsi pozmasınlar. Amma ordumuzun əsgərlərinin qəhrəmanlığı ilə onlara tezliklə cavab verilir və düşmən yerində otuzdurulur.

Bir neçə gün bundan əvvəl Füzuli istiqamətində erməni diversiya qrupunun təmas xəttini keçməyə cəhd etməsinin qarşısı alındı. Həmin atışmada da əsgərlərimiz erməni qüvvələrini darmadağın edib və onları geri oturdub. Bütün bunları ona görə yada salırıq ki, ermənilərin "ağzının içində yaşayan" Füzuli camaatının heç nədən qorxusu yoxdur. Onlar bu gün qurub-yaradır və böyük işlərlə məşğul olurlar.

 

Hər şey təhsildən başlayır

 

Bir millətin ki təhsili, elmi güclü olur, həmin xalqın gələcəyi də işıqlıdır. Bu mənada Füzulidə böyük abadlıq, quruculuq, tikinti işləri görülməklə yanaşı, təhsilin inkişafına da çox böyük diqqət yetirilir. Çünki rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimova rayonda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafını da mühüm məsələ kimi önə çəkirlər. Şəhid Firudin Mehdiyev adına Horadiz şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva bildirir ki, gənclərin təhsildə uğur qazanması ilk növbədə onlara dərs deyən pedaqoqlardan asılıdır. Əgər müəllim savadlıdırsa və kifayət qədər təcrübəsi varsa, öz üzərində işləməyi bacarırsa, həmin müəllimin şagirdləri də savadlı olacaq. Xatırladırıq ki, Ləman Əliyeva Gəncə Dövlət Pedaqoji Universitetinin Tarix, Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Bir müddət 59 nömrəli məktəbdə müəllim və direktor müavini işləyib. Sonra isə şəhid Firudin Mehdiyev adına Horadiz şəhər 2 nömrəli tam orta məktəbinə direktor müavini təyin edilib. Bir müddətdən sonra isə o, direktor vəzifəsinə irəli çəkilib.

 

"İnamı doğrultmaq asan deyil"

 

Bu sözləri bizimlə söhbətində məktəbin direktoru Ləman Əliyeva deyir. Mənə böyük etimad göstəriblər və gənc kadr kimi irəli çəkiblər. Gərək mən də bu etimadı əməli işimlə doğruldum. Daha doğrusu, artıq müəyyən müsbət nəticələr əldə edilib. Bu gün məktəbimizdə 248 şagird təhsil alır. 34 müəllim onların təlim-tərbiyəsi ilə məşğuldur. Ən sevindirici an ondan ibarətdir ki, ötən il məktəbimizi bitirmiş məzunlardan 3-ü müxtəlif ali məktəblərin tələbəsi adını qazanıb. Aytac Əhmədova 682 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Nurlana İsayeva İqtisadiyyat Universitetinə, Günel Məmmədova isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinə daxil olublar. Bütün bu uğurlar ilk növbədə müəllimlərimizin şagirdlərimizin çəkdiyi zəhmətin bəhrəsidir.

 

Olimpiadalarda uğurla çıxış edirlər

 

Bir faktı da qeyd edək ki, bu məktəbin şagirdləri rayon üzrə keçirilən fənn olimpiadalarında daim fərqləniblər. Belə ki, məktəbin şagirdi Sürəyya Behbudova ingilis dili fənni üzrə keçirilən müsabiqədə 1-ci yerə çıxıb. 11-ci sinif şagirdi Şahin Alışov isə riyaziyyat fənni üzrə olimpiadada 2-ci yeri tutub. Məktəbin direktoru Ləman Əliyeva bildirdi ki, bu il məktəbi 23 məzun bitirəcək. 11-ci siniflər arasında kifayət qədər istedadlı savadlı şagirdlərimiz var. Belələrinə Arzu Məmmədovanı, Ülkər Dərgahovanı, Aysel Cəfərovanı nümunə göstərə bilərəm. Sözün açığı, biz onlara böyük inam bəsləyirik. Böyük inam bəsləyirik ki, adlarını soyadlarını sadaladığımız şagirdlərimiz qəbul imtahanları zamanı yüksək bal toplayaraq ali məktəblərə daxil olacaq müəllimlərin üzünü edəcəklər.

 

"Şəhidlər ölməz, Vətən basılmaz"

 

Təbii ki, Füzuli rayonu cəbhə bölgəsi olduğu üçün burda şagirdlərin vətənpərvərlik tərbiyəsi ruhunda yetişdirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki bu uşaqlar hər gün erməni gülləsinin, topunun atəşinin səsini eşidirlər. Bu uşaqlarda Vətən sevgisi Vətən məhəbbəti çox böyükdür. Bizimlə söhbətində Ləman Əliyeva bildirir ki, tez-tez "N" hərbi hissəsinin Horadiz sərhəd dəstəsində görüşlərdə oluruq. Həmin görüşlər zamanı şagirdlərimiz əsgərlərimizlə sıx ünsiyyətə yaradır hərbi hissədə olarkən onların qədər vətənpərvər gənclər kimi sərhədlərimizi qoruduqlarının bir daha şahidinə çevrilirlər. Bayram günlərində, əlamətdar hadisələrdə biz sərhədçiləri heç vaxt yaddan çıxarmırıq.

Bu yaxınlarda məktəbimizdə "Şəhidlər ölməz, Vətən basılmaz" devizi altında əbədi-bədii kompozisiya təşkil edilmişdi. Həmin proqramda çox maraqlı yaddaqalan vətənpərvər ruhunda çıxışlar oldu. Bu çıxışlar göstərdi ki, həqiqətən bizim şagirdlər Vətən uğrunda hər an döyüşə tam hazırdır. Tədbirin keçirilməsində məktəbin müəllimi Şəlalə Kərimovanın xüsusi payı var.

 

"Son zəng"ə az qalır

 

Şəhid Firudin Mehdiyev adına Horadiz şəhər 2 nömrəli tam orta məktəbində "Son zəng"ə böyük hazırlıq işləri görülür. Hiss olunur ki, həm müəllimlər, həm məzunlar günlər yaxşılaşdıqca daha da həyəcanlanırlar. Ən azından ona görə ki, 11-cilər məktəbi bitirəcək sevimli müəllimlərindən ayrılacaqlar. Direktor Ləman Əliyeva bildirir ki, bizim məktəbdə çox savadlı, ziyalı pedaqoji təcrübəsi zəngin olan müəllimlər çalışır. Belə müəllimlərə İradə Behbudova (kimya-biologiya), Hikmət Xudiyev (tarix), Vaqif Orucov (ingilis dili) nümunə sayıla bəlir. Bir onu deyə bilərəm ki, kollektivimizdə çox sağlam mühit var müəllimlərimiz sabaha çox böyük ümidlə baxırlar.

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2014.-24 may.-S.14.