1 iyul epiloqu

 

Mən anadan olanda

valideynlərim

yazmadılar doğum tariximi;

Sonralar onlar da

minlərlə ata-analar kimi

mənə deyəcəkdilər:

anadan olduğun tarix bəllidi-

Ad günün

iyulun biridi...

 

Mənsə heç vaxt

bilməyəcəm doğum tariximi,

anadan olduğum günümü, ilimi...

 

Biz öləndə

görən olacaq?

Qəbir daşımızın üstündə

bəs nələr yazılacaq?

 

Gör bizə necə

əcayib başdaşı qoyacaqlar?!..

 

Nənəmin ölü bədəni

 

Sarayevo - üstüaçıq bir tabut,

Lap nənəmin ölü bədəninə bənzəyir...

Onlar da beləcə

parlament binasını geyindirib bəzəyir...

 

Bir azdan çarxlar, qurğular işə düşəcək,

Siyasətçilər

onları hərəkətə gətirəcək,

mənim ölmüş nənəmi geyindirib,

saçlarını darayıb

tabuta uzadan

adamlar kimi işləyəcək.

 

Bir azdan

onlar da

ağızlarını tikəcək,

istirahət edəcək...

Əvvəlki kimi solacaqlar-

soyuq

ölü kimi olacaqlar.

 

Qəbiristanlıqda ağlayan

qaraçı qızını görəndən sonra

 

İllər öncə mənə,

dünyadan təcrid olan

bir dağ kəndi barədə danışmışdılar;

Bu kənddə

əbədi gün işığı yanarmış,

havalarsa

daim soyuq olarmış.

 

Deyərmişlər ki,

kişini nəfəsinə görə oxuya bilərsən;

ya da-

heç vaxt qadının

gözlərinin içinə baxma,

deyərmişlər,

ən düzgün cavabı

qadın dodağının titrəyişi pıçıldayır.

Bəli,

bu bir həqiqət idi -

o kəndin adamlarını ta əzəldən

hər kəs başa düşərdi

dodaqların tərpənişindən.

 

Uşaqlara

yeriməmişdən qabaq

bütün vacib şeyləri öyrədərdilər,

ən qorxulu yaş dövrünə çatanda-

(uşaqlıqla böyüklük arasındakı

dövr ən qorxulu dövrdür!),

uşaqları uca dağların zirvələrinə

göndərərdilər!

Bütün Zamanlarda

İncə sənət işini görməli olan

Danışmaq Universitetinə!

O dağların başında

görüşüb tanış oldu

iki sevgili aşiq!

Aşiq

şair kimi nəfəs almağı öyrənirdi,

Məşuq

heykəltəraş olmağı!

Biri-birini sevdilər,

Sevib aşiq oldular!

Gözəl günlər, xoş günlər sorağıyla

xəyallara daldılar!

Sənətin sevinc dolu illəri

gözləyirdi onları,

Qanadlanacaqdı həyat arzuları!

Lakin bir gün evə dönəndə,

yalnız kəndirlə nəfəs alan

qısqanc bir kəndli

onları qarşıladı,

Məktəbdən qovulmuşdu kəndli-

acıqlıydı,

əlindəki kəndiri ağacdan salladı-

amansızdı,

ilgəyi cavan aşiqin boynuna keçirib

ağacdan asdı onu...

Vəssalam,

bu da yazının sonu.

O məşuq qızı

hələ görmək olur,

bu günə kimi o qız

oturub

asılmış oğlanın

yellənən meyiti altında-

ağzı yumuludur-

danışmır, susub,

Əlində

iynə-sap var yalnız!

 

Gözlər

 

Saatlarla oturub

öldürülən itlərə

baxırdım, ah, o anlar....

bir-birinin dalınca qaçırdı,

yazıq heyvanlar....

 

İtlərin gözləri mənim gözlərimdir.

 

Hətta bax,

polisin ayaqları altında

can verən itin gözləri

mənim gözlərimdir!

Heç kim gözəl ölmür

 

Bir kişi səkidə uzanmışdı,

"Sən kimsən?"soruşdular ondan.

"Səkilər danışa bilməz"

düşündü kişi,

yuxuya getmək oldu işi.

Səki ...

olduğundan böyük olmaq

istəmədi-

uddu adamı, uddu...

sonra da

o adam səki oldu.

 

Bir uşağı

ata-anadan ayırdılar,

aldılar,

sonra o uşaq özü

valideyn oldu.

 

Bir gecə

bir qadın uşaqlarının şəklini

çəkmək istədi;

Gəlin şəkli qadından gizlədək,

ataq gölün dibinə,

hindqozu ağaclarının altına.

Dəfn mərasimində

qadın təəccüb elədi -

görən niyə belədi:

uşaqları necə sadədi,

niyə hamısı bir-birinə bənzədi?

 

Bir qadın

ağac gövdəsinin içinə girib gizləndi-

dönüb ağac gövdəsi oldu.

O həşərat horrası yoğurdu,

götür-qoy elədi, sordu:

görəsən necə gözəl ölmək olar?

Səsi titrədi,

ürəksiz səda verdi...

Bir gün gəlib ağacı kəsdilər,

Qadın gülürdü-gördülər...

Olarmı son dəfə soruşdu qadın,

oyulmuş bu ağacın

nəğməsini oxuyum?

 

 

Azərbaycan gündəliyindən

 

Şəhidlər günündə

 

Şəhidlər günündə

qara paltarlı adamlar,

ata-analar, bütün ailələr,

atalarının boynunda oturub

kədərli baxışlarını izdihama zilləyən

uşaqlar...

Şəhidlər günündə

axışır...

hamı ağır-ağır

Şəhidlər xiyabanına axır-

şəhid məzarlarına

qırmızı qərənfillər düzmək üçün,

öz dərdlərinə gül səpmək üçün...

Bu qədər itkini

həqiqətin üzünə çırpmaq ağırdı,

Qorbaçovun qətliamı-

utanmaz əməl adamı!

Ağırdı, çox ağırdı bu qəhər,

Həqiqətdi bu acı kədər!

Görəsən

şəhidlər günündə

Raisa Maksimovna

sevgi oyunlarıyla öyünürdü?

Ya bəlkə hardasa

xeyriyyə işləri barədə düşünürdü?

Yox!

Bu xudbin siyasətçilər

yalnız özlərini düşünürlər!

Hakimiyyət - onların gücü,

hər zaman ölkəni istədikləri kimi

fırladırlar.

Gizlidi hər zaman niyyətləri,

soyuqqanlı yalanları,

soyuqqanlı xislətləri!

Hörümçək torlarıdı

toxuduqları!

Elə ki gördülər duyuq düşürük,

Zərbə endirirlər,

ölürük biz də-

Şəhidlər günündə.

 

İngilis dilindən çevirəni:

Kamran Nəzirli

 

Patrik Vudkok

Ədalət.-2014.-24 may.-S..10.