“Onun məxfi parolu”
"Korrektor"
70-80-ci illər Bakısındakı məxfi, məşhur ünvanlarından biri, yadımdadı, indiki Kommunist xiyabanının arxasında, 190 saylı məktəblə üzbəüz səkidə yerləşirdi. Həmin məşhur ünvana çatınca hamı əvvəl susar, astaca öskürər, sonra ağır köhnə qapıları güclə aralayaraq, qorxa-qorxa içəri daxil olardı. Bu vaxt o, çaşmamalı, dedektiv filmlərdəki kimi, bir kod ifadəni, belə deyək, parolu kəkələyə-kəkələyə dilinin ucuna gətirməliydi - "Ölüm və Həyat”. Həmin parolu tezbazar, qüsursuz tələffüz etdinmi, vəssəlam, bu məxfi ünvandakı bütün bağlı qapılar taybatay üzünə açılırdı. Katibələr çay süzürdü sənə, bir başqası, aztapılan "Çinar” şokoladını çıxarırdı alt siyirmələrin birindən. Qonaqlar, müsafirlər, mən kimi, əvvəlcə bu istiqanlı münasibətdən çəkinərdilər, adətən. Bir kənara qısılıb səslərini çıxarmazdılar. Bu vaxt, dəhlizdəki ən axır otaqların birindən görərdin ki, bir mehriban, gülərüz, tanış çöhrə boylanıb uzaqdan-uzağa səni salamlayır: - Necəsən? Sən də yolunu azıb axır gəldin bizim "Elm və həyat” jurnalının redaksiyasına? Daha doğrusu, "Ölüm və Həyat” adlanan bizim bax bu məşhur yolayrıcına?
***
Üzərinə iri hərflərlə "Korrektor” kəlməsi həkk edilmiş qara meşin üzlüklü qapının arxasından boylanan bu gənclə söhbətim elə ilk dəqiqələrdən tutdu. Bir-birimizi elə yarımsözdən anlamağa başladıq. Sonra bizim bu "Ölüm və Həyat” yolayrıcına, belə deyək, qovşağına bir başqa dostumuz Aqil Abbas da tənbəl-tənbəl gəlib qoşuldu. Ümümittifaq "Bilik” cəmiyyətinə məxsus "Elm və həyat” jurnalının adını dəyişib, ona Şekspir qoxusu qatanlardan biri məndim, digəri Aqil Abbas, üçüncüsü isə bax bu yazımın qəhrəmanı, indi AYB-nin katibi, "525-ci Qəzet”in baş redaktoru Rəşad Məcid. O vaxtlar Rəşadın adı jurnalın arxasında bax bu cür qeyd edilərdi, adətən - "Korrektor R.Məcidov”. "Ölüm və Həyat” kodu, o vaxtdan bu günə qədər hələ də bizi birləşdirən, izləyən məxfi işarələrdən biridir. Həmin kodu, gör neçə illik tənəffüsdən, fasilədən sonra dilimə gətirməyim, Rəşad Məcidi əməlli-başlı, necə deyərlər, kökündən diksindirib səksəndirdi. Mənə də elə bulazımdı, vəssəlam. Rəşadı diksindirib indiki bezdirici zamandan ayırmağı, şükür, birtəhər bacardım. "525-ci Qəzet”in rahat, səliqəli baş redaktor kabinetində indi görüşsək də, Rəşad artıq bugünkü müasir həyatda deyil, uzaq 80-ci illərdə, Bakının Aptekar döngəsində yerləşən "Elm və həyat” jurnalının redaksiyasındaydı elə bil. Düzü, o vaxtlar da Rəşad bir azcana hiyləgər, necə deyərlər, "işin sonrasını fikirləşən” bir insanı xatırladırdı. Redaksiyanın, gümüşü saçlı çoxbilmiş, təcrübəli müəlliflərindən biri, qəfil elə gözümüz önündəcə mürgü vurmağa başlayanda, Rəşad Məcid, adətən, bu ağsaqqala mane olmaz, əksinə, bu mənzərəni teatr tamaşası kimi seyr etməyə başlardı. Gözündəki bircə parıltıyla məni də dəvət edərdi bu cəlbedici tamaşanın seyrinə. Həmin mürgülü ağsaqqal, barmaqları arasındakı siqaretlə eyni ahəngi paylaşar, onun kimi gah sönər, gah dirilib canlanardı. Rəşadın uzun-uzadı müşahidələrə səbri çatdığına ilk dəfə, mən, bax bu zaman şahid kəsildim. Siqaretin közügəlib bu ağsaqqalın barmağına lap yaxınlaşdığı vaxt, Rəşad uzaqdan göz vurdu mənə ki, hazır ol, tamaşanın pik nöqtəsindəyik, indicə göy guruldayacaq, ildırım çaxacaq, bayaqdan bəri redaksiyada izlədiyimiz bax bu "Ölüm və həyat” pyesi, nəhayət ki, xoşbəxt sonluqla bitəcəkdi. Siqareti tüstülənən mürgülü ağsaqqalları güdmək təcrübəsini Rəşad indi Yazarlar Birliyində davam etdirir, məncə. Hazırda o, daha da püxtələşər, zənginləşdirər öz təcrübəsini bu mühüm sahədə. Əvvəlcədən qurar orda öz nəxşəsini, sonra çəkilər bir kənara, dinməzcə seyrə dalar... Mən kimi bir başqasına, növbəti yazara, gözünün bircə ifadəsiylə bu tamaşaya baxmağı da təklif edər... Sonra həmin şahidini bir başqa işlərinə də cəlb edər, mütləq... AYB mövzusunu hələlik ataq bir kənara, qayıdaq o uzaq 80-ci illərə, R.Məcidovun korrektorluq vaxtlarına. Redaksiya əməkdaşlarından biri - Binnət Süleymanov, yadımdadı, jurnaldakı elmi məqalələrə başlıq axtararkən, həmişə lap axırda gözlərini Rəşada zillərdi o vaxtlar. Rəşadjurnaldakı "Kaliumun kartof bitkisinə təsiri” başlığını xüsusi, özünəməxsus bir ahəglə səsləndirib, axırda daha uğurlu bir ifadəylə mövzunu qapadardı. Hiss olunurdu ki, bu cür məzəli tapıntılar, Rəşadı harasa bir başqa mühüm ünvana gətirib çıxaracaq gec-tez. Qeyd etdiyim bu cəhətlərinə isə, Rəşad elə lap uşaqlıq vaxtlarında, babası Mirhacib kişinin Laçındakı ocağında yiyələnibmiş sən demə.
Seyid öncəgörmələri
Atası Müseyib Məcidov ticarətçi olub, Ağdam, Ağcabədi
RAYPO, QORPO-larına növbəylə başçılıq etsə də, uşaqkən Rəşadın marağı bir başqa ünvanda, Turşsu yaylaqlarında binə quran babası Mirhacibin yanındaymış həmişə. Babanın sevimli nəvəsi burda özünə təzə dostlar tapıb, müalicəvi mədən sularını şüşə qablara yığaraq erməni müştərilərinə, gözəllərinə satması çoxlarını təəccübləndirir o vaxtlar. Babasından başqa:
- Bizimkidir də... Mən onu hələ başqa sirlərə də agah edəcəm. Baba da elə-belə, sadə, "qara seyid”lərdən deyilmiş. Ağır, sınaqlı seyidlərdənmiş, şəcərəsi İmam Museyi Kazıma gedib çıxan qədim Laçın seyidlərindən. Seyidlər isə bildiyimiz kimi xüsusi tumdu. Mirhacib kişinin malik olduğu istedadların sayı az deyilmiş - yaxşı nohə oxumağı, əzadarlığı varmış yas məclislərində. Muğamatı da hərdən dodaqlarının ucunda zümzümə eləməyi bacarırmış özüyçün. Ən vacibi isə, öncəgörmələrə malikmiş, vəhy sahibiymiş. Bir gün o, rəhmətə gedəcəyi günə öncədən xəbərdar olur. Yaylaqdan enir arana, gəlir Ağdama. Öz yas mərasimini, dəfnini mükəmməl təşkil edir, qəbrini qazdırır, kəfən pulunu döşəyin altına basır... Sakitcə dünyasını dəyişir.
- Mən, hadisələrin sonrasını, son nöqtəsini əvvəlcədən düşünməyi çox sevərəm... - deyən Rəşad Məcidə, bəlkə, bu istedad elə babası Mirhacibdən keçib, məncə. AYB-də, öz qəzetinin redaksiyasında o, sakitcə indi də Laçın seyidlərinin bu qədim ənənəsini davam etdirir. Gözaltı etdiyi hadisələrin cərəyanına tezcənə müdaxilə etməyi sevmir. İzləməyi sevir, o. Müşahidə etməyi. Onda həvəs var bu işə. Xüsusi həvəs. Hazırkı qəzet, sayt redaktorlarında oxşar səbrin bircə zərrəsi belə yoxdu.
Mənim nəğməkar babam
"525-ci Qəzet” redaksiyasında söhbətimiz 526-cı dəqiqəyə keçir elə bil. Gözümüz önündəcə qəzet əməkdaşları bir-bir, sırayla, Rəşaddan icazə alaraq redaksiyanı sakitcə tərk edirlər. Sanki yalan-riya, gizli şəhvət hissləri, müxtəlif suçlar, günahlar da bizi tənha buraxıb indi.Otaqda təkcə bizik. Bir də illərin imtahından çıxmış (çıxmışmı?) aramızdakı xətir-hörmət hissi, daxilimizdə səslənən qırıq-qırıq şeir-poeziya misraları, köhnə "Ölüm və həyat” parolu, daha nələr, nələr... Hərdən axşam saatlarının qəribçiliyi, küçə piyadalarının səs-küyü, yolunu azmış kölgələr qəfil, birdən-birə Rəşadın kabinetinə daxil olub, tez də yoxa, qeybə çəkilir burdan. Növbəti dəfə həmin mənzərə təkrarlanarkən Rəşadın dili açılır: - Babamın vəfatından sonra ilk dəfə tənhalığımı hiss etdim. Onu hər yerdə axtarırdım elə bil. – Rəşadın qəmli baxışı, pəncərədən ayrılıb küncdəki bağlı qapıya dirənir. Ani bir sürətlə sönüb öləziyir bu bağlı qapı üzərində. - Sonrakı bütün ciyərparələrində - Aydın Məmmədovda, Ramiz Rövşəndə, Anarda necə, babanın ətrini, qoxusunu, xatirəsinimi axtardın, bəlkə? - Bəlkə, sən deyəndi. Nə bilim.- Rəşad kürəyini kresloya sıxaraq, imkan daxilində azca məndən uzaqlaşır. Sualım, hiss edirəm, arzuolunmazdı, Rəşadın daxili tarazılığını pozur. - Əkrəm Əylisli, öz xatirələrində, romanlarında daim öz nəğməkar bibisini axtarıb, siz isə öz nəğməkar, sehirli babanızı, eləmi? - amansız suallarıma meydan verməyə başlayıram. - Hə...oxşarlıq var... - Rəşadın narahatçılığını sifətində deyil, titrək barmaqlarında, əsəbi əl hərəkətlərində hiss edirəm. - Ancaq tale sizi Əkrəmlə yoxxxx... Anarla bir gəmidə, bir kabinetdə əyləşdirdi... - səsimi hər an bir pillə aşağı endirərək, bir gözümlə Rəşadı diqqət mərkəzində saxlayıram, digəriylə küncdəki bağlı qapını güdürəm. İstəyirəm tək o deyil, ürəyimiz də açılsın. Rəşadın zövqüylə seçilmiş gözəl bir jurnalist qız çıxsın ordan, qarşımıza çay dəstgahı düzsün. Təəssüflənməyim, bəs neynim ki? Qapı bağlıdır ki, bağlı. Çayımızı da içib qurtarmışıq. Rəşad da, mövzunu davam etdirənə heç oxşamır indi. Özümə qapanıb, suallarımın cavabını öz daxilimdə axtarmağa başlayıram.
Laçin seyidləri
Doğrudan, niyə... niyə bu qədər qohum-tanışın içindən "nəğməkar baba”, seyid baba götürüb elə Rəşadı dost seçdi özünə, hə? Hələ öz kəramətinin bir tikəsini elə məhz Rəşada ötürdü, hə? Niyə? Niyə sonra bunu növbəynən Aydın Məmmədov, Ramiz Rövşən, Anar Rzayev təkrarladı Rəşad üçün? Niyə, şair demiş "bir qəbristanlıq şair, yazar tayfası” içindən məhz onu özlərinə yaxınlaşdırdılar, hə? Çox düşünürəm bu barədə. Axır cavab tapıram bu sualıma. Xalq, sadə xalq necə seçim edirsə, necə özünə bir diri seyid tapıb ona könlünü, malını tapşırırsa, hə, Aydın da, Ramiz də, Anar da Amerika kəşf etmək istəməyiblər özlərinə. Elə dədə-baba anlayışıyla, kortəbii (?) hərəkət edərək, sadəcə, bir seyidi seçib fərqləndirdilər digərlərindən. Onu özlərinə dost biliblər. Burda gərək "Seyid”lər mövzusunda kiçik haşiyə açam sizinçün. Seyidlərin nə olduğunu diqqətinizə çatdırım.
***
Babasının dəfni zamanı Rəşadgilin Ağdamdakı evinə Laçının Böyük, Kiçik Seyidlər kəndindən, Alxaslıdan xeyli sayda seyid, haqq aşiqləri, digər əcaib mehmanlar, yekə-yekə "Nikolay samovarları” gəlir. Seyidlər, fürsət düşüncə, iti gözlərini Rəşada zilləyirlər. Sonra qumarbazlar tərs-tərs Rəşad tərəfə baxırlar. Muğamat deyənlər bir küncdə əyləşib, Mirhacib kişinin sevimli nəvəsi barədə öz aralarında pəsdən nəsə danışır, Rəşadı aşağıdan yuxarıya yaxşı-yaxşı bir süzürlər.
- O vaxtdan "babamın quşu” gəlib düz təpəmə qondu sanki. Xasiyyəti, ədaları, davranışı, bəzi mənfi cəhətləri də gəlib hopdu bu uşaq canıma. Cibimə pul qoyan kim, əlini başıma sürtən kim...
– Maraqlıdır...- Rəşadın maraqlı söhbəti qarşısında dilimdən ancaq bu tək kəlmə qopur. - Bu, mənçün də maraqlıydı, Vallah. Qumarbazlar məni öz yanlarında oturtmağa başladılar. Bəhanələri də oydu ki, bəs guya mənim ayağım yüngüldü. Guya mən oyuna girəndə bəxtləri açılır.
- Bəlkə, Aydın Məmmədov, Ramiz Rövşən, Anar Rzayev elə bu cür düşünürlər siz barədə, hə? Aydın Məmmədovun adı Rəşadın tələffüzündə indi də tam başqa ahəngdə, təhərdə səslənir elə bil. Hiss edirsən ki, bəli, bu iki dostun hekayəti hələ də bitməyib. Hardasa bir başqa paralel aləmdə hələ də davam edir.
- Aydını mənlə birləşdirən cəhət nəydi soruşursan... - Rəşada imkan vermirəm cümləsini bitirsin. Mövzunu özüm davam edirəm:
- Məncə, ikinizin də seyidliyi. Aydın da seyid idi ata tərəfindən. Atası Mirsaleh kişi... Bu dəfə Rəşad cümləmi yarımçıq kəsir.
- AYB-dəki Gənclər üzrə katib vəzifəmə oxşar bir statusu əvvəl-əvvəl Aydın verdi mənə, öz "Tərcümə mərkəz”ində. O vaxtlar hökumət ora 80-dən çox üsyankarı, barışmazı yığmışdı. Koroğlunun, üzr istəyirəm, Aydının bu dəlilərini idarə etmək asan görünməsin heç də sənə. Babamın təcrübəsi, "Ölüm və həyat”dan xatırladıqlarım köməyimə gəldi o zaman. Mərkəzin böyründə bir çayxana, xaşxana da açdım. Bilirdim ki, yazarları səhər tezdən iş yerinə ancaq bu cür toplamaq mümkündür. Bilirdim ki, bizimkilərin barmaqları yağlı qutaba bulaşmasa, ortaya bir məhsul qoyan deyillər. Vaxt necə də ötür... Cəmi 26 yaşım vardı o zamanlar...
- Afaq Məsud, Zakir Fəxri, Natiq Səfərov, Vilayət Rüstəmzadə, Murad Köhnəqala, Arif Əliyev, Əlisəmid Kür... Tanış siyahını sadalamağa başlayınca Rəşadın eyni açılır.
- Redaksiyamızın girəcəyindəki abstrakt təsvirləri görübsənmi? Əlisəmidin rəssam istedadının ilk və son nümunəsidir. Gözmuncuğumuzdu hamımızın. Mənalı təsvirdi-qədim türk runik əlifbası orda bir tərəfdədir, Aydının fikir dünyası bir başqa səmtdə.
- Qərib bir türkçünün Sibirdəki məzardaşına layiqdi, bəlkə, bu təsvirlər. Aydının xatirəsi Rəşadı lap sıxır bu vaxt. Dilindən bircə kəlmə qopur:
- Hə...
Rəşad Məcid susa-susa əl atır masa üzərindəki "Solaxay” romanıma. Hədiyyəmə uzun-uzadı baxdıqdan sonra Aydın barədə xatirələrinə qayıdır:
- Əli dəryazlı Əzrayılın Aydın üzərinə ilk hücumu alınmadı. 1991-ci ilin fevralında əyləşdiyi vertolyot Şuşa səmalarındaykən zədələnsə də, yerə oturmağı bacardı. Aydın bunu, cibindəki Quranla izah edərdi, yadımdadı, o vaxt ...
- Kefli İskəndərliyi də vardı, eləmi? - gözlənilməz solaxay sualıma Rəşad xəsiscəsinə qısa cavab qaytardı yenə:
- Hə...
Kefli İskəndər
Rəşad Məcid portretinə Kefli İskəndər cizgilərini qatmasam, yalançı olaram, Rəşadı tanıyanlar istehzayla baxar mənə, dediklərimə inanmazlar. Düzü, Kefli İskəndərin canlı nümunəsini məncə, o, əvvəlcə Aydında müşahidə edib. Mane olmayıb Aydının bu həvəskar roluna. Sonra yavaş-yavaş, asta-asta, qarış-qarış özü bu rola daxil olub. Bioqrafiyasının bu həlledici epizodunda o, Nizami kimi "qılıncla qələm”i deyil, Seyid Əzim kimi hərəkət edib, "qələmlə saqi”nin müvazimətini yaradıb ətrafında. Bizim seyidlərdə bu hal təzə deyil. Seyid Əzimin bu məşhur qəzəlində Rəşadı görməmək mümkün deyil.
"Binayi-zöhdümü mey seyli birlə abə verin,
Satın bu xirqəvi-səccadəmi, şərabə verin.
Gəlin,
bir eyləyin, ey badəxarilər, himmət,
Bu çərxi-pursitəmin dövrün inqilabə verin.
Xərab
olum, qurtarım ta zəmanə hökmündən,
Bir-iki cam, məni-xaniman-xərabə
verin.
Görün ki, aqibətül-əmr
kim olur
məqbun,
Bu nəğdi-canı meyə, zahidi kitabə verin.
Vəsiyyətim budu, Seyyid, vəfatım olduqda,
Nə qalsa məndən, onu vəqf edin, şərabə verin".
Seyid Əzimin bu daxili ziddiyyətinə oxşar bir ovqat elə daim Rəşadı da izləyib. Özünün dediyinə görə daxilindəki izahsız bir "coşqu” kabusu, daim onu dəli afətlərin, şair-yazarların dünyasına çəkib sürükləyib. Babası kimi, ona qəribə öncəgörmələr bəxş edib. Lakin Rəşadla bu mövzuda danışmağa girişdinmi, hazır ol,o söhbəti mütləq zarafata çevirəcək. Verdiyin ciddi sualları qulaqardına vuraraq, öz futbol proqnozları barədə uzun-uzadı söhbətlərə başlayacaq. Əyləşdiyi kreslonun, tutduğu vəzifələrin dərinliyinə çökərək ordan gör hansı mövzularda şirin söhbətlərə başlayacaq:
- Futbol proqnozlarında həmişə udmuşam, 10 manata 1000 manat götürdüyüm epizodları saysam, deyərsən bəs mən səfehəm, bu cür istedada malik ola-ola niyə gedib bir idman saytı, agentliyi, yaxud futbol komandası yaratmıram.
- Doğrudan, niyə?
Sualım, kənardan görürəm, Rəşada lap ləzzət edir. Nitqi lap səlisləşir, baxışları lap itilənir bu vaxt.
- 2009-cu il idi, yadımdadı. Ağdamın işğal günü, iyulun 23-də Tofiq Bəhramov adına stadionda bizim "Qarabağ” komandamız Norveçin "Rozenberq” futbol klubuyla oyuna başlamalıydı. Aqillə girişdik təbliğata. Bütün istedadımı səfərbər etdim. O dediyim "coşqu”nu atdım eee ortaya, dedim ki, Rəşid Sadıqov, yarımmüdafiəçi, 68-ci dəqiqədə rəqib qapısına qələbə topu vuracaq, görərsiz.
- Proqnozunuz özünü...
Rəşadyerində bir-iki dəfə qurcalanıb təngnəfəs halda sözümü yarımçıq kəsdi:
- Doğrultdu. Rəşid həmin dəqiqədə cərimə zərbəsiylə hesabı açdı. Day nə mənim, nə digər azerkeşlərin qarşısına kimsə sipər çəkə bilərdi. Cumduq ey irəli. Bayaq dediyim o "coşqu”yla. "Rozenberq”in müdafiə xəttini dəfələrlə yardıq, hesabı oyunun sonunadək saxlamağı bacarıb, qələbə əldə etdik lap axırda...
- Son saniyədə ilk olaraq sən böyük coşquyla ayağa qalxdın eləmi? Sonra Aqil? Sonra bütün stadion qoşuldu eləmi sizə, hə?
- Bəli. Yanılmırsan. Eynən bu
cür oldu, vallah.
***
Rəşadın portretinə yağlı boyalı fırçamı,
son dəfə məhz
bu ehtiraslı məqamda çəkib, rəssam kimi, öz molbertimdən bir-iki addım geriyə çəkilirəm.
Buyurun baxın. Rəşadın portreti hazırdır. Rəşadın babası üçün vəfat edəcəyi günü öncədən görmək vacibmiş. Rəşaddan ötrü bu, bir o qədər də əhəmiyyətli deyil indi. Ona, özü belə deyir, idman proqnozlarında dəqiq olmaq kifayətdi guya. Ancaq inanmıram təkcə elə bununla kifayətlənsin, o...
Ədalət.-2014.-24 may.-S.8-9.